Tez-tez sosial şəbəkələrdə küçələrdəki zibil qablarının yanına və ya
elə zibilliyə tullanmış kitabları görürük. Evində təmir aparan, otağının
dizaynını dəyişən, harasa köçən və ya sadəcə, kitabı evində lazımsız hesab edənlər ondan qurtulmağın yolunu
zibilliyə atmaqda görürlər. Kitablara bu cür münasibəti bəzən "artıq internet
dövrüdür və bütün kitablar internetdə yerləşdirilib, istədiyimiz vaxt açıb
oxuya biliriksə, evdə niyə yer tutsun” fikri ilə əsaslandırmağa çalışanlar da
var. Bu səbəblər hər kəsə bəlli olsa da, kitabları zibil qablarına atmağa haqq
qazandırmır. Kitab lazımsız ola bilər, amma ona hörmətsiz yanaşmaq düzgün
deyil.
Kitaba münasibətdə xarici ölkələrin nümunəsi
maraqlıdır. Məsələn, bir çox ölkələrdə, o cümlədən Almaniyada kitaba belə
laqeyd münasibətin qarşısını almaq üçün yollarda səyyar kitabxanalar qurulub.
Həmin kitabxanaya istəmədiyin kitabı qoya və ya oxumaq üçün hansınısa götürüb
apara bilərsən. Onların fikrincə, kitabdan ayrılmağın ən yaxşı yolu ona yeni
sahib və ya ünvan tapmaqdır.
Bəs bizdə bu istiqamətdə vəziyyət necədir? İnsanların evində saxlamaq
istəmədiyi kitabların zibil qablarına
atılmaması, lazımsız nəsnəyə çevrilməməyi üçün nə etmək olar? Onları
kitabxanalara təhvil vermək mümkündürmü? Kitabların əl-ayaq altında tapdanmamağı
üçün səyyar qəbul məntəqələri varmı? Əgər varsa, insanlar onların
fəaliyyətindən necə xəbər tutsun?
"Müzakirə”mizdə bu
suallara aydınlıq gətirməyə çalışdıq. Kitabı
atmaq olmaz
Küçədə zibilqabının yanında kitab görəndə
məyus olduğunu deyən yazar Səxavət Sahil
bildirdi ki, həm kitabların atılmasına, həm də kitabları atanlara görə
məyus olur: "Kitablar zibilliyə atılanda öz oxucusunu itirir, öz missiyasını
itirir, eyni zamanda öz sahibini itirir. Bütün bunlar birləşəndə, kitabın necə
bir əvəzsiz dəyər olduğunu görürük. Lakin təəssüf ki, bu gün də belə mənzərəyə
şahid oluruq. Hərdən elə olur ki, bir neçə kitabın yox, bütöv bir kitabxananın
atıldığını görürsən. Mən kitabın hara gəldi atılmasını nə başa düşə bilirəm, nə
də qəbul edə. Yaxşı olar ki, kitabı atmaq istəyənlər onları kitabxanalara,
hərbi hissələrə, uşaq evlərinə, həbsxanalara versinlər”. Yazar hesab edir ki,
sahibsiz heyvanların sığınacaq yeri olduğu kimi, sahibsiz kitabların, daha
doğrusu, atılan kitabların da bir toplanma yerinin olması məsləhətdir: "Hazırda
belə bir yerin olduğunu bilmirəm, amma təklif edirəm ki, belə bir mərkəz və ya
toplama məntəqəsi olsun. Ümumiyyətlə, kitabı atmaq olmaz, onu kiməsə bağışlamaq
lazımdır. Kitaba hörmətsizlik
Yazar Cavid Zeynallı kitabların
zibilqabına atılması faktlarına sosial
şəbəkələrdə, saytlarda rast gəlib: "Əlbəttə, xoşagələn hal deyil, bu, kitaba
çox böyük hörmətsizlikdir. Belə kitablar əsasən 50-60 il əvvəl çap olunan və
keyfiyyətini itirən kitablar olur. İnsanlar təmir işi aparanda, evdən köçəndə
kitaba, təhsilə hörmət naminə bu kitabları bukinistlərə verə bilərlər. Bundan
başqa, müxtəlif şəxslər var ki, bu işlərlə fərdi məşğul olurlar. Onlarla əlaqə
saxlamaq olar. Başqa bir çıxış yolu isə respublika əhəmiyyətli kütləvi kitabxanalardır.
Həmin kitabxanalarda depozit fondlar olur. Atılan kitabları bu fondlara da
təhvil vermək mümkündür”. Yazar hesab edir ki, ümumiyyətlə, kitabın dəyərini,
qiymətini bilən şəxs üçün məsləhət lazım deyil: "O, özünə mənəvi borc biləcək
ki, kitabı ayaq altına atmasın, qorusun, sevsin. Kitabları babasından qalan,
özü başqa dəyərlərlə yaşayan insanlara isə tövsiyə verməyin mənası yoxdur.
Onlar yenə də öz bildiklərini edəcəklər”. Qəbul etməyə hazırıq
Azərbaycan Milli Kitabxanasının
xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılovanın sözlərinə
görə, atılmış kitabların qəbulu ilə bağlı kitabxanada şöbə fəaliyyət göstərir:
«Milli Kitabxanaya müraciət olunanda, kitabları qəbul edirik. Elə müəssisələr
var ki, onların həmin kitablara ehtiyacı var. Hazırda kitabxanamızın fondunda
kiril qrafikası ilə olan kitabları saxlayırıq. Bu qrafikada yazılan, o cümlədən
rus dilində nəşr edilən kitablarla bağlı bizə müraciətlər olur. Ola bilər ki,
bizə müraciət edən adamların gətirdikləri kitablar kitabxananın fondunda olsun,
buna baxmayaraq, biz yenə də həmin kitabları qəbul edirik». Ə.İsmayılova
bildirir ki, evlərdən atılan kitabların içərisində qiymətli kitablar da olur:
«Bizim nümayəndələrimiz gedib baxırlar. Onların içərisindən bizə lazım
olanlarını seçib götürürük. Bəzən hansısa ziyalı öz kitabxanasını təhvil vermək
istəyir. Həmin kitabları məhv etmək olmaz. Ona görə də, biz o kitabları qəbul
edirik. Əksər insanlar kitablarını təhsil vermək üçün Milli Kitabxanaya
müraciət edirlər». Ə.İsmayılova kitabların küçəyə, xüsusən də zibilqabına atılmasını
pisləyir: «Kitabla bu cür davranış mənə çox pis təsir edir. Kitabı necə atmaq
olar? Əgər kiminsə bu kitaba ehtiyacı yoxdursa, Milli Kitabxanaya ünvanlasın.
Biz onu məmnuniyyətlə qəbul edərik. Bizim fondumuzda kifayət qədər kitabımız
var. Ancaq insanlar öz kitabxanalarındakı kitablara yer tapa bilmirlərsə və
onları atırlarsa, Milli Kitabxana həmin kitabların qayğısına qalar, onları
yerləşdirməyə yer tapar». Direktor müavininin sözlərinə görə, Milli
Kitabxananın nəzdində "Açıq kitabxana” həftənin bütün günləri fəaliyyət
göstərir: "İnsanlar istəmədikləri kitabı təhvil vermək üçün həmin kitabxanaya
da müraciət edə bilərlər. Bu kitabxanada «Mən oxudum, sən də oxu» devizi
altında kitabların mübadiləsi də mümkündür. İnsanlar həmin kitabxanaya gəlib
istədikləri kitabı götürüb oxuya, bəzən dəyişə bilərlər. Açıq kitabxana
insanların atmaq istədikləri kitabları da qəbul etməyə hazırdır. Əgər bir kitab
kiməsə lazım deyilsə, onu gətirib, əvəzində başqasını götürə bilərlər».
İnsanlar kitabı
istəmirlərsə
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, «ASAN School»
konüllülük proqramının rəhbəri Cahangir Hacıyev 5 ilə yaxındır ki, "ASAN
xidmət” mərkəzlərində kitab guşələrinin yarandığını deyir. Belə ki, vətəndaşlar
kitabları gətirib həmin guşələrə təhvil verə bilərlər: "Kimsə mərkəzdə oturub
xidməti gözləyəndə, kitablardan götürüb mütaliə edir. Bəzən də adamlar kitabı
zibilliyə atmamaq üçün gətirib bizə təhvil verirlər. Təbii ki, biz yararlı olan
kitabları qəbul edirik. Sağlamlıq və ya
qrafika baxımından yararlı kitabları "Yaşıl ASAN”-nın təşəbbüsü çərçivəsində
təkrar emala göndəririk. Hər iki seçim bizdə var – əgər kitab yararlıdırsa, onu
kitab guşəsinə, yararsızdırsa, təkrar emala göndəririk. Bununla, həm təbiəti
qorumuş oluruq, həm də kitab boşuna israfa getmir». Gələcəkdə ASAN xidmətin
küçələrdə, səyyar guşələrinin yaradılmasına gəlincə, Xidmət əməkdaşı bunu yaxşı
ideya kimi dəyərləndirir: «Bu perspektivdə müzakirə olunacaq ideyadır. Hal-hazırda
isə xidmətin bu cür guşələri yoxdur». İnsanların atmaq istədiyi kitabı hansısa
məntəqələrə təhsil verməsi ilə bağlı məlumatlandırılmasına münasibət bildirən
C.Hacıyev deyir ki, bununla bağlı müxtəlif verilişlərdə məlumat verirlər: "Bəlkə
də daha intensiv təbliğata ehtiyac var ki, insanlar geniş məlumatlansınlar. Hesab
edirəm ki, bu məsələ daha intensiv təbliğ olunsa, insanlar kitabı tullamazlar».
C.Hacıyevin sözlərinə görə, xarici ölkələrdə insanlar kitabı istəmirlərsə, onu zibilliyə
atmırlar. Sadəcə, qutunun içərisində qapılarının ağzında qoyurlar ki, bəlkə o
kitab kiməsə lazım olar. Kimin üçünsə lazımsız olan bir kitab, kiməsə faydalı
ola bilər. Bu ənənənin də təbliği yaxşıdır». C.Hacıyevin sözlərinə görə, ASAN
xidmətin «Əsgərə məktublar» layihəsi çərçivəsində həyata keçirdikləri
aksiyalarda əsgərlərə, yazılan məktublarla yanaşı, kitablar da verirlər: "İstəyirik
ki, əsgərlərimiz o kitabları oxusunlar. Elə bilirəm ki, insanlar bu istiqamətdə
maariflənsələr, onlar kitabları atmaq əvəzinə bu cür proseslərə qatıla
bilərlər. Ən azı, hər kəsin evində, verə biləcəyi 1-2 kitab var. İnsanlar bunu "ASAN
xidmət” vasitəsi ilə həyata keçirə bilərlər».