AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koçaryan Nikola qarşı

Koçaryan Nikola qarşı

Siyasət
29 Yanvar 2020, 17:07 2531
Eks-prezident hakimiyyətə qarşı hərəkata rəhbərlik edəcəyini bəyan etdi
 
Həbsdə olan eks-prezident Robert Koçaryan hazırkı hakimiyyətə qarşı sərt ittihamlar səsləndirməkdədir. Bu dəfə də o, Nikol Paşinyanın idarəçilik sistemini sərt tənqid edib və əlavə edib ki, 2020-ci ildə Ermənistanda siyasi landşaftın formalaşması prosesi başa çatacaq. "Yerevan Tudey”ə müsahibəsində R.Koçaryan "hər kəsə aydındır ki, cəmiyyətdə eyforiya başa çatıb, amma bu güclü eyforiyanın altında formalaşan hakimiyyət hələ də qalıb. Parlament gözlənildiyi kimi, öz funksiyalarını icra etmək gücündə deyil. Siyasi proseslər parlamentdən kənarda gedir. 2020-ci ildə parlamentin formatı yekun olaraq ictimai əhvalı əks etdirməyi dayandıracaq ki, bu da legitimliyin itirilməsi demək olacaq. Bu, növbədənkənar parlament seçkisinin keçirilməsiylə bağlı siyasi tələbin formalaşmasına gətirib çıxaracaq. Bütün bunlar ölkədə sosial-iqtisadi situasiyanın pisləşməsi fonunda gerçəkləşəcək. Növbədənkənar seçkinin keçirilməsi siyasi proseslərin intensivliyindən, hakim fraksiyanın stabilliyindən, hakimiyyətin səhvlərindən asılı olacaq”, – deyə o bildirib.
R.Koçaryan müsahibəsində onu da deyib ki, hazırda hakimiyyətə qarşı hərəkata rəhbərlik edir. "Hakimiyyətin fəaliyyəti məni siyasətə qaytardı. Hakimiyyət həbsdə saxlamaqla məni özlərinin qabiliyyətsiz siyasətinə qarşı hərəkatın simvoluna çevirdi. Tale mənə zamanında Qarabağın müstəqilliyi uğrunda mübarizəyə rəhbərlik etmək imkanı verib. Hərəkat başlayanda mən möcüzə nəticəsində Azərbaycan həbsxanasından qaça bildim. Taleyin ironiyası odur ki, məni azadlıqdan məhrum etməklə hakimiyyət azərbaycanlıların edə bilmədiyini etdi”, – deyə o bildirib. Həbsxanadan siyasi mübarizəyə başlayacağını bildirən Koçaryan "ölkənin azad olunması”nda vacib rol oynayacağını deyib. O, tərəfdarlarının onun azad edilməsi uğrunda mübarizəni siyasi hərəkata çevirə biləcəklərini istisna etməyib: "Şübhəsiz ki, bu, mümkündür”. R.Koçaryanın sözlərinə görə, tarixdə həbsxanadan ilham alan siyasi mübarizənin bir çox uğurlu nümunələri var.
Xatırladaq ki, Koçaryan 2008-ci ilin mart hadisəsində konstitusiya quruluşunu devirməkdə ittiham edildikdən sonra 2018-ci ilin iyulunda Yerevanda həbs edilib. O vaxt Koçaryan prezidentliyini tərk etdi və səlahiyyətləri seçkidə qalib gələn Serj Sarkisyana təhvil verməyə hazırlaşdı. Lakin səsvermənin nəticələri ilə razılaşmayan prezidentliyə namizəd Levon Ter-Petrosyanın tərəfdarları Yerevanda etiraz aksiyaları təşkil etdilər. Ermənistan hakimiyyəti minlərlə insanın iştirak etdiyi aksiyanı güc tətbiq etməklə dağıtdı. İğtişaşlar zamanı 10 nəfər öldü, 250-dən çox insan yaralandı.
Yeri gəlmişkən, erməni nəşri "Qolos Armenii” yazır ki, Ermənistanı dövlət idarəçilik maşının dağıdılması üzrə eksperimentə cəlb ediblər. Məqalənin müəllifi Marina Mkrtçyan bir neçə ay bundan əvvələ dönməyə və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vaneçyanın necə istefaya getməsini xatırlamağa çağırıb. "O zaman səsləndirdiyi bəyanatda istefasının səbəblərini açıqlayan Artur Vaneçyan baş nazir Nikol Paşinyanı "dayanmağa” çağırmışdı. Hakimiyyət də bunu sanki görməyibmiş kimi diqqətə almamışdı. Lakin elə ki, Vaneçyan efirdə Sorosun Ermənistandakı fondlarının ölkənin təhlükəsizliyinə hədə olduğu barədə bəyanat səsləndirdi, dərhal ona qarşı hücumlar start götürdü. Məhz o zaman da "dövlət çevrilişi” barədə danışmağa başladılar. Cəmiyyət ölkə daxilində vəziyyəti adekvat qiymətləndirmir, sadə vətəndaş bu gün ölkəni kimin idarə etdiyi barədə hesabat vermir. Vaneçyan timsalında peşəkarlar başa düşür ki, erməni xalqını xarici casus şəbəkəsinin köməyi ilə dövlət idarəçilik aparatının məhv edilməsi kimi bir təcrübəyə cəlb ediblər”, - deyə müəllif yazır. Nəşr xatırladır ki, bir sıra şəxslər hətta Vaneçyanın həbs edilməsini gözləməyərək ona qarşı ifadə verməyə tələsdilər. Onun həbs ediləcəyinə heç kim şübhə etmirdi.
"Respublika” Partiyasının lideri Aram Sarkisyan isə "Vaneçyan başqa şəxslərin maraqlarını ifadə edir və onun istefası da bununla əlaqədardır” deyib.
Müdafiə nazirinin keçmiş müavini Qaqik Melkonyan də bildirib ki, "Vaneçyan hansısa qüvvələrin tapşırıqlarını yerinə yetirir. Vaneçyanın tutduğu postları nəzərə alsaq, onu dərhal dövlət çevrilişi cəhdində ittiham etmək gərək idi. Lakin "dövlət çevrilişi” cəhdi Vaneçyanın Sorosun ölkə üçün təhlükə olması barədə bəyanatından sonra ortaya çıxdı. Soros nomenklaturasının son vaxtlar baş naziri şantaj etmək istəyi barədə dəfələrlə məqalələr dərc edilib. Bu nomenklatura xüsusi xidmət rəhbəri postunda öz adamını görür. Dövlət üçün bu cür kadr qərarının hansı nəticələrə gətirib çıxaracağını ictimaiyyətə izah etməyə ehtiyac yoxdur”.
Bu arada hakimiyyət yanvarın 28-də ordu günü ilə bağlı keçirilən tədbir zamanı müxalifət partiyaları təmsilçilərini həbs edib. Ermənistan Respublika Partiyasının sədr müavini Arsen Babayan müxalifət hərəkatı nümayəndələrindən beş nəfərin həbsi ilə bağlı bildirib ki, 28 yanvar ölkə tarixinə siyasi repressiya günü kimi düşəcək. "Bizə əsl inqilab gərəkdir”, - deyə o bildirib.
Xatırladaq ki, ordu günü ilə bağlı keçirilən tədbirdə beş müxalifət lideri – VETO ictimai-siyasi hərəkatının təsisçisi Narek Malyan, "Adekvad” ictimai siyasi hərəkatının rəhbəri Artur Danielyan, Konstantin Ter-Nakalyan və hərəkatın iki üzvü Qriqor Minasyan və Azat Adamyan həbs ediliblər.

Azər NURİYEV