• cümə, 29 Mart, 17:35
  • Baku Bakı 14°C

Moldova üçün daha bir problem

22.10.19 16:23 1908
Moldova üçün daha bir problem
Moldova tərkibində muxtariyyət hüququna malik Qaqauziya bu statusun real olması üçün fəaliyyətə start verib. Məsələ ondadır ki, qaqauzların statuslarına hüquqi əsas verilməsinə çalışırlar. Rəsmi Kişinyov da buna dəstək verir. Parlamentin spikeri Zinaida Qreçanaya bəyan edib ki, qaqauzların muxtariyyətlə bağlı təklif etdikləri qanun layihələri dekabrda qəbul edilə bilər. Məhz həmin müddətdə Qaqauziya muxtariyyətinin elan edilməsinin 25 illiyi tamam olur. "Moldovanın əvvəlki hakimiyyəti qanun layihəsinin qəbul edilməsinə qarşı çıxıb və ona nail olub ki, muxtariyyətin səlahiyyətləri ən aşağı həddə salınıb. Hazırda bu səlahiyyət rayon səviyyəsindədir”, - deyə parlamentin deputatı Fedor Qaqauz bildirib. O bildirib ki, qaqauzlar separatçı deyillər, lakin onlar istəyirlər ki, real muxtariyyətlərini qaytarsınlar və bu da Moldova Konstitusiyasında əks olunsun. Zinaida Qreçanaya qeyd edib ki, muxtariyyətin qanunverici və icraedici qanadlarının bir mövqedən çıxış etmələrinin səbəbi odur ki, bu qanun layihələri ilkin redaksiyada qəbul edilib, Qaqauziya deputat korpusu və Moldova prezidenti İqor Dodon tərəfindən razılaşdırılıb. Qaqauz muxtariyyətinin hüquqları illər uzunu azaldıla-azaldıla gedir. Özü də rəsmi Kişinyov bunu Qaqauziya Xalq Məclisi ilə razılaşdırmadan həyata keçirib. Əvvəlki hakimiyyət, daha dəqiq desək, Demokrat Partiyası və onun lideri Vladimir Plaxotnyuk qaqauzların vəziyyəti dəyişmək üçün təklif etdiyi layihələri və muxtariyyət təkliflərini, ümumiyyətlə, korrektə edərək ən aşağı statusa salıb. Yeni parlament də Qaqauziyanın problemlərinə qayıtmağı və onları həll etməyi vəd edir.
Qaqauzları rusiyapərəst prezident İqor Dodon və qanunverici məclisin sədri Zinaida Qreçanaya dəstəkləyir. Baş nazir də vəziyyəti araşdıracağını bəyan edib. Qaqauziya Xalq Məclisinin sədri Vladimir Kıssa qaqauzlarla bağlı hazırlanan qanun layihəsinə baxılmasının vacib olduğunu bildirib. Xtırladıb ki, söhbət kütləvi idarəçilikdən, ölkənin inzibati-ərazi idarəçiliyindən, mərkəzləşmədən qaçılma və Qaqauziyanın (Qaqauz Eli) hüququ statusu ilə bağlı qanuna əlavə və dəyişikliklər edilməsindən gedir. Bu qanun layihəsi Moldova parlamentinin birgə işçi qrupu və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. İqor Dodon bəyan edib ki, parlamentin yaxın günlərdə keçiriləcək iclasında prezidentyönümlü Sosialistlər Partiyasının fraksiyası Qaqauz muxtariyyəti ilə bağlı qanun layihəsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış edəcək. O, bu barədə özünün "facebook”dakı səhifəsində yazıb.
Xatırladaq ki, Moldova parlamenti Qaqauziya Xalq Məclisinin deputatları ilə birgə üç qanun layihəsi hazırlayıb. Burada Moldova qanunlarına müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulub. Bu qanunların qəbulunu Avropa Şurası və ATƏT də tövsiyə edir. Venesiya Komissiyasının hesabatına görə, Qaqauziya muxtariyyəti Moldova Konstitusiyasında dəqiq əks olunmalıdır. Lakin komissiyalarda qanun layihələrinə əvvəlki parlamentlər tərəfindən çoxsaylı düzəlişlər edilib. Və bu düzəlişlər edilən zaman Qaqauziya nümayəndələrinin rəyləri nəzərə alınmayıb. Məsələn, parlament Qaqauziyanın dövlət hakimiyyətinin ayrıca səviyyəsini almaq istəyini rədd edib. Lakin parlament çoxluğu "ayrıca səviyyəni” "xüsusi statusla” əvəzləyib. Bu hal 1993-cü il qanununda əks olunub. 2017-ci ilin iyulunda parlament redaktə olunmuş formada olan iki qanun layihəsini qəbul edib, üçüncüsü isə payız-qış sessiyasına saxlanılıb. İqor Dodon onları qəbul etməyərək təkrar işlənməyə göndərib. Əvvəlki çağırış deputatlar da bu qanun layihələrinin baxılmasına qayıtmadılar. Yeni parlament isə ikitərəfli işçi qrup yaradıb: Moldova və Qaqauziya parlamentinin hər birindən 5 deputat. Onlar da müzakirə edilmək üçün qanun layihələri hazırlayıblar.
F.Qaqauz bildirir ki, onlar separatçı deyillər və dəfələrlə sübut ediblər ki, Qaqauziya Moldova dövlətinin bir hissəsidir və mövqelərini də dəyişmək fikrində deyillər. "Lakin biz istəyirik ki, muxtariyyətimiz real olsun, onun statusu qaytarılmalı və Konstitusiyada əks olunmalıdır. Eləcə də, parlamentin müzakirə etdiyi bütün məsələlər Qaqauz Xalq Məclisi tərəfindən razılaşdırılmalıdır. Başqa bir məsələ də var - qanuna görə, əgər deputatların yarıdan bir qədər çoxu səs verərsə, onda muxtariyyət ləğv oluna bilər. 101 deputatdan 61-ni isə hər zaman tapmaq olar. Bu da qaqauzları narahat edir və müzakirə tələb edir. İndi qaqauzları parlamentdə ən böyük fraksiyaya malik sosialistlər dəstəkləyir. Dodon da onların tərəfindədir. Lakin rumınpərəst qüvvələr Qaqauziyanın statusunun əleyhinədirlər”. Məsələ ondadır ki, Moldovanın Rumıniyaya birləşməsi məsələsi ötən sərin 90-cı illərindən aktuallaşıb. Və bu gün də aktualdır. İki ölkənin birləşməsini vaxtilə indiki baş nazir Mayya Sandu da dəstəkləyib. Düzdür, indi bildirir ki, bu, onun şəxsi mövqeyidir, baş nazirin yox. Lakin respublikada heç kim yaddan çıxarmır ki, hakim koalisiyanın bir hissəsi olan ACUM blokuna daxil olan sağ partiyalar Rumıniyaya istiqamətləniblər. Sandu sağ partiyalardan birinə rəhbərlik edir. Qaqauzlar isə bundan ehtiyat edirlər. Onlar heç bir halda Rumıniyaya birləşmək istəmirlər. Bir müddət əvvəl Qaqauziya Məclisinə, Moldova, dövlətçiliyini itirəcəyi halda, muxtar qurumun onun tərkibindən çıxmasını nəzərdə tutan qanun layihəsi daxil olub. Bu qanun layihəsi konstitusiyaya dəyişiklik edilməsini nəzərdə tutur. İqor Dodon bununla bağlı bildirib ki, qaqauz separatizmindən söhbət getmir: "Qaqauziya Moldovanın bir hissəsidir. Belə olub və olacaq da. Mən bilirəm ki, qaqauzlar Moldova dövlətçiliyinin sadiq qoruyucularıdır. Onlar ayrılmaq, müstəqillik istəmirlər”. Moldova tərkibində muxtar hüquqlara malik Qaqauziyada hesab edilər ki, muxtariyyət onları rumınlaşmadan xilas edir, dil və mədəniyyətlərini qorumağa imkan verir. Böyük Rumıniya ideyasını isə neqativ qəbul edir və gözəl anlayırlar ki, Böyük Rumıniyanın tərkibində onları assimilyasiya gözləyir.


Azər
banner

Oxşar Xəbərlər