Mükafat almaq istəmirəm
Ədəbiyyat insana insan olduğunu xatırladır.
Bu sözləri hər gün öz-özümə təkrarlayıram. Gəlmiş-keçmiş əksər yazıçılar öz
tənhalıq ərazisində insanın kim olduğunu araşdırıb.
Təbii ki, biz
artıq klassik dövrdə yaşamırıq. Dünya postmodern bir haləyə bürünüb. İndi
İnstaqram roman anlayışı var, yazıçı təsvirə yox, birbaşa şəklin özünə üstünlük
verir. Çağdaş romançılıq yeni tendensiyalar üzərində qurulur: reallizmdən,
hislərdən uzaq, rasionallığa yaxın.
Əlbəttə, bütün
bunlar məni zaman-zaman düşüncələrə qərq edir. Bu xaotik, posmodernist dünyada
hələ də realistcəsinə düşünən cəmiyyətdə nə yazmalısan, nədən söhbət açmalısan?
Dünya yazıçısı
xitab etdiyi auditoriyanı tapır, onun problemini araşdırır və romanını yazır.
Azərbaycan yazıçısı isə "birdən belə yazaram, mənə gülərlər” ağlıyla məsələyə
yanaşır. Həqiqətən də qarışıq bir durumla qarşı-qarşıyayıq.
Hazırda silsilə
absurd hekayələr yazıram və düşünürəm ki, biz artıq reallıqdan qopmalıyıq.
Çünki Sovet dövründən bu yana, indinin özündə də bizim oxucu "bu həyatda baş
verib” janrında kitab oxuyur.
Gəlin, bu yerdə
yazımın daha intellektual qapısından içəri keçək.
Yazının intellektual tərəfi: Ədəbiyyat hər vaxt müzakirə və
mübahisəyə açıqdır. Eyni zamanda təhlükəli bir silahdır. Onun öz silah növləri
və atəş rakursları var.
Təxminən o
növləri aşağıdakı kimi sıralaya bilərik:
– Əyləncə ədəbiyyatı
– İnformasiya ədəbiyyatı
– İntellektual ədəbiyyat.
Əyləncə və
informasiya ədəbiyyatı yəqin ki, çoxlarına aydın oldu. Mən intellektual nəsrə
bir nəzər salmaq istəyirəm.
Bu növ hazırlıqlı
oxucular tələb edir. İntellektual mətn bütün oxucuları deyil, ağıllı oxucuları
düşündürür.
Necə ki,
əyləncəli ədəbiyyatda hərəkətlilik, süjetin dinamik olmağı üstünlük təşkil edir
(bu hər kəsin ürəyinə yağ kimi yayılır), eləcə də intellektual nəsr özündən
əvvəlki mətnlərin interpretasiyasını təşkil edir.
İntellektual nəsr
elmlə, mədəniyyətin digər sahələri ilə körpü rolunu oynayır. Bu nəsr insanı
anlamağa çalışır, insanı təsvir etmir. İntellektual əsərlər çoxxətli, çox
planlı, sadə yox, mürəkkəb süjetli əsərlərdir.
Bu anlayış ilk
dəfə modernist ədəbiyyatda ortaya çıxıb. Hesab olunur ki, ilk intellektual
romanı Tomas Mann yazıb.
"İntellektual
nəsr”də yazan yazıçılar: Herman Hesse, Tomas Mann, Franz Kafka, Ceyms Coys,
Mixail Bulqakov, Oldes Haksli
Corc Oruel, Alber
Kamyu, Jan Pol Sartr, Qabriel Qarsiya Markes, Vladimir Nabokov, Xulio Kortasar,
Kurt Vonnequt, Struqaçi qardaşları, Umberto Eko, Milorad Paviç, Milan Kundera,
Marsel Prust, Uliyam Folkner və s...
İntellektual
nəsrin əsas xüsusiyyətləri bunlardır:
– Modernist və postmodernist
ənənələrə söykənir – Bu xüsusiyyət bütün intellektual mətnlər üçün keçərlidir.
– Forma və ifadə
tərzində ədəbi eksperimentlər aparmaq.
–
İntertekstuallıq – Mətnlər arası əlaqə.
– Reallıqdan
fərqli bir dünya yaratmaq – Mif yaradıcılığı.
– Ruhi, mədəni
interpretasiya.
– Mətndə dialoq
qurmaq. Oxucu həm müəlliflə, həm də qəhrəmanla danışdığını hiss etməlidir.
– Mədəni
səviyyəsi yüksək olan oxuculara hesablanır.
– Hərdən süjet
qeyri-xətti olmalıdır. Ancaq bu o qədər də vacib deyil.
– İntellektual
nəsrə bu janrlar aiddir: magik realizm, fəlsəfi fantastika, antiutopiya.
– Stilistikanın
çoxluğu.
Yazının
intellektual tərəfini bir kənara qoyub, birbaşa mətləbə keçirəm: bügünün
yazıçısından yüksək intellekt, erudisiya tələb olunur. O, çağdaş tendensiyaları
dərindən hiss etməli, mövzuya hakim olmalı və mümkün qədər çevik dillə çıxış
etməlidir.
Burda mühüm bir
amil var: Əyləncəviliyi təmin etmək.
Çağdaş yazıçı "məni başa düşməzlər” eqosundan xilas olmalıdır. O, iki tərəfə
xitab edir: kütlə və sənət. Hər ikisi paralel şəkildə hərəkət etməlidir. Biri o
birini inkar etmədən. Məsələn, bir örnək: Umberto Ekonun "Gülün adı”. Oxuyanlar
bilir ki, orda detektiv xətt var.
Bu əsərin ardınca
bir neçəsini də yazmaq olar. Ondansa gəlin, bir-iki müəllif adı çəkək: Pol
Oster, Barns, Pamuk və başqaları.
Çağdaş yazıçı
mütləq və mütləq marketinqi, satışı, oxucunu duymalı və hiss etməlidir. O,
artıq kitabın yalnız rəflərdə tozlanmasını istəməməli, gələcəkdə onu
oxuyacaqları fikrini üstündən atmalıdır.
İndi gəldik mənim
yazımın əyləncə tərəfinə. Diqqət ekrana!
Əyləncə tərəfi: "Nobel Ədəbiyyat Mükafatı
lotereya deyil. Mükafat almaq istəmirəm. Mükafat tükəndiyiniz anlamına gəlir.
Hər şeydən əsası yaxşı oxucularımın olmasıdır. Hansı mükafatı, nişanı, ya da
müsbət reaksiyanı alsam da, almasam da olar. Öz cibindən pul verib kitablarımı
alan insanların arasında bütün bunların, bu mükafatların heç bir mənası
yoxdur”.
Bu açıqlama
illərdir Nobel Ədəbiyyat Mükafatında favorit olan yapon yazıçısı Haruki
Murakamiyə aiddir. Tokioda hər il sayları dəyişən Murakami fanatları
(Harukistlər) bir barda yığışıb Nobel mükafatının nəticələrinin açıqlanmasını
canlı izləyir və sevdikləri yazıçının məğlub olmasının kədərini paylaşırlar.
2000-ci illərin
əvvəlindən namizəd göstərilən, 2010-cu ildən bu günə qədər də favorit olan
Murakaminin Nobel almaması zarafata çevrilmişdi. Populyar bir yapon Twitter
hesabının hadisəyə münasibətinə diqqət: "Qışın gəldiyini Haruki Murakaminin
Nobel Ədəbiyyat Mükafatını uduzmağından bilirəm”.
P.S. Müəllif Türkiyənin populyar yazıçısı
Hakan Gündayın "Kinyas və Kayra” əsərini oxumağa və yaradıcılığında yeni
mərhələlər yaratmaq haqda düşünməyə başladı.
Ayxan Ayvaz