• cümə, 19 Aprel, 10:31
  • Baku Bakı 13°C

Məsləhətləşib ək ki, məhsulun bol olsun

21.02.20 17:22 3010
Məsləhətləşib ək ki, məhsulun bol olsun
Kənd təsərrüfatının elektron xəritəsi fermerlərin informasiyaya çıxışını asanlaşdıracaq

"Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində ekspertlərə məsləhət verilməsi üçün xəritə hazırlanır. Bunu Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə icra etdiyi layihənin açılış mərasimində beynəlxalq ekspert Lazslo Popesi bildirib. Onun sözlərinə görə, xəritə mütəşəkkil və hər kəs üçün əlçatan olacaq: "Məsələn, Gəncədən kimsə zəng edəcək, ekspert xəritəyə baxaraq mövcud məhsullara, iqlim şəraitinə uyğun məsləhət verəcək”, – deyə o, qeyd edib.
Ekspert həmçinin əlavə edib ki, Azərbaycanda reallaşdırılan layihə kənd təsərrüfatı fermerlərinin istehsal etdikləri məhsulların keyfiyyətini, paralel olaraq onların gəlirlərini artıracaq: "Bunun üçün fermerlərə daima sadə dildə məlumatlar lazımdır ki, onlar son yeniliklərdən xəbər tutsunlar. Yəni elmi məqaləyə ehtiyac yoxdur”.
Xatırladaq ki, "Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsinin əsas məqsədi Azərbaycanda bütün fermerlərin ehtiyaclarına cavab verən və aqrar sektorda yenilikləri artıra biləcək müasir məsləhət xidmətlərinin göstərilməsi üçün işlək, effektiv və səmərəli model hazırlamaqdır.
Bəs görəsən sözügedən xəritə aqrar sahənin inkişafına hansı töhfələri verəcək? Burada hansı məsələlər öz əksini tapacaq?
Aqrar sahə üzrə ekspert Qadir Bayramlı deyir ki, fermerlərin ən böyük çətinliklərindən biri onların aqrar sahə ilə bağlı biliklərinin aşağı səviyyədə olmasıdır: "Aqrotexniki qulluq, bazar araşdırmaları, texniki vasitələrdən istifadə səviyyəsi çox aşağıdır. Bu amil də fermerlərin fəaliyyətinin müasir kənd təsərrüfatı üsullarına keçməsi məsələsini xeyli ləngidir. Sözügedən layihədə fermerlərin sistematik olaraq lazımi qaydada məlumatlandırılması, onların bazar imkanlarını asanlaşdıran təşviqlər olacaqsa, mühüm nəticələr əldə etmək olar. Fermerlərimizin məlumatsızlığının ən böyük səbəblərindən biri də yerlərdə konsultasiya mərkəzlərinin olmaması ilə bağlıdır. Bu məsələlər zaman-zaman aktuallaşaraq gündəmə gəlir. Amma indiyə qədər bu istiqamətdə ciddi addımlar atılmayıb. Bölgələrdə, xüsusən də aqrar sahənin inkişaf etdiyi rayonlarda belə mərkəzlərə ehtiyac var. Savadlı kadrların olduğu konsultasiya mərkəzləri bu problemin həllində vasitəçi ola bilər. Artıq problemlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının da diqqətini çəkib. İndi təşkilatın bizimlə əməkdaşlıq etmək fikri təqdirəlayiq haldır. Fermerlərin torpaqdan, gübrədən, dərman preparatlarından istifadə qaydaları, torpaqların əkinə hazırlanması, müxtəlif aqrotexniki qulluq haqqında maarifləndirilməsinə ehtiyac var. Qeyd etdiyim kimi, məlumatlılıq səviyyəsi çox aşağıdır. Bu xəritənin, qismən də olsa problemlərin həllinə kömək olacağını düşünürəm. Fermerlərin zamanla bazara inteqrasiyası, daha keyfiyyətli ekoloji təmiz məhsulların yetişdirilməsi, uçotların elektron qaydada aparılması və digər vacib məsələlər xəritədə yer alarsa, böyük faydası ola bilər. Önəmli olan, bu işlərin şəffaf və sistemli şəkildə aparılması və bütün bölgələri əhatə etməsidir”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli bildirdi ki, aparılan tədqiqatlar və təhlillər onu göstərir ki, bütün dünyada aqrar sahədə kütləvi informasiya xidmətinin təminatı məsələsi ciddi problem olaraq qalmaqdadır: "Çünki kənd təsərrüfatı sahəsində istehsal dağınıq şəkildədir və böyük arealı əhatə edir. Eyni zamanda istehsalçıların aqrar sahə ilə bağlı informasiya təminatına böyük ehtiyacı var. Ona görə də, ən inkişaf etmiş ölkələrdə belə, bu sistem 100 faizli təmin edilə bilməyib. İstehsalçılara lazım olan informasiyanın təminatı əksər aqrar ölkələrdə aktual məsələ olaraq qalmaqdadır”.
Ekspert bildirdi ki, ən vacib məsələ dövlətin həyata keçirdiyi aqrar siyasəti istehsalçının bilməyidir: "Fermerlər, onlara tətbiq olunan güzəştlər, subsidiya və üstünlükləri bilməli və bunlardan istifadə etməyi bacarmalıdır. Digər tərəfdən kənd təsərrüfatı istehsalı iqlim amilləri ilə bağlı olduğundan, hökmən metroloji təminat və bu haqda məlumatların olması şərtdir. İstehsalçının öz istehsalını planlaşdırmasında bu amil çox önəmlidir. Bir çox hallarda gecikmiş əkin problemi ilə üzləşirik. Əkin vaxtı keçsə də, fermerin bundan xəbəri olmur. Gec əkildiyinə görə, məhsulun 30-40 faizi itkiyə gedir və ya müəyyən bir bölgədə xəstəliklər yayılır. Fermer isə bundan məlumatsız olur. Vaxtında addım atılmadığından, bu xəstəliklər böyük areallara sirayət edir. Bütün bunların hamısı ciddi informasiya təminatı tələb edir. Bu layihə çərçivəsində elektron xəritələrin yaradılması nəzərdə tutulur. İlk növbədə istehsalla məşğul olan fermerlərin fəaliyyət istiqamətləri, məhsulun kəmiyyət və keyfiyyəti, eyni zamanda informasiyanı tez bir zamanda çatdıran elektron sistemin formalaşması nəzərdə tutulur. Dünya təcrübəsində bunun üçün müxtəlif üsullardan istifadə olunur. Fermerlər ağıllı telefonlarla elektron kabinetinə daxil olaraq istənilən informasiyanı əldə edə biləcəklər. Əgər bu xəritə yaxın müddətdə hazır olarsa, fermerlərin informasiyaya çıxışı asanlaşacaq. Bu layihə həm də kənd təsərrüfatının elektron xəritəsi olacaq. Bu həm də fermerlərin fəaliyyətini izləməyə imkan yaradacaq. Fermerlərin özlərinə lazım olan informasiyanı tez və operativ şəkildə, heç bir resurs xərcləmədən əldə etməsi üçün mükəmməl sistem hazırlanmalıdır”.
Şəbnəm
banner

Oxşar Xəbərlər