• şənbə, 20 Aprel, 07:22
  • Baku Bakı 14°C

İzolyasiya qaydalarına ciddi riayət olunmalıdır

17.03.20 18:12 3171
İzolyasiya qaydalarına ciddi riayət olunmalıdır
Virusun Azərbaycanda yayılmasının qarşısının alınması üçün ən vacib şərt budur

Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 17-nə olan son statistik məlumatına görə, dünya üzrə 162 ölkədə 182742 nəfər koronovirusa yoluxub. Son yoluxma sayı 290 nəfərdir. Onların içərisində 7 174 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 79 883 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1 300 nəfər yeni sağalanlardır. ÜST-ün baş direktoru Tedros Adhanom Hebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, koronavirus pandemiyası dövrümüzün ən böyük səhiyyə böhranıdır. Onun sözlərinə görə, hazırda dünyanın digər ölkələrində yoluxma və ölüm halları Çindəki göstəriciləri üstələyib. ÜST rəhbəri deyib ki, koronavirusa qarşı mübarizədə müayinə və testlərin sayı artırılmalıdır. ÜST rəhbəri, həmçinin dünyanın bir sıra ölkələrində koronavirusa qarşı mübarizədə sərt tədbirlərin görülməsini alqışlayıb. O, test və müayinələrlə yanaşı yoluxanlar və onlarla təmasda olan şəxslərin ciddi şəkildə cəmiyyətdən təcrid olunmasının vacibliyini vurğulayıb. Çünki infeksiyanın əlamətləri yox olduqdan sonra xəstələnmiş şəxs hələ iki həftə boyunca ətrafındakı insanları yoluxdura bilər. Ona görə də ev şəraitində karantində olan şəxslər və onların yaxınları ehtiyat tədbirləri görməli, qaydalara ciddi riayət etməlidirlər.

Vətəndaşlarımızın iştirakı və dəstəyi
Dünyanın koronavirus bəlası ilə üz-üzə qaldığı bir vaxtda virusun Azərbaycan daxilində yayılmasının qarşısının alınması və yoluxmuş insanların müalicəsi istiqamətində hökumət tərəfindən bütün səviyyələrdə zəruri tədbirlər görülür. Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edib. Virusun qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərindən irəli gələrək, Azərbaycan ərazisində də bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Ölkə daxilində bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunub. Bütün bunlara baxmayaraq, vətəndaşlarımızın iştirakı və dəstəyi olmadan bu tədbirlərin effektivliyi lazımi nəticə verə bilməz. Ona görə də həm Azərbaycanda, həm xaricdə olan vətəndaşlarımız bu çətin vaxtda fərdi məsuliyyət nümayiş etdirərək olduqları ölkədə tətbiq olunan karantin qaydalarına ciddi riayət etməlidirlər.

Təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmaq
Vətəndaşlar koronovirusla mübarizə məsələsinə ciddi yanaşmalı, panikaya yol verməməlidirlər. Artıq heç kimə sirr deyil ki, koronovirus xəstəliyinin müalicəsi yoxdur, hətta dünyanın inkişaf etmiş ölkələri belə, virusun qarşısını ala bilmirlər. Bununla belə, hansı ölkələr ki səmərəli qabaqlayıcı tədbirlər görürlər, orada vəziyyət nisbətən daha qənaətbəxşdir. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda da bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Hətta bu baxımdan Azərbaycan bir çox ölkələrini qabaqlayır. Bütün bunlara rəğmən, heç bir ölkə və şəxs heç nədən sığortalanmayıb. Ona görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər və ictimaiyyət buna hazır olmalıdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, yaşlı insanlar virusun təsirinə daha tez məruz qalır. Buna görə də onlara xüsusi diqqət və qayğı göstərilməlidir. Vətəndaşlara tövsiyə olunur ki, imkan daxilində evdə otursunlar, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməsinlər, ictimai nəqliyyatdan istifadə, mağazalarda alış-veriş edərkən daha etibarlı qorunsunlar. Xüsusən də ictimai nəqliyyatda xəstəliyin yayılma imkanları geniş olduğu nəzərə alınaraq, insanlar qoruyucu vasitələrdən daha ciddi istifadə etməli və öz təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdırlar.

Sanitar-gigiyenik qaydalara əməl etmək
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevin mediaya açıqlaması da onu deməyə əsas verir ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Baş infeksionistin sözlərinə görə, Azərbaycan bu baxımdan hətta bir çox ölkələri qabaqlayır. C.İsayev koronavirusun yayılmasının qarşısını almaq üçün Azərbaycanla qonşu ölkələrin - Türkiyə, Rusiya və İranla gediş-gəlişin məhdudlaşdırılmasını da olduqca mühüm tədbir hesab edib. Qeyd edib ki, Azərbaycanda səmərəli qabaqlayıcı tədbirlərin görülməsi sayəsində vəziyyət nisbətən daha qənaətbəxşdir: "Lakin buna baxmayaraq, məsələyə ciddi yanaşmaq, panikaya yol verməmək, təhlükənin real olacağını da başa düşmək lazımdır. Buna görə də insanlar virusun daha çox yayılmaması üçün tələb olunan sanitar-gigiyenik qaydalara əməl etməlidirlər”.

Lüzumsuz panika və ajiotaj
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir. Bununla yanaşı, əhalinin məlumatlandırılması ilə bağlı müvafiq işlər də görülür. Nazirlər Kabineti yanında operativ qərargah gündə bir neçə dəfə mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyətə məlumat verir. Bütün bunlara rəğmən, təəssüf ki, ayrı-ayrı məsuliyyətsiz şəxslər cəmiyyətdə panika, ajiotajın yaradılmasına xidmət edən, hər hansı fakta, dəlilə əsaslanmayan şayiələr yayırlar. Sözsüz ki, həmin şəxslər gec-tez müəyyənləşdiriləcək və onların barəsində ən sərt tədbirlər görüləcək. Çünki, koronovirus xəstəliyi kiçik miqyasdan çıxaraq qlobal xarakter alıb, bütün dövlətlər, o cümlədən ölkəmiz üçün təhlükəyə çevrilib. Belə bir şəraitdə qeyri-obyektiv, şayiə xarakterli məlumatlar yayaraq insanlara psixoloji təsir göstərən, bir sıra hallarda onlara mənəvi sarsıntı yaradan insanlar bağışlana bilməzlər. Onlar bu əməlləri ilə milli marağın əleyhinə çıxır, Vətənə, dövlətə və xalqa xəyanət edirlər. Xəyanətkarları isə heç bir halda bağışlamırlar.

Ehtiyatlarımız kifayət qədərdir
Belə məsuliyyətsiz şəxslər bəzi hallarda koronovirus təhlükəsinin yayılması fonunda Azərbaycanda ərzaq çatışmazlığı yaranacağını da iddia edirlər. Halbuki, Azərbaycanın ərzaq təhlükəsizliyi təmin olunub, ərzaq məhsulları ilə bağlı qıtlıq yaranması imkanları istisna edilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bu barədə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda hər il ərzaq balansının tərtib olunması buğda, sair dənlilər, dənli paxlalılar, un, çörək və çörək məmulatları, düyü, kartof, soğan, tərəvəzlər, bostan məhsulları, meyvə və giləmeyvələr, ət və ət məhsulları, süd və süd məhsulları, bitki yağları, kərə yağı, çay və sair məhsul növləri üzrə aparılır. Ərzaq balanslarını təhlil edən ekspert deyib ki, ölkədə ərzaq bazarında vəziyyət qənaətbəxşdir. Onun sözlərinə görə, Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70 faizə çatır və bu sahədə ehtiyatlarımız son illər 1-1,2 milyon ton olub: "Bir qayda olaraq dənlilər üzrə ilin əvvəlinə qalıq, ərzaq məhsullarının istehsalı üçün istifadə edilən məhsulun 40 faizindən çox olur. 2019-cu ildə kartofla özünü təminetmə səviyyəsi 87,8 faiz olub. Azərbaycanda kartof üzrə də ilin əvvəlinə qalıq, həmişə ərzaq kimi istehlak olunan məhsulun 70 faizindən çox olur. Ölkəmizdə özünütəminetmə səviyyəsi tərəvəz üzrə 112 faiz, bostan məhsulları üzrə 100,8 faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, ət və ət məhsulları üzrə 82,5 faiz, yumurta üzrə 101,8 faiz, süd və süd məhsulları üzrə 86,2 faiz, duz üzrə 111,4 faiz və çörək və çörək məmulatları üzrə 100 faizdir. Bütün növ ərzaq məhsulları üzrə ehtiyatlarımız kifayət qədərdir. İqtisadiyyat naziri Mikayıl Cabbarov da bildirib ki, ölkəyə məhsulların, o cümlədən, ərzaq məhsullarının gətirilməsində heç bir çətinlik yoxdur. Üstəlik, dövlətin də ərzaq ehtiyatları var ki, istənilən fors-major halında əhalinin təminatı həyata keçirilə bilər”.

Ərzaq təhlükəsizliyi indeksi yüksəkdir
Mərkəzin icraçı direktoru V.Qasımlı nüfuzlu beynəlxalq qurumların hesabatlarına istinad edərək qeyd edib ki, son illər ərzində Azərbaycanın ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib: "Bu baxımdan, "The Economist Group” tərəfindən hazırlanan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksinə (The Global Food Security Index) baxmaq kifayətdir. Bu hesabata əsasən son 7 il ərzində Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl olaraq yüksəlmə müşahidə edilib. Hesabata görə bu yüksəliş 7 il ərzində 12,7 faiz bəndi təşkil edib, ölkəmiz bu göstərici üzrə siyahıya liderlik edir. Məlumat üçün qeyd edək ki, digər ölkələr üzrə bu göstərici ən yaxşı halda 6-7 faiz olub. 2019-cu ildə Azərbaycan bu hesabatda daha 3 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb. Hazırda Azərbaycan ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunur. Həmçinin ölkəmiz bu reytinqdə keçmiş SSRİ-yə daxil olan bir çox respublikanı qabaqlayıb. Qeyd edək ki, sözügedən hesabata əsasən son 7 il ərzində qlobal ərzaq təhlükəsizliyi indeksi üzrə Azərbaycanda müşahidə olunan artım dünya üzrə ən yüksək nəticədir. Hətta son 7 ildə hesabatın əhatə olunduğu 113 ölkənin bir hissəsində bu göstərici mənfi olub. Azərbaycan isə ardıcıl olaraq qlobal ərzaq təhlükəsizliyi indeksində mövqeyini yaxşılaşdırıb”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər