• cümə, 29 Mart, 13:50
  • Baku Bakı 14°C

Jan Pol Sartın “Milçəklər” dramında ekzistensializm ideyalarının özünəməxsusluğunun bədii təcəssümü

26.04.20 16:45 2720
Jan Pol Sartın “Milçəklər” dramında ekzistensializm ideyalarının özünəməxsusluğunun bədii təcəssümü
J.P.Sartr Fransa ilə bərabər, həm də XX əsr dünya ədəbiyyatının əsas fiqurlarından biri olmuşdur. Onun ədəbiyyat və fəlsəfədən qaynaqlanan əsərləri təkcə elmi deyil, həm də ictimai maraq kəsb etmişdir. Sartr özündə yazıçı, filosof, ictimai xadim, maarifçi və teatr tərtibatçısı profillərini birləşdirən həm mürəkkəb, həm də özünəməxsus, unikal fenomendir. Dramaturgiya onun çoxistiqamətli irsinin əsas aspektlərindən biridir. 35 yaşında Sartr özündə teatral bacarıq kəşf edir. Bu, yazıçının 1940-cı ildə alman hərbi düşərgəsində əsir olduğu zaman baş vermişdir.
Yolu Avropa və Amerika teatrlarından keçən dramaturqun debütünün baş tutduğu zal tikanlı məftillərin əhatə etdiyi barakdan ibarət idi. Hərbi əsirlərin düşərgəsində səhnələşdirilən pyesin mətni də ancaq Sartrın yoldaşlarına məlum idi. Sartr teatrının tarixçəsi məhz bu cür başlayır. Həmin tarixin ilk səhifəsi isə əfsanəvi faciə "Milçəklər”lə (Les Mouches, 1943) açılır. "Milçəklər” məzmununa görə Avropa faciələrinin – Esxil və Sofoklun əcdadı olan Orest haqqında əfsanənin təkmilləşmiş formasıdı.
Baş qəhrəman ciddi həyat seçimi etməli olduğu zaman ekzistensial vəziyyətlərin işə salınması üçün Sartr antik şairlərə məxsus dekorasiyalardan yararlanır. Beləliklə, dramaturq "vəziyyət teatrı” adını almış xüsusi janr müxtəlifliyi əldə edir. Seçimin ekzistensial prinsipi Sartr tərəfindən "Milçəklər”də təcəssüm edilir. Bu pyes antik süjetin özündə fərqli mənalar birləşdirdiyinin parlaq nümunəsidir. Əvvəla bu, daxili antifaşist istiqamətdir, ikincisi dramaturq tərəfindən personajların həyatından götürülərək nümunələrlə illüstrasiya edilmiş dərin fəlsəfi mənaya malikdir.
Pyesin süjetini qısa şəkildə xarakterizə edək. Hadisələrin baş verdiyi yer qismində Sartr Arqos şəhəri ilə onun ətrafını seçir. Yerli sakinlər artıq on beş ildir ki, çar Eqisflə, çariça Klitemnestranın onlara aşılamış olduğu vicdan əzabından əziyyət çəkirlər. Sadə kütlə elə çar ailəsi kimi sanki tövbə edir, qəlbən əzab çəkirlər, amma bununla belə acıqlı Tanrı Yupiter onlara hər tərəfdə uçuşan milçəklər yollayır, milçəklərdən isə xilas olmaq mümkün deyil. Milçəklər şəhərin sakinlərinin seçiminin xüsusilə vacib olduğu zaman "susaraq” etmədiklərinə görə Tanrı tərəfindən göndərilmiş cəzadır.
Şəhərin süst vəziyyətə düşməsi həqiqi başçı Arqosun – Aqamemnonun qətlindən sonra başlayır. Onun arvadı Klitemnestra çara xəyanət edir, Klitemnestranın sevgilisi Eqisf isə Aqamemnonu öldürərək taxtı ələ keçirir. Çarın oğlu Orest ölümə məhkum edilir, amma qatillər körpəyə mərhəmət göstərərək onu sağ saxlayırlar. Aqamemnonun qızı ilə Klitemnestra – Elektra isə şəhərdə yaşamaqda davam etsələr də çar ailəsi üçün ən qara işlər görürlər. Həqiqi başçının ölümündən uzun illər sonra şəhərə Orestlə köləsi, gənc çarın tərbiyəsi və təhsili ilə məşğul olan Pedaqoq gəlir. Şəhərdə milçəklərin murdarladığı şəhər sakinlərindən başqa digər qəhrəmanlar isə özünü səyyah kimi qələmə verən Yupiteri qarşılayır.
Məlum olur ki, Tanrı artıq uzun müddətdir ki, səyahətçiləri izləyir. Görüş zamanı isə onlara şəhərin tarixindən bəhs edir. Yupiter əvvəlcədən başa düşür ki, Orest Aqamemnonun oğludur və şəhərə qisas almaq naminə gəlmişdir. Özünü Fileb kimi təqdim edən gənc adamın xoşagəlməz yalanını məsxərəyə qoyaraq ona ölü şəhəri tərk etməyi məsləhət görür. Əks halda milçəklər onun da məhv olmasına səbəb olacaqdır. Sonra Orest ölülər şəhərində həqiqi diri qalan yeganə insanla – bacısı Elektra ilə rastlaşır. Orest bacısının çətin həyatı, şəhərdəki çıxılmaz vəziyyəti, hakimlərin mənəvi ölümləri və Elektranın atasının qatilinə və bütün xalqa əzab verənlərə qarşı nifrəti barədə öyrənir...
Sartr pyesdə qeyd edir ki, insanların tövbə etməsi anadan olduqda onlara verilən ilkin azadlıqlarının Yupiter tərəfindən məhdudlaşmasıdı.
Pyes Sartrın əsərin mətnində göstərdiyi daha bir rəvayətlə sona çatır. Orest milçəkləri sanki ovsunçu kimi özü ilə apararaq azad şəkildə şəhəri tərk edir. Pyesin ikiplanlı olması adi gözlə də aydın görünür. Şarl Düllen 1943-cü ildə "Milçəklər”i mühasirədə olan Parisdə nümayiş etdirdiyi zaman tamaşa publika tərəfindən hər şeydən əvvəl şifrələnmiş hekayə kimi qəbul edilmişdi. Arqosun dekorasiyaları Fransanın şəhər və qəsəbələri olmuşdu. Eqisflə Klitemnestra isə Hitler və Peten (Marşal Filip Peten – 1856-1951. Fransa hərb və dövlət xadimi. F.Peten Birinci dünya müharibəsi zamanı Fransa ordusunun komandanı olmuşdur) kimi qəbul edilmişdi.
Azadlıq carçısı olan Orest "Müqavimət”in ilk könüllülərindən biri ilə, Elektra isə antihumanist rejimi devirmək yanğısı olan fransızlarla assosiasiya edilirdi. Pyes ilk növbədə diz üstə çökdürülmüş, amma yenə də sınmayan, itaətsiz olduğu kimi, həm də tiranlara meydan oxumağa hazır olan Fransanı təsvir edirdi. Kütlə burada da yanılmırdı. "Milçəklər” Lui Araqonun saxta lirikası ilə eyni sırada dayanan "Müqavimət”in, P.Elüarın "Azadlıq”ının, F.Moriakın "Qara dəftər”inin və A.Kamyunun "Alman dosta məktubları”nın teatral manifestinə çevrilmişdi.
Fransada 1940-cı illərdə dolaşan qəhvəyi rəngli taun təkcə Sartr tərəfindən deyil, həm də Kamyu, S.de Bovuar tərəfindən dərk edilmişdi. Sartrın pyesinin ölüm və mənəvi tənəzzülü təcəssüm etdirən adı da ("Milçəklər”) məntiqlə elə buradan qaynaqlanır. A.Kamyunun "Taun” əsəri də fransızların həyatının mühasirədən əvvəlki dövrünün təsvir edildiyi eyni mövzuya aiddir. Beləliklə, "Milçəklər” pyesi başqa kontekstdə desək, qəsbkarın çəkmələri altındakı Fransanı təmsil edir. "Milçəklər”in ikiplanlı olması da buradan qaynaqlanır. Müvafiq olaraq pyesin mənası da ikilidir.
Bu yerdə təbliğat şüarı fəlsəfi məktəbin "insan ölümcül azaddır” postulatı ilə üzləşir. Qəhrəmanlar həm də iki düşmənlə qarşı-qarşıyadır: mərhəmətsiz diktaturanın təmsilçisi, cisimdən və qandan ibarət olan insan Eqisf və azad iradə anlayışına zidd olan ehkamlar yaradan Tanrı Yupiter. Yer və səma tiranını diktatorluq birləşdirir. Pyesdə Fransanın süqutundan sonra da əsərdə uyğun hadisələri illüstrasiya edən obraz var. Yupiterlə əlaltısı Eqisf xalqın "susqunluğunu” kainat miqyasında dəhşətə çevirirlər.
Ümumiyyətlə, Sartr özü ateist olsa da Tanrı mövzusu onun dramaturgiyasında tez-tez yer alır. "İblis və Allah ” pyesini xatırlayaq. Orda əsas qəhrəman şöhrətli və qəddar sərkərdə Hyös gah özünü faktiki İsa Məsih, gah da əksinə Dəccal adlandıraraq şəxsi azadlığını idarə edir. Sartr da "Milçəklər”də Tanrı mövzusuna toxunur. Pyesdə dramaturq azad Orestlə Yupiterin qarşıdurmasını təsvir edir. Həm də "milçəklərinin hökmdarı Arqos” obrazını Sartr elə yaradıb ki, onun həm xristian, həm müsəlman, həm yəhudi, ya da başqa dinin nümayəndəsi ola bildiyini düşünməyə əsas verir.
Onlardan hər biri möminlərə azadlığın hansısa ehkamdan kənara çıxmadığı müəyyən ana qədər azadlıq verərək fəaliyyətlərini məhdudlaşdırır. Orest dini əxlaqa qəsd edir. O, ehkamları rədd edərək Sartrın formulunu reallaşdırır: "mövcudluq mahiyyəti qabaqlayır” .
Pyesi ekzistensial terminologiyaya çevirdikdə isə aydın olur ki, dramaturq sadə həqiqəti oxucuya çatdırmağa çalışır: mahiyyət mövcudluğu qabaqlamır, o, bütün insanlığın etdiyi hərəkətin, ömrünün sonuncu dəqiqəsinə kimi qəbul etdiyi qərarların nəticəsidir. Amma əgər insan hansısa dini, mənəvi-əxlaqi normalarla yaşayırsa, onda o, öz "layihəsi”ni reallaşdıra bilər: o, məhdudlaşmışdır, deməli, azad deyil.
Dərhal Hyösenin "İblis və Allah” pyesindəki replika yada düşür: "Qəddarlığın fantaziya üçün hər bir şəraiti var”. Yupiter başqa sözlər deyir: "əgər azadlıq bircə dəfə insan qəlbində parıldadısa, ondan sonra tanrılar gücsüz olur".
Həqiqətən də Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir. Buna danılmaz fakt olaraq Orestin törətdiyi hərəkəti, xüsusən də Eqisfin və öz anasının qətlini göstərə bilərik. Bu sıraya həm də Elektranın mənəvi ölümünü əlavə etmək olar. Hədsiz azadlıq əldə edən çar vicdan əzabı çəkmir. Mətndən növbəti misalı gətirək: "bütün bunların mənə nə dəxli var axı – mən azadam. Qoy kədər, qorxulu xatirələr var olsun. Azadam. Çünki özüm-özümlə razıyam”. Məsələ bundadır ki, Sartr üçün xeyirxahlıq və zalımlıq aksiomlarına inam bir-birinə uyğundur. Nəhayətdə azad insan özü üçün hansısa kodeksi seçir və bu anlayışları müvafiq olaraq təyin edir. Ancaq 1946-cı ildə yazıçının qələmindən "Ekzistensializm humanizmdir?” sözləri çıxır. Sartr azadlığı "qoruyub saxlamağın bəzi mexanizmlərini” yaradır, həmin mexanizmə görə fərdin qərarı xeyrin seçimi ilə uyğunlaşır. Təkcə bu cür azadlığa gedən yolun uzun olması və cavabdehliyin onunla əl-ələ getməsini əlavə etmək qalır.
Orest həqiqi azadlığa pyesin sonunda çatır. Elə Orestin pyesin qəhrəmanı adını alması da sonlara yaxın baş verir. Əvvəlcə o, sadə səyyah, milçəklərin bürüdüyü lənətli şəhərin əsirlərindən biri olmaq potensialına sahib Fileb kimi təqdim edilir. T şəhəri tərk etmək işarəsi Fileb üçün dönüş anı olur. Ardınca çar ailəsinin qətli və Yupiterlə söz döyüşü baş verir.
Amma indi o, xəyanətlə öldürülmüş çarın oğlu, qandalsız azadlığın daşıyıcısı və şəhərin xilaskarı Orestdir. Pedaqoqun dərsləri nəhayət ki, öz bəhrəsini verir və Sartrın pyesin əvvəlində yazdıqları qəhrəmanda təcəssüm edir: "siz gəncsiz, zənginsiz, gözəlsiz, başçı kimi təcrübəlisiz, inam boyunduruğundan qurtulmusuz, sizin nə ailəniz, nə vətəniniz, nə dininiz, nə də peşəniz var. Siz hər bir öhdəçiliyi öz üzərinizə götürməkdə sərbəstsiz. Qısacası siz yüksək pillədə qərar tutmuş insansız”.
O ki qaldı məsuliyyətə, Orest onu soyuq dərrakə ilə qəbul edir. Appolon ehramından çıxıb qəzəbli kütlə ilə üzbəüz gəldikdə qəhrəman onu heyrətləndirir. Sakinlər Orestə ziyan vura bilməzlər, çünki vicdan əzabı çəkməyən, günah və qorxu tanımayan insanı cəzalandırmaq mümkün deyil. Arqossianslarla olan səhnədə tanrılarla eyni mövqedə dayanaraq, bununla da onların tiranlığını önə çəkən qəhrəman öz sonuncu şəxsiyyətini təqdim edir. Pyesin sonunda Orest milçəkləri şəhərdən aparır, beləliklə də təkcə dramaturqun fəlsəfi tezislərinin nümunəsinə xidmət etməklə qalmır, həm də fransızların "başını qaldırması”na çağırış etmiş olur. J.P.Sartrın "Milçəklər” əsərinin digər mənası da budur.
Pyesdə baş verən hadisələrdən ortaya çıxan fəlsəfi yekun növbəti əsərin mövzusuna təməl yarada bilir. J.P.Sartr pyesdə fəlsəfi ekzistensializm ruhunda reallaşan ikiplanlı faciəni oxucuya və tamaşaçıya nümayiş etdirir. Bir tərəfdən "Milçəklər” üstüörtülü antifaşist manifestidir. Qəhrəmanın hərəkətlərində və repliklarında insanları mübarizəyə və müqavimətə səsləyən təşviqat yayan şüarlar "qeydə alınır”. Digər tərəfdən isə pyes Sartrın ekzistensial fəlsəfəsinin parlaq və müfəssəl illüstrasiyasıdır. "Milçəklər” həm də J.P.Sartrın hadisələri fəlsəfi mənada birləşdirən bədii metodologiyasının xarakterik nümunəsidir. Bura "azadlıq”, "məsuliyyət”, "ruhun ölümü”, "layihə”, "divar” və başqa anlayışları daxil etmək olar. Bu planda Sartr təmsilçiləri Monten, Paskal, Volter, Frans və Kamyu olan, fransız ədəbiyyatının xarakterik milli xüsusiyyətini təşkil edən fəlsəfi tərbiyənin parlaq davamçısıdır. Pyesdən də göründüyü kimi dramaturq bu ənənədə layiqli və görkəmli yer tutur.
İVAN VYAÇESLAVOVİÇ MOROZOV
(MDPU-nun roman filologiyası kafedrasının aspirantı)
Rus dilindən tərcümə edən: Xatirə Nurgül



banner

Oxşar Xəbərlər