• çərşənbə axşamı, 19 mart, 09:22
  • Baku Bakı 8°C

MİRCAVAD MƏNİ ÖLDÜRDÜ

27.11.17 21:32 18352
MİRCAVAD  MƏNİ  ÖLDÜRDÜ
Azərbaycanın dissident rəssamı Mircavad Mircavadovun rəsmlərinin əslini görməmişdim. Çox istəyirdim vurduğu rəngləri, əllərinin izlərini ürəyimə köçürüm. Təsadüfən Azərbaycan Milli İncəsənət muzeyində sərgisinin düzənləndiyini öyrəndim. Sərgiyə getməliydim. Belə fürsət çətin ələdüşəndi.Qızım Nihaləyə dedim, sən də mütləq o sərgiyə baxmalısan. Razılaşdıq. May ayından iyul ayının sonunadək nə zaman hazırlaşdıq, həmin gün elə hadisə baş verdi, on dəqiqəlik yolu dəf edə bilmədik.Aydın məsələydi, hansı qüvvəsə ora getməyimizi istəmirdi. Mircavad öləndən sonra öz hökmünü əsərləriylə yaşadırdı. Yenə də orijinallıq göstərirdi: vaxtilə ona edilən haqsızlığın əvəzini onu sevənlərdən çıxırdı. Dönük insanları ulduz dünyasına yaxın buraxmırdı, laqeydliyimizi beləcə özümüzə qaytarırıdı.Bir gün əvvəl qərara gəldik ki, səhər tezdən bütün iş-gücü atıb sərgiyə gedəcəyik.
***
Mircavad istedadın QİYAMƏT GÜNÜYDÜ. "Mənim şəkillərimin mövzuları” qeydində mövzularını belə açıqlamışdı:"Bizim eraya qədərin kataklizmləri. Dünyaların yaranışı. Qalaktikaların məhvi. Tale. Aləmi fəth edən ruh. Dünya harmoniyasının fəthi. Ulduzların doğulması. Mahiyyət. Bütün bunlar, sözsüz ki, antrtopomorf və zoomorf obrazlarla ifadədir. Xoşbəxtlik və bədbəxtlik. Sevinc və kədər. Həyat burulğanı. Peyğəmbərlərin əzəməti və xəbisliyin bədnamlığı.
Məişət təlxəkliyi. Yarmarka oyunbazlığı. Fatehlər və qullar. İşğal. Qlobal müharibə təhlükəsi. Ümid işığı. Pəncərə arxasında ulayan külək. Məhəbbət. Ekstaz. Marazm.Damda oxuyan müştəbeh axmaq. Aslan nəriltisi. Qadın mərsiyəsi. Məişət miskinliyi. Qüdrət. Unutqanlıq”.
Anladım ki, bütün bunlar SSRİ dağılandan sonrakı aqibətimizdir. Dünyanın indiki çaxnaşmasıydı.Bir milyon 200 min yurdsuzun fəryadıydı.Yanan kəndlərimiz, şəhərlərimiz, əsirliyə sürüklənən qız-gəlinlərimizin ah-naləsiydi.Çingiz Mustafayevin çatlayan ürəyiydi. Çingizin Xocalı dəhşətlərini yığıb-yığışdıra bilməyən kamerası bu əsərlərə bənzəyirdi.Məgər görmürük?Əlbəttə, biz yalnız şahidi olduğumuzu, yaşadığımızı təsdiqləyirik.
***
Mircavadın əsərləri zamanın nəbziydi, hər kəs onu tuta bilməzdi. O, təkcə qana batmış Qarabağı deyil, sivilizasiyaların, dinlərin, əxlaqların… sevgilərin qarşıdurmalarını, dünyanın altını üstünə çevirən sunamiləri, daşqınları, zəlzələləri, vulkanları, SSRİ dağılandan sonra daha da itilənən qanlı milli münaqişələri görürdü və yaşadırdı.21-ci əsri çəkib 20-ci əsrə gətirmişdi.Zaman saatını yüz il... min illər... irəli çəkmişdi.Onun tabloları mövcud olduğumuz məkanla uyuşmayan, özünə yer tapmayan, yer tuta bilməyən, ağlımıza, duyum və idrakımıza uyğun gəlməyən zaman parçalayırdı.İnsanlar yaşamadıqları zamanın yükünü çəkə bilmirdilər.Bu həqiqətin içində olub dərk etməyənlər, "Somnambula” (1986) vəziyyətinə düşürdülər.Bu əsərlər qaranlıq gələcəyimizin parçalayırdı. Həyəcanlandırır, şok vəziyyətinə salırdı.Bəşər psixologiyasının affekt halıydı.Bir çox insanlar sadəcə bu əsərləri görmək istəmirdilər. Çoxları izah edə bilmirdilər. Təsirinə düşənlər mənim kimi kimi yazıq vəziyyətə düşürdülər.Zamanın amansızlığı duyanı da, duymayanı da qorxudurdu.Zamansız məkandan məkansız zamana keçiddə mənəvi iflic keçirirdilər.
***
Mircavad əsrimizin ən qüdrətli maqı, öncəgörəniydi. Onun əsərlərinin kodu heç zaman açılmayacaq.Mən indiyədək heç bir rəssamın əsərində bu qədər şifr, simvol, hərəkət görməmişəm.Əbədiliyin kodunu fani dünyada açmaq olarmı?Onun əsərlərinə baxanda adamı vahimə basır. Bu qədər bəşəri, bu qədər milli olasan!İki əlin boynumdan yapışdığını hiss edirəm. Bu, "İşğal” əsəridir. 1978-ci il. Sovet zamanında hansı işğaldan söz gedə bilərdi, onu aqressiya kimi qəbul etmirdilər. Onda Qarabağ müsibəti yoxdu. Masmavi səmada qırmızı günəş parlayırdı. Geniş tarlalarda gözəl-göyçək qız-gəlinlər qovurula-qovurula ağ qızıl yığırdılar.Alma-qarpız, balıq-kürü böyük vicdanla, ülvi məhəbbət və mətin sədaqətlə Moskvaya daşınırdı.Ətin buzu beş saata açılmırdı.Telli sazın şaqraq sədaları qavalı divara yapışdırmışdı.Bu bəxtiyarlığı kim cəsarət edib pozsaydı, aqibəti məlumdu. Soruşmurdular, nədi canını sıxan? Elə bu məsud vaxtda küncdə-bucaqda, sarayda-tövlədə, yasda-yataqda… Qarabağın məkrli planı cızılırdı. Bu plan bizi bal yuxularda yatıran Kremldə möhürlənirdi.Xocalı düzlərindəki vəhşət. Onu 1972-ci ildə doğulmuş "Yırtıcılar” törədəcəklər."Əsrlərin himni” silsiləsinin kantatası 1983-cü illərdə qol qaldırıb gözlərimizi qamaşdıran, kor edən "İblisin rəqsi”ydi.Xoşbəxtliyimiz aşıb-daşırdı. Atımız-eşşəyimiz də qəhqəhə çəkib gülürdülər. "Nəhəng gəlinlər” təkgöz uşaqlar doğurdular. Həyat səyyar aktyorlardan, akrobatlar və musiqiçilərdən ibarət "Tamaşa”ydı.
Mixail Qorbaçovun hakimiyyətə gəlməsinə hələ 13 il vardı, amma Mircavad bu gəlişi görmüşdü. Artıq "Qırmızı divanda” (1978) yayxanan erməni qadınları məsum türk qadınlarının "Yuva”sını (1982) dağıdıb, onları ərsiz qoyurdular.
Qırmızı imperiyanın aysberqi tərpənmişdi. Məkrli Qarabağ planı qaraxal Qorbaçovun dirsəyinin altındaydı. Azərbaycan "Letargiya” (1983) yuxusuna dalmışdı. Millət "Hərəkət”ə gəlmirdi. Camaat kosmosa uçanda bizim "Nur saçan atlı”lar (1986) Ermənistana nur və şəfəq saçırdılar."Yüzilliklərin himni” hələ çalınmamışdı."Yirtıcılar”ın torpaqlarımızı işğal etmələrinə az qalmışdı."Duyma” qabiliyyətimizi qeyb etmişdik.Bu əsərlər özgə dünyalara açılan qapılardır – onlardan necə bilməzsən.Keçən bir daha geri qayıtmaz.
***
Çün günorta olmuşdu, dedim gəl nahar edək, qızım həmişəki kimi mənə görə razılaşdı. Az yesəm də, halım dəyişdi, ürəyim bulanır, başım ağrıyırdı. Təəccüb qalmışdıq. Bu, yeməkdən deyildi, dünən günün altında bir az gəzmişdik, amma o dünəndi. Dünən kefimiz əladan əlaydı. Filarmoniyanın qarşısında durmuşduq. Mən ürəksiz-ürəksiz deyirəm:
– Bəlkə taksiylə qayıdaq evə. Başım bərk ağrıyır.
– Yox, ana, buracan gəlmişik, indi qayıtsaq, bir də sərgiyə gəlmək bizə qismət olmayacaq. Mən artıq qorxuram.
Hərəkəti tənzimləyən gənc polis elə bildi yolu keçməyə ehtiyat edirik.
– Gəlin sizi yoldan keçirim.
Deyəsən, tilsim qırıldı. Polis ağacı qaldırıb maşınları saxladı, yolu keçməkdən başqa çarəmiz qalmadı.
İlk dəfəydi polis ehtiram göstərib məni yoldan keçirirdi.
***
Elə bilirdim muzeyə girəndə nəsə qəribə hisslər keçirəcəyəm. Birinci mərtəbədə müsbət, qeyri-adi aura hiss etmədim. Bilet aldıq, fotoşəkil çəkməyə də icazə verirdilər. Bir onu dedilər ki, televiziya çəkilişi gedir. Bu, heç xoşuma gəlmədi.
***
Ah, İBTİDAİ DƏRKİN RAHATLIĞI!
İkincə mərtəbəyə qalxdıq. Salonlarda məkan ölçüləri itmişdi. Harada olduğumu unutmuşdum. Bura gəlməmişdən bir sərgi illüziyası yaratmışdım. Rəsmlərin qarşısında donub qalacaq, onların sirrinə dalacaqdım.
Düşündüyüm kimi olmadı. Əsərlər tünd şərab kimi adamı tuturdu. Ayaqlarını yerə dirəyib, zillənib baxmağa, araşdırmağa həvəsin, ya da gücün qalmırdı.
Tez baxıb keçmək istəyirsən.
***
Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov onun əsərlərini görəndə heyrətini belə ifadə etdi: "Açığını deyim ki, fəciliyi və iblisanəliyi fırça vasitəsilə belə ifadə etmək ustalığına indiyədək rast gəlməmişəm. Tablolar bir an belə göz önündən getmir. Görəsən, biz onları qiymətləndirə biləcəyikmi?"1987-ci ildə ilk sərgisi açılanda Mircavadın 64 yaşı var idi.Əgər Çingiz Aytmatov olmasaydı, bəlkə də unudulacaqdı. Ən yumşağı, çoxları onu tanımayacaqdı.
***
Mircavad özgə dünyanın adamıydı, maddiliyi dişlərinə çəkərək möhkəmliyini yoxlayırdı.Çoxdan həmin ölçülərdə ölümsüzlüyünü yaşayırdı. Orada müasirlərinə yer yox idi. Hər yerdə yerlənmək istəyənlər onlarda yer tapa bilməyəndə gücsüzlüklərini onun əsərlərini çırmaqda, parçalamaqda, aşağılamaqda ifadə edirdilər.Bircə fraqment də bəs idi, ürəkləri, şüurları fəth etməyə. Daşlaşmış təsəvvürlər bəşəri yaramazlıqlara diş qıcayan, qışqıran rənglərə tab gətirə bilməyib parçalanırdı.Özü tam və bölünməz qalırdı.
***
Ən çox qırmızı və qara rənglərdə çəkmək də yalnız ona xasdı. Qırmızı şeytanın rəngidir. Həm də rəhmin, həyanın, sevginin rəngidir.Ağ-qara prinsipinin bərqərar olduğu dünyada qara ürəklərin qırmızı qanını kətana axıtmaqdan həzz alırdı.Qırmızı qanı obrazlara çevirib maddi dünyanın üstünə qaldırırdı.
Acı reallıqla vuruşmağa göndərirdi.
***
Nənəm çox əsəbiləşib birinə qarğış edəndə deyirdi: "Görüm səni qırmızı gülləyə tuş gələsən!”Qırmızı gülləylə vurulmuş əliyin yarasından qara-qırmızı qan fışqırırdı. Daşlıqda gölmələndiyindən çala-çopurdu.Rənglərin dadını da hiss etdim – turşməzə, şirin, həm də qarışıq ekzotik dadı.İmisti.
***
Məzar soyuqluğu bizi üşütdü. Muzeydə tamaşaçı gözə dəymirdi.Yayın ortası olsa da, bu soyuqluq xoşagəlməzdi. Başa düşdüm, qəflətin nəfəsidir bu rəsmlər.Ölüm obrazlarıydı.Və mən qorxdum.İlk dəfə şəkil çəkəndə belə qorxmuşdum. Çəkdiklərimi özüm də anlamırdım. Bütün günü şəkil çəkmək istəyini ağılsızlıq hesab edirdim.
***
...Azan səsi gəldi. Fikrim dağıldı. Yazmağı saxladım. Sübh namazının vaxtıdır. Ağır bir gecə yaşayıb, yuxumu ərşə çəkib yazıram. Yəni özgə vaxtlarda fədakarlıq edib, yuxumu kəsib, yazan deyiləm. Bax bu an, səhərə yaxın, saat 5-ə 3 dəqiqə qalıb. Azan ərşə qalxdı, ürəyim çalxandı. Bu azan Mircavad rəsmlərinin rəngləri kimi göylərin yaxasından yapışıb nəsə diləyirdi. Suallarına cavab tapmayanda hayqırırdı.
***
Pəncərəm açıqdır, yayda belə sərinlik?Mircavadın rəsmləri kosmik ənginliyin pəncərələridir: oradan könlümüzə işıq da düşür, daşlar da yağır başımıza.
***
Bəşər həmişə yaxşılıqdan deyil, bədbəxtlikdən ruhlanıb nümunə götürür.2006-cı ildə "7 ayın ovqatı” kitabımı çapa hazırlayırdım. Kitabın tərtibatı üstündə mənasız yerə baş sındırırdım. Həyatım boyu qohum, dost, tanış qarşısında… borc ipinin boynuma salınıb biabırcasına sürünməyimə, ömrümün-günümün oğurlanmasına, talanmasına razı olmuşam…Kaş onların bircəsi dilə gəlib deyəydi: "Yazıqsan, əvvəl özünə gün ağla!”
Ya da beləcə üzümə çırpılaydı: "Bilirsən nə var, sənin diqqətin bizə lazım deyil. Sənin qayğılarına ehtiyacımız yoxdur. Sənsiz özümüzü daha xoşbəxt, daha azad hiss edirik”.Belə! Əlbəttə, bunların heç biri olmayıb. Mircavad, İsa Muğanna, Ramil Səfərov, Adil Mirseyid, Mübariz, Əliyar kimi cəmiyyət buxovlarından qopmağa cəsarətim çatmayıb.Beləliklə, iki dünyanın arasında çapalaya-çapalaya qalmışam. Ondan da olmuşam, bundan da. Mənim kimi müti insanlar yüzlərlə, minlərlədir.
***
Mircavad rənglərin sehirbazıydı, mavi kölgəyə dönüb dalğaların üstüylə sonsuzluğa gedirdi...
...Qalmışdım dəryanın ortasında. Həyatım boyu çapalayırdım, hamı kimi sahilə çıxıb lövbər atmaqdan uzaqdım. Batırdım, amma qışqırıb, haraya salıb kimisə köməyə çağırmaq istəmirdim.Sahildə yerlənmiş, irilənmiş, lövbər salıb, torpaqları zəbt etmiş insanlar... yaxın ürək dostlarım uzaqdan əl edib batmamağı məsləhət görürdülər. Onlar fədakarlığıma əmin olub yeri gələndə mənə arxalansalar da, cəsarətimə gülürdülər. Xilas olma şansıma əmin deyildilər. Dalğasız dənizin şüşə səthində müvazinətimi hansı üsullarla saxlamağım onlar üçün daha maraqlıydı.
Adam kimi də bata bilmirdim, ürəkləri toxtasın. Yorulanda dalğalar da, dəniz də məni taleyin ümidinə buraxdılar.
Hanı qəddar dəniz, coşub-daşan, gurlayan dalğalar, sinəsi qəzəblə qabaran quduz sular?
Yer adamı suyun üstündə dura bilərmi?
Dalğalar meyitləri sahilə atırlar.
Sahil kimsəsizdi. Xilasım heç kim üçün maraqlı deyildi.
***
Mağazada boya alırdım. Gördüm bir qadın diqqətlə mənə baxır. Yəqin təəccüblənirdi mən necə rəssamam, rəngləri, rəssamlıq avadanlıqlarını tanımıram.
Albomu həyəcanla xalq yazıçısı Anara təqdim edəndə ağlıma da gəlməzdi ki, azlıq təşkil edən rəngli rəsmlərim sənət bilicisi olan yazıçının diqqətini çəkəcək. Anar müəllim dedi: "Mircavadın rəsmlərinə oxşayır”.Sevindim, Mircavad kimi çəkə bilməsəm də, ona bir azca, lap bir azca da oxşamağım ürəyimə toxtaqlıq gətirdi."Rəngli” şəkillər çəkməyə başladım. Allah Mircavadın ruhunu şad eləsin.
***
Azan səsi Bakı göydələnlərinin səs, hava keçirməyən pəncərələrində sozalırdı. Əridi, əridi, Danüzünü gözləmə anında qırıldı.Kiminsə qapısı çırpıldı. Qapı cırıldayırdı.
Gecəylə gündüzü qarışıq salan uşaq ağlayıb süd istədi.Sükut buzu qırıldı.
***
Mircavad ölümsüzlüyün "Mənbə”yini (1989) tapmışdı – "Od tanrısı”ydı». Heyhat ömrü gəlib Qarabağ müharibəsinə dirəndi. 1992-ci -cü ildə vəfat etdi. Bu sonluğu 1982-ci ildə görmüşdü. "Ümid işığı” əsərində ümid qapısını qabırğaları sayılan goreşənə bənzər qorxunc bir heyvan kəsmişdi.Ah, intibah dövrünün insanları gözəl öldürən cəlladları! Haradasınız?
1970-ci ildə "Güllələnmə” əsərini çəkən insan ölümünü gözünün altına almışdı.
Son illərdə çoxlu qadın rəsmləri çəkirdi. Dolğun qadın obrazları yaranışın, ümidin rəmziydilər. "Qadın balqabaqla”, "Od gəlini” "Analıq silsiləsi”ndən əsərlərindəki yaşantılar, çağırışlar, hayqırtılar. Hamilə qadınlar, uşaqlı qadınlar fani dünyadakı gözləmələrinə aiddi.
Qarabağı qoruyan oğullarımıza inanırdı.
***
Mircavadın ömür payı 69 ilin bir zaman dönəmi yüz ildi. Ömrünü "Yüzilliklər himni” silsiləsində notlara düzmüşdü.
***
1992-ci ilin bir iyun günündə Kopenhagen - Moskva qatarında yer üzündəki qapıları aça bilməsə də, göyün qapıları Mircavadın üzünə açıqdı. Cismin qanadları bu dəfə bükülüb gözlərini qapayırdı.Öz-özümə danışdıqlarım ürəyimdə qaldı.
***
Özü dediyi kimi, "insanlar arasında ruh kimi yaşayan” şair-rəssam Adil Mirseyid "Mircavadin rəsmləri önündə” məqaləsini bu cümləylə bitirmişdir: "Mən bu yazını tamamlamıram. Bu yazı yarımçıq qalacaq.Qoy Mircavadin rəsmlərinə baxan hər kəs öz içində bu yazının ardını yazsın…”
***
Birdən anladım bu yazı indi yarımçıq qalacaq, çünki heç onu başlaya bilməmişdim.
***
Adil Mirseyid Mircavad haqqında yazır: "Mircavad sonuncu minotavrın ölümündən sonrakı dünyanın adamıdı”.Mircavad yaşamın sirrini anladığı üçün ölmək haqqını da bizə anlatdı.Mircavad məni də öldürdü.Dirilsəm, bir də Şuşada diriləcəyəm.
22-23 sentyabr 2012.
Müəllifdən: Qara hərflə dırnaq içində yazılanlar Mircavadın əsərlərinin adlarıdır.
MAHİRƏ ABDULLA
banner

Oxşar Xəbərlər