AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İraq neftin ucuzlaşması ilə əlaqədar

İraq neftin ucuzlaşması ilə əlaqədar "OPEC+"ın təcili iclasının keçirməsini təklif edib

İqtisadiyyat
18 Mart 2020, 12:30 697
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ikinci neft istehsalçısı olan İraq hökuməti təşkilatın katibliyinə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin fövqəladə görüşünün keçirilməsi ilə bağlı çağırış edib.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İraqın Baş nazirinin müavini, ölkənin Neft naziri Tamir əl Qadban bildirib. 
Məlumata əsasən, çağırış neftin kəskin ucuzlaşması fonunda neft bazarında ortaq tədbirləri təyin etmək məqsədilə irəli sürülüb.
"Əməkdaşlıq bəyannaməsi müştərək fəaliyyətin bazar sabitliyini qoruya biləcəyini sübut edib", - deyə T. əl-Qadban qeyd edib.
Xatırladaq ki, martın 6-da "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağın mümkün olduğunu bildirib. Nəticədə, aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır və Səudiyyə Ərəbistanı, mediada yayılan məlumatlara görə, hasilatı artırmaq və neftin qiymətini aşağı salmaq niyyətində olduğunu açıqlayıb.