• cümə, 29 Mart, 13:46
  • Baku Bakı 14°C

NATO Azərbaycanı yaxın tərəfdaşı kimi görür - Fotolar

05.04.19 17:57 1336
NATO Azərbaycanı yaxın tərəfdaşı kimi görür - Fotolar
Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dünya dövlətləri, həmçinin beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlara söykənən bərabərhüquqlu münasibətlər qurur və inkişaf etdirir. Bu münasibətlər çərçivəsində Azərbaycanın xarici ölkələrdə, xarici dövlətlərin isə ölkəmizdə diplomatik nümayəndəlikləri yaradılıb. Beynəlxalq təşkilatlara gəlincə, Azərbaycanın BMT, YUNESKO, Qoşulmama Hərəkatı, İƏT, MDB, Avropa İttifaqı, GUAM, QDİƏT, NATO, Avropa Şurası, TÜRKPA, Ərəb Dövlətləri Liqası kimi qurumlarla yüksək səviyyəli münasibətləri var. Belə bir fonda Azərbaycan-NATO əlaqələri də xüsusilə diqqət çəkir. Ölkəmizlə NATO arasında ilk təmasların tarixi Azərbaycanın bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə bu qurumun yeni yaradılmış məşvərətçi forumuna – Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir. Lakin Azərbaycan ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası ulu öndər Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub.

Məqsəd və prinsiplərin yerinə yetirilməsi
Azərbaycan Sülh naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və sair kimi aktual məsələlər müzakirə olunur və onlara dair fikir mübadiləsi aparılır. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir. Azərbaycan SNT Çərçivə Sənədi, eləcə də ikitərəfli əməkdaşlığı nəzərdə tutan sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi məqsədi ilə NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir.
Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarı ilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (2004) öz əksini tapır. Bu sənədlərdə Azərbaycan müdafiə və təhlükəsizlik sektorunda islahatlar, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmini, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də elm, ətraf mühit və ictimai diplomatiya sahələrində NATO ilə əməkdaşlıq niyyətini ifadə edib.

Müntəzəm siyasi dialoq
Azərbaycan 2003-cü ildən başlayaraq NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatına töhfə verir. Bundan başqa, Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) müntəzəm siyasi dialoq həyata keçirməyə, ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə və eləcə də qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı əməkdaşlıq tədbirini razılaşdırmağa imkan verir. Azərbaycan 2005-2007, 2008-2010, 2012-2013 və 2014-2016-cı illəri əhatə edən I, II, III və IV dövr FTƏP sənədlərini uğurla bitirib və hazırda V dövr (2017-2019) FTƏP sənədini icra edir. SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan hər il 200-dən artıq tədbirdə iştirak edir.
Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı Azərbaycana NATO üzv və bir sıra tərəfdaş dövlətlər tərəfindən təşkil edilən kurs, təlim və konfranslarda iştirakdan yararlanmağa şərait yaradır. Digər mühüm mexanizm NATO qüvvələrinin iştirakı ilə çoxmillətli əməliyyatlara və hərbi təlimlərə göndərilə biləcək qüvvələri müəyyən etmək və qiymətləndirməkdə tərəfdaşlara yardım etməyi nəzərdə tutan Planlaşdırma və Analiz Prosesidir (PAP). PAP tərəfdaş dövlətə NATO təcrübəsinə uyğun müdafiə planlamasının təşkil edilməsinə yardım edir. Azərbaycan hazırda sülhməramlı əməliyyatlara hazırlıq və müdafiə planlaması üzrə "tərəfdaşlıq məqsədi” adlanan bir çox konkret tədbirləri həyata keçirir.

Azərbaycanın ərazi bütövlüyünə dəstək
Hələ 2014-cü ildə NATO-nun Uelsdə keçirilən sammitində iştirak edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə NATO arasında mövcud olan tərəfdaşlıq sayəsində ölkəmiz Alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrilib. O, Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm rol oynayan ölkə olduğunu diqqətə çatdıraraq, NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndirdiyini dilə gətirib. 2017-ci il noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edən Prezident İlham Əliyev Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib.
Ölkəmizin NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev NATO-nun, öz növbəsində, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlığı həyata keçirir. Elə həmin vaxt Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə də görüş keçirən Prezident İlham Əliyev ölkəmizin NATO ilə əməkdaşlığının böyük potensialına diqqət çəkib, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün görülən və görüləcək işlərdən söhbət açıb.

Beynəlxalq sülh və təhlükəsizliyə töhfə
NATO rəsmiləri də təmsil etdikləri qurumun Azərbaycanla əlaqələrini daim yüksək qiymətləndiriblər. Cari il aprelin 3-4-də Vaşinqtonda NATO xarici işlər nazirlərinin növbəti iclasında Azərbaycanla bağlı səsləndirilən fikirlər bir daha bunu sübut edir. NATO-nun 70-ci ildönümünə həsr olunan sözügedən iclas çərçivəsində qurumun baş katibi Y.Stoltenberq mətbuata verdiyi açıqlamasında Azərbaycanın Alyansın yaxın tərəfdaşı olduğunu bildirib. O, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini deyib. Y.Stoltenberq 2017-ci ildə fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın "Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini də diqqətə çatdırıb.

Əməkdaşlıq imkanları genişləndirilir
Sonda bir daha xatırladaq ki, Azərbaycan 2003-cü ildən başlayaraq NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatına töhfə verir. Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkim olmaqla 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı "Qətiyyətli Dəstək” missiyasının tərkibində xidmət edir. Azərbaycan NATO-nun Əfqanıstanda sülhü bərqərar etmə səylərinə eyni zamanda hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir. 2017-ci ilin oktyabrın 30-da açılışı baş tutan Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaradıb.
Bakı-Tbilisi-Qars dəmir yolu Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etməklə NATO dövlətlərinin Əfqanıstana fasiləsiz və təhlükəsizlik şəkildə daşımalar həyata keçirməsinə mühüm töhfə verir. Ələtdə yerləşən Yeni Bakı Limanı da bu sahədə imkanları genişləndirir. Uzunmüddətli perspektivdə Azərbaycandan tranzit kimi istifadə NATO-nun Əfqanıstandakı missiyasının təchizatı, habelə Əfqanıstanın davamlı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər