AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Neft bazarında sabitlik dövrü başlayırmı?

Neft bazarında sabitlik dövrü başlayırmı?

İqtisadiyyat
01 İyun 2020, 16:37 400
Ekspertlər deyir ki, hələlik bazarda balans tam formalaşmayıb

Əlcəzairin energetika naziri Məhəmməd Arkab OPEC+ üzvlərinə alyansın növbəti iclasının iyunun 4-nə çəkilməsini təklif edib. Bu barədə "Report” "Reuters”ə istinadən xəbər verir. Daha əvvəl iclasın iyunun 9-10-da keçirilməsi planlaşdırılmışdı. Məhəmməd Arkab təşkilata ünvanladığı məktubda bəzi nazirlərlə görüşdüyünü açıqlayıb. Onun fikrincə, görüşün vaxtının əvvələ çəkilməsi tələbatdan asılı olaraq, ənənəvi alıcılar arasında neftin paylanmasına kömək edəcək. OPEC+ neft hasilatındakı mövcud azaltma səviyyəsinin bir-üç ay müddətinə uzadılmasını nəzərdən keçirir. OPEC+in iyun iclasında iştirak edəcək nümayəndənin verdiyi məlumata görə, neft bazarındakı vəziyyət sürətlə dəyişdiyindən qısamüddətli tədbirlər görülməsinə üstünlük verilir.
Belə görünür ki, OPEC-in son toplantısında kəsintilərlə bağlı verilən qərar artıq yavaş-yavaş öz təsirini göstərməkdədir. Qiymətlər artıq 38 dolları keçib. Bəs görəsən yaxın perspektivdə qlobal bazarlarda vəziyyət necə dəyişəcək? Proqnozlar nə vəd edir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, stabilləşmə ilə bağlı danışmaq üçün bir qədər tezdir: "Hazırda neftin qiyməti 38 dollar ətrafındadır. Əgər iyul ayının fyuçers qiymətləri 35 dollar ətrafında idisə, avqust ayının fyuçers müqavilələri 38 dollar təşkil edir. Qiymətlərin 40 dollaradək artımının qarşısını alan bir neçə faktor var. Onlardan biri də ötən şənbə günü ABŞ prezidenti Trumpın Çinə qarşı sanksiyalarla bağlı yeni fikirlər səsləndirməsi oldu. Bunun nəticəsi olaraq həftənin əvvəlində qiymətlərdə müəyyən enmələr müşahidə olundu. Digər bir səbəb isə OPEC+ çərçivəsində yeni görüşün keçirilməsi məsələsidir. Bu görüşdə iyul ayının birindən etibarən yeni kvotaların tətbiqi müzakirə ediləcək. Yəni gələn ay bazara əlavə olaraq iki milyon barrel həcmində neftin çıxarılması məsələsi müzakirə edilir. Belə olan təqdirdə bazar iştirakçıları arasında dumanlı təsəvvürlər yaranır. Düzdür, karantin tədbirlərinin yumşaldılması neftə olan tələbi bir qədər artırıb. Amma hasilat həcmləri artırılarsa, vəziyyətin necə olacağı heç kimə məlum deyil. Adekvat addım atılmasa, qiymətlər yenidən ucuzlaşa bilər. Yəni belə demək olarsa, neftin qiymətinin stabilləşməsi haqda fikir söyləmək üçün çox tezdir. Beynəlxalq maliyyə institutlarının cari ildə neftin qiyməti ilə bağlı son iki ayda verdiyi proqnoz 35 dollar təşkil edir. Hər hansı bir artımla bağlı korrektə edilməyib. Yəqin ki, bir müddət qiymətlər bu aralıqda qalacaq”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev hesab edir ki, qlobal neft bazarı iştirakçıları möhkəm balansın formalaşdırılmasına hələ də tam nail ola bilməyiblər: "Vyana sazişinin şərtlərinə uyğun olaraq kəsintilərlə bağlı götürülən öhdəliklərə OPEC ölkələri 74-75 faiz əməl ediblər. Bu isə o deməkdir ki, qarşıda görüləsi işlər kifayət qədərdir. Bütün bunlara baxmayaraq, hazırda öhdəlik sazişinə uyğun olaraq kəsintilərin həyata keçirilməsi bazarda tələbatdan artıq neft həcmlərinin ciddi bir hissəsini yığışdırılmasına gətirib çıxarıb. Hazırda üzən tankerlərdə sərbəst fiziki həcmlərin get-gedə azalması müşahidə olunur. Amma stasionar rezervlərdə neft həcmlərinin az da olsa artımı müşahidə olunur. Bu, onu deməyə əsas verir ki, iyun-iyul aylarında OPEC+ ölkələr bazarın tənzimlənməsi ilə bağlı ciddi addımlar atmalıdır. İxrac və hasilat həcmlərinə ciddi nəzarət olunmalıdır. Eyni zamanda, OPEC və müttəfiq dövlətlər neft məhsulları bazarında da balansın formalaşmasına cəhd etməlidirlər. İyun ayının sonuna kimi sutkalıq 9,6 milyon barel kəsinti ilə bağlı müzakirələrin aparılması gözlənilir. OPEC rəhbərliyi növbəti ayın tədarük proqramlarını, hasilat və ixrac həcmlərini bir daha müzakirə edəcəklər. Bir qisim OPEC üzvü hesab edir ki, iyul ayında kəsintilərin həcmi 23 faiz həcmində saxlanılmalıdır. Bazar iştirakçıları bazarın tənzimlənməsi prosesini sürətləndirmək üçün qısamüddətli uzatmalara nail olmaq istəyirlər. Bütün hallarda bazarda düzgün şəkildə intervensiya edilərsə, tələbatdan artıq neft məhsulları qısa müddətdə bazardan yığışdırıla bilər. Bu halda neftin qiymətində müəyyən sabitlik yarana bilər. İndiki mərhələdə əsas məqsəd bazardakı qiymət dalğalanmasının qarşısını almaqdır. Çünki qiymət dalğalanması yüksək sürətlə baş verə bilir”.
Ekspert ilin ikinci yarısında proqnoz edilən qiymətlər haqda da danışdı: "Koronavirusun iqtisadiyyata vurduğu ziyan hələ də tam olaraq aradan qaldırılmayıb. Sərt karantin tədbirləri bir az yumşaldılıb. Avropanın Fransa, İspaniya, İtaliya, Böyük Britaniya kimi əsas ölkələrində neftə olan tələbat xeyli aşağı düşüb. Avropanın bir günlük neftə olan tələbatı ötən il 14 milyon bareldən çox idisə, indi bu rəqəmdən 13 milyon bareldən aşağıdır. Bu, xam neftə olan tələbatdır. Açıq rəngli neft məhsullarına olan tələbat keçən ilin analoji dövrü ilə müqayisədə 40 faiz həcmində azalıb. Belə olan təqdirdə bazarda neftə olan tələbat və sabit qiymətlər haqqında danışmaq üçün çox tezdir. Bazar öz tələbinə uyğun olan həcmləri çıxarmalıdır. Neftin qiymətinin aşağı düşməsi energetikanın bütün seqmentlərinə təsir göstərir. İndi qiymətlər 40 dollar ətrafında dəyişir. Bu göstərici OPEC+ ölkələrinin imzaladığı sazişin nəticəsidir. Əgər bu razılıq əldə olunmasaydı qiymətlər indi 20 dollardan da aşağı ola bilərdi. Qiymətlərin stabilləşməsi üçün qarşıdakı aylarda da OPEC ölkələri adekvat addımlar atmalıdırlar”.
 
Şəbnəm Mehdizadə