Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar

Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar

Siyasət
19 Avqust 2019, 11:00 5170
Sinqapurun Baş naziri Li Syan Lun ABŞ və Çin arasında davam edən ticarət müharibəsinin dünya iqtisadiyyatına təsiri ilə bağlı narahatlığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir milli gün münasibətilə televiziyada çıxışı zamanı danışıb.
Li Syan Lun deyib ki, ABŞ və Çin aralarındakı fərqi aradan qaldırmaq üçün "sehirli həbi” tapmalıdırlar. ABŞ Çin ilə iqtisadi əlaqələri bərpa etmək üçün onunla konstruktiv münasibətlər qurmağa çalışmalıdır.
Li Syan Lun, həmçinin deyib ki, Çin qlobal dövlət olaraq, özünü digər ölkələrin yerinə qoymalı və onların maraqlarını, baxışlarını nəzərə almalıdır.
Bildirilir ki, son vaxtlar Sinqapurdan Çinə çiplərin ixracının kəskin azalması bu ölkənin iqtisadiyyatına ciddi təsir göstərib. Belə ki, cari ilin aprel-iyun aylarında Sinqapurun ümumi daxili məhsulu ötən illə müqayisədə cəmi 0,1 faiz artıb ki, bu da son 10 ilin ən aşağı göstəricisidir.