AZE | RUS | ENG |

Milli Şuranı hal-hazırda fələk də xilas edə bilməz

Milli Şuranı hal-hazırda fələk də xilas edə bilməz
Elşən Musayev: “Cəmil Həsənli İsa Qəmbərlə Əli Kərimlinin ortaya atdığı qurbandır”


Milli Şura uzun sürən müzakirələrdən, fikir ayrılığından sonra nəhayət ki, Rüstəm İbrahimbəyovun vahid namizədliyini irəli sürdü. Lakin çox keçmədi ki, Şuranın etimad göstərdiyi kinorejissorun ona inananları, xüsusən də müxalifət liderlərini aldatdığı, Azərbaycana gəlmək həvəsində olmadığı üzə çıxdı. Ona görə də köhnə müttəfiqlər tarixçi Cəmil Həsənlini R.İbrahimbəyovun dublyoru qismində ehtiyat namizəd kimi təqdim etdilər. Bu günlərdə isə Milli Şura üzvlərinin, həmçinin C.Həsənlinin Böyük Britaniyanın paytaxtı London şəhərinə səfər edəcəyi barədə mətbuatda məlumatlar yer alıb. Ehtimal edilir ki, xalqdan dəstək almayan radikal müxalifət liderləri Londona gedərək seçki qabağı təlimat alacaq, daha sonra burada öz rollarını oynayacaqlar. Müxalifət düşərgəsinin “London xəyalları” ilə bağlı suallarımızı Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev cavablandırdı.

-Elşən müəllim, Rüstəm İbrahimbəyovun fiaskosu müxalifətin mövcud durumuna necə təsir göstərdi?

-Rüstəm İbrahimbəyovun bir tək “Milli Şura”dakı fəaliyyəti deyil, bütünlükdə siyasi məzmunu fiaskodur. Onun Azərbaycan müxalifətinə elədiyi pisliyi bundan 100 il də sonra kimsə edə bilməz. Adam radikal müxalifətlə sözün əsl mənasında məzələndi, onları əlinin, ayağının bütün barmaqlarına doladı. Axırda da hamısını borclu çıxardı. Amma görün cəsarətləri çatdımı ona bir şey desinlər? Xeyr! Bilirsinizmi niyə? Çünki bunu edəcəkləri halda həm də oyuna gəldiklərini etiraf etmiş durumda olacaqdılar. Ona görə səssizcə mövzudan yayındılar, bu qoca uğursuzun rəsmlərini qəzet manşetlərindən yığışdırdılar. Hərçənd adam hələ də Moskva ətrafında bağıra-bağıra qalıb ki, mən seçkiyə buraxılmalıyam. Amma fərqində deyil ki, onun qəhrəmanlıq şansı çoxdan bitib. Qorxaqlığını, cəsarətsizliyini utanmadan, çəkinmədən mətbuat səhifələrində etiraf etdiyi andan bitib. Düşmən ermənilərlə bağlı verdiyi yaramaz açıqlamaların yiyəsi olduğu an bitib.

- Sizcə, Cəmil Həsənlinin vahid namizəd kimi irəli sürülməsi Milli Şuranı xilas edə biləcəkmi?

-Cəmil Həsənli İsa Qəmbərlə Əli Kərimlinin ortaya atdığı qurbandır və heç bir halda radikal cəbhədə vəziyyətin dəyişməsini bu və ya digər şəkildə şərtləndirə bilməz. Niyə? Çünki, hər şeydən öncə adamın siyasi imici yoxdur. Eyni zamanda həmin siyasətdəki geri dönəmi qaranlıqdır. Hətta bu qaranlıqdan çox zülmətə bənzəyir. Cəmil Həsənli prezidentlik üçün tələb olunan 10 kriteriyadan 9-na sahib deyil. Hərçənd adı üzərində bütün seçki boyunca maksimum blef etməyə çalışacaqlar. Milli Şuranı hal-hazırda fələk də xilas edə bilməz, nəinki Həsənli. Hələ bir müddət keçsin, o zaman görəcəksiniz ki, bu diletant siyasətçi hətta İbrahimbəyovun belə bütün ölənlərinə rəhmət oxutduracaq qədər naşı imiş. Sadəcə oyuna düşüb, axarla gedir. Və yəqin həmin axar bir dalana dirənib dayananda cəmiyyətə də, Həsənlinin özünə də bəli olacaq ki, nə qədər uğursuz və perspektivsiz ümmana baş vurub.

-Milli Şura rəsmiləri Londona səfərə hazırlaşırlar. Əvvəllər də belə səfərlər təşkil olunurdu. Sizin qənaətinizə görə, London səfəri müxalifətin imicinə və davranışına necə təsir edəcək?

-Əvvəla, qeyd edim ki, “Mili Şura” hər səfərdən sonra ağır duruma düşüb, az qalıb parçalansın. Çünki həmin qurumda cəmlənən partiyaların hər biri ayrı-ayrı təfəkkürün, məfkurənin yiyəsidirlər. Yox əgər London səfəri də həmin səfərlərin davamıdırsa, yəni bu qəbildəndirsə, o zaman deməli radikalların çox ümid elədiyi Qərb “Milli Şura” layihəsinin tabutuna sonuncu mıxı çalmağa hazırlaşır. Və ya belə deyək: Qərb Azərbaycanda demokratiyanın inkişafında maraqlıdır. Amma bu məsələdə gah Moskvanın, gah Vaşinqtonun, gah Brüsselin, hətta imkanı olsa İran və Çinin də qucağına atılmağa hazır olan hərdəmxəyal müxalifətlə deyil, sabit, prinsipial, dəyişməz mövqeyi ilə dünyada nüfuz qazanmış mövcud iqtidarla işləməyə üstünlük verir. Ən nəhayət, bir nüansı da vurğulayım ki, London səfəri ilə bağlı “Milli Şura”nın üzvlərinin mövqe və bilgisi də fərqlidir. Hətta Eldar Namazovun son açıqlamasından sonra belə nəticəyə gəlmək olar ki, səfərin təşkilatçıları və “pul buraxan”ları haqqında da radikalların səhih məlumatı yoxdur. Belə olan halda isə kimsə Cəmil Həsənli və onun “banda”sının İngiltərə paytaxtına hansı məqsədlə və ya belə deyək: siyasi müzakirəyə, yoxsa nərd oynamağa getdiyini ayırd edə bilməz.

Şəfa Tapdıq

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973