AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İqtisadiyyatımızın dayanıqlığının qorunmasında mühüm addım

İqtisadiyyatımızın dayanıqlığının qorunmasında mühüm addım

Cəmiyyət
11 Avqust 2020, 11:15 253
Azərbaycanda İnvestisiya Holdinqinin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərar aktual bir yanaşma kimi qiymətləndirilməlidir. Çünki Azərbaycanda hazırkı şəraitdə milli iqtisadiyyatımızın dayanıqlığının qorunması, dünya iqtisadiyyatındakı böhranın təsirinin azaldılması üçün ən mühüm istiqamətlərdən biri məhz investisiyaların dinamikasında müsbət xəttə nail olmaqdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov deyib.

O bildirib ki, hazırkı mürəkkəb şəraitdə Azərbaycanda ilin əvvəlindən başlayaraq investisiyalarda müəyyən azalma var. Dövlətimizin başçısı tərəfindən belə bir qərarın verilməsi və son müşavirədə dövlət şirkətlərinin idarə edilməsindəki problemlərin qabardılması onu deməyə əsas verir ki, milli iqtisadiyyatımızın problemləri dəqiqliklə dəyərləndirilir. "Bu istiqamətdə dönüş nöqtəsi kimi məhz investisiyaların artımı və kapital qoyuluşlarının effektivliyinin təmin olunması əsas götürülməlidir. Düşünürəm ki, Prezident İlham Əliyevin də bildirdiyi kimi Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətində ekspert cəmiyyətinin alimlərinin iştirakının təmin edilməsi Holdinqin menecmentinin idarə edilməsinin xeyli dərəcədə effektivliyini artıra bilər. Bununla da Azərbaycanda dövlət və özəl kapital qoyuluşları istiqamətində ciddi şəkildə artıma nail ola bilərik. Bu isə milli iqtisadiyyatımızın artan xətt üzrə inkişaf etməsinə şərait yaratmalı, eyni zamanda, ölkə əhalisinin sosial rifahının xeyli dərəcədə artımına səbəb olmalıdır”.