AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Köçəryan Sarkisyana qarşı

Köçəryan Sarkisyana qarşı

Siyasət
02 Sentyabr 2014, 12:36 949
“Ermənistan iqtisadiyyatı böyük neqativ gözləntilər zolağına daxil olub”. Bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyada rus dilində çıxan “Nuhun Gəmisi” qəzetinə müsahibəsində deyib. O bildirib ki, “Ermənistan iqtisadiyyatının indiki vəziyyəti və gələcək perspektivləri haqda optimist düşünməyə onun nə daxili, nə də xarici səbəbləri var. Əksinə, son vaxtlar qlobal iqtisadiyyata yeni təhlükələr çıxıb. Qərbin və Rusiyanın qarşılıqlı sanksiyaları dünya iqtisadiyyatına necə təsir edəcək, buna Rusiya iqtisadiyyatı necə reaksiya verəcək, bütün bunlar nə qədər davam edəcək- bunların təsirini hələ qiymətləndirmək lazımdır”. Köçəryanın sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmağı onun İran və Gürcüstanla ticarətinə necə təsir edəcək? – bu da məlum deyil. Bəs nə etmək lazımdır? – sualına cavabında Ermənistanın keçmiş prezidenti deyib ki. iqtisadiyyatı sağlamlaşdırmaq lazımdır. Öz hakimiyyəti dövründə oliqarxların görünməmiş gücləndiyi Köçəryan indi deyir ki, iqtisadiyyatı monopoliyalardan azad etmək lazımdır, nüfuzlu məmurların və qohumlarının iştahasının qabağını kəsmək lazımdır: “Bunsuz mümkün deyil. Cəmiyyətə aydın siqnal vermək lazımdır ki. işgüzarlıq arzu olunandır və dəstəklənəcək. Şəxsi maraqları bir neçə illiyə arxa plana keçirmək lazımdır, bu maraqları unutsalar, lap yaxşıdır”. Eks-prezidentin orijinal təklifləri də var:
“iş həftəsini də çox saylı “mereloslarla” deformasiya etməyə son qoyulmalıdır" ( “merelos” – cümə axşamları kimidir, ancaq ermənilərdə bazar ertəsinə düşür və həmin gün ölənlərin xatirəsi yad olunur) . Köçəryannın daha bir orijinal təklifi budur ki, “avqustda səhər 6-da gün çıxır, iş isə saat 9-da başlanır - bu, anormaldır”. Eks-prezidentin fikrincə, bu iş rejimini “ölkəyə sırıyıblar və bu, tormozlayıcı rejimdir, sürətləndirici yox”.

Yeri gəlmişkən, Ermənistan milli statistika xidməti bu günlərdə “Yoxsulluq və ərzaq təminatı” məruzəsini dərc eləyib. Orada ilk dəfə olaraq əhalinin 2013-cü ildəki gəlirləri açıqlanıb. Qeyd edilib ki, əhalinin 35%-dən çoxunun ayda cəmi 21 dollar gəliri olur. Ermənistanın eks-prezidenti Robert Koçaryan bu məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının yaxın gələcəyi üçün heç bir optimist qiymətləndirməyə malik deyil. Həm də, Köçəryanın fikrincə, çox tezliklə Ermənistan iqtisadiyyatı üçün yeni təhlükələr yaranacaq və bunların sırasında qlobal təhlükələr də yer alacaq. Köçəryan həm də vurğulayıb ki, Avrasiya İqtisadi Birliyinə girdikdən sonra da Ermənistanın başına nə gələcəyi bəlli deyil. Çünki Rusiya ilə Qərbin qarşıdurması şəraitində bu ittifaqın, həm də Gömrük İttifaqının necə işləyəcəyi aydın deyil. Amma keçmiş Qarabağ yaraqlısı müəyyən sponsorlar tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi üçün ayrılmış milyardlarla dolların hara xərclənməsi barədə bir kəlmə də danışmayıb. Həmin vəsaitlər bu gün iflasa uğramış Ermənistan iqtisadiyyatına xeyli dəstək ola bilərdi. O həm də deməyib ki, indiki böhran hələ onun vaxtından başlayıb. Mütəxəssislərin fikrincə, hazırda Ermənistan iqtisadiyyatı staqnasiya mərhələsindədir və gələcəkdə bu ölkənin yalnız bir perspektivi var - əl açıb dilənməlidir və deməlidirlər ki, kim nə qədər bacarır, o qədər yardım etsin. Sabiq prezident Ermənistanın Avrasiya İttifaqına daxil olacağı təqdirdə, İran və Gürcüstanla olan ticarət əlaqələrinin perspektivinin necə olacağı da sual altına düşəcəyini də bildirib.

60 yaşlı Robert Köçəryan böyük siyasətə qayıtmasının mümkünlüyü barədə jurnalistlərin suallarına da cavab verib. Robert Köçəryan özünü 10 il qabaqkından xeyli yaxşı hiss etdiyini deyib. “Mən mütəmadi olaraq üzgüçülüklə məşğul oluram, qışda xizək sürürəm, dağlara qalxmağı xoşlayıram, həmçinin biliyimi atırıram” - deyə Köçəryan vurğulayıb. Belə görünür ki, Ermənistandakı müflisləşmənin şəxsən ona heç bir dəxli yoxdur. Köçəryanın böyük siyasətə qayıdışına gəldikdə isə, o bildirib ki, “bu, vəziyyətdən asılıdır”.

Ermənistanın ikinci prezidenti Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin avqustun 10-u Soçidə keçirdiyi üçtərəfli görüşü də şərh edib. Köçəryan görüşün nəticələrini qiymətləndirmək üçün kifayət qədər bilgisi olmadığını bildirib: “Amma uzun fasilədən və cəbhə xəttindəki son gərginlikdən sonra görüş faktının özü müsbət haldır. Münaqişənin tam həlli perspektivlərinə nikbin yanaşmağa çəkinirəm. Görüşün nəticələri ilə bağlı verilən məlumatlar, münaqişə tərəflərinin şərhləri və onların tonu hələlik nikbinliyə əsas vermir”.

Yeri gəlmişkən, hakimiyyət Köçəryanın bəyanatını şərh etmək istəmir. Belə ki, hakim Respublikaçılar Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan deyib ki, “orada müsahibə zad yoxdur. Axı o nə danışıb ki, mən onu şərh də edim. Mən sadəcə heç nə demək istəmirəm, deməyə sözüm yoxdur”.

Qeyd edək ki, Köçəryan 10 illik prezidentliyi dövründə Ermənistan iqtisadiyyatının hazırkı vəziyyətə düşməsinin əsasını qoyub. Məhz onun hakimiyyətdə olduğu zaman tutduğu işğalçı mövqe Ermənistanın bütün regional layihələrdən təcrid olunmasına gətirib çıxartdı. Serj Sarkisyanda onun yolunu davam etdirdiyi üçün Ermənistanda iqtisadi və sosial vəziyyət ilbəil ağırlaşır. Yerli əhali də sürətlə Ermənistanı tərk edir. Hətta ölkə rəsmilərinin açıqladığı rəqəmlərdə belə əhalinin sürətlə ölkəni tərk edib getdiyi bəlli olur. Bütün bunlar isə ölkədə demoqrafik böhrana səbəb olmaqdadır. İş o yerə çatıb ki, Qərb mətbuatında da bu məsələyə toxunulur. Məsələn, Almaniyanın “Zenith” jurnalında “Ermənistan dilənir, Azərbaycan inkişaf edir” adlı məqalə dərc olunub. Ermənistana səyahət etmiş jurnalist Ramon Şak məqalədə bu ölkə haqqında təəssüratlarını bölüşüb. Müəllif səfər zamanı Ermənistanda yerli insanlarla görüşdüyünü, onları dinlədiyini diqqətə çatdırıb. Məqalədə bildirilir ki, Ermənistan arxaik orijinallığını saxlayıb. Bu, ölkəyə səfər edənlərə ekzotik gələ bilər, amma yerli əhali bunu ifrat kasıblıq kimi qəbul edir. Yazıda Ermənistanda maaş və sosial müavinətlərin çox aşağı səviyyədə olduğu, ölkənin erməni diasporunun göndərdiyi vəsait hesabına yaşadığı vurğulanır.

Azər NURİYEV