Moskvada Əlisəttar Atakişiyevin qəbirüstü abidəsi götürülüb

Moskvada Əlisəttar Atakişiyevin qəbirüstü abidəsi götürülüb

Mədəniyyət
03 Oktyabr 2013, 10:03 1077
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində dünyasını dəyişib: “Əlisəttar müəllimin qəbrini tapmaq çətin oldu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişi ilə mən Moskvaya getdim. Qocalar evinin qəbiristanlığında Əlisəttar müəllimin adını da qeydiyyatdan çıxarmışdılar. Bir həmyerlimizin köməkliyi ilə arxiv kitablarından qəbrin nömrəsini tapdıq. Başdaşının üzərində, sadəcə, belə yazılmışdı: “Əlisəttar Atakişiyev”. Kim olduğunu belə qeyd etməmişdilər”.

M.Hətəmovun sözlərinə görə, qocalar evinin rəhbərliyi məzarın üstünü götürməyə icazə verməyib: “Bizə dedilər ki, Əlisəttar müəllimin oğlu sağdır, yalnız onun razılığı ilə məzarın üstü götürülə bilər. Oğlu yaşlı adamdır, Kanadada yaşayır. Onu tapmaq üçün təxminən üç ay vaxt sərf etməli olduq. Əlisəttar müəllimin məzarını ziyarət etmək üçün nazirlik və kinostudiyanın əməkdaşlarından ibarət nümayəndə heyəti Moskvaya səfəri planlaşdırır”.

Qeyd edək ki, Ə.Atakişiyev 1906-cı ildə anadan olub. 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki Məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb. Estoniyanın ilk rəngli filmini çəkib. O, “Bir qalanın sirri”, “Qərib cinlər diyarında”, “Sehrli xalat”, “Bizim küçə”, “İstintaq davam edir” və s. filmlərin rejissoru olub.