AZE | RUS | ENG |

İqtisadi islahatların real nəticələri rəqəmlərdə

İqtisadi islahatların real nəticələri rəqəmlərdə
Ekspertlər deyir ki, idxal və ixrac göstəricilərinə görə MDB ölkələri arasında ön yerlərə çıxmağımız ciddi uğurdur

Son illər ərzində ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Artıq bu sahədə görülən kompleks işlər öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf tempinə və digər göstəricilərimizə görə müxtəlif indekslərdə irəliləyişlər əldə edirik. Belə ki, Azərbaycan ixrac həcminə görə MDB ölkələri arasında 5-ci, idxal həcminə görə 6-cı yerdə qərarlaşıb. Trend-in məlumatına görə, 2019-cu ilin birinci rübündə Azərbaycan 4,5 milyard dollar məbləğində məhsul ixrac edib. İdxal məbləği isə 3,1 milyard dollara bərabər olub.
Azərbaycandan başqa yalnız iki ölkədə ticarət saldosu müsbət olub. Rusiya 104,4 milyard dollar məbləğində ixrac, 56 milyard dollar dəyərində idxal edib. Qazaxıstanda bu göstəricilər müvafiq olaraq 13,3 milyard dollar və 7 milyard dollar təşkil edib. Bundan başqa, Belarus, Özbəkistan və Ukraynanın da adları idxal həcminə görə ön sıralarda yer alıb. Bəs görəsən ixrac həcmini daha da artırmaq üçün hansı işlər görülür?
İqtisadçı millət vəkili Azər Badamov deyir ki, son illər ərzində ölkə iqtisadiyyatında aparılan islahatlar nəticəsində ciddi irəliləyişlər əldə olunub: "Hazırda Azərbaycan iqtisadiyyatı özünün inkişaf dövrünü yaşayır. İqtisadiyyatın qeyri-neft sektorunun diversifikasiya siyasəti uğurla davam etdirilməkdədir. Sənaye, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə böyük uğurlar əldə olunub. Açıqlanan göstəricilərə görə, ölkəmiz 2019-cu ilə MDB məkanında müsbət ticarət saldosuna malik 3 ölkədən biridir. Ölkəmizin ixrac etdiyi məhsullar arasında qeyri-neft məhsullarının həcmi artmaqdadır. Fəaliyyətə başlayan yeni sənaye müəssisələri sənaye məhsullarının ixrac dairəsini daha da genişləndirib. Həmçinin kənd təsərrüfatı sahəsinin inkişafı üçün dövlət müxtəlif tədbirlər həyata keçirir. Aqrar sektorda artıq uğurlu nəticələr əldə olunmaqdadır. İxrac olunan qeyri-neft məhsulları içərisində kənd təsərrüfatı məhsulları ilk sıralarda qərarlaşıb. Ölkədə başlayan iqtisadi islahatların davam edir. Nəzərdə tutulan layihələrin icrası başa çatdıqdan sonra ölkəmizdə məhsul istehsalının əhatə dairəsi daha da genişlənəcək. Yeni çeşiddə daha böyük həcmdə məhsul istehsalı nəzərdə tutulur. Bu məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə ixrac ediləcək. Bu isə iqtisadiyyatın dinamik inkişafı və makroiqtisadi sabitliyin qorunmasında böyük rol oynayacaq. İxrac potensialı genişləndikcə ölkədən çıxan valyutanın həcmi azalır. İstehsal olunan malların əhatə dairəsi genişləndikcə, Azərbaycan iqtisadiyyatı daha da güclənəcək. Son illər ərzində turizm sektorunda da uğurlar əldə olunub. Turizm məhsullarının ixracında artım müşahidə olunur. Ölkəyə gələn turist axınında ciddi artım var. Turistlərin ölkəmizə gətirdiyi valyuta 2 milyarddan çox olub. Həmçinin kosmik sənaye üzrə Azərbaycan ciddi uğurlar əldə edib. Bu il ərzində Azərbaycan bu sahədən 16 milyon dollardan çox gəlir əldə edib. Bütün bunlar onu deməyə əsas verir ki, qeyri-neft sektorunun inkişafı davam etdirilir. Əsas məsələ ixrac potensialımızı daha da genişləndirərək yeni bazarlara çıxış əldə etməkdir”.
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, Azərbaycanın MDB-də ixrac həcminə görə 5-ci yerə çıxması müsbət məqam kimi qiymətləndirilməlidir: "Amma nəzərə almaq lazımdır ki, ixracımızın böyük bir hissəsini hələ də neft və neft məhsulları təşkil edir. Yaxşı olardı ki, ixrac potensialımızı qeyri-neft məhsulları təşkil etsin. 2014-cü ildən neftin dünya bazarındakı qiyməti kəskin şəkildə enməyə başladı. Belə bir şəraitdə dövlət qeyri-neft sektorunun inkişafına diqqət artırdı. 2016-cı ildən başlayaraq qeyri-neft sektorundakı məhsullar üzrə ixraca xüsusi diqqət yetirildi. Bu proses hal-hazırda da davam etməkdədir. Müxtəlif sənaye məhəllələri, aqro-parklar yaradılır. Cari ildə qeyri-neft məhsulları istehsal edən bir neçə zavodun açılışı oldu. Bu zavodlar ölkənin gələcək ixrac potensialına böyük dəstək verəcək müəssisələr hesab edilir. Yəni artıq bu proses başlayıb və davam etməkdədir. Qeyri-neft sektoru üzrə ixrac həcmləri getdikcə genişlənməkdədir. Məhz bu məqam olduqca vacibdir. Gələcəkdə MDB ölkələri içərisində daha yaxşı nəticələr əldə etmək üçün ixrac həcmlərimizi daha da artırmalıyıq. Bunun üçün kifayət qədər geniş potensialımız var. İxrac strukturlarında da müəyyən dəyişikliklər ediləcək. Artıq ilkin təzahürlər müşahidə edilməkdədir. Ölkə iqtisadiyyatının gələcək inkişafını, dayanıqlılığı və makroiqtisadi sabitliyi ixrac strukturundakı qeyri-neft məhsulları təşkil edir. Bu istiqamətdə dövlət böyük layihələr həyata keçirir. Görülən işlər gələcəkdə də davam etdirilərsə, biz onların real nəticələrini görəcəyik”.
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, daxili tələbat yerli istehsal hesabına ödənilməlidir: "Azərbaycanda ixrac strukturunun 91 faizini neft məhsulları təşkil edir. Hələlik qeyri-neft məhsulları üzrə ixracımız 1,7 milyard həcmindədir. Proqnozlar bu göstəricinin artacağını söyləyir. Bu artımlar fonunda cari il üçün bu rəqəmin 2 milyarda çatacağı ehtimal olunur. Qeyri-neft məhsulları üzrə idxal 12 milyard ətrafında proqnoz edilir. Bu mənada əsas məsələ ixracın resursdan asılılığının aradan qaldırılmasıdır. Daxili tələbatın yerli istehsal hesabına ödənilməsi yolu ilə idxaldan asılılıq aradan qaldırılmalıdır. Qarşıya qoyulan əsas hədəf məhz budur. Bu istiqamətdə müvafiq işlər görülməkdədir. Əsas məsələlərdən biri də iqtisadiyyatın tam olaraq liberallaşdırılmasıdır. Bu illər ərzində ixrac potensialını dəstəkləmək üçün müxtəlif işlər görülüb. Amma bu addımların atılmasına baxmayaraq, istehsal prosesi tam dəstəklənmir. Belə olduğu təqdirdə isə, gözlənilən nəticəni əldə edə bilmirik. Bu baxımdan ilk növbədə istehsal mühitini inkişaf etdirmək lazımdır. Qeyri-neft iqtisadiyyatının üfüqi və şaquli istiqamətlər üzrə diversifikasiyası əsas məsələlərdəndir. Bu, həm ixracın artmasına dəstək olacaq, həm də resurs asılılığını aradan qaldıracaq. Nəticədə isə yerli tələbat yerli məhsullar hesabına ödəniləcək. Hesab edirəm ki, görülən işlər məhz bu istiqamətə yönəldilməlidir. Ona görə də bu sahədə funksional islahatlara ehtiyac var”.
 
Şəbnəm Mehdizadə

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5981
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1277
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1818
CHF 1 1 İsveçrə frankı 1.7255
KWD 1 1 Küveyt dinarı 5.5849
TRY 1 1 Türkiyə lirəsi 0.2974