AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Mənim dünyam” hər kəsin dünyası ola biləcək

“Mənim dünyam” hər kəsin dünyası ola biləcək

Mədəniyyət
20 Noyabr 2013, 08:34 3085
Uzun müddətdir ki, reklam olunan və türk filmlərinin pərəstişkarlarının səbirsizliklə gözlədiyi, məşhur simaların rol aldığı “Benim dünyam” filminin noyabrın 15-dən etibarən Nizami Kinoteatrında nümayişi gedir. Filmin premyerasında Türkiyənin aparıcı aktyorlarının və eləcə də baş rolda çəkilmiş tanınmış aktrisa Beren Saatın iştirak edəcəyi söylənsə də, aktrisanın “İntikam” serialının çəkilişlərinə görə Azərbaycan tamaşaçıları ilə görüşə gələ bilmədiyi diqqətə çatdırıldı. Buna baxmayaraq, filmin premyerası anşlaqla keçdi.

Filmi izləməyə gələnlərin əksəriyyətini tələbələr və gənc nəslin nümayəndələri təşkil edirdi. Zalda boş yerin qalmadığını görüb kinoteatrın nümayəndəsindən filmlərin təqdimatının hər zaman bu şəkildə keçib-keçmədiyini soruşduq. Cavabdan məlum oldu ki, türk filmlərinə yerli tamaşaçılar tərəfindən böyük maraq olduğundan onların təqdimatı anşlaqla keçir.

Film başlayandan bitənə kimi hər kəsi sanki sehrləyib ağuşuna alaraq, qəhrəmanların həyatına şahidlik etməyə məcbur etdi. Mütəxəssislər söyləyirdilər ki, nümayiş olunmamışdan öncə filmin plagiat olduğu kimi xəbərlərin yayılması onun nümayişinə haradasa təsir edəcək. Ancaq bu kimi fikirlər özünü doğrultmadı...

Filmin mövzusu əlil bir qızın həyata necə bağlanmasından bəhs edir. Belə ki, Elanın 1 yaşı olarkən valideynləri uşağın heç nəyə reaksiya verməməyini görüb həkimə müraciət edirlər. Həkim uşağı müayinə etdikdən sonra onlar öyrənirlər ki, yeganə qızları olan Ela həm kor, həm lal, həm də kardır. Qüsurlu doğulan qızı cəmiyyət və ailə üzvləri qəbul edə bilmir. 6 yaşlı Elanı psixi xəstəxanaya göndərərkən Mahmud adlı müəllim onun həyatına daxil olaraq qaranlıq dünyasını işıqlandırır. O, gənc qıza qüsurlu olduğu halda danışmağı və hətta oxumağı öyrədəcəyini deyir. Hər kəs bunun möcüzə olacağını söyləsə də, müəllim dediklərini zamanla həyata keçirməyi bacarır. Hətta filmin qəhrəmanı Ela Ədəbiyyat Universitetinə daxil olub, öz yaşıdları kimi ali təhsil də alır. Maraqlıdır, bəs görəsən bu qədər qüsuru olan bir şəxsə oxumağı necə öyrətmək olar? Mahmud müəllim, qüsurlu qıza hər şeyi əli və ağzı ilə öyrədir. Belə ki, Elaya əlini ağzına yaxınlaşdıraraq nəfəsinin ritmi ilə hərəkət edə biləcəyini öyrədir. Beləcə, Ela nəfəsinin tempinə görə kimin nə demək istədiyini anlaya bilir. Müəllimin ən böyük arzusu isə möcüzə sayəsində həyata qaytardığı tələbəsinin ali diplom almasını ölmədən görə bilməsi idi. Mahmud müəllim qızın psixoloji xəstəxanaya düşməsinə imkan verməsə də, tale elə gətirir ki, yaddaşının itməsi ucbatından özü həmin xəstəxanaya düşür. Müəllim qızın həyatını xilas edib, öz həyatını təhlükəyə atır. Qəribəsi də odur ki, onu xəstəxanadan xilas edən qüvvə həm kar, həm kor, həm də lal olan tələbəsi Ela olur. Gənc qız qüsurlu olmasına baxmayaraq, öz həyatını kitab şəklində yazır, xəstə müəlliminə verərək, onu oxumağa məcbur edir. Filmin sonunda isə Ela universitetdən məzun olub müəlliminin yanına gəlir. Unutqanlıq xəstəliyinə tutulan Mahir müəllim hər şeyi xatırlamağa başlayır. Müəllim məhz özünün həyata qaytardığı Elanın sayəsində keçmişini xatırlamağa başlayır və psixi xəstələrin toplaşdığı xəstəxanadan xilas olur.

Qeyd edək ki, filmdə istifadə olunan musiqi, rejissor işi, operator işi, aktrisaların seçimi - hər şey birmənalı şəkildə mükəmməldir. Əslində bu filmi orada baş rolu oynayan aktyorlar üçün böyük reklam da hesab etmək olar. Belə ki, filmdən öncə məşhur aktrisa Beren Saatı “Aşka sürgün”, “İntiqam”, “Aşkı Memnu” kimi seriallardan izləmişdik. Onun hansısa samballı filmdə baş rol oynaya biləcəyi ilə bağlı şübhələr vardı. Ancaq etiraf etmək lazımdır ki, o həm kor, həm kar, həm də lal olan qız obrazının öhdəsindən ustalıqla gəlməyi bacarıb. Uğur Yücelə gəlincə isə, o, filmdə həm rejissor işini, həm də filmin əsas qəhrəmanlarından olan Mahmud müəllim rolunu uğurla canlandırıb.

Film dünyasında Hindistan kinematoqrafçılarının adətən drama üstünlük verdiyi və bu mənada onların filmlərinin daha təsirli olduğu söylənilir. “Mənim dünyam”ın hindlilərin çəkdiyi filmin əslindən daha təsirli olduğunu əminliklə demək olar. Deməli, filmi ərsəyə gətirənlər öz məqsədlərinə çatıblar. Buna görə də onlara təbrik düşür.

Xəyalə Rəis