• cümə, 26 Aprel, 10:41
  • Baku Bakı 12°C

İsgəndərnamə

31.05.16 10:54 8915
İsgəndərnamə

İsgəndərin peyğəmbərlik səfəri onun fatehlik səfərindən kəskin surətdə fərqlənir. Peyğəmbərlik səfərinə çıxmış İsgəndər insanların qəlbinə və ruhuna istinad edir, ilahi hikmətlərin köməyilə dünyanı və insanları təzələmək və kamilləşdirmək məqsədini güdür. Fatehin müzəffər yürüşü yadın yadlara qarşı amansızlığı idisə, peyğəmbərin haqq yürüşü doğmanın doğmalara olan məhəbbətidir. Birinci halda İsgəndər dünyanı öz istədiyi kimi, ikinci halda Allahın istədiyi kimi dəyişdirir. Dünyanı zor gücünə ədalətə tabe etməkdənsə, onu din vasitəsilə ədalətə çatdırmaq lazımdır. Ona görə də peyğəmbərlik hər mənada: həm mənəviyyat, həm də fəaliyyət baxımından şahlıqdan da, filosofluqdan da yüksək məqamdır. Biliksiz şah filosofdan, imansız filosof isə peyğəmbərdən aşağıda durur.

İsgəndərin həyat yolu və onun bir şəxsiyyət kimi yüksəlişi şahlıqdan peyğəmbərliyə doğrudur. Şahlıqda qəhrəman özünü şəxsiyyət kimi təsdiq edir, öz iddialarını həyata keçirir. Filosofluqda o, əqli kamilləşmə nəticəsində iddialardan azad olur, çox düşünüb, çox dərk etdikcə insanın dünya və əbədiyyət qarşısında çox aciz və kiçik olduğunu başa düşür. Peyğəmbərlikdə isə o, bütün qüsurlardan azad olub, tam kamillik həddinə çatır.

Fatehlik insanın allahlıq iddiasıdır. Ona görə də İsgəndər dünyaya sahib olduqdan sonra ölməzlik axtarır. Filosofluq insanın öz gücünü dərk etməklə yanaşı, həm də öz gücsüzlüyünü etiraf etmək bacarığıdır. Peyğəmbərlik isə insanın bütün iddialarından azad olması, öz səadətini Allaha və insanlara xidmətdə görməsidir.

Beləliklə, "Şərəfnamə”İsgəndərin cahangirlik, "Xiradnamə” filosofluq,”İqbalnamə” isə peyğəmbərlik tarixidir.

İsgəndər əvvəlcə yeddi ölkəni (yəni bütün dünyanı) fəth edir; sonra o, yeddi filosofla (yəni bütün dünya müdrikləri ilə) xəlvətə çəkilir və bütün hikmətlər dünyasını fəth edir, nəhayət o, dünyanı dolaşaraq xalqları Allah və din yoluna dəvət edir.

Fateh İsgəndər bütün dünyaya qalib gəldi, lakin ölümə qalib gələ bilmədi – o, dirilik suyunu tapa bilmədi. Filosof İsgəndər bütün dünya sirlərinə vaqif oldu, lakin ölümün sirrini və çarəsini o da tapa bilmədi. Yalnız peyğəmbər İsgəndər ölümə qalib gəldi, şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu. Şah və filosof İsgəndər həyat sirlərini dərk etdisə, peyğəmbər İsgəndər həm də ölümün sirrini dərk etdi. İnsan yaşamağı bacardığı kimi, ölməyi də bacarmalıdır, həyatı sevdiyi kimi ölümü də sevməlidir. Nizaminin təlimində həyat həm dünyadan ləzzət almaq, həm də ölümə hazır olmaqdır. Yaşamağı bacarmaq elə ölməyi bacarmaq deməkdir, həyata hazır olmaq, həm də ölümə hazır olmaq deməkdir. İsgəndər ölümə tam hazır olandan sonra, axirəti tam dərk etdikdən sonra dünyadan köçür və öz ölümü üçün anasının belə yas saxlamasını istəmir.

"Şərəfnamə”də süjet xəttinin əsasını İsgəndərin fatehlik səfərləri tutur. Nizami öz qəhrəmanını acgöz bir dünya hərisi kimi deyil, ədalət və haqq müdafiəçisi kimi təqdim edir.

Əsas hadisələrin təsvirinə keçməzdən əvvəl şair yenə də Allahın tərifini, peyğəmbərin meracını əks etdirən fəsillər verir. Bu, ənənəvi forma olsa da, burada şair birbaşa mətləbə dəxli olan məsələlərə toxunur, insan və dünya, insan və Allah, insan və axirət kimi metodoloji problemləri şərh edir. Sonra əsərin əsas hissələrində Nizami öz qəhrəmanını məhz bu cür dərin fəlsəfi və dini məsələlərlə qarşılaşdırır. Məsələn, Allahın əbədiliyini göstərməklə şair bir növ qəhrəmanın dünyada öz yerini düzgün təyin etməsinə metodoloji əsas yaradır. Ona görə də "Allahın tərifi” əsərin ən vacib tərkib hissəsi sayılmalıdır. "Dastanın xülasəsi və İsgəndərin cahangirlik tarixi” fəslində Nizami özü bu fikri təsdiq edir:

Əvvəldən möhkəm bir təməl qoydum

Ki, evin divarları möhkəm olsun (58).

Nizami öz fikir məbədini məhz ilahi hikmətlər üzərində ucaldır.

Burada vacib metodoloji məsələlərdən biri insanın dünyaya və Allaha nisbəti məsələsidir. Bir yandan insan dünyanın zinəti və Xaliqin ən sevimlisidir, o biri yandan insanın dünyada iqtidar həddi var, həm iradə, həm əqli cəhətdən onun imkanları məhduddur. Allah insanın başı üzərində göy qübbəsini yaratmaqla sanki onun zəkasının və idrakının nüfuz həddini göstərmişdir. İnsan mütləq və sonsuz imkanlar sahibi olmadığı üçün o, həmişə öz mövqeyini və həddini bilməlidir. Göyün doqquzuncu qatında bərqərar olan ilahi dərgahın yolu elə çətin, elə dardır ki, ən güclü idrak yolçusu bu yolu keçməkdə acizdir. Ona görə heç bir söz sərrafı Allahı təsvir edə bilmir. Şair o mütləq varlığa xitabən deyir ki, sənin hüzurunda "sən” dedikdən sonra "mən” deməyə cəsarətim çatmaz. Sən olan yerdə mən yoxam. İnsan Allahın varlığını yalnız özünün yoxluğunda dərk edə bilər.

Məhz bu fikirlər sistemində İsgəndərin həyatı təsvir edilir və dəyərləndirilir. Nə qədər möhtəşəm, nə qədər şövkətli şəxsiyyət olsa da, İsgəndər yenə də insandır və bir insan kimi onun yeri göy qübbəsinin altındadır. İnsan haqqındakı bu fikirləri əsərin əvvəlində verməklə Nizami özünün insan konsepsiyasının əsaslarını yaradır.

"Peyğəmbərin meracı”nda Nizami sonuncu peyğəmbərin ruhi kamilliyindən və onun Allaha nə dərəcədə yaxın olduğundan söz açır. Peyğəmbərin ilahi dərgaha səfərini yekunlaşdıraraq, şair belə bir nəticəyə gəlir ki, əgər adi insanlarda yalnız ruh bir anda bütün dünyanı dolaşıb qayıda bilirsə, Peyğəmbərin vücudu adi adamların ruhundan da saf olduğundan o, bir anda ruhən deyil, məhz vücudən Allahın dərgahını ziyarət edib yerə qayıtdı. Burada ruhun və ruhi saflığın hikməti açıqlanır. Yalnız ruhi saflıq sayəsində insan kamillik dərəcəsinə çata bilər. Belə bir kamillik idealının nümunəsini şair Peyğəmbərin şəxsində tapır.

Əsərdə qəhrəmanın həyatı onun anadan olduğu gündən ta ölənə kimi izlənir, yəni hadisələr yalnız bir mərkəz ətrafında cərəyan edir. Əsərin əsas aparıcı qüvvəsi onun baş qəhrəmanı İsgəndərin həyatı və aqibəti ilə bağlıdır. Onun ədalətli şah Feyləqus kimi atası, müdrik və bilikli Nekumaxos (Niqumaş) kimi müəllimi, dərin zəkalı bir filosof olan Ərəstun kimi dostu və vəziri vardır.

Atasının yerinə taxta əyləşən İsgəndər tezliklə öz ədalətilə ad çıxarır və onun adı dünyaya yayılır. Misirdən elçilər gəlib ondan öz ölkələrini zəngibarların zülmündən azad etməyi xahiş edirlər. İsgəndərin fatehlik səfərləri başlanır. Bu səfərləri ədalət səfərləri də adlandırmaq olar. Çünki burada əsas məqsəd İsgəndərin torpaq və ya var-dövlət hərisliyi deyil, dünyada ədaləti bərqərar etmək məramı idi.

İsgəndərin Misir səfəri və zəncilərlə vuruşması qəhrəmanlıq dastanları ruhunda təsvir olunur. Burada hadisələr ön plana çəkilir və əsas təhkiyə predmetinə çevrilir. Psixoloji mövzu və qəhrəmanların daxili aləmi isə ikinci dərəcəli mövzu kimi arxa plana keçirilir. (Qeyd edək ki, əsərin sonuna doğru bu nisbət dəyişir və psixoloji məqam aparıcı mövqe tutur). Döyüş səhnələri geniş şəkildə, bütün xırda təfərrüatları ilə təsvir olunur. Zənci bahadırları adları ilə təqdim olunur (Zəraçə, Pələngər), onların portretləri realist boyalarla təsvir olunur. İsgəndər özü də, hər şeydən əvvəl, bir cəngavər kimi çıxış edir. Heç bir pəhləvanın qalib gələ bilmədiyi qaniçən, filbədənli zənci bahadırının qarşısına İsgəndər özü çıxır və qalib gəlir. O, zəngibarlara öz mənəviyyatının üstünlüyünü deyil, öz gücünün üstünlüyünü göstərir. Zora qarşı zor, şərə qarşı şər, felə qarşı fel işlədir. Qaniçən zəncilərin qarşısına İsgəndər "adamyeyən” əjdaha kimi çıxır. Lakin bu deyilənlərdən "İsgəndərnamə”nin sırf qəhrəmanlıq dastanı olması kimi nəticə çıxarmaq olmaz. "İsgəndərnamə” hər şeydən əvvəl insan haqqında fəlsəfi poemadır. Burada əsas məqsəd insan mahiyyətinin açıqlanması, insan fəlsəfəsinin yaradılmasıdır. Nizaminin diqqət mərkəzində olan öz-özlüyündə tarixi hadisələr deyil, məhz insan mənəviyyatıdır. Nizami öz qəhrəmanını müxtəlif vəziyyətlərdə, müxtəlif mövqelərdən, müharibə və tarixi hadisələr fonunda, mürəkkəb və möcüzəli şəraitlərdə təsvir etməklə insanın daxili mahiyyətini açıqlamaq məqsədi güdür. Nizaminin İsgəndəri güclü bahadır, şöhrətli fateh olmaqla yanaşı, dərin düşünən müdrik və humanist insandır. Onun gördüyü işlərlə yanaşı keçirdiyi hiss və həyəcanlar, mənəvi-psixoloji vəziyyətlər də vacibdir. Nizami qəhrəmanları, hər şeydən əvvəl, dərin zəkalı və incə qəlbli insanlardır.

Qəhrəmanlıq dastanlarında düşmən üzərində qələbə yalnız fərəh və qürur hissi doğurur. Məsələn, Rüstəm Zalın ağlına belə gəlmir ki, döyüş meydanında meyiti qalmış düşmənə yazığı gəlmək olar. İsgəndər isə zəncilərə qələbə çaldıqdan sonra ikili hiss keçirir: bir yandan öz qələbəsinə sevinir, o biri yandan məğlub olmuş düşmənin halına acıyır, zahirən gülsə də daxilən ağlayır.

Zəngiyə qələbədən, mal qarətindən

Şah asudə dərddən qurtardı.

Həlak olanlara ibrətlə baxdı,

Zahirən güldüsə, ürəyində ağladı:

"Bu qədər bəşəri bu vur-tutda

Nə üçün oxla, qılıncla məhv etmək gərək?” (99).

Həyəcanlar, düşüncələr, tərəddüdlər, açılması müşkül olan suallar, həyat, tarix, insan, aqibət kimi hikmətlərin dərindən araşdırılması – bütün bunlar İsgəndərin zehnini və qəlbini daim məşğul edən, onun xarakterini səciyyələndirən məsələlərdir. O, təkcə dünyanı fəth edən qolu qüvvətli bir bahadır deyil, həm də dünya işlərini dərindən düşünən bir aqil, dünyanın halına yanan incəqəlbli bir humanistdir. Onun cahangirliyi qədər də humanistliyi, amansızlığı qədər də həssaslığı var. Nizami öz qəhrəmanının daxili aləmini heç vaxt diqqətdən kənarda qoymur. Bu da onun bir Renessans şairi kimi əsas xüsusiyyətlərindən biridir. Belə olmasaydı, İsgəndərin fatehlikdən peyğəmbərliyə qədər yüksəlişi və təkamülü mümkün olmazdı.

İsgəndərin zəfərlə vətənə dönüşü və onun təmtəraqla qarşılanması qəhrəmanlıq dastanının məntiqinə uyğun təsvir olunur. Bununla yanaşı roman janrına xas olan xırda təfərrüatlara da böyük yer verilir. Məsələn, Misir yürüşündən sonra İsgəndərin Daraya göndərdiyi hədiyyələrin təsviri:

Qiymətli şeylərdən hər əcayibdə ,

Atlardan, cəvahiratdan, ipəkdən, ətirdən,

Xalis qızılla dolu tabaqlardan əlavə

Sandıqlarla ənbər, xalvarla müşk,

Bir xırman əridilmiş saf gümüş,

Bir ev də xalis kafur.

Düyünlü ud budaqları tay-tay yığılmış,

Hər tayın ağırlığı yüz batman gəlirdi.

Gövhərlə işlənmiş çoxluca qılınc,

Zürafə dərisindən parlaq xalçalar.

Oynaq kənizlər, cəld qulamlar,

Hamısı xidmət üçün yarayan, sağlam.

Daş-qaşla işlənmiş fil sümüyündən taxtlar,

Hamısında da gövhərli tac və zəncirlər.

Əli-ayağı zəncirli əsirlər,

Onların boyu-buxunu qızğın fil gövdəsinə bənzər.

Bir çox dəvə yükü kəsik qulaqlar,

Xalvarlarla saman təpilmiş başlar.

On hərbi fil, özü də dağ kimi,

Döyüş zamanı hər biri Nil çayı tək coşan (102-103).

Bu hədiyyələrin həcmi təkcə İsgəndərin səxavətindən deyil, həm də onun qələbəsinin miqyasından xəbər verir. Ona görə Dara bu hədiyyələri alarkən sevinmədi, onda bir təşviş hissi oyandı, o heç elçilərə təşəkkür də etmədi. Bu xəbər İsgəndərə çatanda, o, özünü təhqir olunmuş hesab etdi, lakin bunu heç kəsə bildirmədi. Onun bəxti qalib olduğundan qəlbi sakit idi. Bütün bu deyilənlərdə həm də incə bir psixoloji təfərrüatı da görməmək olmaz. Epik səhnələrlə yanaşı lirik səhnələrin də təsvirinə geniş yer ayrılır.

Misir qələbəsindən sonra İsgəndər Dara üzərinə hücum haqqında fikirləşir. Ona xərac göndərmir, göndərdiklərini də geri istəyir. Öz qüvvəsini hiss edən gənc cəngavər ölkələr fəth etmək həvəsinə düşür. Çox boy atan ağac başqalarına zərər yetirər. Bir dəfə İsgəndər ovda fal tutur və bəxtini açıq görür: onun nişanladığı kəklik o birinə qalib gəlir, lakin uçub göyə qalxanda bir qızılquş onun başını üzür. Müdriklərin məsləhətilə İsgəndər səbir edir: onsuz da Dara hücum etməyə cəhd göstərəcək. İsgəndər müharibəyə hazırlaşmaqla yanaşı bir fikir də onu narahat edir ki, keylər nəslinin varisini taxtdan salmaq qəsdinə görə fələk onu cəzalandırmazmı? Müdriklər bu qərarı belə əsaslandırırlar ki, Dara zülmkar bir şah kimi xalqın nifrətini qazanıb. Onu devirmək elə İranı azad etmək deməkdir. Göründüyü kimi, İsgəndərin bütün hərəkətləri və müharibələri ədalət nöqteyi-nəzərindən əvvəlcədən əsaslandırılır. Ona görə də İsgəndər fatehliyi sadəcə olaraq acgözlük və qəsbkarlıq deyil, dünyada ədalət nizamını bərpa etmək cəhdidir. Y.Bertels haqlı olaraq qeyd edir ki, "İsgəndərlə Daranın müharibəsi zülmkarlıqla ədalətin müharibəsidir”.

Məmməd QOCAYEV

banner

Oxşar Xəbərlər