AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İşğaldan azad olunan torpaqların turizm potensialı

İşğaldan azad olunan torpaqların turizm potensialı

Cəmiyyət
14 Noyabr 2020, 10:04 2112
 
Ekspertlər bildirirlər ki, torpaqlarımızın 20 faizinin işğal altında olması ölkənin turizmdən gələn gəlirinə mənfi təsir göstərib
 
Ölkəmizin turizm sektorunda son illər gedən inkişaf hər kəsə məlumdur. Turizm potensialından danışılanda "hələ işğal altında olan torpaqlarımız bizdə olsaydı, nə qədər turist cəlb etmək olardı” tipli fikirləri də çox eşidirik. Artıq işğal altında olan torpaqlarımızın bir qismi azad edilib və qısa zamanda bütün torpaqlarımızın geri qayıdacağına əminik.

Bəs geri qaytarılan torpaqlarımız turizm cəhətdən ölkə iqtisadiyyatında hansı paya malik olacaq? Həmin ərazilərdə hansı turizm imkanları var?

Dosent, turizm üzrə ekspert Rəhman Səfərov deyir ki, torpaqlarımızın hamısının işğaldan azad olunması ölkəmizin turizm destinasiyasına yenilik gətirəcək: "Azərbaycan son on ildə turizm sahəsində müəyyən mərhələ qət edib. Bunun daha da irəliləməsində işğaldan azad edilən torpaqların böyük payı olacaq. Digər ərazilər də işğaldan azad olunandan sonra Azərbaycan orada infrastruktur quracaq və növbəti illərdə oraya ciddi şəkildə turist qəbul edə bilər. Məsələn, ötən günlərdə Suqovuşan istiqamətində yol xətlərinin çəkilməsi ilə bağlı xəbər yayldı. Digər ərazilər də işğaldan azad olunandan sonra birinci mərhələdə yol infrastrukturunun qurulması işi aparılacaq, sonra digər məsələlər üzərində işlər gedəcək”.

R.Səfərovun sözlərinə görə, bu zonanın işğal altında olması Azərbaycana turizm cəhətdən ikitərəfli ziyan vurub: "Birincisi, dünya mediasında Azərbaycan müharibə şəraitində olan ölkə kimi tanınırdı. Turistlər münaqişə gedən bölgələrə səyahət etməkdən çəkinirlər. İkincisi isə həmin ərazidəki relyefin Azərbaycana gətirəcəyi turizm potensialı var və bundan istifadə edə bilmirdik. Həqiqətən də bu zona həm tarixi, həm də coğrafi resursları baxımından çox zəngindir”.
 


Ekspert bildirdi ki, hər ərazinin öz potensialına uyğun infrastruktur qurulmalı və turist cəlb edilməlidir: "Qarabağ zonası və ətraflar rayonlar həm ekoturizm, həm dağ turizmi, həm də mineral və termal suların zənginliyi baxımından Azərbaycanın dilbər guşələrindən sayılır. Ekoturizm və müxtəlif ekstremal turizm növlərini inkişaf etdirmək üçün bu zona yüksək dağlıq relyefə malikdir. Eyni zamanda, Azərbaycanı coğrafi olaraq qərb və şərqə bölsək, qərb zonası - həm Naxçıvan, həm də Qarabağ zonası xüsusilə də mineral sularla zəngindir. Aşağı İstisu, Qotursu, İlıqsu, Şırlan, Turşsu və başqa bir çox mineral bulaqlar var. Bu bölgələr mineral sularla zəngin olduğundan, ölkəmizdəki müalicə turizminin təşkili cəhətdən çox önəmli paya malik olacaq. Tarixi cəhətdən yanaşmaqla da turist cəlb edə bilərik. Məsələn, Şuşa tarixi şəhərdir və çox səfalı bir coğrafi mövqeyə sahibdir. Azərbaycanın ən gözəl dilbər guşələrindən biridir. Təbii ki, burada bərpa işləri gedəcək, çünki erməni işğalı altında olduğu zaman çox şey dağıdılıb. İşğaldan azad olunandan sonra, qısa müddətdə, bir neçə il içində bunlar hamısı birinci növbədə bərpa olunacaq”.

Ekspert qeyd etdi ki, infrastrukturu qurub turizmin təbliğatını aparandan sonra bu sahədə yaxşı nəticələr əldə edə biləcəyik: "Bizə ən az iki-üç il lazımdır ki, infrastruktur qurulsun, turizm təsisləri, məsələn, iki-üç ulduzlu otellər və sanatoriyalar tikilsin. Daha sonra biz onların reklamını apararaq ölkəyə turist qəbul edə bilərik. İlk baxışdan düşünmək olar ki, insanlar bura gəlməyə bilər, amma müəyyən infrastruktur qurulandan sonra daha çox turist cəlb etmək mümkün olacaq. Ərazilərin reklam və təbliğatı yüksək olarsa, istər-istəməz maraq olacaq. Ümumi götürdükdə, üç və ya dörd il ərzində makro səviyyədə olmasa da, mikro səviyyədə inkişafını başlada bilərik. Bu da təbii ki, ölkəmizdə turizmin inkişafına ciddi təsir edəcək. Əgər bu gün Azərbaycana iki milyon turist gəlirsə, qarşıdakı on ildə gələcək turist sayı bu zonanın inkişafı sayəsində arta bilər”.

"Luna Travel” turizm şirkətinin direktoru Rəhman Quliyev bildirdi ki, torpaqlarımızın 30 ilə yaxın işğal altında olması ölkə turizminə böyük ziyan vurub: "Birincisi, Azərbaycanın işğal altında olan torpaqlarında turizm potensiallı ərazilərimiz və eyni zamanda mədəni-irsi abidələrimiz erməni vandalizminə tuş gəldi və dağıdıldı. Digər tərəfdən, əgər biz 27-30 il ərzində o torpaqlardan istifadə etmədiksə, o torpaqlara turist göndərmədiksə, oranın əhalisinin mənfəəti üçün istifadə etmədiksə, bu da bizim ikinci bir ziyanımızdır”.

R.Quliyev deyir ki, bu ərazi müalicə turizmi cəhətdən yerli və xarici turistlərin marağında olacaq: "İşğaldan azad edilən Zəngilan rayonundan danışsaq, rayon böyük yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycanın ən önəmli regionlarından biridir. İkinci Kəlbəcər kimi. Zəngilanda mühüm müalicəvi termal sular var. Sovetin vaxtında, dünyanın müxtəlif yerlərindən həmin termal sanatoriyaya gəlirdilər, orada müalicə alırdılar, istirahət edirdilər. Öz vətəndaşlarımız müalicə turizmi üçün Rusiya, Ukrayna, Belorus kimi ölkələrdəki sanatoriyalara üz tuturdular. Amma Kəlbəcər, Şuşa və Zəngilanın bu kimi termal sanatoriyaları yaxın gələcəkdə istifadəyə veriləndə, nəinki yerli turistlərimiz, hətta bütün dünyadan gələcəklər”.

R.Quliyev deyir ki, qısa müddətdə Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşanı Qəbələ, Qusar, Zaqatala, Qax, Balakən kimi turistik məkanlara çevirə biləcəyik: "Bu da gələcəkdə Azərbaycanda turist axınının artmasına şərait yaradan amillərdən biri olacaq. Birinci Qarabağ Müharibəsindən beş və ya on il sonrakı dövr ərzində Azərbaycana turist gətirmək və axını mütəmadi etmək bizim üçün çox çətin oldu. Çünki müharibə gedən bölgə kimi tanınırdıq. Ancaq bu dəfə turist cəlb etmək o qədər vaxt aparmayacaq. Çünki bizim diplomatiyamızın zəfəri onu göstərdi ki, haqq yolundayıq, qələbə bizimlədir, bütün dünya dövlətləri bizi dəstəkləyir və Azərbaycanda sərhədlərin açılmasını və ərazi bütövlüyünün bərpa olunmasını gözləyir”.

R.Quliyev deyir ki, turistlər üçün ərazinin təhlükəsizliyi vacibdir, bunu yaratmaq, bu güvəni vermək lazımdır: "Turist cəlb etmək üçün müəyyən infrastruktur qurmaqla yanaşı, həm də turistlərə təminat verməliyik ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hərəkət edirsiniz, bura tam təhlükəsizdir. Təbii ki ictimai asayişin qorunması üçün bütün güc strukturları işğaldan azad olunmuş ərazilərimizə xüsusi diqqət göstərəcək və xüsusi iş rejimində işləyəcəklər. Mən hesab edirəm ki, hər bir turistə xüsusi yanaşma olacaq. Tutaq ki, hansısa xarici ölkədən Azərbaycana turist gəlir və həmin tur paketinin içində Zəngilan sanatoriyası var. Həmin sanatoriya bir müddət xüsusi mühafizədə olacaq. Yəni artıq ermənilər də başa düşəcək ki, onların Azərbaycanda torpaq iddiası mümkünsüzdür və Azərbaycanın ərazi bütövlüyü var. Bütün dünya bunu biləcək və münaqişə tam həll olunandan sonra artıq turistlərimizə də tam yüksək səviyyədə, dövlət səviyyəsində təminat verəcəyik ki, gəlib Qəbələ, Qusar, Quba, Qax, Zaqatala, Balakən zonalarında istirahət edirdinizsə, gecə saat 3-4-də rahat şəkildə çıxıb meşənin qırağında gəzirdilərsə, eynilə də siz istirahətinizi Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa, Xankəndində də istirahət edə bilərsiniz”.

R.Quliyevin sözlərinə görə, əcnəbi turistlərin bölgənin təhlükəsizliyinə əmin olması bir neçə faktordan asılı olacaq: "Biz orada bütün infrastrukturu bərpa etməklə yanaşı, vətəndaşlarımızın böyük qayıdışını təşkil edəcəyik. O qayıdış turistlər arasında böyük güvən yaradacaq ki, əgər Azərbaycan vətəndaşı burda məskunlaşıbsa, yerləşibsə, demək ki, bura güvənli yerdir.

Torpaqlarımız işğaldan tam azad olunandan, orda infrastrukturu bərpa edəndən sonra təbii ki, Azərbaycanda yaşayan diplomatik nümayəndələr həmin yerlərə baxış keçirəcəklər. Dünya dövlətləri öz medialarında bunu işıqlandıracaqlar. Əgər bir ölkənin diplomatik korpusu, diplomatları Şuşaya, Xankəndinə, Kəlbəcərə, Zəngilana gedirsə, orada özü vəziyyətlə tanış olursa, özü orda müsahibə verirsə və bu da öz ölkəsində yayımlanırsa, bu o deməkdir ki, o ölkənin vətəndaşları görür ki, məsələn, Qazaxıstanın Azərbaycandakı səfiri Zəngilanda müsahibə verir. Qazaxıstan vətəndaşları görəcək ki, diplomatları ordadırsa, demək ki, onlar da gedə və orda rahat və sərbəst ola bilərlər.

Eyni zamanda, infrastruktur yarada-yarada təbliğat işləri də aparmalıyıq. Bütün xarici medianı dəvət etməli, çəkilişlər aparılmalıdır. Burda nələr var idi və nələri dağıtdılar, burda nə problemlər yaşadıq? Biz mərhələli şəkildə, infrastrukturumuz bərpa olunana qədər bu diplomatiyanı yürütməliyik”.

R.Quliyev qeyd etdi ki, beynəlxalq turizm sərgilərində bu bölgələrin tanıtımı işi də effektiv qurulmalıdır: "Məsələn, Zəngilanın dünyada ikinci, Avropada birinci yer tutan çinar qoruq meşəsi var. Bura turistlər üçün çox maraqlı və füsunkar təbiətli ərazidir. Bunu xarici ölkələrin insanlarına tanıtmalıyıq ki, gəlib görmək istəsinlər. Bu cəhətdən, bu missiyanı başa çatdırandan sonra dərhal geniş beynəlxalq turizm sərgilərində Şuşamızı, Xankəndimizi, Laçınımızı, Kəlbəcərimizi, Zəngilanımızı və Qubadlımızı, harda turistik bölgələrimiz var, hara turist üçün maraqlı olar, həmin yerlərə aid video-çarxlar, video-roliklər və kataloqlar hazırlayıb bütün dünyada sərgilərdə reklamını aparmaq olar”.

Aygün