Mübarizə əzmi
Alman yazar Remarkın yaradıcılıq
macərası bütövlükdə Birinci Dünya Müharibəsi, Almaniyada imperial rejimin
süqutu, 1920-ci illərdə alman demokratiyasının korşalması, nasizmin yüksəlişi
və İkinci Dünya müharibəsi üçün uyğun şəraitin yaranması kimi silsilə
tarixi-siyasi hadisələr tərəfindən şəkillənib. Bəli, dünya müharibələrinə həsr
olunmuş bir-birindən dəyərli, əhəmiyyətli, müəllifinə ölümsüz ömür adı
qazandırmış əsərlər çoxdur. Remarkın "Üç yoldaş” romanı da bu siyahıda şəksiz
yer tutur. Lakin Remark əhəmiyyətli, tarixi romanlarına görə yox, tarix
haqqında yazarkən insanların yaşadığı unudulmaz təcrübələri daha vacib hesab
edib, ön plana çəkdiyi üçün xüsusilə seçilir.
İngilis dilindən tərcümə edən və hazırlayan: Elcan Salmanqızı
Remarkın və dövrün əksər romanlarından
fərqli olaraq, "Üç yoldaş”da yarım əsrdən çox davam edən, ardında itirilmiş
nəsillər buraxan müharibənin çarxı tərsinə işləyən siyasiləri və
intellektuallarının xilas edə bilmədiyi Qərb dəyərlərindən dəm vurulmur. Nə də
burada bir zümrə müharibəsi, imkansız eşq də görmürük. Yazar ədəbi sadəliyini
Robbi ilə Patın hekayəsində də fəxrlə sərgiləyir. Sadə kişilərin və qadınların
yüksək hədəfləri olmayan həyatları Remarka ən maraqlı gələn məsələlərdir. Adi
əsgərlərin, əsir düşənlərin, veteranların, didərginlərin, siyasi qaçqınların
xırda hekayələri, köməkçi xatirələri ilə bəzənən süjet xəttində hər nüans oxucu
marağı ilə qarşılanır. "Üç yoldaş” romanının uğurunun əsas səbəbini soruşsanız,
mən öz adıma müəllifin sadə insanların hekayəsinə bəşəri bir həssaslıqla
yanaşması olduğunu deyərəm.
Remark bu qəhrəmanları haradan
tapmışdı?! Bir romanda bütün qəhrəmanlar kökündən qoparılmış, sovrulmuş və
nakamdırlar. Heç kimin keçmişə qayıdacaq, gələcəklə bağlı xəyal quracaq gücü
yoxdur, bugünlə, varlıqları ilə bağlı duyğuları isə boşluğa qarışıb. Dövrün
insanı mütəmadi olaraq, həyatın ən əzablı üzünə gözünü açır. Cismən sağ
qalsalar da, müharibəyə ömürlərini verənlər həyatın mənası haqqında düşünmürlər
belə. Köməksizlik, sürgünlük dövründə onları ancaq yemək, ev və ən yaxın
gələcək – sabah maraqlandırır.
Remarkın dövrün ən kataklismik
hadisələrini ön plana çəkib, ədəbiyyata müharibə haqqında ziddiyyətli fikirlər
aşıladığını düşünən tənqidçilərin çoxu da elə yazarın soydaşları olub. Çünki nəinki
"Üç yoldaş”da ümumiyyətlə, Remarkın yaradıcılıq xəttində müharibənin
"qazananı”, "güclüsü”, "sağ qalanı”, "fərasətlisi” tipajlarına rast gəlmirik.
"Üç yoldaş” romanında da eşqin və həyatın baş qəhrəmanları var. Robbi, Pat,
Otto, Qottfild oxucunun qarşısına həyatla sonuna qədər qəhrəman olmaq üçün yox,
xoşbəxt olmaq üçün mübarizə aparanlar kimi çıxarılır. Əsərin bütün bünövrəsini
müharibə və onun töküntüləri təşkil etsə də, əsas hekayə Robbi ilə Patrisiyanın
məhəbbət macərasıdır. Yüksək sinfə aid olan Patrisiyanın ayrılmaz və bir-biri
üçün ölümü də gözə almağa hazır dostların dünyasına girməsi o qədər də çətin
başa gəlmir. Çünki o, zərif və humanist obrazı ilə Roberti ram etdiyi kimi Otto
və Qotfildin də könlünə girir, kollektivin həssas nöqtəsinə çevrilir. Dördlüyün
ən mehribanı, romantiki və pozitivi olan Qotfildin ölümü ilə münasibətləri daha
da möhkəmlənən dostlar nasist rejiminin cücərməsi ilə daha əzablı günlərə doğru
addımlamağa başlayırlar. Burada da Remark dövrün siyasi səhnəsində baş
verənlərdən çox hadisələrin sadə insanların həyatındakı izlərini oxucunun
diqqət mərkəzinə çəkir. Bu isə romanı siyasi ideologiyaları dəstəkləyən və ya
tənqid edən petisiyaları xatırladan nümunələrdən tamamilə fərqləndirir. Remarkı
bir yazıçı kimi bir neçə addım irəlidə saxlayan ədəbiyyatı müşahidələrlə
korporativ işə cəlb etməsidir. Bəli, o siyasi yazardır. Amma onun siyasi
görüşlərində bədiilik, emosionallıq görmədiyimiz kimi, ədəbi irsində də
təbliğat görmürük. Patrisiyanın xəstəliyini, Robbinin ayrılıq və dost
itkisindən aldığı yaraları, Rozanın həyatını, Georqun gündəlik qayğılarını
dərin, iti müşahidəçi gözü ilə izləyən Remark bütün bu insani əzablarda bəşəri
bir günah axtarır. Oxucusuna dünyada nüfuz və güc əldə etməyin sadə insanların
həyatında bir irəliləyişə səbəb olmadığını, əksinə bu mübarizənin onların
əzablarını dözülməz hala saldığını nümayiş etdirir. Baş qəhrəmanlardan Robertin
təhkiyəsində oxuduğumuz romanda kiçik təmirxana işlətmək hesabına dolanan
dostların gözü ilə işsizlik, əhali arasında artan şiddət, gərginlik,
gündən-günə çətinləşən sosial vəziyyətə şahid oluruq. İqtisadi böhranın,
müharibə qorxusunun dostların da həyatını çətinləşdirdiyi azmış kimi Robert
Patrisiyanın ölümcül xəstəliyi və ayrılığı ilə də mübarizə aparır. Bütün bu
çarpaz, qarışıq hadisələrin hamısına Robert öz sevən ürəyi ilə şahidlik edir.
Qatı nihilist keçmişi olan Robertin Patrisiyaya bəslədiyi məhəbbətlə duyğu və
düşüncələrində baş verən köklü dəyişikliklər onu romanın sonuna kimi izləyir.
Sanki bu çətinliklərə sinə gərə bilmək üçün bu eşq Robbiyə hədiyyə edilmiş
qalxandır.
Bəs, burdan "Üç yoldaş”-ın tənqid
olunmazlığı qənaətinə gəlmək olarmı? Əsla. Remark Almaniyanın ən çox tanınan və
bu səbəbdən də ən çox tənqid edilən yazarıdır. "Üç yoldaş”da Remarkın dövrün
fəlsəfi və ideoloji problemlərinə sıx-sıx toxunması, sadə həyat mübarizəsi
verən insanların fonunda dərin mövzulara aydınlıq gətirmək cəhdləri sərt
tənqidlə üzləşib. Tənqidlərdə səslənən birinci ittiham Remarkın fəlsəfi düşüncələrini
bölüşdüyü hissələrdə süjetin qarışıqlığa düşməsidir. Belə ki, işıqlı fəlsəfi
düşüncələrlə sujetdə canlandırılan hekayələr, dərin həssas yanaşma daban-dabana
ziddiyyət təşkil edir. Tənqidçilər Remarkın gələcəyə dair ideya sərgiləməsilə
gələcəyə ümidi olmayan obrazlara kobudluq edildiyi qənaətindədir. Bir digər
məsələ isə romanda bəşəri dəyərlərdən danışıb, fərdilik və fərqliliklərin
nəzərə alınmaması probleminin qabardılması ilə bağlıdır. Halbuki bəşəri
dəyərlər ümumiləşmələrdən yaranır.
Öz müasirləri arasında əsl natiq kimi
fərqlənən Remarkın yazıçı kimi qazandığı uğuru da məhz "Üç yoldaş” romanından
sonra tənqidçilər tərəfindən daha çox müzakirə edildi. Çünki onların fikrincə,
bu roman milyonlarla nüsxədə satılacaq, iyirmidən çox dilə tərcümə olunacaq
çəkidə deyildi. Terri Iqlton, Roland Bartes, Conatan Kuller, Uilyam Epmson kimi
tənqidçilər romanın əsas uğurunun hekayədən və müəllifin dramatik təhkiyə
üslubundan qidalandığı fikrini irəli sürür. Məsələn, Eleonori Gilburd Remarkın
"Üç yoldaş”dakı üslubunu "klişelərlə dolu, təkrarçı, yersiz sentimental” kimi
dəyərləndirir.
Lakin bu tənqidlər həqiqəti də
kölgələmir. Remark "Üç yoldaş”-da ənənəvinin əksinə, insana insandan bir düşmən
yaratmır. Sanki instinktiv şəkildə ümumi düşməni qeyri-insaniləşdirmək, eyni
zamanda universallaşdırmaq üçün çalışır. Müəllifin ucaltdığı barrikadaların
dörd bir yanında insanlar xilas yolu axtarır, bilinən üsullarla çapalayır,
ağzını nəfəsliyə tərəf tutmaq üçün əlləşir. Bircə səhnədə belə yazıçı bizə
müharibənin, qorxunc və ölümcül düşmənin varlığını unutdurmur. Bəli, hekayənin
başında Remarkın qəhrəmanları əzabı o qədər də dərindən yaşamır. Ətrafdakılarla
müqayisədə onların çox dərin yaralayır. Amma müəllif öz qəhrəmanlarını sadə
insanların müharibədən aldığı zərbələrdən qəsdən qorumur. Hadisələri dəyişkən,
canlı, enişə doğru aparan da müəllifin romanda həyat verdiyi bütün personajlara
eyni mövqedən baxmasıdır. Remark onların həyatla ölüm arasında qalan
vəziyyətlərini ruh və düşüncəsinin dərinliyi ilə duysa da, eşq və dostluğun
varlığına geniş planda yer verərək, bu ağırlıq və çətinliklə mübarizə gücü
tapır.
Romanın bütün qəhrəmanları, hətta
səhhətindəki problemlərdən başqa bir çətinlik görməmiş Patrisiya belə əsl
dövrün insanı kimi möhkəm və sakitdir. Buna baxmayaraq, qatıldıqları mitinqdə
çıxan qarşıdurmada Lenzi itirən dostlar xəstəxanada müalicə alan Patrisiyaya bu
xəbəri deyə bilmirlər. Bəli, ölüm müharibə, zülm, əsir düşərgəsi, ailə
üzvlərinin ölümünü görən bu adamlar üçün köhnə xəbər idi. Amma romanın sonunda
nə Robbinin, nə Ottonun artıq doğma bir insanın yaşamadığını dilə gətirəcək
qədər mənəvi gücləri qalmır.
Qara dəlikdən çıxa bilməyən minlərlə
insan kimi dostlar da ümid yoxsuluna çevrilirlər. Bir yanda bahar təsvirləri,
bir yanda hər günə bir qara xəbər gəlişi roman üçün ən uğurlu sonluq
hazırlayıb. Bir-birini sürətlə əvəz edən rəng tonlarında Remark ana xəttə sadiq
qalaraq, oxucuda oyatdığı sevgi və dostluğun gücünə inamı sabit saxlayır.
Mənbə: "quickbook”-da yayımlanmış "The
other side of the Barricade” sərlövhəli məqalə; "enotes”-da "World literature
analysis” silsiləsi; "academichelp”-də yayımlanmış romanla eyniadlı mühazirə
mətni.
İngilis dilindən tərcümə edən və hazırlayan: Elcan Salmanqızı