• şənbə, 27 Aprel, 01:15
  • Baku Bakı 14°C

Kəmalə Abiyevanın "Tapmaca"sı

31.05.16 10:56 1785
Kəmalə Abiyevanın "Tapmaca"sı

Bizim yaşadığımız informasiya əsri ədəbiyyatdan sehrbazlıq və pafosdan daha çox bilgi tələb edir. Bu mənada özündə hissi, əqli və bilgini daşıyan hər bir sənət dünyaya çıxmaq imkanı qazanır, onu təkcə Azərbaycan yox, bütün dünya qəbul edir. Müasir dünya ədəbiyyatının təcrübəsi də bu həqiqəti təsdiq edir. Yaradıcılığına yaxından bələd olduğum bir neçə şair var ki, mən onların sənətini bu amillərə görə qiymətli hesab edirəm. Onların hissi həyatla əqli həyatı intellektual səviyyədə dərk etmək bacarıqları var, bu cəhəti çoxəsrlik şeirimizin ən gözəl ənənəsi kimi davam və inkişaf etdirmək qabiliyyətləri var. Belə şairlərimizdən biri də Kəmalə Abiyevadır.

Mən onun bu yaxınlarda "Xan" nəşriyyatı tərəfindən çapdan çıxmış "Tapmaca" adlı şeirlər, hekayələr və esselər toplusunu müasir ədəbiyyatımızda duyğularla, hisslərlə ağlı, fikri həmahəng, eyni səviyyədə birləşdirən poetik nümunə kimi dəyərləndirirəm.

Yaradıcılıqla məşğul olanlar yaxşı bilirlər ki, şeir elə bir janrdır ki, burda süni söz yığını altında gizlənə bilməzsən. Burda səmimiyyət, şeiriyyət, bədii fikir olmalıdır. Axı şeir oxucu qəlbinə sürətlə girir və ürəkdə o zaman qalır ki, şair qəlbə, ruha gedən yolda möhkəm körpü qura bilsin, sözün ürəyindən tutub onu insanların ruhuna, könlünə sala bilsin. Kəmalə xanım da bu müqəddəs işin öhdəsindən gələn şairlərimizdəndir. Onun poeziyasında işıq var, istilik var, həm də yenilik, dərin fikir var. Düşünürəm ki, bu da Kəmalə Abiyevanın şeirə məsuliyyətli yanaşmasından irəli gəlir.

Kəmalə xanım növbəti kitabını "Tapmaca" adlandırıb, amma kitabı oxuyandan sonra düşündüm ki, bu, bizim uşaqlıqdan yaddaşımızda ilişib qalan o tapmacalardan deyil. Bu tapmaca ağılllı sözün emosionallığından doğan və insanı öz sevgi dolu duyğularıyla ovsunlayan, onu sirli-sehirli nağıl dünyanın qucağında sözün həqiqi mənasında silkələyən, tərpədən (yəni, əməlli düşün!) tapmacadır. Şeirləri oxuduqca yuxarıda qeyd etdiyim intellektual səviyyəni, şairin adi həyat anlarına poetik və obrazlı yanaşmasını görürəm, duyuram və anlayıram. Hər halda, hazırlıqlı oxucu üçün daha o "tapmaca"dan əsər-əlamət belə qalmır. Elə həmin o oxucu dumandan, qaranlıqdan uzaq polifonik hissləri, mikroskopik, incə məqamların nə qədər fəlsəfi məna daşıdığının fərqinə varır.

Bir vaxt saçlarımdan bir tel qopardım

sənə verdim.

Gözlədim...

Yandırmadın...

Bu xırda parçada nə qədər hikmət var! Burda emosionallığı doğuran təkcə hissiyyat deyil, ağlı, əqli hərəkətə gətirən, folklordan süzülən, incələnən sözdür. İntellektual söz!

Kəmalə xanımın şeirlərinin bədii xüsusiyyətlərini təhlil etmək, onun poetik dünyasına səyahət etməklə daha incə, daha kövrək çalarları tapıb aşkara çıxarmaq bizim ədəbi tənqidlə məşğul olan qələm sahiblərimizin işidir. Lakin mən onu uşaqlıq və yeniyetməlik çağlarımdan tanıdığım üçün, hələ o zamanlar onun qeyri-adi filosofanə fikir və düşüncələrinə bələd olduğum üçün deyə bilərəm ki, bu gün Kəmalə xanım poeziyamızın, ədəbiyyatımızın layiqli, təcrübəli, klassik irfani şeir formasına yaxşı bələd olan məfkurə adamı kimi yetişmişdir. Kəmalənin şeirlərində diqqət çəkən bir cəhəti də qeyd etmək istəyirəm: klassik mövzulara orijinal yanaşmaq. Ana, övlad, insan, dost, sevgi, həyat, ölüm, tənhalıq, ayrılıq, vətən, təbiət... Bu mövzulara müraciət edərkən şair təkrarçılıq etmir, özündən əvvəlki sənət adamlarını təqlid etmir, fərqli olaraq tamam yeni, orijinal söz deyir. Onun ana və sevgi haqqında şeirləri köhnə lirika təsiri bağışlamır, əksinə, bu şeirlərdə təzə duyğu, təzə fikir var. Şeirlərin formasından asılı olmayaraq (istər heca vəznində, istərsə də sərbəst formada olsun!) hər birinin öz axıcılığı, musiqisi var. Sənətkarlıq baxımından yanaşsaq, deyə bilərəm ki, bu şeirlər həm də ana dilimizin qüdrətini ifadə edir, onu zənginləşdirir. Bu da şairin ədəbiyyat qarşısında ən böyük xidməti sayıla bilər. "Anama" adlı şeirə diqqət edək:

Bu necə nəfəsdi

hər kədəri,

Bu necə səsdi, həmişə oxşayıb sevə bilir.

Bu necə baxışdı hayanda olsam

arxamca boylanır.

Bu necə gülüşdü

Ömrümü, günümü nura boyayır.

Bu necə istəkdi hey başıma dolanır.

Bu necə ürəkdi

gecə də, gündüz də yanır...

və yaxud:

Mənə nağıl danış, nağıl ay ana,

Bənzət dünyamızı nağıllara sən.

Mənə nağıl danış, ay nağıl anam,

Bir az nağıllanım, ağıllanım mən.

Kəmalə xanımın Nazim Hikmətə, Vaqif Səmədoğluna, Ramiz Rövşənə, Vaqif İbrahimə ithaf şeirləri də orijinaldır, onun fərdi üslubu görünür; o, öz fikir və düşüncələriylə şeirlərinə heç bir rəng-filan qatmadan lakonik, ifadəli və aforistik forma verir. Onun lirik qəhrəmanının əhval-ruhiyyəsini oxucu dərhal tuta bilir, ya da elə həmin ovqatla uzun müddət yaşamaq istəyir. Bu şeirlər parıltıdan, lazımsız təhkiyə, əlvan metaforlardan uzaqdır. Kəmalə heç vaxt (bunu onun əvvəlki kitablarında da görmək mümkündür!) qafiyə, ya da heca vəzninin girovuna düşmür, oxucunu karıxdırmır, poetik "tapmaca"lar söyləmir oxucuya; əksinə, o, klassik yolla sadə fəlsəfi mətləbləri anlada bilir, lirik yaşantılarını bölüşür. Bəlkə elə buna görə də onun lirik qəhrəmanının ağrı və itkiləri, bütün yaşantıları anlaşıqla qarşılanır, müasir insanı ümidə, gələcəyə, ruhən azad olmağa səsləyir.

İndi dünyada elə bir qarışıq zaman yetişib ki,şairlərin, yazıçıların, söz, sənət adamlarının vəzifəsi də mürəkkəbləşib: kitab yazıb araya gətirmək, onu reallaşdırmaq, oxucu və müəllif münasibətlərini yoluna qoymaq kimi problemlər mövcuddur. Bu mənada şairdən, yazıçıdan, poetik istedaddan tələb olunan ən mühüm keyfiyyətlərdən biri ictimai tərəqqi naminə yaratdığı dərin məzmunlu bədii-fəlsəfi sənət əsərləriylə insanın daxili dünyasına baş vura bilmək qabiliyyətidir. Kəmalə xanımın bu keyfiyyətini nəzərə alsaq, əminliklə demək olar ki, onun insan duyğularının bütün təbii spektrlərini əhatə edən bu kitabının ədəbi taleyi də uğurlu olacaq, oxucular kimi bəstəkarlarımız da ondan yararlana biləcəklər.

Kamran Nəzirli

banner

Oxşar Xəbərlər