• cümə, 26 Aprel, 22:07
  • Baku Bakı 22°C

Mükəmməl tərcümə necə olmalıdır?

28.01.19 12:30 1839
Mükəmməl tərcümə necə olmalıdır?
Tərcümədə əsas meyarlar hansıdır, tərcümə ilə məşğul olanlarda hansı keyfiyyətlər olmalıdır? "Müzakirə”mizdə cavab axtardığımız bu suallara maraqlı cavablarla qarşılaşdıq.
Orijinal əsərin ruhunu qorumaq
Yazıçı-tərcüməçi Kamran Nəzirli məsələyə həm nəzəri, həm də təcrübə baxımından yanaşır: "Nəzəri cəhətdən tərcüməyə (xüsusən bədii tərcüməyə) yanaşmalar çoxdur: tərcümə orijinalın sözlərini və fikirlərini çatdırmalıdır, orijinaldakı kimi oxunmalıdır, oxucu hiss etməməlidir ki, onun qarşısındakı əsər tərcümədir, orijinalın üslubunu saxlamalıdır, tərcüməçinin üslubunu ifadə etməli, tərcüməçinin öz əsəri kimi oxunmalıdır. Tərcüməçi orijinala özündən əlavələr, yaxud ixtisarlar etməməlidir, buna hüququ yoxdur, yaxud orijinala özündən əlavələr, ixtisarlar etmək hüququna malikdir? Şerləri nəsr kimi tərcümə etmək lazımdır, yoxsa şer kimi tərcümə etmək lazımdır? Bir sözlə, konkretləşdirsək, bu məsələdə dünyanın aparıcı tədqiqatçıları, alimləri və tərcüməçiləri əsas iki əks mövqedə dayanır: doğma dilin ruhuna uyğun tərcümə edəsən, oxucunu orijinal mətnə yaxınlaşdırasan, ikincisi - oxucuya özgə təfəkkürünü öyrətmək lazımdır, qoy o özgə bir yazıçını, özgə bir mədəniyyəti qəbul etməyi öyrənsin, lazım gəlsə, doğma dilə zor işlətmək də olar... Bu mənada birincilər - azad tərcümə, ikincilər isə sətri tərcümə tərəfdarıdır”.
Azad tərcümə tərəfdarı olduğunu deyən K.Nəzirlinin fikrincə, tərcüməçi mətni çevirərkən təkcə onun ekvivalenti barədə düşünməməli, həm də həmin mətni təzədən yazmaq, təzədən yaratmaq barədə düşünməlidir: "Belinskinin sözü olmasın, məncə, bədii tərcümə üçün yalnız bir qayda var: o da orijinal əsərin ruhunu qorumaq. Bax o ruhu tərcümə eləməyi hər mütərcim bacarmır. Axı özgə ruhunu, özgə dünyabaxışını necə tərcümə etmək olar? Əlbəttə, çətindir, çox çətindir. Tərcümədə ruhu qoruyub saxlaya bildinsə, bu da sənin adekvat tərcümən olur. Gərək tərcümə orijinal mətnə uyğun ola ki, oradakı ideya-bədii fikir yükünü əks elətdirə, ruhu tuta bilsin. Həm nəsrdə, həm də şeirdəki mətnlərin hər sətrində, misrasında, hətta sözündə belə məna yükü var. Buna görə də tərcüməçi mətni çevirərkən təkcə onun ekvivalenti barədə düşünməməli, həm də həmin mətni təzədən yazmaq barədə, təzədən yaratmaq barədə düşünməlidir. Burda yazıçılıq köməyə gəlir. Adekvat tərcümədə mütərcim tərcümə etdiyi dildə idiomların, sinonomikanın, söz oyununun, mətnaltı mənanın, onun axıcılığının, bu və ya digər dövrdə yazılan əsərin üslub və ahənginin, orijinal mətn müəllifinin yaradıcılıq dəst-xəttinin və məqsədinin qorunub saxlanmasına çalışmalıdır. Təbii ki, tərcümə işi ağır, məsuliyyətli və usandırıcıdır; poeziyanı, nəsri tərcümə edərkən narahat mütərcim həm də rahatlıq tapır; çünki sanki ikinci bir müəllifdir, birinci mətnin müəllifini ikinci dilə çevirməklə eyni ruhlu, eyni ideyalı iki əsər yaradır. Bu mənada mütərcimin "yükü" orijinal mətnin müəllifinin yükündən daha ağırdır”.
Tərcüməçinin sözlərinə görə, digər incəsənət növləri arasında ən zəngin ifadə vasitələrinə malik ədəbiyyat, söz sənəti, eyni zamanda, ən qapalı sənət növüdür. Belə ki, musiqi, rəngkarlıq tərcümə olunmur, arxitekturanı, rəsmi, nəğməni, rəqsləri bütün millətlər, xalqlar tərcüməsiz başa düşürlər: "Lakin ədəbi nümunə başqa şeydir, tərcümə olunmasa onun ifadə etdiyi bədii-estetik dəyərləri digər xalqlara, oxucuya necə çatdırmaq olar?” Yazıçının fikrincə, tərcümədə fərq təkcə sözlərdə deyil: "Məsələn, bir dildə felin daha çox zaman forması var (ingilis dilində), digər dildə isə üç zaman var, bir dildə predmetlərin sayını göstərmək vacibdir, digərində isə bu o qədər də vacib sayılmır... və s. Görürsünüz, dillər dünyaya müxtəlif gözlə "baxırlar”, öz daşıyıcılarını müxtəlif cür formalaşdırırlar. Məgər dünyagörüşü, dünyabaxışı tərcümə eləmək mümkündür? Xeyr.” Yazıçı təcrübəyə istinad edir: "Misal üçün, bir şerin on, yaxud iyirmi tərcümə variantı ola bilər. Bu onu göstərir ki, tərcümə mümkün olmayan şeyi çatdırmağa səy göstərməkdir. İngiliscə bir mətni götürün, onu Azərbaycancaya tərcümə edin, sonra orijinalla müqayisə edin, mətndə oxşarlıq tapsanız, artıq yaxşı hal olar. Görürsünüz, tərcümənin imkanları yalançı imkanlardır. Elə hallar ola bilər ki, məna itkiləri də qaçılmazdır. Elə hallar da olur ki, tərcüməçi orijinal mətndən kənara çıxır. Bu da yolveriləndir. Belə tərcüməyə ekvivalent, eyni dəyərə malik olan tərcümə deyilir, məişət tərcüməsi də deyilir buna. Təxminən evə aldığın televizorun, yaxud telefonun texniki pasportundakı tərcümə kimi. Burda tərcüməçi əsas diqqəti ona yönəldir ki, oxucu, yaxud müştəri lazım olan məqamda hansı düyməni basmalıdır. Bədii tərcümə ayrı aləmdir; bizim ekvivalent kimi qəbul etdiyimiz sözlər müxtəlif xalqların leksikonunda müxtəlif təsəvvür, müxtəlif assosiasiyalar yaradır. Tutaq ki, hər bir dildə "ev” - yaşayış məskəni mənasını verən söz var. Lakin onun xarici görkəmi, daxili quruluşu barədə təsəvvürlər müxtəlifdir; istər ingilisin, istər uzaq Afrika cəngəlliklərində və Hindistanda yaşayan tayfaların, istərsə də fransızın təsəvvüründə "ev” anlayışı müxtəlif assosiasiyalar doğurur. Buna görə də müxtəlif dillərdə işlənən sözlər müxtəlif assosiasiyalar doğurur. Amma tərcümə zamanı problemlər təkcə bu sahədə qarşına çıxmır. Dil sisteminə sözlər müxtəlif cür düzülür: sözlər müxtəlif məna kəsb edən köklərdən gəlir, müxtəlif qrammatik xüsusiyyətə malik olurlar, sinonimlərlə əlaqəli olurlar. Məsələn, rus dilində gəmi - kişi cinsindədir, ingilis dilində isə "ship” qadın cinsli əvəzliklə ifadə olunur - she.Və bu da ingilis dənizçisinin öz gəmisinə olan münasibətini və hisslərini müəyyən edir. Buna görə də sözlərin yüz faiz dəqiq ekvivalentini tapmaq, yazmaq çox çətindir. Bunu hər adam bacara bilmir. İngilis dilində "she” (o, qadın cinsi) sözünü necə tərcümə edəsən? Yaxud "xurd-xəşil eləmək” birləşməsini ingilscəyə (to batter, to cuff, to punch və s. çoxsaylı sinonim sözlərdir - kötəkləmək, əzişdirmək deməkdir) necə tərcümə edəsən? Yaxud bizim dilimizdə kələm dolması, yarpaq dolması, qoç Koroğlu, qurd Cəbrayıl, ya da elə kabab sözlərini ingilis dilində necə vermək lazımdı?”
Müxtəlif dillərdə müxtəlif lüğət ehtiyatlarının mövcud olduğunu deyən K.Nəzirlinin sözlərinə görə, elə dil var ki, orda axtardığın adi məişət sözünün belə ekvivalentini tapmazsan. Belə hallarda adətən orijinal dildəki sözü eynilə saxlamaq, sonra isə aşağıda həmin sözün izahatını vermək daha münasib sayılır: "Bədii tərcümə ilə məşğul olan adamın istedadı, səbri… və s… ilə yanaşı, mütləq bədii təfəkkürü, söz ehtiyatı və linqvistika sahəsində nəzəri bilikləri də olmalıdır”. Xarici Dillər Universitetinin ingilis dili fakültəsini bitirdiyini, tələbəlik illərindən ta bu günə kimi bədii tərcümə ilə məşğul olduğunu deyən yazıçının fikrincə, tərcüməçilik əzablı, amma yaradıcı sənətdir, yuxarıda qeyd etdiklərimdən başqa, bilik, zəhmət və enerji də tələb edir: "Və indi tərcümə ilə məşğul olan gənc nəslə də tövsiyəm odur ki, qeyd etdiyim meyarları nəzərə alsınlar. Bir qədər tarixə nəzər salsaq, görərik ki, Bibliyanı yunan dilindən italyan dilinə tərcümə edərkən Roma tərcüməçilərini dəqiqlik o qədər də maraqlandırmırdı; çünki o vaxtkı Roma oxucusu hazırlıqlı oxucu hesab olunmurdu. Camaat bilmirdi harda gülmək olar, harda qorxmaq olar. Buna görə də o zamankı tərcüməçilər faciədə tragik notları daha qabarıq, komediyada isə komedik məqamları daha güclü çatdırmağa çalışırdılar. Xarakterləri sadə, bəsit formada, yumoru kobud, qaba formada çatdırmağa çalışırdılar. Hətta bir pyesdən bir parçanı götürüb, o biri pyesin tərcüməsinə yapışdırır, beləliklə, elə bil bir əsərin əlavəsi, yaxud qarışıq bir icmalı alınırdı. Bu da hamını qane edirdi”. K.Nəzirli hesab edir ki, yazıçılıq, ya da publisistika, məsələn, həkimlik, vəkillik, rəssamlıq, ya da mühəndislik və s. kimi sənət deyil: "Yazıçılıq üçün heç bir diplom, yaxud sertifikat lazım olmur. Bu, insanın qəlbi, duyğuları, istedadı, zəhməti, düşüncə və fikirləri, dünyaya münasibəti, vərdişləri... və s. məsələlərlə bağlı bir məşğuliyyət növüdür. Bu, mənim subyektiv fikrimdir, amma tərcümə sənətdir. Fərq bundadır. İndi bəzi tərcümə əsərlərini oxuyanda gülməkdən özümü güclə saxlayıram, necə gəldi, harda gəldi, ağlına, düşüncəsinə nə gəldi, eləcə də tərcümə edirlər. Adicə ad, toponim, idiom, təxəllüslərin təqdim edilməsində nə qədər qüsur və nöqsan görürsən, bunu adi oxucu görə bilmir, mütəxəssis görür, duyur. Hər halda, bunlara diqqəti artırmaq lazımdır”.
Dilimizin mühafizəkarlıq məsələsi
Yazar Aqşin Yeniseyin fikrincə, tərcümədə əsas meyar müəllifin yazdığını tərcümə olunan dilin maksimim imkanları ilə oxuculara çatdırmaqdır. Bundan ötrü də vacib şərt, dilin tarixi inkişafından xəbərdar olmaqdır: "Dil təkcə sözlərdən ibarət deyil, onun bədii, elmi, publisistik, məişət, hətta cinsəl qatları var ki, bunların fərqində olmadan uğurlu tərcümə mümkün deyil. Məsələn, bizim dilin elmi və cinsəl qatı çox nazikdir, yəni zəifdir. Əgər bu gün süni zəka haqqından yazılmış bir kitabı Azərbaycan dilinə çevirməyə cəhd göstərsək, yəqin ki, anlaşılmaz bir tərcümə ortaya çıxacaq. Ona görə də biz ilk növbədə dilimizin mühafizəkarlıq məsələsini həll etməliyik. Mühafizəkar dil mühafizəkar təfəkkür, mühafizəkar təfəkkür isə mühafizəkar cəmiyyət yaradır. Geridə qalmış istənilən cəmiyyət, dili zamanla ayaqlaşa bilməyən cəmiyyətlərdir. Çox güman yeni tərcümələrdə bu problem özünü göstərəcək”. Yazarın fikrincə, ikinci vacib şərt çevirdiyin müəllifin üslubunu qoruyub saxlamaqdır ki, tərcüməçilər, adətən, buna əməl etmir: "Əksər tərcüməçilər müəllifləri öz üslublarının qəliblərinə salırlar ki, nəticədə biz müəllifin üslubu ilə deyil, tərcüməçinin üslubu ilə üz-üzə qalırıq. Uzun cümlələri bölmək, qısa cümlələri birləşdirmək və s. bunlar müəllifin üslubuna xəyanətdir. Bu xəyanətin nəticəsidir ki, Azərbaycan ədəbiyyatına dünya əsərlərinin məğzi gəlib çıxıb, amma üslubları yox. Dünyadakı üslub rəngarəngliyindən xəbərsiz olan gənc müəlliflərimiz də sənətdə forma, üslub anlayışlarına soyuq yanaşıblar. Ona görə, əsərlərimiz estetik cəhətdən bərbaddır, çünki üslub yoxdur və bütün yazılanlar bir-birinə oxşayır. Mən bir naşirlə bu barədə mübahisə edəndə, o, səmimi bir etiraf edib dedi ki, biz müəllifin üslubunu olduğu kimi qorusaq, bu kitabı heç kim oxumayacaq və almayacaq. Sonda məcbur olub həmin məşhur üslubçu yazıçını Azərbaycan oxucusuna məktəbli cümlələri ilə təqdim etdilər”. A.Yenisey son zamanlar uğurlu bir addım da atıldığını deyir: "Artıq naşirlərimiz tərcümədə ikinci, üçüncü dilə deyil, orijinala müraciət edirlər. Məncə, orijinaldan tərcümə bu dediyim problemin həllində mühüm rol oynayacaq”.
Əsas odur ki, mənanı, fikri saxlayasan
"Altun kitab” nəşrlər evinin direktoru, professor Rafiq İsmayılov da tərcümə üçün iki əsas meyarı vacib sayır: "Birincisi, orijinala yaxınlıq və çevrilən dildə yaxşı səslənməsi. Hətta, çevrilən dildə daha yaxşı səslənməsinə üstünlük verirəm. Yəni əsəri oxuyan elə güman etməlidir ki, əsər öz dilində yazılıb. Orijinala yaxın tərcümə edib, ancaq öz dilində qüsurlara yol verilsə, o əsəri heç kim oxumayacaq. Mən həmişə tərcüməçilərdən xahiş edirəm ki, əsər Azərbaycan ədəbi dilin norma və qanunlarına uyğun yazılsın və oxunaqlı olsun. Əlbəttə, əsər orijinala yaxın yazılsın. Azərbaycan dilinin də, ingilis dilinin də öz qanunauyğunluqları var. Çevirmə zamanı heç də cümləni öz quruluşunda saxlamaq mümkün deyil. Əsas odur ki, mənanı, fikri saxlayasan. Sözləri və cümlə quruluşlarını olduğu kimi saxlamaq olmaz”. Bizdə yaxşı tərcüməçilərin çox olmadığını deyən naşir, tərcümə prinsiplərini Kamran Nəzirli, Vilayət Hacıyev kimi peşəkarlıqla bilən tərcüməçilərin də olduğunu deyir: "Bu tərcüməçilər çevirdikləri dildə əsərin gözəl səslənməsinə xüsusi diqqət edirlər. Bəzi tərcüməçilər də var ki, irad tutanda «Necə var elə tərcümə eləmişəm, cümlənin qrammatik quruluşu eynidir» - deyirlər. Ona görə, tərcümə əsərləri çox oxunmur. Rus, ingilis dilini bilənlər çalışırlar ki, əsərləri orijinaldan oxusunlar».

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər