AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Neft bazarındakı gərginlik nə qədər davam edəcək?

Neft bazarındakı gərginlik nə qədər davam edəcək?

İqtisadiyyat
31 Mart 2020, 12:51 531
Əgər tələb-təklif balansı tənzimlənməsə... 
 
Neftin qiymətində kəskin enmələr davam edir. Bu günlərdə Brent nefti 9.5% ucuzlaşma ilə 22,77 dollaradək, Texas nefti isə 6,5% ucuzlaşma ilə 20,20 dollaradək düşüb. Neft qiymətləri, təklifin artmaqda olduğu bir mühitdə tələbin sürətlə düşməsinin təsiri ilə 17 ilin ən aşağı səviyyəsinə düşüb. "Goldman Sachs” bankının hazırladığı icmalda qeyd olunur ki, hazırda koronavirus pandemiyasına qarşı tədbirlər çərçivəsində sosial məsafə qaydasının tətbiqinin dünya ÜDM-in 92%-nə təsir göstərdiyi üçün qlobal olaraq gündəlik neft istehlakı bu həftə 26 milyon barel, yəni 25% azalacaq. Belə ki, bankın ekspertləri Ceff Karri (Jeff Currie) və Damyen Kurvalin (Damien Courvalin) hazırda neftə olan tələbatın indiyədək irəli sürülən proqnozlarda güman edilməyən sürətlə azaldığı, belə bir vəziyyətdə də ABŞ, Kanada, Rusiya neft hasilatı sənayesinin daha həssas vəziyyətdə olduğu fikrindədirlər. Dünya üzrə məcmu gündəlik hasilatı azı 900 min barel olan quyuların dondurulmasının elan olunduğunu xatırladan sənəd müəllifləri qeyd edirlər ki, bağlanan quyuların, hələlik bilmədiyimiz son sayı, yəqin ki, neft-qaz sənayesini və onun geosiyasətini kökündən dəyişdirəcək. Bəs görəsən bazardakı xaotik vəziyyət nə qədər davam edə bilər? Növbəti aylarda neftin qiymətinə dair hansı proqnozlar ehtimal olunur?
 


Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirir ki, hazırda neftin qiymətini aşağı salan iki əsas faktor var: "Vyana sazişinin müddəti mart ayının sonunda başa çatır. Martın 6-da OPEC+ formatında keçirilən toplantıda sazişin müddətinin ilin sonuna kimi uzadılması ilə bağlı ümumi razılıq əldə edilmədi. Bazarda şok effekti yaradan əsas amil bu oldu. Qiymətləri aşağı salan digər bir səbəb isə bütün dünyanı cənginə alan koronavirus pandemiyasıdır. Neft məhsullarına olan tələbat kəskin şəkildə aşağı düşüb. Asiya, Avropa və Amerika qitəsində yerləşən ölkələrdə hərəkətə böyük məhdudiyyətlər qoyulub. Ona görə də açıq rəngli neft məhsullarına tələbat ciddi şəkildə aşağı düşüb. Bu gün dünyada mövcud olan 700-dən çox zavod öz emal güclərini 30 faizədək aşağı salıb. Bəzi zavodlarda neftin ilkin emalı fəaliyyəti, ümumiyyətlə, dayandırılıb. Yəni bazarda tələbatdan artıq böyük neft həcmləri var. Qarşıdakı aylarda da bazara əlavə intervensiya edilməsə, qiymətlər indiki səviyyədən də aşağa düşə bilər. Səudiyyə Əərəbistanı, Küveyt, İraq, Rusiyanın enerji şirkətləri  aprel ayından başlayaraq hasilatı artırmaqda qərarlı olduğunu bildirib. Bu dövlətlər öz ixrac həcmlərini də artırmaq niyyətindədir. Əgər bu baş verərsə, qiymətlər indiki səviyyədən də aşağı düşəcək”.
 
 

Ekspert bildirdi ki, neftin öz real dəyərini tapması üçün ilk növbədə bazar düzgün şəkildə tənzimlənməlidir: "Neftin qiymətinin formalaşmasında 30 faiz  tələb-təklif balansı və 70 faiz maliyyə bazarlarındakı vəziyyət rol oynayır. Əgər tələb-təklif balansı tənzimlənməsə və bazarda izafi neft həcmləri  dövr edərsə, qarşıdakı aylarda vəziyyət gərgin olaraq qalmaqda davam edəcək. Bununla yanaşı neftin qiyməti üstündə gedən müharibələrə nəzərə yetirsək, görərik ki, bu müharibələr uzun müddət davam etmir. Daha sonra bazarın tənzimlənməsi məsələsi yenidən gündəmə gəlir və hasilat həcmləri və kvotalar müəyyən edilir. Ona görə də, hesab edirəm ki, indiki mqəamda OPEC+ ölkələri bazarın düzgün tənzimlənməsi istiqamətində öz səylərini birləşdirməlidir”. 
 
 

Enerji məsələləri üzrə ekspert İlham Şaban söylədi ki, artıq dörd həfətdir ki, qiymətlərdə azalma tendensiyası müşahidə olunur: "Vyana sazişinin başa çatması bazarda çox böyük çaşqınlığa səbəb oldu. Aprelin 1-də OPEC+ çərçivəsində əldə olunan razılaşma başa çatır. Yəni aprel ayından bazara daha çox neft həcmləri çıxarılacaq. Digər tərəfdən ikinci rübdə tələbin təklifi bir milyon barrelədək üstələyəcəyinə dair hesabat açıqlandı. Həmçinin, Avropada və ABŞ-da pandemiyanın geniş vüsət alması iqtisadi fəallığa mənfi təsir edir. Nəticə etibarilə neftə olan tələbat kifayət qədər aşağı salır. Digər tərəfdən Rusiya özünün neftayırma zavodlarını mövsümi olaraq təmirə bağlayıb. Buna görə də Avropa bazarlarına aprel ayı üçün neft həcmlərini normadan 2,1 milyon barrel artıq çıxarmaqla bağlı müqavilələr imzalayıb. Bu da neftin kəskin enməsinə gətirib çıxarır. Birjalarda qara qızılın qiyməti ucuzlaşmaqda davam edir. Ola bilsin ki qiymətlər 20 dollaradək ucuzlaşsın. Aprel ayının 8-də Çində karantin rejimi rəsmi olaraq ləğv ediləcək. Lakin  Çinin enerjiyə olan tələbatı da qeyri-müəyyəndir. Ancaq Avropa və ABŞ-da karantin rejiminin nə qədər davam edəcəyi bəlli deyil. Ona görə də, qiymətlərin may ayına kimi 20-25 dollar arsında var-gəl edəcəyi proqnoz edilir. Vyana toplatısından 24 gün keçsə də, hələlik  heç bir danışıqlar aparılmır. Tərəflərin buna cəhd etmədiyi də məlumdur. Təkcə ABŞ və Səudiyyə Ərəbistanı arasında telefon danışıqları olub. Bu da bazar üçün müsbət siqnal vermir. Səudiyyə Ərəbistanı və Rusiyadan sonra İraq, Nigeriya və s kimi ölkələr də  hasilatı arıtıracağını bəyan edib. Digər tərəfdən  rəsmi bəyan etmədən hasilatı artıran ölkələr də var. Buna misal olaraq Qazaxıstanı göstərmək olar. Ona görə də, hələlik bazarda vəziyyət xaotik olaraq qalmaqda davam edir”.

Şəbnəm Mehdizadə