AZE | RUS | ENG |

İşgəncə alətləri sərgisindən – REPORTAJ

İşgəncə alətləri sərgisindən – REPORTAJ
Cümə gününün müqəddəsliyini çiyinlərimdə hiss edib orta əsrlərə hüzur etmək üçün zaman maşınını gözləmədim. Şair dostumun çox-çox əvvəl etdiyi təklifi onsuz dəyərləndirdim – "İnkvizisiya orta əsrlər işgəncə alətləri” sərgisinə yollandım. Saat 10:00-ı göstərəndə Şirvanşahlar sarayının qapılarını arıq, çəlimsiz bir xanım əlləri ilə ağır-ağır çəkib açdı. İçəri keçən kimi sola burulub bilet almaq istədim. Sarı saçları səhərin üfüqlərinə sinonim olan qız mənə sərginin qalanın aşağı hissəsində olduğunu bildirib uzun barmaqları ilə işarə elədi. Hündür, enli pilləkənlərlə yerin alt qatına enib eynəkləri arxasından mənim həvəsli addımlarımı izləyən gənc bileti uzadıb qara pərdəni sağa çəkdi:
  – Buyurun!
  Sərgi zəif sarı neon işıqları ilə aydınlanmışdı. Alatoran. Sükut içindəki divarlar, sanki, işgəncə alətlərindən qorxub öz künclərinə qısılmışdı. Həmin dövrün bayraqları ilə bəzənmiş beş otaqda iyirmi doqquz alətlə tanış oldum. İndi onları sizə də təqdim etməyə çalışacağam. Qədim kilsə musiqilərinin fonunda otaqlardan ilkinin sol tərəfindən başlayıram.
  "İspan atı” adı verilmiş alət cadugərliklə məşğul olan və ya şeytanla əlaqəsinə şübhə edilən qadınlar üçün nəzərdə tutulub. Bu, həm də bəkarət andı vermiş, ancaq zina edən rahibələrə də tətbiq olunurmuş. O dövrlərdə qadına olan ictimai dəyəri, dinin qadın üzərindəki qəddar rəftarını əks etdirən "İspan atı” quruluşuna görə həm də beşiyə bənzəyirdi. Üzərindən asılan, mənə tanış gəlməyən bayrağın pozitiv rənglərinə bir az tamaşa edib keçirəm. 
   Bələdçi olmadığı üçün alətlərin qeydiyyatını özüm oxuyub anlamağa çalışırdım. Hələ ki məndən başqa heç kim olmadığı üçün otaqda təkbaşına zaman "səyahətimin” həzzini alırdım. 
  Alətlərdən psixoloji təsir üzərinə düzəldilmişlərində belə fiziki güc və fiziki ağrılara dayanan əlamətlər var idi. "Yəhudanın beşiyi” adamları yuxusuzluqla işgəncə etmək üçün  istifadə olunurdu. Dik uclu alətin verdiyi əzabdan yuxuya gedə bilməyən məhkumlar bəzən huşunu itirir, belə olan halda onları oyadıb yenidən işgəncəyə davam edirdilər.
   Daha bir zədə vermədən tətbiq olunan alət isə bu uzun, sadə quruluşlu, üzərində "Su ilə işgəncə” yazılmış alətin xarakteristikası bu gün də istifadə olunan işgəncə növünün əcdadı idi. Məhkəmədə bu işgəncə üsulu ilə alınmış ifadələr etiraf kimi qəbul olunurdu. Ədalətin bumu dünya?!
   Qamçı, payaya keçirmək, kəlbətinlə dırnaqların çəkilməsi kimi üsulları isə orta əsrləri mavi ekrana çəkib gətirən kinolarda görmüşdüm və belə qənaətə gəldim ki, bu alətlərin içində elə ən "insaflısı” onlardı.
   Yavaş-yavaş ərəblər, ingilis turistlər də mənə yoldaşlıq etməyə başladı. Musiqilərin sehrində o dövrü gözlərimizdə canlandırmaq, bəzən qorxmaq, bəzən heyrətlənmək çətin olmurdu. İnsan oğlunun o dövrdə yaratdığı bu cür qəddar ixtiralar bu gün mədəniyyətin istinad nöqtəsinə çevrilməkdə olan, müasir artın inkişafının yurd saldığı Avropanın və kilsələrin qanlı keçmişini nümayiş etdirirdi. Alətlərin çoxunun təqdimatında cadugərlərə və oğrulara qarşı istifadə olunduğu yazılırdı. Və bu alətlər "möhtəşəm qəddarlıq və iztirab” nümunələri idi. Hər tərəfi şiş uclu bu masanın yuxarı hissəsində şeytanı simvolizə edən tərsə çevrilmiş pentaqram bayraq asılmışdı. Alətdən daha çox bayrağa tamaşa edir, qulağımdan damarlarıma nüfuz eyləyən kilsə xorunun zil notlarına diqqətimi kilidləyib rüşdivari mətnin atmosferinə düşmüşdüm. "Cadugərlər kürsüsü” adlı bu alətin tarixi və istifadəsi öz quruluşundan və bayraqdan daha maraqlı idi. Bu işgəncəyə ən çox dayanan cadugər isə Mariya Vukines olub. O, on bir gün işgəncələrə dözə bilib. İttihamları isə qəbul etməyib. 
   Növbəti otağa gün işığı da düşür, alətləri daha aydın incələməyə yardım edirdi. "Dartma nərdivanı” ilə insanların qolları, ayaqları çəkib qopardır, etiraf etdiyi təqdirdə belə ağrıların şiddətli təsirindən günlərlə özlərinə gələ bilmirdilər. Daha çox Almaniya və Avstriya monastır və kilsələrində tətbiq olunan alətlər vəhşilik təcəssümü, dini janrda desək, şeytanın alınan əməlləri idi. 
   Dini və siyasi günahların cəzası kimi istifadə olunan bu mənfur ixtiraların yanında məişət problemlərini "həll edən” alətlər də təqdim olunurdu. "Utanc maskası” və "İspan dabandaşları” bu cür günahlandırılan adamları cəzalandırmaq üçün idi. Maskanın içi tikanlı məftillə örtülü olur və adamlar maskaya daş atdıqca maska taxılmış üz paramparça olurdu. Gözlərinizin bərəldiyini hiss elədim. 
   "Taxt-tac” adlı alət isə qanunlara ciddi riayət edən hakimlər tərəfindən istifadə edilirdi. Başı aşağı taxtda ayaqları bağlanan məhkumun məhkəməsi on günə qədər davam edirdi. 
   Gözlərim şair və ya musiqiçilərə tətbiq olunan alətlər axtarırdı. Özümü onların yerinə qoysam daha yaxşı adaptasiya olardım. Şair və qələm əhlinə görünür işgəncə verilmirdi. Ümid etdim ki, onları öldürmürlər. Girdiyim dar otaqda nümayiş olunan alətlərdən biri fleytanı, digəri isə skripkanı yaxşı ifa edə bilməyənlərə işgəncə vermək üçün idi. Görünür, o vaxt istedadsızları bu yolla sənətdən uzaqlaşdırırdılar.
   Diz qapaqlarını zədələyən alətlər isə qanımı dondururdu.
   Üzərinə xaç şəkilləri çəkilmiş paltarlar yəqin ən yaxşı işgəncə aləti idi. Bu paltarları geyinib günahları bağışlana qədər gəzməli idilər. Mənəvi işgəncələrə də aid etmək olar. Köynəklər cod kəndirdən toxunurdu və bədəni kəsirdi.
   Birdən özümü o paltarda hiss etdim, elə bil məni də daşlayıb işgəncə vermək istədilər. Bir ərəb turistin səsi məni ölümdən xilas etdi. Bunlar baxdığım sonuncu nümunələr idi. Yenidən qara pərdədən çölə çıxdım. XXI əsr. Polis maşınları. Qol-boyun sevgililər. Sarı saçlarını yığmağa çalışan həmin qız. İnsanlıq bir-birini öldürməyə necə niyyətli olubmuş, İlahi...
 
  Rəvan Cavid




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965