İstanbulda Avrasiya İqtisadi Zirvəsi

İstanbulda Avrasiya İqtisadi Zirvəsi

İqtisadiyyat
08 Aprel 2015, 14:05 1473
Aprelin 8-də İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVIII Avrasiya İqtisadi Zirvəsi işə başlayıb. Tədbirə informasiya dəstəyi verən media sponsorları qrupuna Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) da daxildir.

Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi açılış mərasimində əvvəlcə Türkiyənin dövlət himni səsləndirilib. Azərbaycanın geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunduğu XVIII Avrasiya İqtisadi Zirvəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib. Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə dair maraqlı kadrlar da yer alıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Zirvə iştirakçılarına təbrik məktubunu oxuyub.

Prezident müraciətində qeyd edib ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə hər il qardaş Türkiyədə keçirilən bu toplantılar Avrasiya məkanında xalqlar və dövlətlərarası əlaqələrin inkişafına xidmət edir: "Şübhə yoxdur ki, informasiya texnologiyaları, telekommunikasiya, maliyyə, enerji, nəqliyyat, logistika və digər sahələrlə bağlı müzakirələrin aparılacağı XVIII sammit də region ölkələri arasında dostluq və əməkdaşlıq mühitinin möhkəmlənməsinə sanballı töhfə verəcək".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Respublikası bölgənin inkişafına yeni imkanlar açan mütərəqqi ideyaları, innovativ təşəbbüsləri, mühüm enerji və infrastruktur layihələrini dəstəkləməkdə davam edir: "Hazırda zəngin karbohidrogen ehtiyatlarımızı müxtəlif istiqamətlərə nəql edən 7 neft və qaz kəməri mövcuddur. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş “Şahdəniz”, TANAP və TAP layihələrinin ən iri səhmdarlarından biridir. Ötən il Bakıda “Cənub Qaz Dəhlizi”nin, təxminən 20 gün əvvəl isə Qarsda Transanadolu qaz boru kəmərinin təməlinin qoyulması ilə “XXI əsrin müqaviləsi” adlandırılan nəhəng transmilli layihənin icrası istiqamətində əməli işlərə başlanmışdır. Bu il Xəzər dənizində Beynəlxalq Dəniz Ticarəti Limanının əsas hissəsinin istifadəyə verilməsi, habelə Asiya ilə Avropanı qovuşduran Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının başa çatdırılması da nəzərdə tutulmuşdur".

İlham Əliyev bildirib ki, Azərbaycan Avrasiya məkanında humanitar əməkdaşlığın dərinləşməsinə çalışan və bu sahəyə böyük həcmdə sərmayə qoyan dövlətlərdən biridir: "2015-ci ilin iyununda biz Bakıda ilk Avropa Oyunlarını, iki il sonra isə İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə təşkil etmək əzmindəyik".

Azərbaycan Prezidenti qeyd edib ki, yaşadığımız qloballaşma dövründə kəskin dəyişən iqtisadi və siyasi şərait qarşıya daim yeni vəzifələr, həlli vacib olan problemlər də çıxarır: "Ümid edirəm ki, sammitin iştirakçısı olan dövlət təmsilçiləri, siyasət və elm xadimləri, ictimaiyyət və biznes nümayəndələri gündəlikdə duran və hər birimizi düşündürən aktual məsələlər ətrafında səmərəli müzakirələr aparacaq, regionun tərəqqisinə və qarşılıqlı əlaqələrin genişlənməsinə kömək edən qərarlar qəbul edəcəklər.

Başda Mərmərə Qrupu olmaqla zirvə görüşünün bütün iştirakçılarını bir daha təbrik edir və toplantınızın işinə uğurlar arzulayıram".

Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin məruzəsi dinlənilib. Akkan Suver Zirvənin əhəmiyyətindən, iştirakçı tərəflərin inkişaf və tərəqqiyə yüksək əhəmiyyət verməsindən bəhs edib. Azərbaycan Respublikasının həyata keçirdiyi strateji layihələrin önəmini diqqətə çatdıran sədr qeyd edib ki, TANAP və TAP da daxil olmaqla reallığa çevrilən layihələr inkişafa, sülh və əmin-amanlığa, insanların rifahına xidmət edir.

Daha sonra İstanbul valisi Vasip Şahinin, professorlar Erman Tuncerin, Temel Kotilin, Gökhan Murat Kalsının və digərlərinin çıxışları olub. Bildirilib ki, artıq ənənə halı almış Avrasiya İqtisadi Zirvəsində təkcə iqtisadi mövzuların yox, insan haqlarına və demokratik dəyərlərə aid məsələlərin müzakirə olunması beynəlxalq proseslərə kompleks yanaşmanın təzahürüdür. Diqqətə çatdırılıb ki, terrorçuluqla mübarizədə, insanları pis vərdişlərdən çəkindirməkdə yeganə yol inkişaf və tərəqqidir.

Çıxışlarda Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsi və Qərbə nəqli, bu sahədə həyata keçirilən siyasətin və layihələrin beynəlxalq əhəmiyyəti qeyd edilib. Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinə üzvlüyünün on ili tamam olan bir qrup şəxsə, o cümlədən Azərbaycanın energetika naziri Natiq Əliyevə qurumun təsisçisi olduğu “Şərəf” medalı təqdim edilib.

Zirvədə 50 ölkədən dövlət və hökumət rəhbərləri, hökumət üzvləri, digər rəsmi şəxslər, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, diplomatlar, deputatlar, keçmiş dövlət və hökumət başçıları iştirak edirlər. İki gün davam edəcək tədbirin gündəliyinə “İpək yolu: iqtisadiyyat, enerji və maliyyə”, “Sülhə gedən yol”, “İnsanlıq hara gedir?” mövzularının müzakirəsi və digər məsələlər daxildir.