• çərşənbə axşamı, 23 aprel, 09:31
  • Baku Bakı 20°C

Milli yazıqlar

27.07.20 18:21 8603
Milli yazıqlar
Xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan antimilli ünsürlər son davranışları ilə riyakar, xain mahiyyətlərini növbəti dəfə ortaya qoyurlar
Müxtəlif yollarla Azərbaycanı tərk edib xaricə sığınan, özünü müxalifətçi, tənqidçi, jurnalist, hüquq müdafiəçisi kimi qələmə verənlərin əksəriyyəti xalq, millət mənafeyini deyil, yalnız şəxsi maraqlarını güdürlər. Onların həyat tərzi, davranışları bunu açıq şəkildə ortaya qoyur. Bu adamların məskunlaşdıqları xarici ölkələrdə gördüyü ilk iş Azərbaycan barədə qeyri-obyektiv, dəqiqləşdirilməmiş, dezinformasiya xarakterli məlumatları sosial şəbəkələr, onlayn media vasitəsilə tirajlamaq olur. Milli mənafeyi, dövlətçilik maraqlarını, xalq təəssübünü 5-10 avroya, yaxşı həyat tərzinə satan bu şəxslər bir sıra hallarda düşmənlərimizlə eyni cəbhədə yer alır, onlarla sinxron şəkildə hərəkət edirlər. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl atmasından, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə çalışmasından, artilleriya atəşindən istifadə edərək hücuma cəhd etməsindən sonra da xaricdə oturub ölkəmizi hədəf alan "özümüzünkülər”in eyni mövqedən çıxış etmələrinin şahidi olduq.
Xaricdəki antimilli şəbəkənin ermənilərlə sinxron hərəkəti
Azərbaycan Ordusunun ayıq-sayıqlığı, həyata keçirdiyi əks-tədbirlər nəticəsində geri otuzdurulan, xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını itirən düşmən xaricdə satın aldığı "azərbaycanlıları” – "5-ci kolon”u dərhal işə saldı, xalq-ordu arasında uçurum yaratmaq üçün internet üzərindən dezinformasiyalar yaymağa çalışdı. Lakin bu, heç bir nəticə vermədi. Əksinə, Azərbaycan xalqı şəhidlərin ruhuna hörmət, Orduya dəstək məqsədilə aksiyalar keçirərək, könüllü şəkildə xidmətə yazılaraq Azərbaycanın haqq işində Silahlı Qüvvələrimizlə bir yerdə olduğunu nümayiş etdirdi. Bu dəstək sadəcə ölkə daxili ilə yekunlaşmadı və xaricdə də davam etdirildi. Müxtəlif ölkələrdə yaşayan, ürəyi Vətən eşqi ilə döyünən azərbaycanlılar işğalçı Ermənistanın təxribatçı hərəkətlərini bütün dünyaya duyurmaq üçün silsilə yürüşlərə, aksiyalara start verdilər. Belə olan halda düşmən ön cəbhədəki, sərhəddəki uğursuzluğunu pərdələmək, bizi haqsız çıxarmaq, beynəlxalq aləmdə Azərbaycanın mənfi imicini yaratmaq üçün ölkəmizə qarşı əsas silahlarını bir qədər də aktivləşdirdilər. Nəticədə xaricdəki antimilli şəbəkə sinxron şəkildə Azərbaycan dövlətinin və xalqının üzərinə hücuma keçdi. AXCP sədri Əli Kərimlinin, onun mətbuat katibi funksiyasını yerinə yetirən Sevinc Osmanqızının, xəyanətkar səfir Arif Məmmədovun, küçə söyüşləri və təhqirlərlə gündəmə gələn Vidadi İsgəndərlinin son davranışları buna əyani misaldır. Adları sadalananlar və onlar kimiləri ermənilərin tapşırığı ilə, eyni tezislər əsasında bəyanatlar verməyə və çıxışlar etməyə başlayıblar. Onlar xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verirlər. Bununla onlar azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışırlar ki, bu da məhz ermənilərə xidmətdir, düşmənlərimizin mövqeyi ilə üst-üstə düşməklə onların cinayətkar əməllərinə bəraət qazandırmaqdır. Beləliklə, xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan bu antimilli ünsürlər son davranışları ilə əsl riyakar, xain mahiyyətlərini növbəti dəfə ortaya qoydular, Azərbaycan xalqına özlərini bir daha tanıtdılar.
Millət qarşısında yazıq olanlar
Milli Məclisin deputatı Hikmət Babaoğluerməni maraqlarına xidmət edən bu şəxsləri Allahın günahkar bəndələri sayıb. Bildirib ki, onlar milli yazıqlardır: "Azərbaycan dilində bir söz var: yazıq. İzahlı lüğətimizdə əsasən iki mənası qeyd olunur: birincisi, dinc, sakit, fağır, aciz; ikincisi, acınacaqlı, zavallı, bədbəxt. Ancaq yazıq sözünün üçüncü bir mənası da var. Qədim mətnlərdə yazıq günahkar demək imiş. Bu gün də bəzən birinə "ay Allahın yazıq bəndəsi" deyən zaman elə Allahın günahkar bəndəsi demək istəyirikmiş. Yəni, şüuraltı yaddaşımız bizə sözün arxaikləşmiş məzmununu diqtə edərək qeyri-iradi olaraq bu cür fikir səsləndirməyimizi aşılayırmış. Xaricə sığınan bir qrup insan var ki, onlar bizim milli yazıqlarımızdır və yazıq sözünün bütün vəsflərinə uyğun gəlirlər, dinc, sakit, fağırdan başqa. Qalan digər hamısı, yəni aciz, acınacaqlı, zavallı, bədbəxt və bir də sonuncu tapıntımız, yəni günahkar tam olaraq onların vəsfidir. "Onlar" deyəndə mən iyun ayının 12-dən sonra ölkə daxilində və xaricində milli davamıza xəyanət edən Əli Kərimlini, Sevinc Osmanqızını, Vidadi İskəndərlini, Arif Məmmədovu və bənzər addımlar atan digərlərini nəzərdə tuturam. Bu həssas günlərdə də siyasi həmrəylik nümayiş etdirə bilməyən "siyasətçi" Əli Kərimli yazıqdır! Yazıq sözünün yuxarıdakı bütün mənalarında. Atasını ermənilər şəhid edən, vətənpərvər bir atanın övladı Sevinc Osmanqızı öz haqqını tələb edən dinc nümayişçilərimizin haqlı davasını "qeyri-sivil", erməni terrorçusunu "sivil" adlandırarkən yazıqdır! "Vicdanım haqqı ermənilərin bizə elə də ziyanı dəyməyib", - deyən Vidadi İskəndərli yazıqdır! Ondan geri qalmayan Arif Məmmədov yazıqdır. Bunlar milli yazıqlardır. Yəni etdikləri, milli səviyyədə yazıqlıqdır, millət qarşısında yazıq olmaq isə elə Tanrı qarşısında da yazıq olmaqdır”.
Siyasi sistemin autsayderləri
Deputat vurğulayıb ki, hazırda Azərbaycan bütün milli resurslarını o cümlədən diplomatik və informasiya resurslarını səfərbər edərək müxtəlif platformalarda erməni təxribatlarına cavab verir: "Ön cəbhədə olduğu kimi informasiya cəbhəsində də qətiyyətli və tutarlı addımların atılması düşmənə verilən olduqca mühüm cavab kimi qiymətləndirilməlidir. Bu prosesdə xalqımız öz milli birliyini və həmrəyliyini nümayiş etdirərək dünyanın bir çox ölkələrində dinc nümayişlər keçirməklə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, beynəlxalq hüquqla tanınan haqqını tələb edir. Ərazi bütövlüyümüzün bərpa olunmasını istəyir. Bu haqq milli haqqımız, bu dava milli davamızdır. Təəssüf ki, içərimizdə olan beşinci kalon nümayəndələri və xaricdə yaşayan bəzi fəal fərdlər milli mübarizəmizdə ermənilərin lehinə olan addımlar atır, bəyanatlar verirlər. Ancaq Azərbaycan xalqının milli yaddaşı bütövdür, obyektiv əsaslarda formalaşıb və üzündür. Milli mübarizəmizdə kimin nə vaxt ona xəyanət etdiyini yaxşı yadında saxlayır və lazımi şəkildə cəzalandırmağı bacarır. Bu gün bu cəza ictimai qınaqdırsa, sabah seçki qutularının başında ona xəyanət edənlərin boykot olunmasıdır. Ona görə də hər kəs əmin olsun ki, xalqımızın nümayiş etdirdiyi bu milli birlik, həmrəylik qələbəmizi və ərazi bütövlüyümüzü təmin edəcək, ona mane olanlar isə yenə də siyasi sistemimizin autsayderləri olaraq qalacaqlar”.
Özü-özünü təkzib edən Osmanqızı
Media eksperti Müşfiq Ələsgərli antimilli mövqeləri ilə gündəmə gələn "5-ci kolon” təmsilçilərinin Azərbaycan xalqı və dövləti əleyhinə çıxışlarının çoxsaylı olmasına diqqət çəkib. O, S.Osmanqızının davranışlarının timsalında fikrini bu cür izah edib: "Sevinc Osmanqızının bütün arqumentlərinin əsassızlığını sübut edən faktlar uzaqda deyil, onun öz arxivində var. 2019-cu il oktyabrın 31-də ABŞ-da yaşayan azərbaycanlılar Konqresin "Reynbörn” zalının qarşısında aksiya keçirmişdilər. Soydaşlarımız işğal edilmiş Azərbaycan torpaqlarında yaradılan qondarma rejimin dırnaqarası xarici işlər naziri kimi təqdim edən Masis Mayılyanın Birləşmiş Ştatlara səfərinə etiraz edirdilər. Zalın qarşısına toplaşan erməni diasporun nümayəndələri buraya etiraza gələn Azərbaycan diaspor təmsilçilərinə qarşı təxribat, insident törətmişdilər. Həmin vaxtı Sevinc Osmanqızı öz verilişində erməniləri deyil, məhz azərbaycanlıları qınamışdı. İndiki kimi eyni iddia ilə çıxış etmişdi ki, "Konqres binasının qarşısına toplaşmaq absurddur” və sair. Bunu Sevinc Osmanqızının iki gün öncə etdiyi və qalmaqala səbəb olan çıxışı fonunda xatırladım. O, ciddi etirazlara səbəb olmuş fikirlərinin kontekstdən çıxarıldığını iddia edir. Məsələn, "azərbaycanlılar nə üçün Brüsseldəki, ABŞ-dakı səfirliklərin qarşısına toplaşıb onları müdafiə etməlidirlər?!” fikrini belə əsaslandırır ki, bu səfirliklər mövcud olduqları ölkələrin hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə mühafizə olunduqları üçün oraya toplaşmaq lazım deyilmiş. Davam edir ki, Qarabağ probleminin həlli üçün səfirliklərin qarşısına deyil, digər qurumların, o cümlədən Konqresin qarşısına toplaşıb tələblər irəli sürmək lazımdır və sair. Amma səmimi deyil, sadəcə vəziyyətdən çıxmaq üçün belə danışır. İndi Konqresin qarşısını ünvan göstərir, amma 7-8 ay öncə Konqresin qarşısına gedənləri "mənasız hərəkətlər etdikləri üçün” qınamışdı, təhqir etmişdi. Özünü inkar edən bütün arqumentlər onun arxivində var və çox zəngindirlər. Adamın anti-milli çıxışları "N” qədərdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər