• cümə axşamı, 18 aprel, 13:43
  • Baku Bakı 22°C

Münhen debatı Qarabağ danışıqlarına təsir edəcəkmi?

17.02.20 17:02 1815
Münhen debatı Qarabağ danışıqlarına təsir edəcəkmi?
Politoloqlar deyir ki, Ermənistanın mərhələli həll planını qəbul etmək istəmədiyi debatdan sonra hər kəsə aydın oldu

Bir neçə gün əvvəl Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşü keçirilib. Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fikir mübadiləsi aparılıb.
O cümlədən, elə həmin gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Maraqlı məqam ondan ibarətdir ki, məhz panel müzakirələri zamanı dövlət başçısı Paşinyanı diplomatik nokauta saldı. Çətin vəziyyətdə qalan Paşinyanın bundan sonra atacağı addımlar diqqət mərkəzindədir. Bəs Münhendə baş tutan bu debat danışıqlar prosesinə təsir göstərəcəkmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Nəzakət Məmmədova bildirdi ki, bu məşhur debat Azərbaycanın diplomatiya sahəsində böyük uğur hesab oluna bilər: "Müharibə təkcə döyüş meydanında aparılmır, həm də diplomatiya müstəvisində aparılır və bu baxımdan Münhen debatı bizim Qarabağ məsələsi ilə bağlı Aşqabaddan, Valdaydan sonra növbəti uğurumuzdur. Lakin təəssüf ki, dünya birliyi tərəfindən Qarabağ probleminin həlli ilə məşğul olmağa müvəkkil edilmiş Minsk qrupu Azərbaycanın haqlı mövqeyini görməzdən gəlir. Eyni zamanda, cəbhə xəttində Ermənistan ordusunun hissələri tərəfindən atəşkəsin pozulmasına səssiz qalırlar. Elə Münhen görüşünün davam etdiyi bir zamanda hərbi qulluqçumuzun ermənilər tərəfindən açılan atəş nəticəsində öldürülməsi də bunu bir daha sübut etdi. Təəssüf ki, beynəlxalq hüquq, tarix Azərbaycanın xeyrinə olsa da, ermənilər işğalı davam etdirərək dünyanı fakt qarşısında qoyub, onlarla hesablaşmağa məcbur etmək istəyirlər”.
N.Məmmədova qeyd etdi ki, ölkəmizin yerləşdiyi bölgə çətin bir dövrə qədəm qoyur: "2020-ci il postsovet məkanı, xüsusilə də Rusiya üçün asan olmayacaq. ABŞ dövlət katibi Pompeonun bir sıra keçmiş sovet respublikalarına səfəri, Rusiyanın ətrafında dairənin daralması Qarabağ məsələsinə təsirsiz ötüşməyəcək. Belə bir şəraitdə yenə də daha çox silahların səsləri gələ bilər, nəinki diplomatiya vasitəsilə məsələnin sülh yolu ilə həllinin. Lakin hər şey formalaşacaq şəraitdən asılı olacaq. Məsələn, əgər saxta "seçkilər"də Qərb Paşinyanın əli ilə separatçı rejimin başına öz adamını gətirib orada rəngli mikroinqilab edə bilsə, ola bilsin ki, müəyyən dəyişikliklər baş versin. Eyni zamanda, Paşinyan Ermənistan ordusunu Rusiyanın nəzarətindən çıxarmaq üçün muzdlu ordu planlarını həyata keçirə bilsə, bu da qismən də olsa, Kremlin bölgədə gücünün azalmasına gətirib çıxara və münaqişənin həllində rol oynaya bilər. Azərbaycanda və Ermənistanda iqtidar və müxalifətin münasibətlərindən tutmuş, həmsədr ölkələrin öz arasında razılaşıb-razılaşmamağına qədər, habelə bir sıra regional və qlobal proseslər Qarabağ məsələsinin həllinə təsir edə bilər. Lakin münaqişənin diplomatiya, informasiya müharibəsi və s. aspektləri var ki, ermənilər burada üstünlük qazanmaqla dünya ictimaiyyətinin, güc dairələrinin gözündə özlərinin bu torpaqlarda guya qədim imperiyası olan, xristianlığı dünyada ilk qəbul edən, lakin tarixin gedişatı prosesində guya sıxışdırılmış, məzlum xalq obrazını yaradaraq, öz müqəddəratını təyinetmə zərurətini əsaslandırmağa çalışırlar. Prezident İlham Əliyev Münhendə dünya erməniliyinin hələ 1875-ci il Berlin konqresindən sonra beynəlxalq gündəmə çıxardığı həmin strategiyaya ağır zərbə endirdi ki, bu da problemin həllində ən azından ermənilərin ifşa olunaraq beynəlxalq dəstəkdən məhrum olunmasında öz rolunu oynaya bilər”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, bu debat Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlarda 25 ildir real nəticənin olmadığını göstərdi: "Ermənistanın mövqeyində də hər hansı dəyişiklik mövcud deyil. Bu ölkənin baş naziri Paşinyan yenə də mənasız, məntiqsiz fikirlər söyləyirdi. Tarixdən, Dağlıq Qarabağın "müstəqilliyi”ndən danışırdı. Düzdür, bütün bunların hamısının cavabını Azərbaycan Prezidenti İlham Əliyev verdi və Paşinyanın iddialarının əsassız olduğunu tarixi faktlarla sübut etdi. Bir məntiqsiz məsələyə də dövlət başçısı münasibət bildirdi. Belə ki, ermənilər bir yandan deyirlər ki, 1920-ci illərdə sovet bolşevikləri Qarabağı Azərbaycana veriblər, buna görə onları düşmən hesab edirlər. Dövlət başçısı İlham Əliyev də yaxşı bir fikir səsləndirdi ki, əgər bolşevikləri düşmən hesab edirsinizsə, bolşevik olan Stepan Şaumyanın adını daşıyan şəhərin ismini niyə dəyişmirsiniz? Bax, bunun özü də məntiqsizlikdən xəbər verir”.
E.Şahinoğlunun sözlərinə görə, bu debat bir daha göstərdi ki, gələcək danışıqlarda heç bir irəliləyiş olmayacaq: "Çünki mövqelər diametral fərqlidir. Bu da danışıqlara müsbət təsir etmir. Hətta yay ayları yaxınlaşdıqca, mümkündür ki, cəbhədə vəziyyət gərginləşsin, təxribatlar davam etsin. Təsəvvür edin ki, Münhendə görüş başlayır, amma həmin vaxt ermənilər atəşkəsi pozaraq Azərbaycan hərbçisini şəhid etdilər. Bunun özü də ondan xəbər verir ki, ermənilər üçün ən vacib olan status-kvonu uzatmaqdır. Elə Paşinyanın da məqsədi budur və ondan əvvəlkilərin də məqsədi eyni idi. Buna baxmayaraq, hesab edirəm ki, debat vacib idi. Liderlər arasında ilk dəfə idi debat olurdu. Bizim əvvəllər qapalı danışıqlar barədə məlumatımız yox idi, təsəvvürlərimiz vardı. Amma bu debatı görəndən sonra anlamlıyıq ki, artıq Ermənistan mərhələli həll planını qəbul etmək istəmir, belə fikri yoxdur və heç zaman da qəbul etməyəcək. Hesab edirəm ki, onları buna yəqin ki, biz məcbur etməliyik”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər