• cümə, 19 Aprel, 08:19
  • Baku Bakı 13°C

“Made in Azerbaijan” brendini təşviq edəcək missiya

04.10.19 09:00 796
“Made in Azerbaijan” brendini təşviq edəcək missiya
Cari ildə ilk dəfə olaraq Azərbaycana alıcı missiyalarının təşkilinə başlanılacaq. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti, "Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair keçirilən mətbuat konfransında danışılıb. AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev dövlət başçısının sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, qeyri-neft məhsullarının ixracının inkişafı istiqamətində həyata keçirilən islahatlar, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, "Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, bu ilin əvvəlindən Azərbaycan məhsulları xarici ölkələrdə keçirilən 8 beynəlxalq sərgidə nümayiş olunub. Belə ki, Azərbaycan şirkətləri Berlində "Beynəlxalq Yaşıl Həftə 2019”, "Fruit Logistica 2019”, "Prowein 2019”, Moskvada "Prodexpo 2019”, "Mosbuild 2019”, "Worldfood Moscow 2019”, Birləşmiş Ərəb Əmirliklərində "Gulfood 2019” və Çində təşkil edilmiş "Sial China 2019” beynəlxalq sərgilərində "Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirak ediblər. Qeyd olunub ki, Azərbaycan məhsulları indiyədək 25 beynəlxalq sərgidə vahid ölkə stendi ilə təqdim edilib. Həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan məhsulları bu ilin sonunadək Almaniyada "Anuga 2019” və Çində təşkil olunacaq "Food and Hotel China” beynəlxalq sərgilərində nümayiş olunacaq.
Diqqətə çatdırılıb ki, bu il ilk dəfə olaraq Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə başlanılacaq. Bu mexanizmin tətbiqi "Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq, yerli məhsulların ixracının genişləndirilməsi, eləcə də, qeyri-neft istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq. İlk alıcı missiyasının təşkili bu ilin oktyabrında şərab və digər spirtli içki məhsullarının istehsalı sahəsində həyata keçiriləcək. Belə ki, alıcı missiyada iştirak məqsədilə Rusiyadan 8 şirkət seçilib. Cari ilin sonunadək qeyri-neft sektorunun müxtəlif sahələrində Gürcüstan, Özbəkistan, Polşa, Xorvatiya və digər ölkələrdən sahibkarlardan ibarət alıcı missiyalarının Azərbaycana səfəri nəzərdə tutulur. Bu missiyalar Azərbaycan mallarının ixracına hansı töhfəni verə bilər?
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, alıcı missiyaları qeyri-neft sektoru məhsullarının birbaşa alıcılara təqdim edilməsi ilə bağlı imkanların artırılmasına hədəflənib: "Alıcı missiyalarının təşkili zamanı istehsalçılarla beynəlxalq bazarın iştirakçısı olan istehlakçıların görüşdürülməsi əsas məqamlardan biridir. Bu, əslində, bir növ, platforma rolunu oynayır və Azərbaycan məhsullarının "Made in Azerbaijan” brendi altında dünya bazarlarında təbliği və təşviqi ilə bağlıdır. Məsələ burasındadır ki, son 3-4 il ərzində qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi və ixracın genişləndirilməsi ilə bağlı müxtəlif mexanizmlər hazırlanır. Amma buna baxmayaraq, artımlar hələ də qənaətbəxş deyil. Ölkə neft məhsullarının ixracından əhəmiyyətli səviyyədə asılıdır. Bu isə Azərbaycan iqtisadiyyatının xarici punktuasiyaların davamlılığını zəiflədən faktordur. İndiki halda müxtəlif metod və mexanizmlərdən istifadə edilərək, Azərbaycan məhsullarının dünya bazarında təbliği və təşviqi istiqamətində dövlət dəstəyinə ciddi ehtiyac var. Çünki yerli sahibkarların və istehsalçıların böyük əksəriyyətinin dünya bazarlarında öz məhsullarını təqdimetmə imkanları məhduddur. Həmçinin, onların bu sahədə təcrübələri azdır və xarici bazar iştirakçıları ilə əlaqələr qurma imkanları məhduddur. Çünki istehsal daha çox yerli tələbata hədəflənib. Ona görə də, dövlət dəstəyinə ehtiyac yaranıb. Missiyaların təşkil edilməsində əsas məqsəd bu boşluqları aradan qaldırmaqdır. Bu tədbirlər eyni zamanda, kompleks xarakter daşımalıdır. Həm istehsalın gücləndirilməsi, həm rəqabətin artırılması qarşıya qoyulan məqsədlərdir. Xarici istehlakçılarla münasibətlərin formalaşması bizim üçün çox önəmlidir. Bu addım Azərbaycan iqtisadiyyatının gələcək dövrlərdə dayanıqlı inkişafı baxımından əhəmiyyət kəsb edir. Çünki neft hasilatı son 7-8 ildə əhəmiyyətli səviyyədə aşağı düşüb. Ona görə də, qeyri-neft sahələri bu boşluqları kompensasiya etməlidir. Bu istiqamətdə təşviq mexanizmlərinə və dəstəyə də ehtiyac var. Alıcı missiyalarının yaradılması, əslində, Azərbaycanda istehsal olunan məhsulların istehsalçıları ilə istehlakçıları görüşdürmək üçün platformanın yaradılmasıdır. Bu, münasibətlərin formalaşması, məhsulların təqdim edilməsi və imkanların göstərilməsi platformasına çevrilə bilər. Bu mexanizm üzərində işləyənlər öz məsuliyyətini dərk etməlidir. Eyni zamanda, yerli istehsalçılar da bu prosesdə aktiv iştirak edə bilər. Çünki bu, onlar üçün yaradılan bir fürsətdir. Onlar bu fürsətdən yararlanaraq öz məhsullarını xarici alıcılara təqdim edə bilər. Belə alğı-satqı münasibətləri son nəticədə Azərbaycan brendinin dünya bazarlarında daha geniş şəkildə özünə yer etməsinə imkan yarada bilər”.
İqtisadçı-alim Vüqar Bayramov söylədi ki, alıcı missiyaları sərgi daxilində reallaşacaq: "Bu platformada nümayiş etdirilən məhsullara maraq göstərən ölkələr var. Bununla bağlı çoxsaylı müraciətlər var. Alıcı missiyalarının təşkil edilməsində əsas məqsəd, qeyri-neft sektorunda istehsal edilən məhsullara potensial alıcılar tapmaqdır. Həmçinin, bu platformanın əsas məqsədi alıcı ilə satıcını bir araya gətirməkdir. Qeyri-neft sektorunda istehsal edilən məhsulların həcmində artım müşahidə edilir. Ona görə də, bu məhsulların təqdim edilməsinə və alıcıların cəlb edilməsinə ehtiyac yaranıb. Alıcı missiyaları Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının təqdim edilməsi baxımından da vacibdir. Beləliklə, həm də qeyri-neft məhsullarının ixrac imkanlarının genişləndirilməsinə imkan yaranacaq. Həmçinin, öz məhsullarımızı fərqli ölkələrdən olan iş adamlarına təqdim etmə imkanı yaradılır. Düşünürəm ki, "Made in Azerbaijan” brendinin tanıdılması fonunda alıcı missiyalarının təşkili, daha çox qeyri-neft məhsullarının dünya bazarlarına çıxışını təmin edəcək”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər