AZE | RUS | ENG |

Müharibənin qadın olmayan üzü

Müharibənin qadın olmayan üzü
"Sovet ordusunda bir milyona yaxın qadın vardı, onlar əksər bacarıqlarından istifadə edirdilər. Hətta pulemyotçu, tankist kimi sözlərdə dil problemi yaranmışdı. Çünki indiyəcən bu işlərin heç birini qadınlar etməmişdilər, ona görə də bu sözlərin qadın cinslisi yox idi. Qadın cinsli sözlər orda – müharibənin içində yaranırdı”.
Belaruslu yazar-araşdırmaçı-jurnalist – Svetlana Alekseyeviç 31may 1948-ci ildə Ukraynada doğulub. 2015-ci ildə Nobel Ədəbiyyat Mükafatını alan bu xanım ödülə layiq görülmüş 14-cü qadın yazıçıdır. "Müharibənin qadın olmayan üzü” adlı tarixi-araşdırma janrında yazdığı əsərlə bu mükafata layiq görülən xanım ümumilikdə yazıları ilə 15 fərqli mükafat qazanmış, əsərləri dünyanın 19 dilinə tərcümə olunmuşdur. Nobel mükafatını ona təqdim edərkən haqqında "əsrin iztirab və cəsarət abidəsi” ifadəsini söyləmişdilər.
 
Bu kitabı rus dilində oxuyarkən çox çətinlik çəkirdim. Dil probleminə görə yox, sadəcə fikirlər, duyğular və əhvalatlar o qədər gözəl, real və axıcı təqdim olunur ki, birnəfəsə kitabı vərəqləyib oxumaq, bitirmək olmur, tez-tez dayanmalı, nəfəs almalı olursan. Tarixin ən qanlı müharibəsində (bizə ən yaxın tarixin) faşizm üzərində qələbə çalan sovet ölkələrinin qadınları – qadın pilotlar, kəşfiyyatçılar, cərrahlar, tibb işçiləri, partizanlar, döyüşçülərin faşist işğalına necə sinə gərdikləri, müharibənin ortasında qadın olmağın çətinlikləri, əziyyətləri ilə necə başa çıxdıqlarına həm məəttəl qalırsan, həm də həsəd aparırsan. Sovetlər birliyinin dörd tərəfində yaşayan qadınları bir-bir tapıb danışdıran müəllif bizə təqdim etdiyi faktlar-hekayələrlə bizə yepyeni bir anlayış tanıdır – müharibədə qadın.
 
İki ilə yaxın nə haqda kitab yazmalı olduğunu düşünən müəllif niyəsə müharibə haqqında fikirləşməli olur və bunu kitabda belə qeyd edir: "indiyə qədər irili-xırdalı, yaddaqalan, unudulan minlərlə müharibə olub. Və biz bütün bu müharibələri "kişilərin dili”, "kişilərin səsi” ilə tanımışıq. Qadınlar bütün müharibələrdə susublar. Sanki bütün müharibələr onlardan yan keçib həmişə, sanki heç bir müharibə heç bir qadına təsir etməyib kimi. Mən hərdənbir necəsə bir qadının dilindən müharibəni eşidərkən görürdüm ki, bu tamam fərqli bir müharibədir, bizə olduqca yad bir müharibə. Qadınlar danışanda mən onların dilindən adət etdiyimiz qəhrəmanlıq hekayələrini, bombardmanları, uçub-tökülən binaları, qalib gələnləri, məğlub olanları eşitmirdim. Qadınların müharibəsinin öz rəngi, öz əzabı, kədəri, öz səsi vardır. Orda əzab çəkənlər təkcə insanlar yox-büsbütün kainatdır. Ağaclar, quşlar, torpaq, səma – hər yer və hər şey əzab çəkir. Səssizcə, sakitcə susur və əzab çəkir. Buna görə də mən bu müharibəni araşdırmağa və yazmağa qərar verdim – qadınların dilindəki, səsindəki müharibəni”.
Svetlana Alekseyeviç bu kitabda müharibədən yox, müharibədəki insandan – qadından danışır. Müharibənin ortasındakı qadınlardan.
 
"Onları bir-bir axtarıram, tapıram, görüşə razı salmağa çalışıram. Görüş vaxtı ala bilirəmsə, səbirsiz hazırlaşıb ora yollanıram. Saatlarca yad bir mənzildə oturmalı oluram. Elə olur bütün gün orda otururam. Yaşlı bir qadın çay dəmləyir, şirniyyat gətirir, çoxdan aldığı bir köynəyi gətirib mənə göstərir. Birlikdə ailə albomlarına baxırıq. Qəfil bir şəkil... və budur. Gözlədiyim anın içindəyik. Qadın nəmli gözlərini uzağa zilləyir, qoluyla gözünü silir ya da astaca fotoşəkili sığallayır və dilindən onillərdir susan cümlələr nəhayət ki, axır…”
 
Müharibənin ortasında evlilik təklifi alan, qadın problemləri ilə əlləşən, yeni alt paltarı sevinci yaşayan, bombardman edilmiş şəhərin xaraba dükanlarından birində necəsə bir cüt təzə tufli tapan qadınlar… Sevinən, ağlayan, döyüşən, yaraları bağlayan, meyitləri daşıyan qadınlar… Döyüşçülər, aşpazlar, teleqrafçılar…
17-18-19 yaşlarında müharibəyə yola düşən qızcığazlar. Onlar nə qəhrəmanlıq eşqində idilər, nə ölüb-öldürmək arzusunda, nə də tarix yazmaq. Onları həyatın içindən alıb müharibəyə itələyən şey "vətən səni gözləyir” şüarları idi. Onlar anaları-ataları, sevgililəri, qardaşları döyüşdəykən sadəcə yol gözləməklə yetinmək istəməyən qızcığazlar idilər. Onlar müharibəyə yollanarkən niyə və nəyə getdiklərini heç özləri də dəqiq bilmirdilər. Və maraqlısı budur ki, qırx ilə yaxın bir zamandan sonra o illərə qayıdan, o dövrdəki özləri haqqında danışan keçmiş döyüşçü, pilot, kəşfiyyatçı, teleqafçı (indiki həkim, laborant, müəllimə) qadınlar müharibədəki o qızcığazlardan başqa bir insanmış kimi söhbət açırlar.
 
"Artıq qırx ildən çox vaxt keçib, amma sən hələ də mənim evimdə qırmızı rəngli heç nə görə bilməzsən. müharibədən sonra mən qırmızı rəngə nifrət edirəm” – müharibə qadınlarından biri…
"Mənim üçün müharibədən sonrakı həyatın cinsi qadın idi. Kişi səsi xatırlamıram. Müharibədən sonra həyat mənim üçün nənəmin səsi idi. Bütün bu həyat boyu nənəm oxuyur, ağlayır, oxuyur”… – başqa bir müharibə qadını…
"Bizim üçün dünya müharibə demək idi. Müharibəsiz bir dünya, həyat anlayışı bizə yad idi. Bizim üçün bircə insan vardı – müharibə insanı. Bizə doğma olan yeganə insan tipi”.
 
Hekayələrini dinlədiyi qadınlardan haqda müəllif ən çox bunu qeyd edir ki, onlar ağlayırdılar, danışa-danışa hönkürürdülər, bəzən dərman içməli olurdular, kiməsə təcili yardım çağırmalı olurduq. Amma çoxu sağollaşanda məndən yenidən gəlməyimi xahiş edirdi. Çünki danışmaq istəyirdilər. Bu qədər illər ərzində susmaqdan bezmişdilər, bəlkə də.
Əsəri oxuduqca anlayırsan ki, həqiqətən də müharibədə sağ qala bilmək üçün insan olmaq yetmir, insan qanındakı əcdadlardan qalma bütün instinktləri xatırlamağa məcbur qalır.
 
Mark Levi, Paolo Koelyo kimi populyar müəlliflərin kitablarına pul, vaxt xərcləyənlərə, "Səfillər”i oxuyub yarımçıq qoyub kitaba həvəsi ölənlərə, Dostoyevskinin qalın cildli kitablarına baxıb gözünü qorxudanlara, hansısa sevgi romanını oxuyub "daha bəsdir” deyənlərə, bir sözlə hər qəbildən oxuculara maraqlı ola biləcək bir kitabdan söhbət gedir.
 
Fəridə Uğur 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287