• çərşənbə axşamı, 19 mart, 17:59
  • Baku Bakı 8°C

Küçədə satışı qeyri-qanunidir, amma satılır

11.07.19 18:52 15541
Küçədə satışı qeyri-qanunidir, amma satılır
Qarpız və yemiş yay aylarının əvəzedilməz bostan bitkilərindədir. Demək olar ki, isti yay günlərində hər gün istifadə edirik. Satışına isə böyük və kiçik marketlər, meyvə-tərəvəz mağazaları ilə yanaşı, səyyar formada da rast gəlirik. Hətta deyərdim ki, yol kənarlarında qarpız-yemişin satışının səyyar şəkildə, avtomobillərdə aparıldığını addımbaşı görürük. Bir hissə qarpız maşının yük yerində olur, bir hissəni də yerə yığırlar.
Ancaq hər il qarpızdan zəhərlənmə hallarına da rast gəlirik. Yəni yeyərkən diqqət etməli olduğumuz qidalardandır. Bəs yol kənarında bu cür satışı aparılan qarpız-yemişin təhlükəsizliyinə kim nəzarət etməlidir? Səyyar satıcıların məhsulu yoxlamadan keçirilirmi? Bu məhsulun qida təhlükəsizliyi baxımından hər hansı bir fəsad törətməyəcəyinə əmin ola bilərikmi?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, əslində bu cür satış qeyri-qanunidir: "Orda satılan məhsullar sağlamlıq üçün təhlükəlidir. Çünki qida məhsulları istehlakçının süfrəsinə gələnə kimi saxlanma şəraitinə düzgün riayət edilməlidir. Bəzən gün düşməməsi üçün müxtəlif üsullarla qorumağa çalışırlar, məhsulun üstünə nə isə atırlar. Amma bunlar da düzgün saxlanma qaydası deyil. Çünki hər bir məhsulun öz saxlanma temperaturu var, açıq havada təhlükəsizlik təmin olunmur. Qida Təhlükəsizliyi Agentliyi belə məhsulların küçələrdə səyyar şəkildə satışının qarşısını almaq üçün cavabdeh dövlət orqanıdır. Və əhali də gərək belə yerləri boykot etsin, məhsulu düzgün saxlanma şəraiti olan yerlərdən alsınlar”.
Bu suallarla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinə müraciət etdik. Lakin bir iş günü ərzində sorğumuza cavab verilmədi.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin isə "Sputnik Azərbaycan”ın sorğusuna cavab olaraq dedikləri tövsiyə xarakterlidir. AQTİ vətəndaşlara məsləhət görüb ki, günəş altında və yol kənarlarında satılan qarpızları almasınlar: "Həmçinin kəsilmiş doğranmış olan qarpızlar alınmamalıdır. Kəsilən qarpızların üzərində olan və ya ətrafda olan patogenlər yarım saat ərzində qarpızın daxilinə keçərək çoxalmağa başlayır və zəhərlənməyə səbəb ola bilir. Qarpız evdə su ilə təmiz yuyulmalı və təmiz bıçaq vasitəsilə kəsilməlidir. Kəsildiyi gün istehlak olunması daha məqsədəuyğundur. Soyuducuda saxladıqda, tələb olunan rejimdə saxlanılmasına əməl edilməlidir. Kəsilmiş qarpızlar növbəti günə qaldıqda isə mütləq şəkildə kəsilən hissələrin üst səthi nazik qat şəkilində kəsilib çıxarılmalıdır. Zərərli maddələr əsasən qabığa yaxın hissələrdə toplandığı üçün mərkəzi hissələrinin yeyilməsi məsləhət görülür”.
Həkim Məlahət Abbasova bildirdi ki, yol kənarında satılan, saxlanma şəraitinə naməlum olan yerlərdən alınan qarpız-yemiş sağlamlıq üçün təhlükəli ola bilər: "Düzdür, çox vaxt belə yerlərdə satılan qarpız-yemişlərin üstünü nə iləsə örtürlər ki, üstünə gün düşməsin. Ancaq bu tərəvəzlərin saxlanma şəraitinin necə olması çox önəmlidir. Ona görə, yol kənarından aldığınız, saxlanma şəraitinə əmin olmadığınız yerlərdən evinizə gətirdiyiniz qarpız-yemiş sağlamlıq üçün təhlükəli ola, zəhərlənmə verə bilər. Gün altında qalanda yemiş-qarpızın içərisində müxtəlif reaksiyalar gedir ki, bu da orqanizmə ziyandır. Maşınlarda satanlardan almaq məcburiyyətindəsinizsə, fikir verin ki, onun üstü örtülür, yoxsa elə gün üstünə vurur? Çox vaxt deyirlər ki, qarpız bostanda günəşin altında yetişir, indi gün niyə məhsula pis təsir etsin ki? Ancaq bu iki hal arasında böyük fərq var. Çünki qarpız yetişdiyi müddətdə torpaqdan qidalanır, dəriləndən sonra onun saxlanmasına diqqət edilməlidir. Anbarlarda, sərin yerlərdə saxlanmalıdır ki, tərkibində insan sağlamlığı üçün təhlükəli reaksiyalar getməsin”.
Həkim deyir ki, indi havalar çox isti olduğu üçün gün altında qalan qarpızın təhlükə riski daha da artmış olur: "İndi temperatur daha yüksəkdir. Küçədə satış aparılanda da bu isti istər-istəməz məhsula təsir edir. 20-25 dərəcəlik hava olsa, o qədər də zərər verməz, amma indi açıq havada temperatur çox yüksək olur”.
M.Abbasova bildirdi ki, xüsusilə qarpızdan zəhərlənmə təhlükəlidir: "Qarpız və yemişdən zəhərlənmə orqanizm üçün çox təhlükəlidir, qarpızdan isə xüsusilə. Çünki günün təsirindən onların tərkibində elə maddələr yaranır ki, mədə-bağırsağın fəaliyyətini pozur. Yay aylarında xeyli insan mədə-bağırsaq pozğunluğu ilə həkimə müraciət edir”.
Həkim qeyd etdi ki, hardan alınmasından asılı olmayaraq, qarpızı yumamış kəsmək olmaz: "Qarpızı yuyub quruladıqdan sonra kəsmək lazımdır. Çünki qarpızı kəsən zaman qabığında – çöl hissəsində olan infeksiya içinə düşə bilər. Kəsiləndən sonra da 12 saat ərzində yeyilsə, daha yaxşı olar. Açıq halda nə qədər az qalsa, o qədər yaxşıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər