Müasir Azərbaycan Folklorşünaslığında Yeni Nəzəri-Metodoloji Yanaşma Təcrübəsi
Bu günə qədər Azərbaycan fokloru
və mifologiyası haqqında çoxlu kitablar, elmi məqalələr yazılmış, geniş oxucu
kütləsinə təqdim olunmuşdur. Yazılan hər bir kitabda və tədqiqat işində müəyyən
bir problemi həll etmək məsələnin əsas məqsədi
olmuşdur. Mifologiya və folklor sahəsində adlarını qürur hissi ilə çəkə biləcək
bir sıra alimlərimiz vardır. Bu sahədə əvəzolunmaz xidmətləri olan alimlərimiz sırasına mərhum
M.H.Təhmasib, Mirəli Seyidov, Bəhlül
Abdulla, hazırda elmimizin keşiyində dayanan Muxtar Kazımoğlu, Seyfəddin
Rzasoy, Füzuli Bayat, Ramazan Qafarlı, Kamran Əliyev və İslam Sadıq kimi alimləri
nümunə göstərə bilərik. Adlarını çəkdiyimiz hər bir alimin folklor sahəsində
mühüm xidmətləri vardır.
İlkin Elsevər
Bu gün müasir Azərbaycan
folklorşunaslığında yeni bir yolun, yeni bir metodun milli folklorşünaslıq
düşüncəmizə gətirilməsində xüsusi xidmətləri olan üç folklorşunasımızın adını
xüsusi olaraq qeyd etmək istərdim: filologiya üzrə fəlsəfə doktorları Sərxan
Xavəri, Səfa Qarayev və Hikmət Quliyev. Biz cəsarətlə deyə bilərik ki, bu alimlər
elmimizin bu günü və gələcəyi üçün bir sıra ilklərə imza atan şəxslərdirlər.
Adlarını qeyd etdiyimiz bu üç müəllifin birgə yazdıqları "Folklorun funksional strukturu: multidisplinar kontekst”
adlı kitab müasir Azərbaycan folklorşunaslığında ən
aktual məsələləri əhatə edən bir tədqiqat
işidir. Kitabda hər üç müəllif Azərbaycan folklorunu dünya elmi, xüsusən də
antropoloji görüşləri konteksində təhlilə cəlb etmiş və bu təhlil nəticəsində
olduqca dəyərli elmi nəticələr meydana
çıxmışdır.
Kitabın Sərxan Xavəri tərəfindən
qələmə alınmış "Folklorun funksional strukturunun multidisiplinar
analizi" adlı birinci hissəsində müəllif folkloru yalnız sözlü bədii mətnlər
olaraq deyil, sosial-mədəni sistem olaraq nəzərdən keçirmişdir. Sərxan Xavəri
folklorun funksional strukturu haqqında yazır: "Tədqiqatda folklorun mədəni sistem kimi daxili müəyyənlik keyfiyyətinin aşkarlanması üçün o, "folk" da ifadə
olunan sosial və "lore" də ifadə olunan kultural strukturların vəhdətindən
yaranan bütöv metamədəni funksional sistem olaraq nəzərdən keçirilmişdir".
Burada diqqət çəkən məqamlardan biri
"folk" və "lore" anlayışlarının tədqiqatın foks nöqtəsinə
gətirilməsidir. Məlumdur ki, bu günə qədər folklorşunaslıq elmində
"folklor" sözünün anlamı ilə bağlı bir çox alimlərimiz fərqli fikirlər
bildirmişdilər. Professor Seyfəddin Rzasoy
"Mifologiya və folklor: nəzəri-metodoloji kontekst" adlı
kitabında "folklor nədir?” sualında ifadə olunan elmi-nəzəri problemi Azərbaycan
və dünya elmi konteksində təhlil
etmişdir. Həmçinin S.Xavəri də "folklor”
sözü haqqında həmmüəllif olduğu kitabda özünəməxsus şəkildə yanaşma təqdim
etmişdir. O, yazır: "Folklorun
yaradıcısı subyektini təşkil edən "folk" insanın təbiətdən cəmiyyətə
keçidi anında bugünəqədərki ən müxtəlif kəmiyyət və keyfiyyət
kombinasiyalarında təzahür edən funksional sosiallaşma modelləri,
"lore" isə kolletiv insan fəaliyyəti nəticəsində yaranan ümumbəşəri mədəni
metasistemin diaxron və sinxron səviyyələr üzrə bütün artefaktlar sistemi kimi
modelləşdirilmişdir".
Burada əsas məqam ondan ibarətdir ki, S.Xavəri
insanların təbiətdən cəmiyyətə keçidindən tutmuş bu günə qədər folklorun insan
həyatındakı rolunu elmi baxımdan modelləşdirmişdir. Sərxan Xavərinin toxunduğu
məsələlərdən biri də "Folklorun
funksional mədəni sistem kimi" başlıqlı yazıda folklorun bir mədəniyyət
hadisəsi olduğunu sisitemli şəkildə təhlil etməsidir. Diaxron və sinxron aspektlərdən folklora yanaşsaq görərik ki, folklor hər
zaman mədəniyyət hadisəsi, xüsusən də bir mədəni sistem olaraq özünü bwruzə verir. Ümumiyyətlə, onu
qeyd edə bilərik ki, folklor sahəsini tədqiq etməklə, həmçinin biz tarixi
faktları da öyrənə bilirik. İnsanların mədəniyyətini, adət-ənənəsini öyrənməklə
onun hansı mənəvi keyfiyyətlərə malik
olmasını anlamaq olur. Buna görə də biz folkloru kulturoloji aspektdən də öyrənməliyik. Daha dəqiq desək, hər iki sahəni
paralel şəkildə araşdırsaq köklü bir tədqiqat işi ortalığa qoymaq olur. S.Xavəri
kulturologiya ilə folklor əlaqələri barəsində yazır: "Kulturologiyanı ictimai-humanitar elm sahələri içərisində
antopologiyadan sonra ən universal qanunauyğunluqlarla işləyən fənn sahəsi hesab etmək olar. Mədəniyyəti struktur bütöv
kimi tədqiq edən, onun inkişaf qanunauyğunluqlarını izahını verməyə çalışan
kulturologiya, obrazlı ifadə etsək, bütövlükdə cəmiyyəti mədəniyyət hadisəsi
kimi görür". Və yaxud digər bir sitatı əlavə edərək fikrimizi bir
azda aydınlaşdıraq. O, yazır: "Ona
görə də bir sosial-mədəni təsisat olaraq folklorun ümumi qanunauyğunluqlarının,
xüsusən onun sosial, informativ, kommunikativ aspektlərinin öyrənilməsində
kulturoloji araşdırmaları heç bir başqa elmi yanaşma əvəz edə bilmir".
Gətirdiyimiz sitatlardan bizə bir daha məlum olur ki, S.Xavəri tədqiqat işində
folklorun funksional sosial-mədəni sistem kimi strukturunu, multidisiplinar
aspektən əhatəli və fundamental şəkildə işləmişdir.
"Folklorun Funksional Strukturu:
multidisplinar kontekst” kitabının müəlliflərindən
biri də filologiya üzrə fəlsəfə doktoru,
gənc alim Hikmət Quliyevdir.
Kitabın bu hissəsində müəllif "İnternet folkloru”nun müxtəlif aspektlərini tədqiqata
cəlb etmişdir. Azərbaycan folklorşünaslığında ilk dəfə olaraq H.Quliyev doktorluq disseritasiyası səviyyəsində
İnternet folklorunu araşdırır. İnternet
folkloru anlayışı ilk baxışda qəribə səslənsə də, amma bu çox mürəkkəb bir
prosesi özündə ifadə edir. Bildiyimiz kimi, İnternetin meydana çıxması
kommunikasiya ilə bağlı bütün fəaliyyət sahələrində ciddi dəyişikliklər
yaratdı. Bizə məlumdur ki, hər hansı bir
yenilik ilkin təməlini sadə başlanğıcdan götürür. İnternet bugünkü vəziyyətinə
çatmaq üçün uzun bir yol qət etmişdir. Zaman dəyişdikcə həm forma, həm də məzmun
dəyişir. İnternetin inkişafı hər bir sahədə olduğu kimi, həmçinin folklor sahəsində
də özünü göstərdi. Əvvəllər insanlar hər hansı bilgini müəyyən məhdud qruplar
arasında bölüşə bilirdilər. Halbuki, hazır ki dövrdə hər hansı bir informasiya
bir məkandan çoxlu məkanlara transformasiya oluna bilir. Məhz H.Quliyev də
İnternet folklorunun araşdırılmasında kommunikasiya məsələsinə xüsusi diqqət
ayırır. Tədqiqatçı yazır: "İnternet də
çoxsaylı fərdlərin, qrup və cəmiyyətlərin şəbəkəsindən təşkil olunmuş yeni folklor mühitini və
ya məkanını meydana çıxartmışdır ki, bu
da kommunikasiyanın imkanlarına, texnoloji çərçivənin sifikasına müvafiq yeni nəsil folklor nümunələrinin ortaya çıxmasına şərait yaratmışdır”. Müəllif burada olduqca
mürəkkəb məsələyə toxunmuşdur. Folklor nümunələri bir zamanlar yalnız kənd
mühitində meydana çıxırdı. Məsələn, sayaçı sözlər, holavarlar, əmək nəğmələri və
s. bunlar kənd həyatı ilə bağlıdır. Kəndlərdə yaranan folklorla yanaşı, həmçinin
şəhərlərdə də folklor nümunələri meydana çıxmaqdadır. İnsan harada yaşamasından
asılı olmayaraq, mütləq şəkildə orada, təxəyyülünün məhsulunu yaradır və
yaradacaqdır. Məsələn, İnternetdə, sosial şəbəkələrin birində müəyyən bir şəxs
yumoristik bir şərh və yaxud status yazır. Bu status digər iştirakçılar və
yaxud istifadəçilər tərəfindən xoş qarşılanırsa, o artıq müəyyən bir zamana qədər
insanların nitqində öz əksini tapır.
H.Quliyev İnternet folkloru ilə
bağlı tədqiqatlarını eyni zamanda konkret faktlar üzərində aparır. "Azərbaycandilli virtual məkanda folklor
prosesləri və "Albert Eynşteyn” obrazı” adlı bölmədə belə nümunələrə
xüsusi diqqət yetirilmişdir. Məsələn, "İndidən
dava etməyə başlayın ki, 14 fevrala çatdırasınız”, "Martın yeddisi rayona gedirəm.
Rəhmətə gedənim var” və s. Bu nümunələr daha çox cəmiyyətdə gənclər tərəfindən
yaradılıb və digər şəxslərə ötürülür. Biz onu da qeyd etməliyik ki, bu nümunələrin
hər birinin psixoloji təfəkkürlə bağlı izahları da vardır. Bu kimi məsələlər H.Quliyevin tədqiqatında geniş şəkildə öz əksini
tapmışdır. H.Quliyev müasir Azərbaycan folklorunu dünya xalqlarının folkloru ilə
paralel şəkildə, oxşar və fərqli kontekstdə araşdırır.
"Folklorun Funksional Strukturu:
Multidisplinar Kontekst” kitabında müəlliflərdən
biri də filologiya üzrə fəlsəfə doktoru, gənc alim Səfa Qarayevdir. Kitabda S.Qarayev
"Koroğlu” dastanının müxtəlif versiya və variantlarını psixoanalitik metod əsasında
tədqiqata cəlb etmişdir. S.Qarayev Edip
kompleksi baxımından "Koroğlu”nun təkcə Azərbaycan yox Uyğur, Qazax və s.
variantlarını da tədqiqata cəlb edir. Müəllif
"Koroğlu” dastanında iki məslə irəli sürür və onun əsasında dastanı təhlil
etməyə çalışır. Bunlardan birincisi "ana xətti”, ikincisi isə "ata xətti”dir.
Ata xətti "Koroğlu” dastanının Azərbaycan versiyasında mövcuddur. Dastandan bizə
məlumdur ki, qəhrəmana Koroğlu adının verilməsi ona atası Alı kişinin gözlərinin
çıxarılması ilə bağlıdır. Ancaq "Koroğlu” dastanının Uyğur variantında Koroğlu
yox, Goroğlu adı keçir. Səfa Qarayev yazır: "Bütün bunlarla yanaşı qəhrəmanın adlandırılmasında simvolik ekvivalent
kimi çıxış edən Koroğlu və Goroğlu arasında ciddi bir məna fərqi var: Koroğlu
adında qəhrəmanın ata xətti əsasında adlandırılması əsas götürüldüyü halda,
Goroğlu adında qəhrəmanın ana xətti əsasında
adlandırılması əsas götürülmüşdür”. Təbii ki, bu formulu başa düşmək üçün mütləqdir
ki, dastanda Edip kompleksini aşkar etmək
lazımdır.
"Koroğlu” dastanının Azərbaycan
versiyasında bizə məlumdur ki, Alı kişinin gözləri xan tərəfindən çıxarılır.
Alı kişinin gözlərinin açılması üçün toqquşan ulduzlardan yaranmış köpüklü su
lazım idi. Koroğlu (Rövşən) atasının göstərişi ilə magik suyun arxası ilə gedir
və deyilən yerə gəlib çıxır. Ulduzlar
toqquşur və bulaq qaynayır. Koroğlu suyu atasına gətirmək əvəzinə özü içir. Məhz
burada Edip kompleksi üzə çıxır. Koroğlunun atası Alı kişiyə su gətirməməsi nəticəsində Alı kişi birdəfəlik kor qalır. S.Qarayev
bu barədə (övladsızlıq barəsində) yazır: "Oğulun atanı işiqlı dünyadan məhrum etməsinin əsasında edipal
konfiliktin mahiyyətinə uyğun olaraq həm də onun falilik (görmə - İ.E) gücündən məhrum etmə semantikası da durur.
Oğulun ata tərəfindən cəzalandırılma
aktı uyğun parametrlər əsasında həyata keçir. Yəni oğul ataya magik sudan gətirmədiyinə
görə onun kor qalmasına səbəb olmuşdur ki, bu da onun öz oğluna bu qarğışı söyləməsinə
səbəb olmuşdur : "Evin yıxılsın, necə ki, məni öz üzünə həsrət qoydun, səni
görüm övlad üzünə həsrət qalasan. O köpüklü su mənim gözlərimin dərmanıydı. Sən
çox igid, basılmaz adam olacaqsan, amma
məni dünya işığına həsrət qoydun”. Bu barədə Koroğlunun övladsız
qalması haqqında dastanının Azərbaycan versiyasında bir məlumat yoxdur. Səfa
Qarayev Koroğlunun övladsızlığının psixoanalitik mahiyyətinə aydınlıq gətirməyə
çalışmışdır. Bunun üçün o "korluq” semantikasını təkcə "Koroğlu” dastanında
yox, həmçinin "Kitabi–Dədə Qorqud” dastanında
və nağıllarda aşkar etmişdir.
Bildiyimiz kimi, "KDQ” dastanında Beyrək toy günü əsir götürülür və 16 il
dustaq qalır. Oğlunun dustaq olması
atası Baybörə bəyin gözlərinin kor olmasına səbəb olur. Burada incə bir məqam
var.
"Koroğlu” dastanında Alı kişinin gözlərinin əbədi kor qalmasında Rövşənin,
Baybörə bəyində gözlərinin kor olmasında oğlu Beyrəkin rolu var. Lakin burada fərqli
məqam ondan ibarətdir ki, Dədə Qorqud dastanında Beyrək atasının gözlərini bərpa
edir. Tədqiqatçı Səfa Qarayev bu barədə yazır: "Eposda təqdim olunan
informasiyanın realist tərəfinə görə Baybörənin gözü oğlu əsir
getdikdən sonra ağlamaqdan tutulmuşdur. Onda belə bir sual doğur: nəyə
görə ağlamaqdan tutulan atanın gözləri oğlunun qanını gözə sürtülməsindən sonra
açılır? Problemin birinci tərəfi
(ağlamaqdan gözlərin kor olması) realist üslubda təqdim edildiyi halda, ikinci tərəfi (qan sürtdükdən
sonra gözlərin açılması) bir qədər sakral münasibətlər konteksində
aktuallaşır”. Biz yuxarıda qeyd etdiyimiz kimi, S.Qarayev yaradıcılığını
psixoanaltik istiqamətindən tədqiqatını aparır. Məhz burada tədqiqatçı məsələyə
psixoanaltik tərəfindən yanaşır. Bildiyimiz kimi, Baybörənin gözlərinin
tutulmasının səbəbkarı oğlu Beyrəkdir və həmçinin gözlərinin açılmasıda Beyrəklə
bağlıdır. S.Qarayev yazır: "Mətndən
aydın olur ki, Baybörənin korluğu və onun aradan qaldırılmasının səbəbkarı oğlu
Beyrəkdir. Lakin mətn təqdimatında
Baybörənin dünya işığına həsrət qalması
oğulla yaşadığı konflikt kontekstində
deyil, övladının əsir düşməsi və atanın da gözünün bu dərdə görə ağlamaqdan kor
olması ilə izah olunur”. Bu kimi, yeniliklər S.Qarayevin yaradıcılığında
olduqca çoxluq təşkil edir. Nəticə
olaraq onu qeyd edə bilərik ki, S.Qarayevin "Koroğlu” dastanını dar bir çərçivədə
deyil, dünya folklorşünaslığı geniş yayılmış metodlardan biri olan
psixoanalitik metod əsasında tədqiqata cəlb etməsi ciddi maraq doğurur.
Biz nəticə olaraq onu qeyd edə
bilərik ki, Sərxan Xavərinin, istər Səfa Qarayevin, istərsə də Hikmət Quliyevin
aparmış olduğu tədqiqat işi müasir Azərbaycan folklorşunaslıq elmi üçün son dərəcə
vacib və dəyərli bir işdir. Hər bir müəllifə yaradıcılıqda uğurlar və can
sağlığı arzu edirik.
İlkin Elsevər