• cümə, 19 Aprel, 16:45
  • Baku Bakı 25°C

Karantin rejiminin kitabxanaları

18.05.20 13:15 1790
Karantin rejiminin kitabxanaları
Karantin günlərində Milli Kitabxananın elektron kataloq və kitabxanasından istifadə edənlərin sayı milyonu keçib
Koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində kitabxanaların onlayn rejimdə işləməsi qərara alınıb. Belə ki, 2020-ci il martın 11-dən rayon və şəhər kitabxanalarında oxuculara xidmət müvəqqəti dayandırılıb. Lakin buna baxmayaraq bəzi kitabxanalar onlayn formada kitabxana-informasiya xidmətini davam etdirirlər. Belə ki, oxucular üçün biblioqrafik sorğu, sənədlərin sifarişi və elektron çatdırılması, virtual sərgi, metodiki xidmət (kitabxanalar üçün) həyata keçirilir. Öncədən bu cür fəaliyyət göstərən kitabxanaların onlayn xidmətlərinin fəaliyyəti əməkdaşlar tərəfindən gücləndirilib və bu barədə oxuculara məlumat verilib.
"Müzakirə”mizdə kitabxanaların karantin rejimində oxucuları ilə hansı formada işləməsi ilə maraqlandıq. Telefon açdığımız bir sıra kitabxanalarda, ümumiyyətlə, dəstəyi qaldıran olmadı. A.Şaiq adına Uşaq Kitabxanası, İ.Əbilov adına Kütləvi Kitabxana, Hüseyn Cavid adına Kütləvi Kitabxana, Şüvəlan Qəsəbə Kütləvi Kitabxanası, M.Ə.Sabir adına Şəhər Kitabxanası, Mərdəkan Qəsəbə Kütləvi Kitabxanası, Binəqədi rayon ərazisində yerləşən və s. kitabxanaların fəaliyyət göstərmədiyini öyrəndik.
Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanana başda olmaqla bir sıra kitabxanalar isə öz fəaliyyətlərini günün tələbləri istiqamətində qurublar.

Heç bir qeydiyyat olmadan...

M.F.Axundzadə adına Milli Kitabxananın kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılovanın sözlərinə görə, mart ayının 11-dən kitabxana oxucular üçün dayandırılıb. Yəni o gündən kitabxanaya oxucu gəlmir. Vəziyyətlə əlaqədar olaraq Milli Kitabxana onlayn rejimdə xidmət göstərir. Həmçinin, Milli Kitabxananın virtual oxucuları hər gün elektron kitabxanaya daxil olaraq minlərlə elektron resurslardan istifadə edə bilirlər: "Kitabxanamızda onlayn xidmətlər həmişə olub. Elektron kitabxanamız həmişə fəaliyyət göstərib. Lakin karantin başlayandan onlayn xidmətlərin fəaliyyəti daha da gücləndirilib. Milli kitabxananın saytında yeni bir pəncərə açılıb və bu barədə oxuculara məlumat verilib. Milli Kitabxananın biblioqrafik sorğu, xidmətlərin onlayn çatdırılması və metodik bölmənin onlayn fəaliyyəti aktivləşdirilib. Oxuculara da Milli Kitabxananın elektron kataloq və elektron kitabxanasının saytında yerləşdirilən hazır resurslardan istifadə edə bilmələri barədə məlumat verilib. Oxucular heç bir qeydiyyat olmadan Milli Kitabxananın saytından, elektron bazalarından, kataloqundan, elektron kitabxanasından istifadə edirlər. Əgər onların istifadə etmək istədikləri elektron resurslar bazada yoxdursa, elektron versiyası olmayan kitablar, dövri mətbuat məlumatları üçün kitabxananın onlayn xidmətlərinə yazırlar”.
Ə.İsmayılova bildirir ki, kitabxananın işçiləri karantin rejimi dövründə növbə ilə Milli Kitabxanaya gələrək həmin kitabların elektron versiyasını oxucu sorğusu əsasında hazırlayıb onların elektron ünvanlarına göndəriblər: "Oxucuların sorğuları Milli Kitabxananın onlayn xidmətlərinə yönəldilir və biz həmin materialları hazırlayıb oxucuların ünvanlarına göndəririk. Təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda olan və Milli Kitabxananın elektron resurslarından yararlanmaq istəyən istifadəçilər də bizə müraciət edirlər. Bu sorğular indiyə qədər Milli Kitabxana tərəfindən yerinə yetirilib. Hazırda kitabxananın 30 faiz əməkdaşı iş yerindədir. Yenə də Milli Kitabxana oxuculara bağlıdır, onların sorğularını yerinə yetiririk”. Ə.İsmayılovanın sözlərinə görə, karantin başlayan gündən kitabların 10 minə yaxın pdf variantı onlayn xidmətlər vasitəsilə oxucuların ünvanına göndərilib. O cümlədən, dövri mətbuatda nəşr olunan 15 minə yaxın məqalələr, jurnalların elektron versiyası oxuculara yönləndirilib”.
Karantin günlərində Milli Kitabxananın elektron kataloq və elektron kitabxanasından istifadə edənlərin sayı isə artıq milyonu keçib: "Onlar hazır resurslardan istifadə edirlər. Biz isə hazır olmayan resursları hazırlayıb onlara göndəririk. Bizim, həmçinin kitabxanalar üçün metodiki xidmətimiz var. Bu da onlayn xidmətin bir növüdür. Respublika kitabxanaları metodiki xidmət vasitəsilə Milli Kitabxananın onlayn xidmətlərinə yazırlar. Bölgələrdə oxucuları, ehtiyac duyduqları kitabdan ötrü onlara müraciət edirlərsə, onlar da Milli Kitabxananın metodiki bölməsinə yazırlar. Biz də həmin resursları o bölgələrə yönəldir və onlar oxucularının kitabxana-informasiya xidmətini təmin edirlər. Həmçinin Türkiyə, Rusiya, Almaniya və s. ölkələrdə də bizim vətəndaşlarımız var. Oralarda elmi işlərlə məşğul olan alimlərimiz, doktorantlarımız fəaliyyət göstərir. Onlar da bizə yazır və resurslar istəyirlər. Biz eyni zamanda onlara da xidmət göstəririk. Bu çətin vəziyyətdə - karantin rejimində evdə qalan insanların informasiya tələbatını ödəməyə çalışırıq. İstəyirik ki, onlar evdə otursunlar və vaxtlarını səmərəli keçirsinlər”.

Oxucunun istədiyi materialın elektron versiyası yoxdursa...

Ə.İsmayılovanın sözlərinə görə, hazırda Milli Kitabxananın onlayn xidmətləri vasitəsilə Bakıda yaşayan elmi işçilər kitabxanaya daha çox müraciət edirlər: "Adi vaxtlarda Milli Kitabxananın oxu zallarından 1000-1200 oxucu istifadə edirdi. İndi həmin oxucular kitabxananın elektron kitabxanasına yönəlib. Eyni zamanda, onlar kitabxananın onlayn xidmətlərinə yönəlirlər. Onların başqa çıxış yolu yoxdur. Biz də bacardığımız qədər kömək etməyə çalışırıq. Hətta evə gedəndən sonra da, iş saatından əlavə çalışıb oxucuları köməksiz qalmağa qoymuruq. Əgər oxucunun istədiyi materialın elektron versiyası yoxdursa, biz "narahat olmayın, sabah kitabları elektronlaşdırıb sizin ünvanınıza göndərəcəyik” deyə yazırıq. İnsanlar onsuz da gərgindir. Biz öz imkanlarımız çərçivəsində onların informasiya tələbatını ödəmək üçün əlimizdən gələni edirik”.
Ə.İsmayılova Milli Kitabxananın bu gün Azərbaycan ziyalıları, gənclərinin güvən yeri olduğunu bildirir. Belə ki, kitabxana işçilərinə çoxlu təşəkkür məktubları yazırlar: "Bunlar bizi ruhlandırır. Biz, həmçinin milli kitabxanaların onlayn forumuna qoşulmuşuq. Rusiya xarici ədəbiyyat kitabxanası ilə keçiriləcək onlayn telekonfransda iştirak edəcəyik. Biz bu cür virtual görüşlərə məmnuniyyətlə qoşuluruq”. Ə.İsmayılovanın sözlərinə görə, karantin müddətində elektron məlumat bazaları hazırlayıblar: "Hamıya bəllidir ki, Milli Kitabxana həmişə görkəmli şəxsiyyətlər, əlamətdar tarixlər haqqında tədbirlər, sərgilər təşkil edirdi. Bu da böyük oxucu marağına səbəbə olurdu. Onlar kitabxanaya gəlir və bunlarla əyani şəkildə tanış olurdular. Bu gün isə biz həmin tədbirləri virtual şəkildə təqdim edirik. İstəyirik ki, onlar həmin məlumatları virtual şəkildə alsınlar. Biz həmin bazaları rəsmi "Facebook” səhifəmizdə də yerləşdiririk. Əbdürrəhim bəy Haqverdiyevin məlumat bazasını təqdim etməyə hazırlaşırıq. Bundan öncə Nəriman Nərimanov, Zərifə Əliyeva, ulu öndər Heydər Əliyev, yazıçı Süleyman Rəhimov, İkinci Dünya müharibəsində qələbənin 75 illiyi münasibətilə həm elektron məlumat bazası, həm də virtual sərgilər təşkil etmişik. Çalışırıq ki, oxucularımız məlumatsız qalmasın. Bu gün də ölkənin baş kitabxanası kimi bütün bu xidmətləri oxucularımız qarşısında vəzifəmiz hesab edirik”.

Tanınmış insanlarla sosial şəbəkələr vasitəsilə görüş

Cəfər Cabbarlı adına Gənclər Kitabxanasının mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayeva bildirir ki, çalışdığı kitabxana həm "İnstaqram”, həm "Facebook” üzərindən oxucularla virtual işləyir: "Hər əlamətdar hadisəni və yaxud ölkə başçısının sərəncamı ilə yubileyi keçirilən tarixi və görkəmli şəxsiyyətlər haqqında virtual çarxlar hazırlayırıq. O cümlədən, tanınmış insanlarla "İnstaqram” üzərindən görüşlər keçiririk. Həmçinin virtual sərgilər təşkil etmişik. Bu baxımdan kitabxana çox fəal işləyir. Hətta deyərdim ki, fəaliyyətimiz adi vaxtlardakı iş günündən fərqlənmir”. Şöbə müdirinin sözlərinə görə, oxucular kitabxananın elektron bazasından istifadə edirlər: "Pdf variantları oxuculara yönləndiririk. Karantin günlərində kitabxana oxucularına onlayn da xidmət göstərir. Belə ki, oxucular kitabxananın saytı vasitəsi ilə, sosial şəbəkələrdəki səhifəmizə daxil olaraq xidmətlərdən istifadə edirlər. Mart ayından bəri kitabxananın elektron bazasından və onlayn xidmətlərindən istifadə edən oxucuların sayı kifayət qədər çoxdur”.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər