Ölkədə həyata keçirilən islahatların və görülən işlərin real nəticəsi
Bu günlərdə Dünya
Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən "Doing Business 2017” hesabatını açıqlayıb.
Builki hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən,
Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir. Belə ki,
"Xarici ticarətin aparılması” göstəricisi üzrə beynəlxalq ticarət zamanı idxal
və ixrac bəyannamələrinin elektron qaydada verilməsi sisteminin tətbiq
edilməsi, "Vergilərin ödənilməsi” göstəricisi üzrə nəqliyyat vasitələrinə
tutulan vergi üzrə sadələşdirilmənin aparılması və "Elektrik təchizatı
şəbəkələrinə qoşulma” meyarı üzrə yeni qoşulmalar prosesi zamanı yeni
istifadəçilərin qoşulma nöqtələrinin müəyyən edilməsi üçün sərf olunan vaxta
qənaət edən məlumat bazasının yaradılması hesabatda mühüm islahatlar kimi
vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ərzində həyata
keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan hesabatda bir sıra
göstəricilər üzrə mövqeyini daha da yaxşılaşdırıb. Belə ki, ölkəmiz "Biznesə
başlama” göstəricisi üzrə 5-ci (əvvəlki hesabatda 7-ci), "Kiçik investorların
maraqlarının qorunması” göstəricisi üzrə 32-ci (əvvəlki hesabatda 36-cı),
"Xarici ticarətin aparılması” göstəricisi üzrə 83-cü (əvvəlki hesabatda 94-cü)
və "Elektrik təchizatı şəbəkələrinə qoşulma” göstəricisi üzrə 105-ci (əvvəlki
hesabatda 110-cu) pilləyə yüksəlib. Bundan başqa, "Doing Business 2017” hesabatının "Biznesə
başlama” göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə
dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi
qeyd edilib. Bundan başqa, "Əmlakın qeydiyyatı” (22), "Kiçik investorların
maraqlarının qorunması” (32), "Vergilərin ödənilməsi” (40), "Müqavilələrin
icrasının təmin edilməsi” (44) göstəriciləri üzrə Azərbaycan öz mövqelərini
yaxşılaşdıraraq 190 ölkə arasında ilk əllilikdə qərarlaşıb. Onu da əlavə edək
ki, hesabat 189 ölkədə biznes mühitinin qiymətləndirilməsi əsasında hazırlanıb.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat
İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov mövzu
ilə bağlı fikirlərini "Kaspi”yə bölüşərkən deyib ki, "Doing Business” hesabatı
Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2003-cü ildən bu
yana hər il hazırlanır. Onun sözlərinə görə, burada ölkələr üzrə biznesin tətbiqi
sahəsində bir sıra göstəricilər baxımından əlverişlilik səviyyəsi nəzərdən
keçirilməklə, bu sahədə mövcud vəziyyət qiymətləndirilir. Ekspert bildirib ki,
həmin göstəricilərə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması,
elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin
qorunması, vergiyığımı, xarici ticarət, müqavilələrin icrasına təminat,
həmçinin iflas kimi məsələlər daxildir: "Ötən il, yəni ki, "Doing Business
-2016”-ya əsasən, ölkəmizin 100 mümkün baldan 67,8-ni toplayaraq 63-cü yeri
tutmuşdu. Builki hesabatda isə 65-ci pillədə qərarlaşmışıq. Bununla belə, çox
yaxşı göstəricidir. Xatırladım ki, 2015-ci ildə 80-ci, 2014-ci ildə isə 70-ci
yerdə idik. Biz, keçənilki nəticəyə görə qeyd etmişdik ki, ətrafda kəskin
iqtisadi böhran və maliyyə qıtlığı hökm sürdüyü vaxtda 17 pillə irəliləmək
böyük nailiyyət hesab olunur. Keçənilki hesabatda da ən diqqəti çəkən
bilavasitə, "Biznesə başlama”da 5, "Tikinti üçün icazələrin alınması”nda 36,
"Kiçik investorların maraqlarının qorunması”nda 15, "Elektrik təchizatı
şəbəkələrinə qoşulma”da 49, "Xarici ticarətin aparılması”nda isə 72 pillə
irəliləməyimiz idi. Bu il də ölkəmiz "Biznesə başlama” göstəricisi üzrə 2,
"Kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 4, "Xarici
ticarətin aparılması” göstəricisi üzrə 9, "Elektrik təchizatı şəbəkələrinə
qoşulma” göstəricisi üzrə isə 5 pillə yüksəlib”.
P.Heydərov bütün
bu göstəricilərin nə ilə əlaqədar olmasına da aydınlıq gətirib. Qeyd edib ki, hər
şey ölkədə həyata keçirən islahatların və görülən işlərin nəticəsidir: "Ümumiyyətlə,
istər Dünya İqtisadi Forumunun, istərsə də "Doing Business” kimi beynəlxalq
hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə irəliləmək
üçün biznes mühiti durmadan yaxşılaşdırılmalı, mövcud qanunlar
təkmilləşdirilməli, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin
həlli istiqamətində fasiləsiz islahatlar aparılmalıdır. Bütün bunları da
Azərbaycan hökuməti bacardıqca həyata keçirtməyə çalışır. Çünki rəqabətin
təşkili, iqtisadiyyatın şaxələndirilməsinin dərinləşdirilməsi, insan
kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması
kimi tədbirlər məhz sahibkarlıq fəaliyyətini genişləndirməkdən və bunun üçün
zəruri olan şəraiti inkişaf etdirməkdən keçir. Hələ ötən il bu vaxt qeyd
etmişdim ki, Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində Milli Məclisdə
qəbul edilən və 2015-ci ilin noyabrın 1-dən qüvvəyə minən "Sahibkarlıq
sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna görə, yoxlamaların
2 il müddət ərzində dayandırılması daha böyük müsbət nəticələr verəcək ki, bu
addım da gələnilki hesabatda bir neçə pillə irəliləyəcəyimiz üçün əsas olacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Tahir Mirkişili də qəzetimizə açıqlamasında bildirib
ki, Dünya Bankının hazırladığı bu hesabat bir çox amillərin və faktorların
iqtisadi mühitə təsirini araşdırır və nəticəni çap etdirir. Millət vəkilinin
fikrincə, bu və bundan əvvəlki hesabatlar göstərir ki, Azərbaycanda son
zamanlar iqtisadi mühitin yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən
tədbirlər, bürokratiyanın aradan qaldırılması, investorların cəlb olunması,
ümumiyyətlə, iqtisadi fəaliyyətin təşviq edilməsi istiqamətində görülən işlər,
sadəcə, iqtisadiyyatın effektiv çalışmasına hesablanmayıb: "Belə fəaliyyət
paralel olaraq, Azərbaycan iqtisadiyyatının ölkə xaricində olan nüfuzlu
beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsi mexanizmlərinə və
qiymətləndirilməsi indekslərinə də böyük təsirlər etməyə başlayıb. Bu da
təsadüfi deyil. Çünki, bütün tədbirlər, islahatlar, atılan addımlar beynəlxalq
təcrübə nəzərə alınmaqla həyata keçirilir. Digər inkişaf etmiş və ya etməkdə
olan ölkələrin uğurları dərindən öyrənilir, həmin uğurlara çatma yolları təhlil
edilir. Ən nəhayət, bu uğurlar Azərbaycan reallığına uyğunlaşdırılaraq,
ölkəmizin mütləq və nisbi, həmçinin daxili və xarici rəqabətdə əldə edə
biləcəyimiz effektiv üstünlüklər nəzərə alınmaqla həyata keçirilir. Bunun da
nəticəsi olaraq həm Dünya Bankı, həm də Davos İqtisadi Forumunun hesabatlarında
Azərbaycan müvafiq sahələrdəki reytinq göstəricilərinə görə xeyli irəliləyib. Davos
İqtisadi Forumunun açıqladığı nəticələrdə hətta bir sıra göstəricilərinə görə,
Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşıb”.
Rufik İSMAYILOV