• çərşənbə axşamı, 19 mart, 13:38
  • Baku Bakı 8°C

Musiqi məhəbbətinin əfsanəvi Arifi

15.07.19 16:15 37484
Musiqi məhəbbətinin əfsanəvi Arifi
O hər zaman sadə idi. Axı böyük şəxsiyyətlər sadə olurlar. Çünki onlar öz istedadlarından əmindirlər və onların özlərini sübut etmək üçün mürəkkəbliyə meyl etməyə ehtiyacları olmur. O hər zaman zəhmətkeş idi. Axı böyük şəxsiyyətlərin fikirləri tükənmir, onlar daima axtarışda olurlar. O hər zaman yenilikçi idi. Axı böyük şəxsiyyətlərin ən böyük qorxusu köhnəlmək olur. O hər zaman kədərli idi. Axı böyük şəxsiyyətləri məişət xoşbəxtliyi maraqlandırmır.
O hər zaman səbirli idi. Axı böyük şəxsiyyətlər yaxşı bilirlər ki, böyüklük tələskənlikdə deyil, səbirdədir. Onun yaradıcılığında dərin qırışlar var, üzündəki enişli-yoxuşlu qırışlar kimi. Axı dərin musiqiləri dərin qırışlı bəstəkarlar yaradır.
O telefon zənglərinə şəxsən özü cavab verirdi. O, ilk mənzilində də, son mənzilində də dünyadan arif idi. O, bəstəkarlıq fəaliyyətinə başlayan zaman pianosu yox idi. Gecələr konservatoriyanın pianosundan istifadə edirdi. Bütün böyük adamlar kimi o da tez-tez boşluq haqqında düşünürdü və deyirdi ki, düşünmək, əzab çəkmək, ağır məhrumiyyətlər yaşamaq vergidir. Hər adam mənəvi iztirablar yaşaya bilmir. O, müasir Azərbaycana Tanrının bəxş etdiyi ən böyük vergilərdən biri idi. Sanki Tanrı Azərbaycan xalqına yaşadığı dəhşətli iztirablar qarşılığında belə möhtəşəm şəxsiyyətlər hədiyyə edib. O 11 illik təhsil proqramını 6 aya mənimsəmişdi. O, şöhrətpərəst deyildi. Çünki həqiqi sənətin mahiyyətini dərk edirdi.
"Məhəbbət əfsanəsi” baletində biz sevən, sevilən aşiqlərin əzablarını, həyəcanlarını, qəlbinin titrəməsini hiss edirik. "Məhəbbət əfsanəsi”ndə kədərlə, iztirabla bərabər cəsarət, mübarizə motivləri də var. Bu balet Arif Məlikova dünya şöhrəti qazandırdı.
Arif Məlikov 1948-ci ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunun tar sinfinə daxil olur. Ancaq onun bəstəkarlığa marağı daha böyük olur. 11 illik proqramı 6 aya öyrənən bəstəkar Konservatoriyanın Bəstəkarlıq fakültəsinə qəbul olunur. Arif Məlikov Azərbaycan Musiqi Tarixinin ən görkəmli bəstəkarlarından biri Qara Qarayevin sinfində təhsil alır. 1959-cu ildə Q.Qarayevin məsləhəti ilə Leninqrad opera və Balet teatrı A.Məlikova N.Hikmətin "Məhəbbət əfsanəsi" pyesinə balet yazmağı təklif edir. Bəstəkara dünya şöhrəti gətirən bu baleti yazmağa başlayan zaman Arif Məlikovun 26, baleti bitirib təhvil verəndəsə 28 yaşı var idi Balet dünyanın 26 ölkəsində nümayiş olunmuşdur.
1961-ci ildə S.M.Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D.Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkişafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.
Baletə böyük həyəcanla baxan Nazim Hikmət tamaşadan sonra belə söyləmişdi: "Arif Məlikov mənə deyəndə ki, "Məhəbbət əfsanəsi" baleti yazmaq istəyirəm, həmin gün mən çox şad oldum. Bu gün gördüklərim təsdiqlədi ki, mən nahaq yerə sevinməmişəm. Bir daha əmin oldum ki, balet muzey incəsənəti deyil, bu, müasir incəsənətdir. Mən çox həyəcanlanırdım ki, səhnədə Şərq necə görünəcək. Arif Məlikov baletdə Şərq adamına müasir insanın dünyabaxışı ilə baxıb. Buna görə də əsərdə "şirin" Şərq, "Əlibaba və qırx quldur" nağılından əsər-əlamət yoxdur. Və bu da yeni baleti çox teatr tamaşalarından fərqləndirib".

Arif Məlikovun yaratdığı bütün musiqilər gözəldir. Ancaq mən "İki qəlbin dastanı” baletindəki hind rəqqasəsi Komdenin arzuları adlı parçanı daha çox sevirəm. Bu melodiyada elə bir hüzn, elə bir dərinlik var ki, sanki dünyanın ən dəhşətli bəlasına mübtəla olub zavallı hind rəqqasəsi Komde. Bəstəkar Komdenin arzularını çox həzin və kədərli tonda bizə təqdim edir. Komdeni bundan daha gözəl, daha artıq təsvir etmək mümkün deyil.
Arif Məlikov yeganə azərbaycanlı bəstəkardır ki, onun "Məhəbbət əfsanəsi” baleti Böyük teatrda – Moskvada hər il nümayiş olunur.
Arif Məlikov vəfat etdi. Bu ölümdən sonra "İki qəlbin dastanı” baletindəki qızlar bir daha rəqs etməyəcək. Hind rəqqasəsi Komde daha heç nə arzulamayacaq. Ancaq onun zəngin musiqi irsi və əzəmətli ruhu Azərbaycan musiqisinin yeni Ariflərini yaradacaq. Yaradacaq ki, məhəbbətlər əfsanəviliyini itirməsin.
Nicat Həşimzadə
banner

Oxşar Xəbərlər