AZE | RUS | ENG |


“Müştərilərimin çoxu sevgililərdir” - Fotolar

“Müştərilərimin çoxu sevgililərdir” - Fotolar
“Yadigar dayı” insanların əl və ayaq izlərini əbədiləşdirməklə məşğuldur

Sosial şəbəkədə son günlər "Yadigar dayı” adlı bir səhifə diqqətimi çəkdi. Səhifənin adı ilə yanaşı, Yadigar dayının gördüyü işlər də mənə tanış deyildi. Amma səhifəyə baxanda, işinin nədən ibarət olmasıyla bağlı müəyyən bir təəssürat yaranmışdı. Təxminən belə qənaətə gəldim ki, insanların əllərinin izi əsasında onun gipsdən balaca heykəli yaradılır. Ustanı isə yaşı 70-ə yaxın bir şəxs olaraq təsəvvür edirdim.

Amma bu, bir təxmin idi, diqqətimi daha çox çəkdiyi üçün görüşüb, özündən daha detallı məlumat almaq, sizlərlə də bölüşmək qərarına gəldim. Elə sosial şəbəkədə mesaj yazıb, söhbətləşmək istədiyimi deyəndə də çox operativ şəkildə razılıq aldım. Səhəri gün isə vədələşdiyimiz vaxtdan 1 saata yaxın geciksəm də, gülər üzlə qarşılandım. "Yadigar dayı”nın məkanı balaca, müasir və bir az da yaradıcı üslubdadır. Emalatxanaya ilk daxil olanda məlum oldu ki, mesajlara baxan işçi ayrıdır, o, sadəcə işini görür.
 
 

O vaxtın uşaq məşğuliyyəti...

Bizə şokoladlı çay təklif edirlər və söhbətə başlayırıq. Mənim "Yadigar dayı” deyə müraciət etdiyim adamın adının Sənan, soyadının Quliyev olduğunu öyrəndim. Özünün isə 47 yaşı var. "Yadigar” adının götürülməsinin isə maraqlı tarixçəsini özü belə anlatdı: "Biz uşaq olan vaxtlarda nə internet varıydı, nə də indiki kimi kompyuter oyunları. Bizim də öz məşğuliyyətlərimiz varıydı. Ya rəsm çəkirdik, ya əlimizi kağızın üzərinə qoyub formasını cızırdıq. Qonşuluqda da Yadigar adlı bir kişi varıydı, o həmişə gəlib bizim vərəqə əl izimizi çəkməyimizə baxırdı. Bir dəfə dedi ki, gəlin sizə elə bir şey öyrədim ki, əlinizin izi daha yaxşı qalsın. Əlimizi xüsusi məhlula saldıq və bunun əsasında əlimizin izi olan gipsdən bir əl düzəltdi. O vaxt o iş bizim uşaq məşğuliyyətimiz oldu və sonradan unutdum getdi. 5-6 ay öncə evdə köhnə əşyaları yığışdıranda, o vaxt düzəltdiyimiz əli gördüm. Həm Yadigar dayı, həm də onun bizə öyrətdiyi yadıma düşdü. Dedim bunu niyə də davam etdirməyək? Çünki bizdə belə bir şey yoxdur. Beləliklə bu işə başladım”.
 
 

"İncəsənət, yaradıcılıq qanımda olub”

S.Quliyev bu işə başlamağa qərar verənə qədər ticarətlə məşğul olub: "İndiyə qədər ticarətlə məşğul olmuşam. Amma incəsənət, yaradıcılıq qanımda olub. Həm də özüm mozaika ixtisasını bitirmişəm. Eyni zamanda bir çox heykəltəraşların, rəssamların yanında işləmişəm, təcrübə qazanmışam. Bu əl qabiliyyəti məndə var. Həm də ailəmizdə də rəssam, heykəltəraşlar var. Bu işə yenidən başlamaq qərarı verəndə ətrafımda olan sənətkarlarla da söhbətləşdim, onların fikrini öyrəndim və işə başladım”.
 
 

Bir az da işin mahiyyətindən danışaq. Öyrəndik ki, burada əsas əl və bir də uşaqların ayaq izlərinin nümunələri əsasında gipsdən miniatür heykəlciklər hazırlanır. Bunun üçün ilk növbədə əl, yaxud uşağın ayağı 5-7 dəqiqə xüsusi məhlulda saxlanılır. Forma və izlər götürüldükdən sonra usta 3-5 gün müştəridən vaxt istəyir. Bu müddət ərzində isə o, hazır formalı gipsdən əl heykəlcik ərsəyə gətirir. Özünün dili ilə desək, bir işin üstündə ən azı 3 saat zərgər dəqiqliyi ilə işləyir: "Bu, bir günə başa gələn bir iş deyil. Tam işləyib bitirəndən sonra yuyulur, qurulanır, müştərinin istəyinə görə rəng də veririk, yaxud xüsusi çərçivəyə salınır. Saxsı qab kimi bir şeydir. Necə ki saxsı qab əldən düşsə, sına bilər, bu da elə. Əldən düşməsə, nə xarab olar, nə də başqa problem yaranar”.
 
 

"Bu işlə məşğul olmaq üçün insanın daxilində incəsənət olmalıdır”

Tək işləyir, bu işdə ona kömək edəcək şagirdi də yoxdur. "Bəs bu işi öyrənib hər kəs məşğul ola bilərmi” sualımıza belə cavab verdi: "Bu xüsusi bacarıqdır. Bu işlə məşğul olmaq üçün insanın daxilində incəsənət olmalıdır. Bir də çox səbrli olmaq lazımdır, çünki zərgər kimi dəqiqliklə iş görmək çox səbr tələb edir. Əgər kimsə həvəs göstərib, öyrənib davam etdirmək istəsə, əlimdən gələn qədər nəsə öyrətməyə çalışaram. Amma gərək insanın özündə də qabiliyyət olsun”. 
 
 

Uşaqlar üçün 1 əl 57 AZN, 2 əl 63 AZN, 1 əl, 1 ayaq 71 AZN-ə başa gəlir. Böyüklər üçün isə 1 əl 69 AZN, 2 əl 81 AZN-dir. Müştəri ilə qiymət məsələsini özü danışmır. Amma qiymətlərlə tanış olanda, elə də ucuz olmadığını gördük. Müştərilərlə qiyməti danışan xanım bizimlə söhbətində bildirdi ki, qiymətin bu cür müəyyənləşməsinin bir neçə səbəbi var. Birincisi, bu, əl işidir, saatlarla üzərində iş görülür. Həm də istifadə olunan gips xaricdən gətirilir. Çünki Bakıda satılan gipslər bu iş üçün yaramır. Bu da istər-istəməz qiymətə təsir göstərir.
 
 

Dostlar, sevgililər, nişanlılar, ailələr...

"Yadigar dayı” deyir ki, əldə bir doğmalıq var. Buna görə də insanlar doğmalarının əllərinin bu cür hazırlanıb, evdə saxlanmasını istəyirlər: "Yaddaqalan işlərimdən biri budur ki, nəvə nənəsini gətirmişdi. Onun əl izinin yadigar qalmasını  istəyirdi. Dedi ki, yaşlı adamdır, dünyasını dəyişər, amma ondan bizə doğma nə isə qalsın. Hazırlayıb ona verdim, amma icazəsi ilə bir nüsxə də özüm üçün hazırlayıb, burada saxlayıram. Dostlar, sevgililər, nişanlılar, ailələr əl-ələ tutduqları formada miniatür heykəlciklər düzəltdirib, evdə suvenir kimi saxlanmaq istəyirlər. Balaca uşağın əl və ya ayaq izinin heykəlinin hazırlanması o cəhətdən yaxşıdır ki, uşaq böyüyüb 40-50 yaşı olanda, bu onun üçün bir doğma hiss yaradacaq”.
 
 

"Yadigar dayı” bildirdi ki, emalatxananın fevralın 1-dən açılışı olsa da, artıq kifayət qədər müraciətlər var: "Yeni fəaliyyətə başlasaq da, maraq var. Açılışımız fevral ayına təsadüf etdi. Bu ayda isə "Sevgililər günü” qeyd edilir. Ona görə hələ ki, müştərilərimin çoxu sevgililərdir. Sevənlərə sevgilərinin indiki halını gələcəkdə xatırladacaq bir nümunənin məndən olması mənim üçün də gözəl hissdir”. 
 
 

"Gördüyüm iş məni unutdurmayacaq”

Sənan Quliyev "Yadigar dayı” adı ilə iş görsə də, deyir ki, hər kəs işi görənin kim olduğunu mütləq xatırlayacaq: "Hazırladığım heykəlciklər ömürlük bir yadigar olaraq evlərdə qalacaq. "Yadigar dayı” adı ilə taxirə düşmək mənim üçün problem deyil. Çünki Sənan olaraq məni çox adam tanıyır. Yadigar adı ilə görsəm də, işi kimin gördüyünü biləcəklər. Adımı unutsalar da, gördüyüm iş yəqin ki, məni unutdurmayacaq”. 
 
 

Qeyd edək ki, "Yadigar dayı” səhər saat 11:00-dan, axşam 20:00-a qədər öz emalatxanasında olur. Bircə bazar ertəsi işləmir.

Aygün Asimqızı
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202