• cümə, 19 Aprel, 13:30
  • Baku Bakı 25°C

Ölkə turizminin reabilitasiyasına yaranan ümid

12.08.20 18:31 1035
Ölkə turizminin reabilitasiyasına yaranan ümid
"Bu, pandemiya üzərində ilkin qələbənin qazanıldığını deməyə əsas verir”

"İspaniyada turist axını 70 faiz azalıb”, "Türkiyə turlarının qiymətləri kəskin bahalaşıb”, "Türkiyəyə səfər edən azərbaycanlıların sayı xeyli azalıb”, "Budapeşt-Bakı hava reysləri sentyabradək təxirə salındı”, "Koronavirus pandemiyası dövründə bütün dünyada turizm sənayesi "sıfırlanıb” kimi turizmə aid xəbərləri, demək olar ki, hər gün oxuyuruq. Bununla yanaşı, mediada və sosial şəbəkələrdə səyahətçilərin emosiyalarına təskinlik verən informasiyalara da rast gəlinir. Məsələn, bir sıra ölkələrdə turizmin tədricən canlanması, ayrı-ayrı ölkələrin öz qapılarını turistlərin üzünə açması, hava şirkətlərinin uçuşları bərpa etməsi, otellərin fəaliyyətə başlaması və s. kimi ümid doğuran hallar da var.
Ölkələrin turizmlə bağlı vəziyyətlərinə nəzər salanda, aşağı-yuxarı, hər birinin bərabər səviyyədə olduğunu görmək mümkündür. Ölkəmiz də bu siyahıdan kənarda deyil. Yəni hələlik sərhədlərimiz xarici turistlərə bağlı olsa da, daxili turizmdə nisbətən canlanma başlayıb. Hazırda əsas prioritet daxili turizmin inkişafıdır ki, bu istiqamətdə xüsusi kampaniyaların keçirilməsi nəzərdə tutulub. Yay mövsümündə vətəndaşlara münasib qiymətlərə turizm xidmətlərinin göstərilməsi üçün müxtəlif istiqamətlərdə yerləşən hotellər və turizm mərkəzləri ilə görüşlər keçirilib, eyni zamanda əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün təkliflər üzərində işlər aparılıb.
Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə hesab edir ki, işə uğurlu start verməyimiz yalnız özümüzdən asılıdır. Belə ki, Azərbaycanda turizmin bərpası digər ölkələrdə olduğu kimi mərhələli keçiriləcək: "Hazırda Azərbaycanda bərpa prosesinin birinci mərhələsi reallaşdırılır. Bu mərhələdə agentlik, turizm sahəsində sabitliyin qorunmasına çalışıb. Ölkənin iri şəhər və regionları arasında inzibati sərhədlər açılandan sonra ikinci mərhələ başlayacaq: Bu mərhələ, daxili turizmin bərpası və inkişafı ilə əlaqədardır. İkinci mərhələ "Macəra yaxındadır” vahid platforması bazasında reallaşdırılır. Bu çərçivədə turizm agentlikləri və hotellər könüllü şəkildə birləşərək vətəndaşlar üçün büdcələrinə uyğun səyahət edə bilmələri üçün əlverişli mühit yaradacaqlar. Üçüncü və dördüncü mərhələlər xarici turistlər üçün sərhədlərin açılması və bu sahənin tam bərpa olunmasıdır”. Post-pandemiya dövründə Azərbaycan turizminin rəqabətqabiliyyətliliyinin, turizm sahəsində ölkənin imicinin yüksəldilməsi və sanitar-gigiyena qaydalarına əməl etmənin təmin olunması üçün Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən "SAHMAN” Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı hazırlanıb. "SAHMAN” proqramına qoşulan və şərtləri yerinə yetirən subyektlər yerli və xarici mütəxəssislər tərəfindən monitorinqdən keçirildikdən sonra "SAHMAN” loqotipindən istifadə edə biləcək. Bu, turistlərdə əminlik yaradacaq ki, həmin obyektlərdə onların sağlamlığına heç bir təhlükə yoxdur”.
Qeyd edək ki, artıq sərt karantin qaydaları get-gecə yumşaldılır. Ayrı-ayrı rayonlarda, ümumiyyətlə, sərt karantin aradan qaldırılıb. Yaxın vaxtlarda isə rayonlara gediş-gəlişin bərpa olunacağına yaranan ümidlər, həmçinin insanların həmin rayonlara səfər edə biləcəklərinə inamı artırıb. Bu da təbii ki, adamların çoxdan və səbirsizliklə gözlədiyi daxili turizmin canlanmasına şərait yaradacaq.
Qlobus»turizmşirkətinin rəhbəri, AzərbaycanTurizmAssosiasiyasının üzvüEldəniz Səfərovun sözlərinə görə, karantin tədbirləri yumşaldılsa da, daxili turizmin inkişafını ləngidən amillər qalmaqdadır. Məsələn, restoranların işləməməsi, rayonlararası nəqliyyat reyslərinin həyata keçirilməməsinin qadağan olunması kimi səbəblər daxili turizmin qismən canlanmasına maneçilik yaradır. Turizmçi hesab edir ki, rayonlara gedən yollar və ictimai iaşə obyektləri açılarsa, daxili turizmin inkişafına böyük təkan olacaq: "Planlarımızda qərb regionunun turizm obyektlərinin istifadəsi var. Tovuz istiqamətində gedən döyüşlərdə rayonunun əhalisinin göstərdiyi igidliyə görə, bu rayona turlar təşkil etməyi düşünürük. Bizim şirkətin Tovuzda şöbəsi olduğu üçün yollar açılanda rayona belə səfərlər təşkil edəcəyik. Hesab edirik ki, bu cür turlar səyahət etməyi sevənlərin marağına səbəb olacaq və yaddaşlarında qalacaq”.
Artıq 5-ci aydır ki, bütün dünyada hökm sürən pandemiya təkcə paytaxtdakı otellərə deyil, eləcə də rayonlardakı otel, mehmanxana, qonaq evlərinin fəaliyyətinə ciddi təsir etdiyini deyən "Luna Travel” Turizm Afentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev bildirir ki, bu obyektlər, demək olar ki, fəaliyyətlərini tam olaraq dayandırıb: "Pandemiya nisbətən səngiyəndən sonra nisbətən yumşalma qərarı verildi və regionlar arasında gediş-gəliş qismən bərpa olundu. Amma buna baxmayaraq, paytaxtdan və iri şəhərlərdən turistik regionlarımıza hələ də məhdudiyyətlər var”. Turizmçinin sözlərinə görə, demək olar ki, Qəbələ, Qusar, Şamaxı, Şəki, Qax, Balakən, Zaqatala, eyni zamanda Lənkəran, Lerik, Masallı bölgələrinə turist axını nisbətən bərpa olunub: "Ancaq bu o demək deyil ki, həmin otellər böyük mənfəət götürür. Sadəcə onu qeyd etmək olar ki, regionlara gedən turistlərin hesabına, ən azı otellər, qonaq evləri xərclərini tam da olmasa, qismən ödəyirlər”. Ötən illərin statistikasına nəzər salan turizmçi deyir ki, pandemiyadan əvvəlki dövrdə regionlarda olan otellərin qonaqlama sayı hazırda regiondan regiona gedən turistlərinə sayından azlıq təşkil edir: "Hətta deyərdim, 1-5 faiz arası təşkil edirdi. Əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran kimi iri şəhərlərin sakinləri turistik məkanlara gedirdi. Bilirsiniz ki, son illər xaricdən gələn turistlərin hesabına mehmanxanalar dolurdu. Azərbaycana valyuta axını olurdu. Artıq ölkəmizdə koronavirusa yoluxma halı müsbət tendensiyaya doğru gedir. Yoluxma say azalır, sağalma sayı artır. Bu onu deməyə əsas verir ki, biz artıq pandemiyaya qarşı mübarizədə qələbə çalırıq və yaxın aylarda bunu tamamilə dəf etmək iqtidarındayıq”. R.Quliyevin sözlərinə görə, pandemiyadan sonra Azərbaycanda yeni bazarlar qurmaq, risksiz ölkələrdən turist cəlb etmək, hansı bazarla işləməklə bağlı təklifləri götür-qoy etmək lazım olacaq: "Təbii ki, rəqabət də çoxalacaq. Elə hesab edirəm ki, Rusiyanın sınaqdan keçirdiyi vaksinlərdən sonra pandemiyaya qarşı inqilab yaranıb. Artıq milyondan çox sifarişlər verilib. Bu, pandemiya üzərində ilkin qələbənin qazanıldığını deməyə əsas verir. Ümid edirik ki, 2021-ci ildən etibarən turizm özünün yeni reabilitasiyasını yaşayacaq. Gələn ilin yayına qədər bazarları tam qurub regionda olan otellərimizə yeni müştərilərlə çıxacağıq. Həmçinin ölkə turizmini bir neçə il bundan əvvəlki səviyyəyə gətirib çıxaracağıq”.
Turizmçilər ümid edirlər ki, təkcə postpandemiya dövrü deyil, elə karantinin yumşaldıcı tədbirləri də daxili turizmdə canlanmaya rəvac verəcək. Yetər ki, yoluxma sayının gün-gündən azalması verilən qərarların daha da yumşalmasına səbəb olsun. Necə deyərlər, yağış gur yağmasa da, hələlik çiskini də bəs edər...

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər