• cümə axşamı, 28 mart, 15:24
  • Baku Bakı 16°C

Mehriban Əliyeva. Xaricdən olan baxış

26.08.19 11:53 1820
Mehriban Əliyeva. Xaricdən olan baxış
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ad günüdür. Mehriban Əliyeva Azərbaycan xalqının həqiqi məhəbbət və hörmətini qazanmış nüfuzlu dövlət və ictimai xadimdir.
Mehriban Əliyeva Azərbaycanın çiçəklənməsi və dövlətçiliyinin möhkəmlənməsi üçün böyük işlər görür. Mehriban xanımın fəaliyyəti irimiqyaslı sosial layihələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyada təbliği, ölkə daxilində və xaricdə çoxsaylı humanitar aksiyaları, eləcə də bir çox digər istiqamətləri əhatə edir.
Mehriban Əliyevanın Azərbaycanın inkişafına, onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə şəxsi töhfəsini qiymətləndirmək çətindir. Mehriban Əliyevanın fəaliyyəti həm Azərbaycanda, həm də ölkə xaricində yüksək qiymətləndirilir.
Bolqarıstanın Kirill və Mefodi adına Veliko-Tırnovo Universitetinin rektoruXristo BoncolovTrend-ə müsahibəsində bildirib ki, Mehriban Əliyeva tərəfindən Veliko-Tırnovo şəhərinə diqqət bolqarlar tərəfindən böyük rəğbətlə qarşılanır.
Rektorun sözlərinə görə, Heydər Əliyev Fondu tərəfindən hər bir bolqar üçün əziz olan "Trapezitsa” muzey-qoruğunun bərpası Bolqarıstanda sülh və iki ölkə arasında dostluq rəmzi kimi qəbul edilir:
"Biz tarixi abidələrimizə, tarix və mədəniyyətimizə göstərilən dəstəyi yüksək qiymətləndiririk. Şəhərimizin sakinlərinin Mehriban Əliyevanı minnətdarlıq və hörmətlə qarşılamaları bunun sübutudur”.
Rektor xatırladıb ki, Veliko-Tırnovo şəhərinin tarixi-mədəni irsinin bərpası və mühafizəsinə verdiyi töhfəyə görə, sakinlər Mehriban Əliyevaya şəhərin fəxri vətəndaşı, eləcə də Kirill və Mefodi adına Veliko-Tırnovo Universitetinin fəxri doktoru diplomlarını təqdim ediblər.
X.Boncolov ümidvar olduğunu bildirib ki, Heydər Əliyev Fondu ilə Bolqarıstan arasında məhsuldar əməkdaşlıq gələcəkdə də davam edəcək və iki dost ölkə arasındakı münasibətlərə əlavə töhfə verəcək:
"Mən bilirəm ki, Heydər Əliyev Fondu təkcə öz ölkəsində yox, həm də bütün dünyada təhsil, mədəniyyət, idman, səhiyyə, elm və texnologiya, ətraf mühit sahələrində layihələrin reallaşdırılmasında fəal iştirak edir. Heydər Əliyev Fondunun ali məqsədi var – müxtəlif mədəniyyət və sivilizasiyaların qarşılıqlı zənginləşməsi, müxtəlif xalqlar arasında dialoqun genişləndirilməsi və tolerantlıq ənənələrinin qorunması. Mən şadam ki, Heydər Əliyev Fondu Şərqi Avropada mədəniyyət sahəsində müvafiq layihənin həyata keçirilməsi üçün məhz Veliko-Tırnovo şəhərini seçib və nəticədə "Trapezitsa” dünya mədəniyyət abidələri xəzinəsi siyahısına daxil edilib. Bolqarlar üçün Heydər Əliyev Fondunun və şəxsən Mehriban Əliyevanın etdikləri çox vacibdir, çünki bu, mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı hörmətin bir hissəsidir”.
Öz növbəsində Fransada Azərbaycan Dostları Assosiasiyasının prezidentiJan-Fransua Manselhesab edir ki, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyeva Fransa-Azərbaycan münasibətlərinin qurulmasında mühüm rol oynayıb:
"Mehriban Əliyeva Fransada Heydər Əliyev Fondunun tədbirlərində fəal iştirakı ilə bizim ictimaiyyətimizdə müsəlman ölkəsini təmsil edən parlaq, nəcib, müasir və savadlı qadının təcəssümünə çevrilib. Beləliklə, Fransa ilə Azərbaycanın yaxınlaşması üçün qapı açılıb".
Assosiasiya prezidenti Mehriban Əliyevanın 2019-cu ilin martında Fransaya səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsindəki əhəmiyyətini xüsusi vurğulayıb:
"İstənilən dostluq münasibətlərində enişlər və yoxuşlar ola bilər. Bu səfərə qədər bəzi xoşagəlməz hadisələr iki ölkə arasında anlaşılmazlığa səbəb olmuşdu. Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya səfəri və yüksək səviyyədə görüşlərin keçirilməsi qara buludları qovdu və Fransa-Azərbaycan dostluğunu möhkəmləndirdi. Mehriban Əliyevanın Fransa haqqında dərin bilikləri, ölkəmizə marağı fransalı həmsöhbətləri mütəəssir etdi və onun vacib sahələrdəki bilikləri yüksək qiymətləndirildi”.
J.F.Mansel vurğulayıb ki, Heydər Əliyev Fondunun Fransada keçirdiyi humanitar və mədəni tədbirlər sayəsində fransalılar özləri üçün Azərbaycanı kəşf edə bildilər və ölkənin orijinallığını, mədəniyyətini, eləcə də müxtəlif xalqların və dinlərin birgəyaşayışını təmin etmək bacarığını qiymətləndirdilər.
Oxşar fikirləri Trend-ə müsahibəsində Fransanın Azərbaycandakı səfiriOreliya Buşedə səsləndirib:
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa-Azərbaycan münasibətlərinə yeni məzmun gətirib. Mehriban Əliyevanın vurğuladığı kimi, ikitərəfli münasibətlərdə hələ də istifadə edilməmiş potensial mövcuddur”.
Səfir qeyd edib ki, Mehriban Əliyeva təhsil və mədəniyyət sahəsində onsuz da yüksək olan Fransa-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi mövqeyindən çıxış edir:
"Birinci vitse-prezident Mehriban Əliyeva uzun illərdir təhsil və mədəniyyət sahəsində, o cümlədən, Heydər Əliyev Fondunun prezidenti kimi fəal şəkildə çalışır və bu sahələrdə böyük uğurlar əldə edib. Mehriban Əliyevanın Parisə uğurlu səfərindən sonra yeni addımlar atıldı. O, Parisdə baş nazir, iqtisadiyyat və mədəniyyət nazirləri kimi yüksək vəzifəli şəxslərlə görüşlər keçirdi. Bu görüşlər iyul ayında "Azərbaycan mədəni irsi Luvr Muzeyində” və 10 il Azərbaycanın müxtəlif yerlərində çalışan Fransa-Azərbaycan komandalarının apardığı arxeoloji qazıntıların nəticələrini təqdim edən "Fransa-Azərbaycan arxeoloji qazıntılarının 10 illiyi"nə həsr olunmuş iki böyük sərginin Bakıda keçirilməsinə səbəb oldu. Bu sərgi Cənubi Qafqazda qədim yaşayış məskənlərinin və sivilizasiyaların necə yarandığını göstərir. Əlbəttə, yaxın aylarda daha çox işlər görmək niyyətindəyik. Biz tanınmış fransız fotoqrafı Robert Duanonun Heydər Əliyev Mərkəzində sərgisinin reallaşdırılması üzərində işləyirik. Bizim bir çox başqa layihələrimiz də var. Biz yeni vacib addımların şahidi olduq və növbəti aylarda, qarşıdakı illərdə daha da çox iş görmək arzusundayıq”.
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın əməkdar mədəniyyət işçisi, Rusiya Dövlət mükafatı laureatıMixail QusmanTrend-ə müsahibəsində vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın həm öz ölkəsində, həm də dünyada multikulturalizmin inkişafındakı xidmətlərini qiymətləndirmək çətindir:
"Azərbaycan Prezidenti İlham Əliyev həmişə vurğulayır ki, multikulturalizm Azərbaycanın mədəni, eləcə də sosial həyatının təbii və vacib tərkib hissəsidir. Bu kontekstdə Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri qismində təkcə ölkənin beynəlxalq miqyasda tanınmasına deyil, həm də paytaxt Bakının dünyanın multikulturalizm mərkəzi kimi tanınmasına böyük töhfə verir. Başqa cür ola da bilməz, çünki tarixən Bakı dünya mədəniyyətlərinin, Qərb və Şərq sivilizasiyalarının və dünya dinlərinin kəsişdiyi məkan olub”.
M.Qusman Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti qismində fəaliyyətini xüsusi qeyd edib:
"Güclü və müstəqil Azərbaycanın da tərkib hissəsi olduğu müasir dünyada vətəndaş cəmiyyətinin rolu getdikcə daha da aktuallaşır. Ona görə də ölkədə ən vacib ictimai proseslərin başında dayanan Heydər Əliyev Fondu kimi təşkilatın olmasına böyük tələbat var. Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti, əsasən, onun prezidenti, müasir Azərbaycan ictimaiyyətinin tələbatını, onun qarşısında duran vacib tapşırıqları həssaslıqla duyan Mehriban Əliyevanın fəaliyyəti ilə bağlıdır”.
M.Qusman qeyd edib ki, Fond tərəfindən həm ölkədə, həm də xaricdə Azərbaycan xalqının xeyrinə, Azərbaycan naminə reallaşdırılan onlarla, hətta yüzlərlə layihə saymaq olar:
"Bu layihələr hər kəsə məlumdur. Heydər Əliyev Fondunda vətəndaşların minlərlə fərdi müraciətinə baxılıb və müxtəlif kateqoriyadan olan insanlara yardım edilib. Vacib olan odur ki, onun fəaliyyəti yalnız xeyriyyə işləri ilə məhdudlaşmır. Elm, təhsil, maarif sahələrində də ciddi layihələr var. Həmçinin, Fondun Azərbaycanın və xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin qurulmasında rolunu qiymətləndirmək çətindir. Mən hələ Azərbaycanda və xaricdə mədəniyyət abidələrinin restavrasiyası kimi ciddi layihələrdən danışmıram”.
Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoruMarqarita RusetskayaTrend-ə müsahibəsində bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sayəsində Azərbaycanla Rusiya arasında əməkdaşlıq yeni səviyyəyə qalxıb və uğurla inkişaf edir:
"Bir müddət əvvəl Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Rusiyanın Dostluq Ordeni ilə təltif olundu. Biz bu addımı ürəkdən alqışlayırıq. Azərbaycanın Birinci vitse-prezidenti gündəlik olaraq demək olar ki, həyatın bütün sahələrində – təhsil, mədəniyyət, elm, səhiyyə, ekologiya – ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına böyük töhfə verir. Onun rəhbərliyi altında həmin sahələrdə çoxsaylı Rusiya-Azərbaycan layihələri reallaşdırılır. Bundan başqa, Mehriban Əliyeva həm ölkə daxilində, həm də xaricdə geniş xeyriyyə fəaliyyətini həyata keçirir”.
M.Rusetskaya, həmçinin, Mehriban Əliyevanın rus dilinin Azərbaycanda inkişafındakı rolunu vurğulayıb və qeyd edib ki, ölkədə rus dilinə böyük diqqət həm də tələbəlik həyatını Moskvada keçmiş Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətidir.
banner

Oxşar Xəbərlər