AZE | RUS | ENG |

İstifadəyə yararsız neft və qaz yataqlarını “diriltmə” planı

İstifadəyə yararsız neft və qaz yataqlarını “diriltmə” planı
Ekspertlər deyirlər ki, köhnə yataqların reabilitasiyası və ekoloji tarazlığın bərqərar olması çox vacib məsələdir

Fransa tərəfindən Azərbaycandakı istifadəyə yararsız neft və qaz yataqlarının reabilitasiyası ilə bağlı layihə hazırlanıb. AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Azərbaycanda köhnə, istifadəyə yararsız neft və qaz yataqlarının ekoloji cəhətdən yararlı şəkildə reabilitasiyası ilə bağlı Fransa tərəfindən layihə hazırlanıb və bu layihə reallaşa bilər. 

Neft yataqlarında reabilitasiya işlərinin aparılması  ekoloji baxımdan hansı perspektiv vəd edir? Bunun iqtisadi əsasları necə formalaşmalıdır? Ümumiyyətlə, çirklənmiş yataqlarda nə kimi işlər görülə bilər?

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev neft yataqlarında reabilitasiya işlərinə ciddi ehtiyac olduğunu söylədi: "Azərbaycanın neft sənayesinin 100 ildən çox tarixi var. 20-ci əsrin əvvəllərindən başlayaraq Azərbaycanda sənaye üsulu ilə neft hasilatı geniş miqyas almağa başladı. Xüsusilə Abşeron yarımadasının müxtəlif ərazilərində kiçik neft emalı zavodlarının inşasına başlanıldı. Sənaye üsulu ilə kortəbii şəkildə neft çıxarılması isə yarımadanın quru, həm də dəniz sahillərinin çirklənməsinə səbəb oldu. O dövrdə texnologiya yüksək səviyyədə deyildi və ətraf mühit kifayət qədər qorunmurdu. Bütün bunlar Abşeronda neft tullantıları ilə çirklənmiş ərazilərin sayını artırdı. İndi bu ərazilərin və neft yataqlarının reabilitasiyası və ekoloji tarazlığın bərqərar olması çox vacib məsələdir. Təkcə Abşeron yarımadasında deyil, Azərbaycanın 8 neft-qaz rayonunda reabilitasiya işlərinin aparılmasına ehtiyac var. Neft yataqlarının reabilitasiyası dedikdə, uzun illər ərzində sənaye istismarında olan yataqlarda yenidən hasilat işinin bərpa olunması nəzərdə tutulur. 1994-cü ildə «Əsrin müqaviləsi» imzalanana qədər neft-qaz sənayesində sovet texnologiyasından istifadə olunurdu. Bu texnologiya hasilat effektivliyi, neftvermə əmsalının artırılması və ətraf mühitin qorunması baxımından faydalı texnologiya deyildi. İndi xüsusilə quru yataqlarında kifayət qədər neft qalıb. Təxmini hesablamalara görə, 20-30 faizədək neft həcmləri mövcuddur. Əgər reabilitasiya işləri aparılarsa və müasir texnologiyalardan istifadə edilərsə, həmin yataqlardan kifayət qədər neft çıxarmaq mümkündür. Azərbaycanda neft hasilatı ildən-ilə aşağı düşür. İl ərzində 40 milyon tona yaxın neft çıxarılır. Son on ildə bu göstərici 10 milyon tonadək azalıb. Ona görə də, belə reabilitasiya işlərinə ciddi ehtiyac var. Aktiv quyu fondunun genişləndirilməsinə və geoloji kəşfiyyat işlərinə. Sovet texnologiyası ilə istismar edilən yataqlarda reabilitasiya işləri aparılmalıdır. Müasir texnologiya ilə bu yataqlarda neft hasilatının həcmini artırmaq mümkündür”.

Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Rauf Sultanov deyir ki, bu məsələ ilə bağlı müxtəlif layihələr həyata keçirilir: "Amma neft yataqlarının reabilitasiyası ilə bağlı problem çox böyükdür. Sovet dövrünə qədər və sovet dövründə Azərbaycanda ekologiya nazirliyi və yaxud da bu məsələ ilə bağlı hər hansı bir qurum fəaliyyət göstərməyib. O dövrdə neftin çıxarılması bir nömrəli məsələ idi. Ona görə də, indi neft çıxarılan quru ərazilərdə və Xəzərdəki neft yataqlarında ciddi çirklənmə mövcuddur. Neft yataqlarının və çirklənmiş torpaqların bərpası məsələsi və  reabilitasiyası müstəqillik dövründə irəli sürüldü. Nəzərə almaq lazımdır ki, bu ərazilərdə ekoloji problemlər ciddi xarakter daşıyır. Amma neft yataqlarının reabilitasiyası və ekoloji çirklənmənin qarşısını almaq üçün böyük məbləğdə vəsait tələb olunur. Bu məqsədlə müxtəlif layihələr həyata keçirilir. Həmin ərazilərdə neftlə çirklənmiş torpaqların və neft yataqlarının dərəcəsi müəyyən olunmalıdır. Hal-hazırda Ekologiya Nazirliyi və digər aidiyyəti qurumlar bu istiqamətdə müxtəlif işlər görür. Bu yataqların reabilitasiyası üçün böyük məbləğdə vəsait lazımdır. Ona görə də, sözügedən layihəni bu istiqamətdə atılan mühüm addım kimi qiymətləndirmək olar”. 

Şəbnəm Mehdizadə
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973