• cümə, 26 Aprel, 06:50
  • Baku Bakı 12°C

Latın sükutunda poetik səslər

29.04.19 13:15 1075
Latın sükutunda poetik səslər
Fuad Cəfərlinin "Latın sükutu” kitabını oxuduqdan sonra uzun müddət sükuta daldım. Mən bilmirəm latın sükutu necə olur. Amma bilirəm ki, bu sükutun səbəbi şeirlərin təsiri, məni düşünməyə sövq etməsi idi. Bir həftə sonra kitabı təkrar oxudum. Qərara gəldim ki, kitabdakı bəzi şerləri dostum Nəcəf Əsgərzadə ilə müzakirə edim. Müzakirə zamanı məlum oldu ki, bizə ən çox təsir edən misralar təxminən eyni misralardır.
Bizim bir çox şairlərimizdə saxta dərin mənalılıq yaratma cəhdləri var. Saxta dərin mənalılıq yaratmaq üçün şerin estetikasını qurban verirlər. Ancaq Fuad şerlərində öz eqosunu, öz istedadını sübut etməyə çalışmır. Əksinə öz içindən keçənləri, öz yazadıqlarını, öz təcrübələrini yazır. Öz yaşantılarını yazdığına görə Fuad Cəfərlinin poeziyasında səmimiyyət, təbiilik var.
"Gələn payız” şeirində biz anasına yoxsulluq səbəbindən illər boyu çətir ala bilməyən gəncin kədərli taleyini, illə boyu eyni arzuyla yaşadığını görürük. Halbuki, bu arzu həyata keçirilməsi çətin, illər boyu ürəklərdə qalacaq arzu deyil və ya olmamalıdır. Ən çətin anlarda belə övlad anasına təsəlli verir. Təsəllini həmişə analar verməyəcək ki. Hərdən valideynlərin də təsəlliyə ehtiyacı olur.

Ovuc boyda otaqda, özümə də, sənə də,
Dünya boyda ümid verdim.


Bu misralar mənə çox təsir etdi. Bəzən bir kitab şeir oxuyursan. Ancaq cəmi bir neçə misra yadında qalır. Bu misralar həmin misralardandır. Heç zaman şier əzbərləyə bilməmişəm. Məni tutan, hislərimə toxunan misralarsa qeyri-ixtiyarı yadımda qalır.
Kitabdakı şeirləri əvvəlcə öz səsimlə oxudum, sonra kitabı bir daha Fuadın səsi ilə oxudum. Fuadın səsi ilə oxuduqca şerlər mənim üçün daha çox aydınlaşdı. Fuad Cəfərli elə müəlliflərdəndir ki, onun yazdıqlarını hiss etmək üçün heç olmasa ömründə bir dəfə də olsa onunla görüşməli, danışmalı, dərdləşməlisən.

Yaşamaq sözü
Bəlkə də haradasa
inanmaq mənasına gəlir.

Bu misraları oxuyarkən Tolstoyun "Etiraf”ındakı fikirləri xatırladım. Dahi Tolstoy da zənn edir ki, əgər insan yaşayırsa demək ki, nəyəsə inanır. Bu, Arximedin nəzərdə tutduğu istinad nöqtəsi qədər vacibdir.
Latın sükutu kitabında Fuad həm də Bakı sakinlərinin psixoloji portretini yaradıb. Bakıdakı hadisələri, ümumilikdə şəhər sakinlərinin psixologiyasını izah edib.

Bu şəhərdə çoxdan itib təmkin.
Bu şəhərdə sakinlər qonaq, qonaqlar sakin…
Bu şəhərdə sevinc yarımçıq, gülüş itkin,
bu şəhərdə kədər bitkin, həsrət bitkin.
Bu şəhərdə yollar geniş, yolçular dardı,
Bu şəhərdə varlıq yoxdu, yoxluq vardı.



Ən çətini də bu suallara cavab tapmaqdır. Yarımçıq sevgini tamamlamaq, itkin gülüşləri şəhərə qaytarmaq, yoxsa yarımçıq sevginin yaşatdığı qaysaq bağlamayan, yaddan çıxmayan yaraların vurduğu zərbələr sayəsində həyatın dərinliyinə enmək və ən dərin qatlarda işıq axtarmaq. Poeziya bunlardan hansıdır. Mən ikincini seçərdim, elə şair Fuad Cəfərli kimi. Bədbəxtlikdən mən bu yazını bitirən gün Fuad avtomobil qəzası keçirdi. Xoşbəxtlikdən xəsarət almadı, ailə üzvləri də salamat qurtuldu. Bu şəhərdə yollar geniş, yolçular dardır, şair. Kitabın son səhifələrində məndə belə təəssürat yarandı ki, kitabı Fuad Cəfərli yazmayıb. Sanki Latın sükutu özü Fuad Cəfərlini yazıb, yaradıb. Axı tanıyanlar bilir ki, Fuad Cəfərli az danışan adamdır. Poeziya sükutun səsidir. Elə Fuadın sonuncu kitabı kimi.

Nicat Həşimzadə



banner

Oxşar Xəbərlər