AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Milli iqtisadiyyatın yenidən balanslaşdırma siyasəti

Milli iqtisadiyyatın yenidən balanslaşdırma siyasəti

İqtisadiyyat
23 İyun 2020, 10:00 560
Ekspertlərin fikrincə, əsas hədəfi ölkə iqtisadiyyatının xarici şoklara daha az məruz qalmasını təmin etməkdir
 
İnflyasiyanın risklər balansı hazırda başlıca olaraq pandemiyanın qlobal iqtisadi aktivliyə və Azərbaycan iqtisadiyyatına təsirləri ilə bağlıdır. Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, bu təsirlərin dərinliyi və davamlılığı ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Xarici mühitlə bağlı əsas risk neftin qiymətinin yenidən kəskin enişidir ki, bu da COVID-19-a ikinci yoluxma dalğası, ABŞ-la Çin arasında iqtisadi-ticarət münasibətlərinin pisləşməsi və ayrı-ayrı ölkələrdə sosial-siyasi gərginliklərdən irəli gələ bilər. "Yeni iqtisadi normallıqların yarandığı bu şəraitdə milli iqtisadiyyatın yenidən balanslaşmasına start verilib. Yenidən balanslaşma xarici mühitdəki dəyişikliklərin daxili mühitə ötürülməsinin hamarlanmasına, iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi ilə makroiqtisadi və maliyyə sabitliyi arasında balansın qorunmasına imkan verməlidir", - deyə AMB-dən bildirilib. Mərkəzi Bankdan həmçinin qeyd olunub ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər, makroiqtisadi sabitlik hədəfləri ilə iqtisadi aktivliyin dəstəklənməsi prioritetlərinin uzlaşdırılması əsas götürüləcək. Mərkəzi Bank bundan sonra da ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, inflyasiyanın elan edilmiş hədəf çərçivəsində saxlanılması üçün mandatına uyğun olaraq bütün mümkün tədbirləri görəcək.

Bəs görəsən milli iqtisadiyyatın balanslaşdırılması istiqamətində hansı tədbirlərin görülməsinə ehtiyac var? Balanslaşdırma siyasəti nələri zəruri edir?

İqtisadçı ekspert Rəşad Həsənov söylədi ki, milli iqtisadiyyatın balanslaşdırılması kifayət qədər mürəkkəb bir prosesdir: "Hesab edirəm ki, bu istiqamətdə qarşıya qoyulan hədəflər və görüləcək işlər taktiki və strateji olaraq iki kateqoriyaya bölünməlidir. Qısamüddətli dövr üçün taktiki qərarlar qəbul edilməlidir. Məsələn, tədiyyə balansının strukturunda defisitin artmasının qarşısı alınmalı, ixracda profisitin azalması istiqamətində yaranan təzyiqlər neytrallaşdırılmalıdır. Məcmu tələb istiqamətində yaranan təzyiqlərin neytrallaşdırılması yolu ilə istehlak gücünün qorunub saxlanılmasına ehtiyac var. Dövlətin dəstək və sosial təminat proqramlarının miqyasının genişlənməsinə və effektivliyinin artırılmasına ehtiyac var. Həmçinin, məzənnə riskləri minimuma endirilməlidir. Qısamüddətli dövr ərzində qeyd olunan bu istiqamətlər üzrə işlər təcili olaraq həyata keçirilməlidir”.

Ekspert qeyd etdi ki, orta və uzunmüddətli dövr üçün daha strateji inkişaf planı hazırlanmalıdır: "Bu zaman iqtisadiyyatın resurs asılılığının aradan qaldırılması və dayanıqlı inkişaf modelinin ortaya qoyulması strateji hədəflər sırasına daxil olmalıdır. Görüləcək işlər çoxdur. Biznes mühitinin liberallaşdırılması, Azərbaycanın xarici iqtisadi bloklarla təcili şəkildə qoşulması istiqamətində fəaliyyətlərin davam etdirilməsi çox mühümdür. Məhkəmə sisteminin təkmilləşdirilməsi, mülkiyyət hüququnun qorunması ilə bağlı güvənin artırılması, Azad Ticarət Zonasının aktivliyinin təmin edilməsi və xarici investorların ölkəyə gətirilməsi yolu ilə kapital qoyuluşlarının artırılması, yeni iş yerlərinin yaradılması, xarici bazarlarla əlaqələrin təmin edilməsi istiqamətində işlər görülməlidir. Yerli investorların ölkə iqtisadiyyatına yatırımlar etməsi üçün təşviq mexanizmlərinin hazırlanması çox vacibdir. Daha təkmil və şəffaf idarəetmə modellərinin tətbiq edilməsi strateji hədəflər sırasında olmalıdır. Balanslaşdırma yalnız bu zaman başa çatmış hesab oluna bilər. Balanslaşdırma, qısamüddətli dövrdə təzyiqlərin neytrallaşdırılması kimi qəbul edilməməlidir. Maliyyə bazarların inkişafı ilə bağlı Mərkəzi Bankın üzərinə çox ciddi öhdəliklər düşür. Azərbaycanda bu sahə zəif inkişaf edib. Üzən məzənə siyasəti ilə bağlı institutsional siyasətin həyata keçirilməsi çox vacibdir”. 

İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, əsas məqsəd milli iqtisadiyyatın birtərəfli inkişafının qarşısının alınmasıdır: "Təcrübə göstərir ki, xarici təsirlər və şoklar Azərbaycan iqtisadiyyatına ciddi təsir edir. Balanslaşdırılma siyasətinin əsas hədəfi ölkə iqtisadiyyatını xarici şoklara daha az məruz qalmasını təmin etməkdir. Bu, çox mühüm bir məsələdir. Amma birdən-birə buna nail ola bilmərik. Müvafiq göstərişlər və inzibati qərarlarla balanslaşdırmaya nail olmaq mümkün deyil. Bunun üçün uzun yol qət edilməlidir. Bu yol iqtisadiyyatın şaxələndirilməsindən keçir”.

İqtisadçı vurğuladı ki, bir neçə ildir ölkədə  bu istiqamət üzrə müxtəlif addımlar atılır: "2015-ci ildə neftin qiymətinin aşağı düşməsi nəticəsində yaşadığımız mənfi hadisələr bizə dərs oldu. 2016-cı ildən bəri ölkədə qeyri-neft sektorunun inkişafı üçün bütün zəruri tədbirlər həyata keçirildi. Yol xəritələrin qəbul edilməsi, vergi-büdcə  siyasətinin təkmilləşdirilməsi istiqamətində müxtəlif işlər görüldü.  Kənd təsərrüfatı və sənaye sahələrinin inkişafı əsas prioritetlərdən biri olmalıdır. Yəni balanslaşdırılma siyasətinin aparılması birdən-birdə olmur. Bunun üçün vaxt lazımdır”.

Şəbnəm Mehdizadə