Milli qurtuluş tariximiz və böyük xilaskarımız
Tarixin elə bir həssas anı
olur ki, güclü, qüdrətli bir şəxsiyyətə və uzaqgörən, müdrik qərarlara ehtiyacı
olur. Bu şəxsiyyət az qala bir tarixi xilas etməyə, öz millətini, xalqını,
ölkəsini qurtarmağa müvəffəq ola bilir. 1993-cü ilin iyun ayı məhz Azərbaycan
tarixinin belə bir anı idi: o an ki, yenicə xalqın mübarizə əzmi ilə əldə
edilmiş dövlət müstəqilliyi itirilmək təhlükəsinə düşmüş, ölkə qardaş qırğını,
vətəndaş müharibəsinə sürüklənmiş, parçalanma, yox olma təhlükəsinə salınmışdı.
Məhz elə bir müdrik şəxsiyyət və elə uzaqgörən qərarlar lazım idi ki, xalqın
taleyinə, dövlətin müqəddəratına, vətəndaşın canına bir zərər dəymədən bu
problemlər aradan qaldırılsın, ictimai sabitlik, siyasi müqəddərat həll edilsin.
Belə müdrik qərarı verə biləcək, ölkəni belə dilemmadan qurtara biləcək yalnız
bir şəxsiyyət, bir düha vardı: 1923-cü ildə dağları insanda qürur, vüqar
yaradan, təbiəti vətənpərvərlik havası uduzduran, tarix və mədəniyyət mərkəzi
olan Naxçıvanda dünyaya göz açan, davamlı olaraq şüurlu ömrünü xalqının,
ölkəsinin inkişafına həsr edən Heydər Əliyev... Məhz onun fövqəl şəxsiyyət qüdrəti və
fəaliyyət əzmi mənsub olduğu millətinin milli mövcudluq taleyi və
müqəddəratını həll etməyə qadir və qabil
idi. XX əsrin sonlarında bütöv bir ölkənin, xalqın taleyi yalnız onun
iradəsindən və qərarlarından asılı qalmışdı. Məhz bu şəxsiyyət bir millətin
ümidi, pənahı və xilaskarına çevrilmişdi. Necə ki bu dahi şəxsiyyətin özü də deyəcəkdi
ki: "Mən
balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan
olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o
qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə
Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim
Azərbaycanım mənim qibləgahımıdır. Bütün şüurlu ömrümü onun inkişafına,
tərəqqisinə həsr etmişəm”.Bu baxımdan müdrik lider Heydər Əliyev özünün
milləti və ölkəsi yolundakı misilsiz xidmətləri, xilaskarlıq missiyası ilə
xalqının ən böyük hörmət və sevgisini qazandı. Ən yüksək ünvana – Azərbaycan
xalqının ümummilli lideri adına ucaldı.
Nə vaxt xalqımız tarixin
bir dönəmində dara qısnandısa, çıxılmazlığa düçar oldusa, ümummilli lider
Heydər Əliyev onun ümid qapısı oldu. Azərbaycanın 1990-1993-cü illərdəki dövrü
də məhz tarixin belə bir mürəkkəb, qarışıq bir dönəmi idi. 1988-ci illərdən
başlanan milli azadlıq uğrunda xalq hərəkatının əzmi nəticəsində Sovet
imperiyasının çöküşü ilə hakimiyyətə gələn qüvvələr milli müstəqilliyi əldə saxlamağa
müvəffəqiyyət göstərə bilmədilər. Azərbaycanın müstəqilliyi yenidən təhlükə
altına düşdü. Beləliklə, 1990-1993-cü illər qısa zaman kəsiyi Azərbaycan
xalqının tarixi taleyinin həll olunma məqamı, müstəqilliyin itirilmə təhlükəsi
kimi problemlərlə səciyyəvi olaraq tarixə yazıldı. Dilemma qarşısında qalan
Azərbaycan xalqının böyük qəhrəmanlıq hesabına əldə etdiyi müstəqilliyi, milli
azadlığı təhlükə altında idi. Vətəndaş qarşıdurması xalqın taleyini durmadan
təhdid edirdi. Bu xaos qarşısında aciz qalan, nə edəcəyini bilməyən,
birdən-birə vəzifə görüb beşəlli hakimiyyətə sarılan naşı hökumət nümayəndələri
isə xalqa müxtəlif yuxular sayıqlayırdılar. Sözsüz ki, belə gərgin, mürəkkəb
ictimai-siyasi vəziyyətdən baş çıxarmaq mövcud hakimiyyət üçün namümkün olmuşdu.
Gəncə hadisəsi isə bilavasitə hakimiyyət boşluğu və səriştəsizlikdən irəli
gələrək xalqla hökumət uçurumundan doğan özbaşınalıq, xaos, hakimiyyət böhranı
yaratmışdı. Ölkədə mövcud olan vətəndaş müharibəsi təhlükəsi isə özü ilə
bərabər ölkə suverenliyinə qaçılmaz təhlükə yaratmışdı. Bu mənada doğru
deyilmişdi ki, "hakimiyyəti saxlamağa çalışanlar da, hakimiyyətə gəlmək
istəyənlər də silahın gücünə arxalanırdılar. Dövlətçilik, idarəetmə sahəsində
heç bir təcrübəsi və səriştəsi olmayan kriminal düşüncəli bir qrup insanın
hakimiyyətə gəlməsi nəticəsində ölkənin sərvətləri talan edilib xaricə
satıldı... Silahlı qüvvələr isə xırda dəstələrlə ayrı-ayrı adamların
tabeliyində idilər. Hakimiyyət davası vətən təəssübkeşliyini üstələyirdi. Bu
məqsədlə də döyüşən qüvvələr cəbhədən, vətənin müdafiəsindən Bakıya çağırılır
və müdafiəsiz qalan vətən torpaqları döyüşsüz olaraq düşmənə təslim edilirdi.
Məkrli qonşularımıza da elə bu lazım idi”. Bu mənada 15 iyun Qurtuluş Günü
tarixi zərurətin nəticəsi idi.
Belə məqamda bütün çıxılmaz
problemlərin qarşısında acizliyini qəbul edən hökumət özü də Heydər Əliyevə
müraciət etmək zərurətini başa düşdü. Heydər Əliyev ucalığı və dahiliyi həm də
ordadır ki, o, çətin günün, dar məqamın adamı, ümid, inam yeridir. Elə bu
məqamda da yeganə ümid ocağı, bütün ağıllarda yanan işıq yeri Heydər Əliyev
şəxsiyyəti idi. Bütün ağıllarda yalnız bir xilas məqamı, qurtuluş yolu
görsənirdi: xalqın böyük oğlu Heydər Əliyevə güman. Mürəkkəb, xaotik, təhlükəli
vəziyyət insanların həyatını, hətta bir ölkənin taleyi və aqibətini təhdid
qarşısında qoymaqla, dostu da, düşməni də bir qərara gətirmişdi: Heydər
Əliyevsiz nicat yoxdur. Dara düşən arxa axtaran kimi təhlükənin ciddiliyini
başa düşən xalq da ona ədalətli, humanist, xalq mənafeli, idarəçilik təcrübəsi
bəxş etmiş Heydər Əliyevi xilaskar kimi yenidən görürdü və bağrına basmaq üçün
gözünü yollara dikmişdi. Bu zamanda ümummilli lider Heydər Əliyev xalqı ilə
birlikdə səriştəsiz adamların səhvi ucbatından Azərbaycanın əsas hissəsindən
ayrı düşmüş, çətin blokada şəraitində yaşayan Naxçıvanda ciddi dövlətçilik
işləri ilə məşğul idi. Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı ən möhkəm
addımlar, zəruri tədbirlər də Heydər Əliyevin başçılığı ilə Naxçıvanda həyata
keçirilirdi. Xalqın bu vəziyyətdə bütün ümid gözləri, nəzərləri özündə
xilaskarlıq missiyası daşıyan Naxçıvana – Heydər Əliyevə yönəlmişdi.
"Mənim
həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına dövlətçiliyinə,
ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün
gücümü, iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin
anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam”,
- deyən Heydər Əliyev böyük tarixi vəzifə kimi xilaskarlıq missiyasını
ləyaqətlə yerinə yetirdi. Həmişə xalqa arxalanmaqla xalqlaşan, gücündə,
qüvvətində yenilməz olan ulu öndərimiz bir daha həyat və fəaliyyəti ilə çətin
sınaqlardan, çıxılmaz dilemmalardan keçə-keçə "Xalq-Heydər Əliyev”, "Heydər
Əliyev-Xalq” vəhdətini nümayiş etdirərək xilaskarlıq mücəssəməsinə çevrildi.
Xalqını ümidsiz, ölkəsini başsız, vətəni müdafiəsiz qoymayan dahi lider olduqca
həyati təhlükəli və ciddi surətdə qorxulu olmasına baxmayaraq, lider üçün
vacib, zəruri yüksək keyfiyyət olan görünməmiş cəsarətlə Bakıya - dərddən
ağrıyan paytaxta getdi. Siyasətimizin atası ulu öndər Heydər Əliyev hərblə
çözümlənməyən bu nifaqları uzaqgörən incə siyasətlə nizamladı. Xalqın yekdil
rəyi, birmənalı tələbi ilə ulu öndər Heydər Əliyev 15 iyunda Milli Məclisin
Sədri seçildi. Ulu öndər bütün varlığı, enerjisi ilə yeni siyasi mübarizəyə
qədəm basdı. Sözün əsl mənasında, Azərbaycanda böyük quruculuq erası, milli
dövlətçilik epoxası başlandı. Ulu öndərin dövlətçilik fəaliyyəti nəticəsində
milli dövlətçilik ənənələri formalaşdı. Azərbaycan milli müstəqilliyinə və dövlətçiliyinə
yenidən qovuşdu.
Bu baxımdan Heydər Əliyev siyasi məktəbinin layiqli
davamçılarından olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli
Vasif Talıbovun sözləri tam yerinə düşür ki: "Heydər Əliyevin fəal siyasətə
QAYIDIŞI o dövrə təsadüf edir ki, daim xalqı ilə bir yerdə olan bu böyük
şəxsiyyətin susması daha mümkün deyildi… Azərbaycanda dövlət quruculuğu ağrılı,
əzablı yollar keçib. Bu yolun ən məsul məqamlarında ictmai-siyasi mühitin
xüsusi həyəcanla vuran nəbzi xalqın uzun illər həsrətində olduğu müstəqilliyini
itirmək nigarançılığı ilə bağlı olmuşdur. 1993-cü ilin iyununda da bu
vəziyyət yaranmış, xalq real parçalanma, məhv olma təhlükəsi qarşısında
qalmışdı. O günlərin dramatik faciəli gedişləri ilk baxışdan Azərbaycan xalqı
üçün başqa bir alternativ qoymamışdı. Lakin əsl yolu Zaman özü seçdi. Xalqın
iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını görkəmli
siyasətçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə QAYIDIŞINDA tapdı. Təsadüfi
deyil ki, taleyinə xilaskarlıq missiyası yazılan xalqımızın əvəzedilməz
liderinin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün - 1993-cü ilin 15
iyunu tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Keçdiyimiz zaman məsafəsi
xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində
sıxılan ölkəmizin bu ən ağır və məsul dövründə onu qurtuluşa aparmağa qadir
olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər
Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar
missiyasına – AZƏRBAYCANI AZƏRBAYCANA QAYTARMAQ məramına xidmət edir”.
Bəli, 15 İyun xalqımızın
keşməkeşli tarixinin ən yaddaqalan şanlı səhifəsidir. Məhz bu tarixdə - 15
iyunda azadlıq və dərin dövlətçilik inkişafı ulu öndər Heydər Əliyevin
xilaskarlıq missiyası ilə öz əsl mənasını tapdı. Ümummilli lider Heydər
Əliyevlə başlayan yeni Azərbaycan tarixi öz səhifələrini uğurlarla,
yenidənqurma və quruculuq keyfiyyətlərilə yazmağa başladı. Ümummilli
liderimizin görüş və baxışları, fəaliyyət və təcrübəsi ilə ümummilli vəzifələr,
milli siyasət, ümummilli inkişaf doktrinası, dünyaya inteqrasiya və beynəlxalq
nüfuz məsələləri müəyyənləşdi və həyata keçirildi. Bu inkişaf özünü o qədər
sıx, qırılmaz və aydın surətdə müəyyənləşdirdi ki, "Heydər Əliyev – Azərbaycan,
Azərbaycan – Heydər Əliyev” ideoloji-mənəvi birliyi özünü ifadə etdi. Müdrik
lider Heydər Əliyevlə müəyyənləşən siyasi kurs və fəaliyyət mexanizmi Azərbaycana
əbədi müstəqillik, daimi suverenlik, həmişəlik, qarşısıalınmaz inkişaf, daima
güclənməkdə və özünü müəyənləşdirməkdə olan hərbi-siyasi güc və beynəlxalq
siyasətdə hesablaşması vacib olan tərəf hörməti qazandırdı. Heydər Əliyev nadir
şəxsiyyəti bunlardan ziyadə dünyanın siyasi xəritəsinə öz qələmilə təsir edib
Azərbaycan sərhədlərini və mövcudluğunu cızmağa qadirliyini nüməyiş etdirdi. 15
İyun MİLLİ QURTULUŞ GÜNÜ Azərbaycan tarixinin "Heydər Əliyev – Xalq” birliyinin
ən bariz, pozulmaz qanunu, ümumən Azərbaycan və dünya tarixində XİLASKARLIĞIN
HEYDƏR ƏLİYEV NÜMUNƏSİ kimi məna tapdı. Bu mənada Heydər Əliyev dərsi almış,
uğurlu varis və davamçı, xalqımızın fəxri, dünyaya demokratiya və liderlik
nümunəsi olan hörmətli Prezidentimiz İlham Əliyev demişkən: "Nə
qədər ki müstəqil Azərbaycan var, nə qədər ki biz varıq, Heydər Əliyev ideyaları
yaşayacaq”.
Beləliklə, ulu öndər Heydər Əliyevlə
Azərbaycan xalqının milli qurtuluş tarixi yazıldı. Ümummilli liderin
müəyyənləşdirdiyi siyasi kursla Azərbaycanın yenidən qurulması, inkişafı və
dirçəlişi tarixi başlandı. Azərbaycan görünəməmiş hərtərəfli iqtisadi, siyasi,
mədəni və sair inkişafa nail oldu. Müstəqilliyimizin gözəl günlərini
yaşadığımız hər keçən gündə Azərbaycan böyük inkişafın nailiyyətlərini təcəssüm
etdirir. Bütün əraziləri, bölgələri ilə sürətli və hərtərəfli inkişafa qədəm
qoyan Azərbaycan dünyanın siyasi və mədəni mərkəzinə çevrilmək şöhrətinə
yenidən nail ola bildi. Bu gün ulu öndər Heydər Əliyevin başlatdığı
genişmiqyaslı quruculuq işlərinin davam etdirilməsi nəticəsində bütün
Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası yüksək inkişaf dövrünü
yaşayır. Ölkə başçısı cənab İlham Əliyevin iradəsi, əzmi və müdrik siyasəti ilə
Azərbaycanda yeni inkişaf mərhələsi başlayıb. Kiçik ölkə olsa da, ən böyük
iqtisadi layihələrin müəllifi kimi Azərbaycan dünya siyasətində özünə layiqli yer
müəyyənləşdirib. Azərbaycan indi dünyanın ən nəhəng ölkələrinin ən etibarlı
tərəfdaşı kimi çıxış edir. Azərbaycan özü müharibə və işğala məruz qalsa da,
iqtisadi və hərbi gücü ilə dünyada ədalətin və sülhün təmin olunmasında fəal
iştirak edərək humanist və yardımsevər ölkə kimi xarakterizə olunur. Beynəlxalq
aləmdə sarsılmaz nüfuz qazanmaq, etibarlı tərəfdaşa çevrilmək, ən iri layihələr
həyata keçirmək, beynəlxalq tədbirlərin ev sahibinə çevrilmək, təhlükəsizliyin
təmin olunduğu ideal bir məkana dönmək Böyük Qurtuluşdan Böyük İnkişafa doğru
atılan ardıcıl addımların məntiqi nəcisədir.
"İstəyirəm ki, mənim arzum, istəklərim,
...Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım
yerinə yetirilsin”, - deyən ulu öndərimiz Heydər Əliyevin yaratdığı milli dövlətçilik yolu ilə
muxtar dövlətimiz də böyük uğurlara imza atır. Heydər Əliyev siyasi kursunun
uğurla davamının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis
Sədrinin yorulmaz fəaliyyəti ilə özünəməxsus muxtar dövlətçilik idarəçiliyi
ənənələri formalaşmış, sürətli quruculuq-inkişaf ənənələri yaranmışdır. Bu
baxımdan Naxçıvan Muxtar Respublikasının timsalında hər bir bölgənin
inkişafında nümayiş olunan uğurlar milli qurtuluş tarixinin xalqımıza bəxş
etdiyi nailiyyətlərdir. Düzgün yol, sədaqətli əməl və qayğıkeş idarəçilik
əldə olunan inkişafın səbəbidir. Bu da Milli Qurtuluş Gününün verdiyi
töhfələrdəndir ki, Azərbaycan Respublikası Prezidentinin hər gəlişi bölgələrin,
o cümlədən Naxçıvan Muxtar Respublikasının tarixində böyük bayram kimi
xatırlanır, dövlət başçısının: "...Naxçıvan Muxtar Respublikasının hər bir
tərəfində, hər bir rayonunda sürətli inkişaf gedir və getməlidir”, –
deyə qeyd etdiyi fikirlər razılıq, məmnunluq doğurur. Bütün bunlar isə Milli
Qurtuluş Günümüzün bəxş etdiyi firavanlıq və inkişaf təcəssümləri olaraq
minnətdarlıq doğurur. Ulu öndərimizin layiqli varisi Ali Baş Komandan,
Prezident İlham Əliyevin hər bir açılış tədbirində iştirakı, xüsusilə hərb
sahəsində böyük uğurlara imza atması işğal altında olan torpaqlarımızın da bir
gün qurtuluş tarixini yaradacağını yaxınlaşdırır. Hər gün inkişaf edən,
beynəlxalq aləmdə möhtəşəm nüfuz qazanan Azərbaycan Respublikası milli
qurtuluş tarixinin yeni qələbə səhifələrini yazmağa doğru inamla irəliləyir.
Əlbəttə, məhz düzgün yol, xalqa bağlılıq, uzaqgörən siyasət və qətiyyətli
qərarlar 2016-cı ilin Aprel Zəfəri və Günnüt qələbələrinin sevincini yaşamağa
bizlərə nəsib etdi. Söz yox ki, böyük uğurlara yol kiçik cığırlardan gedir:
Azərbaycan xalqı tam əmindir ki, Böyük Qələbə uzaqda deyil... Aprel zəfərinin
davamı olan daha böyük zəfərləri qeyd etməyin ümidindəyik. Regionun ən güclü,
müdafiə və hücum qüdrətli ordusu olan Azərbaycan Milli Ordusunun, o cümlədən Naxçıvan
Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi müxtəlif istiqamətli təlimlər və onların nailiyyətləri
Milli Ordumuzun zəfər vədinə tam əminliklə inam yaradır. Qardaş Türkiyə Cümhuriyyəti
ilə birgə Azərbaycan Milli Ordusunun Naxçıvanda keçirilən "Sarsılmaz qardaşlıq
- 2019” döyüş atışlı taktiki təlimlərinin uğurla baş tutması da ərazilərimizin tam
etibarlı qorunmasının öhdəsindən layiqincə gələn, işğal olunmuş ərazilərimizi
azad edəcək əsl zəfər ordusundan xəbər
verir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin
əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru, dosent