İşğaldan azad edilən torpaqlarda aprel zəfərinin sevinci - Fotolar
"Horadüz”, "Qaradiz”, "Qoradüz”, "Horadis” - deyə
etimologiyası haqqında fərqli fikirlər səslənə-səslənə Təhsil Nazirliyi və
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup ziyalı, millət vəkili, media
işçisi və tələbə könüllülərdən ibarət avtobus Qarabağa qayıdışın
başlanğıcına çevrilən Horadizə, Cocuq Mərcanlıya, Lələtəpə yüksəkliyinə doğru
yol alır. Harami düzündə yerləşən məcburi köçkün düşərgələrini geridə qoyub Əhmədbəylidə
ayrılan yoldan Füzuli rayonunun Horadiz şəhərinə yol alırıq. Azərbaycanın müasir
hərb tarixinin zəfər səhifəsi sayılan Aprel döyüşlərinin üçüncü ildönümünü qeyd
etmək olan səfərin məqsədi həm də yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun
yüksəldilməsinə nail olmaqdır.
Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinin
qarşısındakı ulu öndərin və Aprel şəhidlərinin xatirəsi şərəfinə ucaldılan abidələrin
önünə gül dəstələri qoyuldu.
Müdafiə
Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi,
general-mayor Rasim Əliyev "2016-ci ilin aprel ayında Azərbaycan ordusu
düşməni tam məğlub etməyə hazır olduğunu nümayiş etdirdi” deyə ordumuzun rəşadətindən
söz açdı: "Ordunun qalib gəlməsi üçün təkcə müasir silah-sursata malik olması
azdır, həmçinin ideoloji silahlanmaya ehtiyac var. Torpaq uğrunda savaş varsa,
təbii ki, şəhid də var. Əsas uğurumuz budur ki, övladı şəhid olan ana "Vətən
sağ olsun” deyir. Gərək orduda döyüş ruhu yüksək olsun. Bu gün bizim orduda
döyüş ruhu var. Gənclər mənəvi cəhətdən yetişirlər. Gənclər nazirliyə məktublar
yazaraq torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirirlər. Hətta xaricdə
oxuyan tələbələrimiz də müraciət edirlər. Ən böyük uğurumuz budur. Məhz belə
bir ruh yüksəkliyi ilə ordumuz işğal altındakı bütün torpaqlarımızı azad etməyə
qadirdir”.
Cəbrayıl rayonunun 2017-ci ildə inşa edilən Novruz
Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi isə kəndin ritminə ayrıca həyat
verir. Hazırda məktəbdə 86 şagird oxuyur, 22 müəllim çalışır. Bu tədris ilinin
sonunda məktəb ilk məzunlarının buraxılışını qeyd edəcək. Məktəbin direktoru Zamin Həziyev müəllimlərin əsasən yerli və qonşu
kəndlərdən olduğunu bildirir. Bakıdan gələn tələbələr isə bu məktəbdə təkcə təcrübəçi
kimi çalışmırlar, həmçinin şagirdlərin dil biliklərinin artırılmasına həvəslə
yardımçı olurlar. Təhsil Nazirliyi tərəfindən məktəbə hədiyyə edilən idman ləvazimatları
da kollektivin böyük sevincinə səbəb oldu. Məktəbin şagirdləri sevinclə qələbə
şeirləri söyləyirlər. Onların hər birinin arzusu böyüyəndə hərbçi olmaq, Vətən
torpaqlarını müdafiə etməkdir.
Azərbaycan
Dillər Universitetinin 1-ci kurs tələbəsi, əslən Cəbrayıl rayonundan olan Şəhla
Əzizovanın göz yaşları isə hamını kövrəldir: "Rayonumuzu görməmişəm.
Amma "Cəbrayılda belə edərdik...” sözləri gecə-gündüz ata-anamın dilindən
düşmür. Şəhidlərimiz, işğal altında olan torpaqlarımız məni kövrəldir. Ən böyük
arzum torpaqlarımızın işğaldan azad olunmasıdır”.
Aprel döyüşlərinin iştirakçısı, general-mayor Mais Bərxudarov isə əraziyə gələn qonaqları ev sahibi kimi qarşılayır: "Vətənin keşiyində durduğumuz üçün qürurluyuq”- deyən əfsanəvi kəşfiyyatçının inam ifadə edən üzü təkcə rəhbərlik etdiyi korpusun hərbçilərə və ərazidə yaşayanlara deyil, həmçinin doğma ocağına köçməyi intizarla gözləyən insanlarımıza torpaqlarımızın düşməndən azad olunacağı günün uzaqda olmadığını ifadə edir: "Kənddə əmin-amanlıqdır. İnsanlar öz evlərində yaşayır, təsərrüfatları ilə məşğul olurlar. 800 nəfərə yaxın mülki şəxs işləyir”.
Əsgərlərin yataqxanası ilə tanışlıq, N saylı hərbi hissədə onlarla bir süfrədə nahar etmək də cəbhə bölgəsində Vətənin keşiyində duran oğullarımıza təkcə mənəvi ruh vermədi, həmçinin onları Vətənin keşiyində ayıq-sayıq olmağa çağırdı.
Lələtəpənin lap ətəyində- düşmənlə az məsafədə həzin-həzin mahnı səsi eşidilir. Əsgərlərin: "Anadır arzulara hər zaman Qarabağ”- deyə tar və kamanın müşaiyəti ilə ifa etdiyi mahnı hamını təsirləndirir...
Yüksəkliklərdən
o tayda...
Bahar bu yerlərə elə bil daha tez gəlib. Çöllər-düzəngahlar,
yamaclar yaşıllaşıb. Müharibənin sədası çox uzaqlarda imiş kimi insanlar öz
iş-gücündədir. Tarlalar şumlanır, qoyun-quzu otlayır, həyət-bacalarda
pal-paltar, xalça-palaz baharın ilıq günəşinə verilir, toyuq-cücə yaşıl
otluqlarda eşələnir. Gündəlik həyatın bu axarını izləmək ürəyimizi fərəhləndirir.
Amma, cəbhə xətti bu yerlərdə əl uzadacaq qədər yaxın məsafədə - yollar boyunca
sıralanan yüksəkliklərin o tayındadır...
Bu yolları əl içi kimi tanıyan, əslən Füzulidən olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Rəhimoglu
yol boyu bizə təkcə bələdçilik etmir, həmçinin ağrı ilə bu yerlərin
tarixindən danışır: "Baxın, bu dağılmış yerləri görürsünüz? Ermənilərin ələ
keçirdikləri bütün yerlər bu vəziyyətdədir...”
1993-cü
ildə erməni silahlı qüvvələrinin işğalına məruz qalan Horadiz 1994-cü ildə
Milli ordumuzun keçirdiyi Horadiz əməliyyatı zamanı azad edilib. İndi bu şəhərdə son illər bir çox obyektlər - xəstəxana,
Olimpiya mərkəzi, muzey, Muğam mərkəzi, elektrik stansiyası və s. tikilib. Evlərin
işığı yanır. Bir də tez-tez bu şəhərə ordumuzun zəfərini qeyd etmək, onların
yaşayışı ilə maraqlanmaq üçün xarici və yerli qonaqlar gəlir. Millət vəkili Aydın Mirzəzadə bu
torpaqlarda yaşanılan hissləri gözəl ifadə edir: "Azərbaycanın hər yeri
doğmadır. Amma adam burda tamam fərqli hisslər keçirir. Burda vətən hissi həddən
artıq güclü olur. Torpaq sanki insanı özünə çəkir. Sanki kökümüzü burda
görürük. Sanki bu torpaq, bu dövlət üçün məsuliyyətimizi daha dərindən dərk etməyə
başlayırıq. Mən burda vətənpərvərlik, əsgərlərimizdə döyüş ruhu gördüm. Bu gün
bizim nəzarətimizdə olan torpaqlarda quruculuq gedir, evlər tikilir, yollar
salınır, insanların problemləri həll edilir. Cəbhə xəttindən o tərəfdə isə ölü
həyat var. Bu, bizim torpaqlarımıza qayıdacağımıza əminliyi daha da artırır”.
Aprel
zəfərindən ötən hər gün üçün
Aprel döyüşlərinin 3-cü ildönümünə həsr olunan tədbirdə Müdafiə
Nazirliyinin hərbi orkestrinin çaldığı Zəfər marşının əzəməti bütün
iştirakçılara təkcə qürur hissi yaşatmır, həmçinin ümid verir – torpaqlarımızın
tezliklə düşməndən azad olunacağı, yurddaşlarımızın doğma od-ocaqlarına
qayıdacağı ümidini...
Abidənin yaxınlığındakı ərazidə Aprel zəfərindən ötən
hər gün üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən
ağacların əkilməsi bu yerlərə əbədi qayıdışın rəmzinə çevrildi.
Füzuli rayonu müharibənin acısını təkcə dağılan evləri,
işğal edilən torpaqları ilə yaşamayıb. Hər qarışı uğrunda şəhid verib, adını qəhrəmanlıq
tariximizə yazdırdığı övladları ilə qürur duyub. Acısını çəkdiyi və öyündüyü
862 şəhid, qürurunu yaşadığı 6 Milli qəhrəman, axtarışında olduğu 161 itkin bu
rayona müharibənin bəxş etdikləridir. Bu gün rayonda 70 min insan yaşayır. Füzuli rayon İcra Hakimiyyətinin başçısı
Alı Alıyev könüllü tələbələrə səslənərək cəbhə bölgəsində keçirilən tədbirlərin
gənclərdə vətənpərvərlik ruhunu daha da yüksəltdiyini bildirdi: "Bu gün
insanların Azərbaycan ordusuna böyük inamı var. Oğul itirən ana tanıyıram ki,
"ikinci oğlum da var, özüm də varam” deyir. Bununla qürur hissi keçirirsən.
Ordumuz gün-gündən formalaşır. Bu gün ordu-xalq birliyi mövcuddur”.
Cocuq Mərcanlıdan
Şuşaya
2016-cı il 2-5 aprel döyüşləri Milli Ordumuzun adını hərb
tariximizə qızıl hərflərlə yazıb. Məhz bu tarixdə Lələtəpə yüksəkliyi düşməndən
azad edilib və Cocuq Mərcanlı kəndinin bərpasına şərait yaradılıb. Prezident
İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli sərəncamına əsasən, kənd bərpa
edilib və Qarabağa qayıdışa başlanılıb. Hazırda kənddə 150 ailə yaşayır, gündəlik
qayğılarla məşğul olur.
Vətənini sevən
qorxmaz
Cocuq Mərcanlı
kənd sakini, 68 yaşlı Yaqub Əliyevin hekayətini
maraqla dinləyirəm: "Kənd azad olunandan sonra Biləsuvarda məskunlaşdığım evi təhvil
verib bura gəldim. Sakinlərin çoxu doğma ocağına qayıdıb. Dövlət bizim üçün hər
cür şərait yaradıb. Əkin-biçinlə məşğuluq. Həyətyanı sahələrimizi becərir, məhsulu
ilə dolanırıq”. Kənddə yaşayan sakinlərə 25 sot torpaq sahəsi verilib. Bundan
başqa, arıçılıq təsərrüfatı, parniklər var. Sakinlər arıçılıqla məşğul olur,
arpa, buğda, kartof və s. məhsulları əkib-becərirlər: "Cocuq-Mərcanlı qəsəbə
tiplidir. Ona görə də burada işsizlik problemi azdır. Demək olar ki, 90 faiz əhali
işləyir”. Yaqub kişi təqaüdçüdür. Həyat yoldaşı Rəhilə xanım isə kənd məktəbində
ibtidai sinif müəlliməsidir: "Torpağımızın düşmən əlində olması ilə barışmaq
olmur. Cocuq Mərcanlı azad olarkən elə bil yenidən dünyaya gəldik. Düşmənlə
yaxın ərazidə yaşamaqdan isə qətiyyən qorxmuruq. Qorxan adam bura gəlməz. Vətənini
sevən adam qorxmaz”.
Aprel döyüşlərində
qazanılan qələbə
İşğaldan azad olunan Lələtəpədəki hərbi hissədə hərbçilərlə
görüş isə xüsusi təəssüratla yadda qaldı. Bölmənin əsgər və zabitləri kəndi göz
bəbəyi kimi qoruyurlar. Hərbi bölmədəki əsgər və zabitlərin ruh yüksəkliyi bizə
də sirayət edir. Heç şübhəsiz, bu, Lələtəpə yüksəkliyində keşik çəkən əsgər və
zabitlərimizin böyük qələbəyə inamının ifadəsidir. Bəli, Milli Ordumuzun şanlı
tarixinə çevrilən Aprel döyüşləri hər bir vətəndaşda qürur hissi yaradıb. "Əgər
erməni silahlıları aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə
əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq”- deyə qətiyyətlə bildirən
Ali Baş komandan İlham Əliyevin fikirləri isə hərbçilərimiz üçün şüara
çevrilib. Onlar ön cəbhədə xidmət etməkdən qürur duyduqlarını bildirirlər.
Təhsil
nazirinin müavini Firudin Qurbanov əsgərlərlə
görüşündə Aprel zəfərinin təntənəsindən qürurla söz açdı: "Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Mili Ordusunun 3 il bundan əvvəl
aprel ayında həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində strateji mövqelərə nəzarət
bərpa olunub və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm
qələbə qazanılıb. Aprel döyüşlərində qazanılan qələbənin ildönümünün hər il
qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir
daha nümayiş etdirir. İnanıram ki, tezliklə işğal altında olan digər torpaqlarımız da tezliklə azad
olunacaq”. Aprel döyüşlərinin iştirakçısı, general-mayor Mais Bərxudarov isə əraziyə gələn qonaqları ev sahibi kimi qarşılayır: "Vətənin keşiyində durduğumuz üçün qürurluyuq”- deyən əfsanəvi kəşfiyyatçının inam ifadə edən üzü təkcə rəhbərlik etdiyi korpusun hərbçilərə və ərazidə yaşayanlara deyil, həmçinin doğma ocağına köçməyi intizarla gözləyən insanlarımıza torpaqlarımızın düşməndən azad olunacağı günün uzaqda olmadığını ifadə edir: "Kənddə əmin-amanlıqdır. İnsanlar öz evlərində yaşayır, təsərrüfatları ilə məşğul olurlar. 800 nəfərə yaxın mülki şəxs işləyir”.
Əsgərlərin yataqxanası ilə tanışlıq, N saylı hərbi hissədə onlarla bir süfrədə nahar etmək də cəbhə bölgəsində Vətənin keşiyində duran oğullarımıza təkcə mənəvi ruh vermədi, həmçinin onları Vətənin keşiyində ayıq-sayıq olmağa çağırdı.
Lələtəpənin lap ətəyində- düşmənlə az məsafədə həzin-həzin mahnı səsi eşidilir. Əsgərlərin: "Anadır arzulara hər zaman Qarabağ”- deyə tar və kamanın müşaiyəti ilə ifa etdiyi mahnı hamını təsirləndirir...
Hamımız ürəyimizdən
keçən bir arzu ilə geri dönürük: Gün o gün olsun ki, Qarabağa bütünlüklə
qayıdışımız baş tutsun. Ev-eşiyindən, torpağından didərgin düşən yurddaşlarımız
doğma od-ocaqlarına qayıtsın. Evlərdən analarımızın çörəyinin ətri gəlsin, ruhunu burdan alan Natəvanın qəzəli
havalansın...
Təranə Məhərrəmova
Horadiz-Bakı
Horadiz-Bakı