• cümə, 29 Mart, 05:28
  • Baku Bakı 7°C

Milli ideologiya öncülü haqqında konseptual araşdırma

30.09.19 13:07 1948
Milli ideologiya öncülü haqqında konseptual araşdırma
Əsrinin ideologiya öncülü, "Millətə onun milli kimliyini xatırladan, Azərbaycanı rus və fars assimləsindən xilas edib onu özünə, öz məhvərinə yönəldən” Əli bəy Hüseynzadəni bütün təhriflərdən arınmış şəkildə, layiq olduğu miqyasda təqdim edərək olduğu kimi tanıdan əsərlərdən biri də ədəbiyyatşünas Azər Turanın "unudulmuş dahi” haqqındakı monoqrafiyasıdır.
"Əli bəy Hüseynzadə” monoqrafiyası dahi şəxsiyyətin kimliyi, yaradıcılığı, ictimai və siyasi fəaliyyəti, yaşadığı dövrü, məkanı, mühiti və şəcərəsini ətraflı şəkildə əhatə edən, hər mövzuda yalnız faktlara və sənədlərə, məktublara, yaddaşlardan süzülüb gələn xatirələrə əsaslanılan ensiklopedik əsərdir. Burada Əli bəy Hüseynzadənin ideoloq, yazıçı, redaktor, rəssam, siyasətçi kimliyi, yaradıcı qabiliyyətləri ətraflı araşdırılır.
Bəllidir ki, sovet dövrünün ideoloji silahı millətin, xalqın bütövlüyü, böyüklüyü, dövlətimizin müstəqilliyi naminə çarpışan mütəfəkkürlərimizin unudulmasında, gözdən salınmasında, yaxud yaddaşlarda yanlış iz buraxmasında maraqlı idi. Bu səbəbdən bəzi elmi tədqiqatlarda dövrün tələbindən çıxış edilərək meydana gələn yanlış faktlar, gerçəyə uyğun olmayan iddialar yer alır ki, "Əli bəy Hüseynzadə” monoqrafiyasında Azər Turan dəlillər gətirərək bu iddiaların əksini, yanlışlığını sübut edir.
XX əsrin əvvəllərində axtarışlarla zəngin Azərbaycan ədəbi, mədəni, ictimai fikri konkret konsepsiyalar kontekstində inkişaf edir, dünya mədəniyyətinə inteqrasiya istiqamətində çabalar göstərilirdi. M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqa öncül ziyalıların ədəbi, ictimai, kulturoloji görüşləri yalnız çağdaş Azərbaycanın deyil, bütünlüklə türk dünyasının yeni mərhələyə qədəm qoymasına yönlənmişdi.
Azər Turan bu monoqrafiya ilə Əli bəy Hüseynzadə fenomeninin, ayrı-ayrılıqda əsərlərinin ilk baxışda nəzərə çarpmayan, alt qatlarına işıq tutur, fikirlərinin obyektiv şərhini verir, özündən öncəki tədqiqatçıların ilgisini çəkməmiş, ya da qəsdən gözardı edilmiş məqamlara diqqət yönəldir, tarixi, siyasi əhəmiyyətini mənalandırır. Odur ki, kitab 2014-cü ildə AYB-də təqdim olunduğu zaman Xalq yazıçısı Anarın onu "Bu dəyərli nəşr Əli bəy haqqında indiyə qədər yazılanların ən qiymətlilərindən biri, bəlkə də birincisidir...” şəklində dəyərləndirməsi təsadüfi deyildi.
Əli bəy Hüseynzadənin Azərbaycan-türk düşüncəsinin formalaşması və inkişafındakı rolu danılmazdır. Monoqrafiyada bəlli dönəmlərdə türk tarixinin ən ciddi və dərin problemlərinə münasibətdə millətinin zərərinə olan mövqe nümayiş etdirənlərdən fərqli olaraq Əli bəy Hüseynzadənin düşüncə və fəaliyyətinin türk genefondu, tarixi, etnoqrafiyası, xüsusilə, dilinə yönəldiyi ətraflı şərh olunur. Çox sonralar çağdaş tarixçiliyin tədqiqat obyektinə çevriləcək ümumtürk tarixinin əksər hadisə və tarixi fiqurları haqqında ilk qeydlərin Ə.Hüseynzadəyə aid olduğu isbatlanır.
Monoqrafiyada Ə.Hüseynzadənin "Tatar” adına etiraz kimi "Türklər kimdir və kimlərdən ibarətdir?” cavab yazıları ilə Azərbaycan türkoloji elminin qurucusu olduğu vurğulanır. Müəllif Hilmi Ziya Ülkenin bu yazının "modernləşdirmə tariximizdə ilk dəfə hümanizm eğitimi haqqında sistemli bir görüşü müdafiə etdiyini” qeyd etməkdə haqlı olduğunu önə çıxarmaqla yanaşı, onun digər müəlliflərin bu mövzuda Əli bəydən öndə gəldikləri iddiasını absurd hesab edərək inkar edir. Azər Turan adı çəkilən həmin müəlliflərin yazılarını şərh edərək, V.Tomsen, Vamberi, Radlov, Eyveld və digərlərinin simasında türkolojinin mövcud olduğu, lakin "o aləmdə türklərin özlərinin yox” olduğu bir zamanda Əli bəy Hüseynzadənin "Türk kimdir?” sualına zamanı üçün yeni sayılan cavablar verdiyini yazır: "Əli bəyin tarixçiliyi müasir olduğu qədər də elmi, təxminlərə deyil, faktlara istinad edən və ilk dəfə türkşünaslıq terminolojisinə rəvac verərək yaranan tarixşünaslıq idi.” Azər Turan Əli bəy Hüseynzadənin türklərin kimliyi haqqındakı suala cavab verərkən ilk növbədə türk siyasi genefondunda uydurma etnik sindromlardan qurtuluş yollarını araşdırdığını, təfərrüatlara enmədən yaddaşları oyatdığını yazır.
Maraqlıdır ki, Azər Turan osmanlıçılıqda ittiham edilən Əli bəyin bu addımını "siyasi gediş” adlandırır və yazır: "Sadəcə, bu osmanlıçılığın millətimiz üçün çıxarı XX yüzilin əvvəllərində həyatımıza bütün sferalarda müdaxilə edən rusçuluğun sıradan çıxarılmasını təmin etməsiydi.”
Bəzən açıq-aydın, bəzən isə sətiraltı fikirlərlə türklük düşüncəsinə bu zamana qədər verilməkdə olan zərərlərdən, bu gün də çözümünü tapa bilməyən vahid türk dili anlayışının bünövrəsinin dağıdıldığından, vaxtilə (1904-1905) buna Azəraycanda Əli bəyin, Krımda (1912) İsmayıl bəy Qaspıralının ilk etiraz səslərini ucaltdığından, onların bu sahədə konkret addımlarından bəhs edilir. Monoqrafiyada Ə.Hüseynzadənin "Türklər kimdir və kimlərdən ibarətdir?” əsərində türklərin tatar adlandırılması məsələsini ətraflı şərh edən və bu münasibətlə əsərdən əhəmiyyətli geniş parçanı verən müəllif 7 il sonra "Tatar milləti” məqaləsində İ.Qaspıralının bu xüsusda onun səsinə səs verdiyini qeyd edir. Bəzən özündən öncəki heç bir fikrə və heç bir müəllifə etiraz etməyə cürəti çatmayan, ümumi sözlərlə fikir bildirən tədqiqatçılardan fərqli olaraq kifayət qədər cəsarətli fikirlər yazır. Sənət, ədəbiyyat müstəvisində bütün sivil mübahisələr, polemikalar məqbuldur – həqiqətlərin çoxu mübahisələrdə, bu mübahisələrin ortaya çıxardığı suallara cavab aramaqla meydana gəlir.
Vaxtilə türk tarixi və bütövlükdə türk varlığına "vüsətli elmi yanaşma” sərgiləyən Əli bəyin düşüncələrini şərh etməklə yanaşı, müəllif həm də bu xüsusda tədqiqat obyektinin fikirləri ilə birə bir üst-üstə düşən elmi düşüncə və qənaətlərini bölüşür. Beləliklə, bu monoqrafiyada Azər Turanı yalnız Əli bəy Hüseynzadə irsinin araşdırıcısı olaraq deyil, türkoloji düşüncənin azman fikir sahiblərindən biri olaraq izləyirik.
Kitabda "Əli bəy Hüseynzadənin nəsil şəcərəsi” başlığı ilə verilmiş fəsil müstəqil bir monoqrafiya təsiri bağışlayır. Əli bəyin babası, əmisi, qardaşı, qardaşı oğulları və s. yaxın qohum-əqrəbasının hər biri cümhuriyyət dönəmində, ondan əvvəl və sonra əhəmiyyətli postlar tutan, ölkəmiz üçün hərəsi öz çapında önəmli işlər görən və hər birisinin Əli bəy ilə qohumluq əlaqələrindən başqa, həm də məslək bağları olan insanlardır. Əli bəyin yeganə qardaşı olan İsmayıl Hüseynzadə ailəsi ilə birlikdə sürgün edilən ziyalılardandır. Onların hamısının bu və ya başqa şəkildə cəzalandırılmasının bir səbəbi öz fəaliyyət və əqidələri idisə, başqa bir səbəbi də Əli bəylə yaxın qohumluq əlaqələri idi.
Azər Turan Əli bəy Hüseynzadənin qardaşı İsmayılın övladları haqqında bəhs edərkən onları "bənzərsiz taleli insanlar” adlandırır. Həqiqətən, monoqrafiyanı oxuyarkən şahid oluruq ki, əmisinin yolunu davam etdirərək Azərbaycanın istiqlal savaşına qatılan Sultan, Cümhuriyyət dövründə təhsil almaq üçün xaricə göndərilmiş Bəhram, qardaşları Firidun, Şəmsəddin Hüseynzadələrin qəribə taleyi olub. Ailəsi 1956-cı ildə bəraət aldıqdan sonra sürgündən Bakıya qayıtmaq üçün Şəmsəddin Hüseynzadənin MK-ya müraciəti ilə bağlı məktubundan bəhs edərkən müəllif yazır: "...məktubu oxuyarkən istər-istəməz düşünürsən ki, zavallı Hüseynzadələr, haqqın nahaqdan ayrılması üçün nə qədər əzab çəkiblər. Həmişə, bütün mərhələlərdə nəyisə izah ediblər. Adamları həqiqətə inandırmaq üçün məktublar, ərizələr, izahatlar yazıblar, ifadələr veriblər”.
"Əli bəy Hüseynzadə” monoqrafiyasının "Əlyazmalar yanmır, yaxud "Bioqrafik müxtəsər məlumat” fəslində müəllifin belə bir fikrini oxuyuruq: "1935-ci ilin fevralında A.H.Turan imzası ilə qələmə aldığı "Bioqrafik müxtəsər məlumat”ı mütaliə etdikcə hiss olunur ki, on səhifəlik bu yazı istər Türkiyədə, istər Azərbaycanda daim alimlərimizin yeganə istinad mənbəyi olub. Sadəddin Nüzhətin 1936-cı ildə nəşr olunmuş "Türk şairləri” kitabından üzü bəri bu mətn tədqiqatdan tədqiqata ötürülüb, ancaq onun özü haqqında heç bir müəllif məlumat verməyib. Əksinə, hadisələr birinci şəxsin deyil, ikinci şəxsin dilindən təqdim olunub. Bir sıra məqalələrdə və kitablarda isə Əli bəy Hüseynzadənin yazdıqları ilə onun araşdırıcılarının yazdıqları, demək olar ki, bir-birindən heç fərqlənmir. Çoxları Əli bəyin "Bioqrafik müxtəsər məlumat”da yazdıqlarını öz elmi axtarışının maraqlı səhifəsi kimi təqdim edib...”
Azər Turan monoqrafiyada "çilik-çilik edilmiş büllur kimliyimizin tarix, sənət, fəlsəfə və ədəbiyyat üsulu ilə yenidən bərpası” hesab etdiyi "Siyasəti-fürusət”də neçə minillik tariximizə aid olan bütün hadisələrə toxunulduğunu yazır. Bunlar müəllifin subyektiv fikirləri deyil, ədəbi-ictimai fikir tariximizdə bu əsərin və ümumiyyətlə Ə.Hüseynzadənin yeri və roluna obyektiv qiymətləndirilməsində ziyalı mövqeyinin təzahürüdür. 2014-cü ildə Astana şəhərində BTA-nın təşkilatçılığı ilə "Türk dünyası: Böyük şəxsiyyətlərin irsi” mövzusunda beynəlxalq elmi konfransda "Böyük mütəfəkkir Əli bəy Hüseynzadə və müasirlik” mövzusunda məruzə edən akademik İsa Həbibbəyli bu əsəri ədəbiyyatımızın digər bir möhtəşəm sənət nümunəsi ilə qiyaslayır: "Azərbaycanda türkologiyanı həm kulturoloji baxımdan, həm ədəbiyyat və sənət istiqamətində Əli bəy Hüseynzadə qədər geniş əhatə edən ikinci böyük bir şəxsiyyət tapmaq, göstərmək çətindir. Fikrimcə, Əli bəy Hüseynzadənin fəlsəfi baxışlarını, ictimai-siyasi görüşlərini, həm də ədəbiyyat düşüncəsini mükəmməl şəkildə ifadə edən ”Siyasəti-fürusət” ("At oynatmaq siyasəti”) əsəri Azərbaycan ictimai fikri tarixində, bütövlükdə türk dünyasında böyük Mirzə Fətəli Axundzadənin "Kəmalüddövlə məktubları” ilə müqayisə oluna bilinən möhtəşəm sənət əsəridir. Bu məqamda o, proseslərə geniş baxmağı bacaran və dərin elmi-ədəbi fikirləri ifadə edən çox dəyərli mütəfəkkir ədibimizdir, böyük filosofumuzdur”.
Uşaq yaşlarında atasını itirən Əli bəy Şeyxülislam babasının himayəsində qalmışdır. Monoqrafiyada əhəmiyyətli məqamlardan daha biri ədibin düşüncə və dünyagörüşünün formalaşmasında aparıcı rolu olan Qafqazın şeyxülislamı Axund Əhməd Səlyani ilə bağlı gerçəklərin gün üzünə çıxarılmasıdır. Azər Turan "ümmətçilikdən milliyyətçiliyə keçid dövrü” kimi səciyyələnən bir zamanda yaşayan, fəaliyyət göstərən şeyxin ruhani həyatın maarifçilik səmtinə yönəlməsindəki müsilsiz xidmətlərinin etiraf olunmadığını təəssüflə qeyd edir. Və sələflərinin xətasını təkrarlamadan onun gördüyü böyük işlərə işıq tutur: "...Amma zənnimcə, onun fövqəladə xidmətləri, gördüyü işlər, yazdığı kitablar imkan verir ki, şeyxin adı Azərbaycan maarifçilik hərəkatının öndə gələn xadimlərinin ismi ilə bərabər hallandırılsın. ...O, Nəcəfül-Əşrəfdə təhsil alsa da, ənənəvi Nəcəf alimlərindən olmadı. Qafqazdan İstanbula, Bağdaddan Təbrizə qədər elə bir ruhanimiz, elə bir şeyxülislamımız yoxdur ki, XIX yüzildə "Tarixi-ədəbiyyati-türki” adlı əsər hazırlamağa cəhd etsin; imanpərvər olduğu qədər də milliyyətpərvər olsun; türk millətinin başlıcaları və böyükləri, tu-kuye-lər – Göytürklər, uyğurlar barədə qələm çalsın; ədəbiyyat tariximizdə ilk dəfə Oğuz poetik dünyası barədə fikirlər söyləsin; diqqəti Orhon-Yenisey yazılı mətnlərinə yönəltsin; "Qutadqu-Bilik”, türklərin islamı qəbul etmələri, uyğur lisanı, cığatayca yazılmış olan məşhur əsərlər, əski türklərin yazısı, cığatay ədəbiyyatının qızıl dövrü, uyğur dili, Əlişir Nəvai haqqında yazılı söz deməyi özünə vicdan borcu bilsin...” Doğrudan da, türk ədəbiyyatı tarixini yazmağa təşəbbüs edən bir islam şeyxinin özü, obrazı, fəaliyyəti nədən unudulmalı, anılmamalıdır? Təkcə elə bu mövzuda A.Turanın yazdıqlarını şərh etmək böyük bir məqalə mövzusudur. Bircə onu xatırladaq ki, monoqrafyada uzun illər ədəbiyyat və mətbuatımızda Şeyxin Mirzə Fətəli Axundzadənin dəfni ilə bağlı fətvası haqqında yalan-yanlış fikirlərə yol açan mətnlərə münasibət də diqqətçəkəndir. Bu məsələ ilə bağlı hər hansı dəlil olmasa da, müəllif tutarlı arqumentlərlə uzun illər yazılanların əksini iddia edir.
Monoqrafiyadakı bu və digər onlarla qənaət imkan verir deyək ki, müəllif tədqiq etdiyi obyektə yaxından bələdliyi ilə yanaşı, həm də detallı, diqqətli yanaşaraq, bəzən heç bir mübahisəyə səbəb olmayacaq, bəzən isə ədəbi-mədəni kontekstdə geniş polemikalara yol açacaq fikirlər yürüdür. Bunu müəlif özü də təxmin edir və bəzi məqamlarda fikirlərinə "bilirəm, yəqin ki, mübahisə doğuracaq” deyə başlayır.
1990-cı illərdə Rəfiq Zəka Xəndan Əli bəy Hüseynzadəni "Unudulmuş dahi” adlandırırdı. Nə yaxşı ki, unudulmuşları da xatırlayan, onları öz xalqına qaytaran, qazandıran azlar var və o azlardan biri, Əli bəy Hüseynzadənin həyat və yaradıcılığı haqqında layiq olduğu miqyasda araşdırmanı ərsəyə gətirən Azər Turan oldu. "Əli bəy Hüseynzadə” monoqrafiyası yalnız bir obyektin araşdırması deyil, Əli bəyin ömrünü adadığı ideologiyanı formalaşdıran ictimai, siyasi, ədəbi mühit, dövr haqqında ətraflı və geniş təsəvvür yaradan, tablosunu cızan bir əsərdir.

Mətanət Vahid

banner

Oxşar Xəbərlər