AZE | RUS | ENG |

İqtisadi inkişaf davam edəcək

İqtisadi inkişaf davam edəcək
Vüqar Bayramov: “Bu il üçün nəzərdə tutulan iqtisadi hədəflərə nail olmaq mümkün olacaq”


Dünyada və regionda gedən proseslərə baxmayaraq, Azərbaycan bu ilin birinci rübünü müsbət göstəricilərlə başa vurub. Neftin qiymətinin dünya bazarında düşməsi iqtisadi inkişafa o qədər də təsir etməyib. Çünki qeyri-neft sektorunun inkişafına son illər böyük diqqət yetirilir ki, bu da iqtisadiyyatın şaxəli inkişafına şərait yaratmış olur. Bu məsələlər Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da vurğulanıb. Lakin iqtisadi proseslərlə əlaqədar sual doğuran bir sıra məqamlar var ki, onlarla bağlı iqtisadçı alim Vüqar Bayramovla söhbət apardıq.

- 2015-ci ilin birinci rübünün yekunları açıqlandı. Dünyada və bölgədə müəyyən proseslərin getməsinə baxmayaraq, iqtisadi inkişaf təmin edilib. Siz qeyd olunan müddətdəki inkişafı necə dəyərləndirirsiniz?

- Bu ilin birinci rübünün iqtisadi və sosial yekunlarını kifayət qədər pozitiv qiymətləndirmək lazımdır. Qeyri-neft sektorundakı artım tempi ümumi daxili məhsuldakı artımı 1,4 faiz üstələdi. Bu da iqtisadiyyatdakı inkişafın neftdən kənar sektorlar hesabına qazanılması deməkdir. Dünyada və region dövlətlərində müşahidə edilən iqtisadi çətinliklərə rəğmən Azərbaycan bu ilin ilk 3 ayında 5 faizlik iqtisadi artıma nail oldu. Bu ilin birinci rübündə müşahidə edilən iqtisadi artım tempinə görə ölkəmiz regionun əksər ölkələrini üstələyə bildi. Azərbaycan neft ölkəsi olduğu üçün dünya bazarında baş verənlər bizim üçün əhəmiyyətli olub. Neftin dünya bazarındakı qiymətinin azalmalarının qeydə alınmasına, eyni zamanda qonşu ölkələrdə, Rusiya və hətta Avropa Birliyi ölkələrində böhranın olmasına baxmayaraq, ölkəmiz birinci rübü uğurla başa vurdu. 2015-ci ilin növbəti aylarında da iqtisadi inkişaf davam edəcək və bu il üçün nəzərdə tutulan iqtisadi hədəflərə nail olmaq mümkün olacaq.

- Qeyri-neft sektorunun inkişafında 7 faiz artım var. Bu il isə “Kənd təsərrüfatı ili” elan olunub. Bu il qeyri-neft sektorunun inkişafı üçün nə dərəcədə əhəmiyyətli ola bilər?

- 2014-cü ildə sənayenin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu ilin birinci rübündə nəticəsini göstərdi. Bu il isə Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olundu. 2015-ci ildə aqrar sektorun dəstəklənməsi və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı bir sıra ciddi islahatların həyata keçiriləcəyi gözlənilir. Artıq bununla bağlı müəyyən addımlar atılmaqdadır. Ölkə prezidenti tərəfindən əvvəlki illərdə də aqrar sektorun inkişafı və yerli istehsalın gücləndirilməsi ilə bağlı xüsusi göstərişlər verilib. Onlardan biri 2014-cü ilin əvvəlində aqroparkların yaradılması ilə bağlı verilən göstəriş idi. Ötən il “Sənaye ili” olsa da, aqrar sektorun inkişafı ilə bağlı bir sıra layihələrin əsası qoyuldu. Həmin layihələr içərisində aqroparkların yaradılması və artıq kənd təsərrüfatında xammal istehsalından emaledici məhsul istehsalına keçidin aparılması əhəmiyyətli məqamlardan idi. Aqrar sektorda emaledici sənayenin inkişaf etdirilməsi yeni bazarlara çıxış imkanlarının artırılmasına xidmət edəcək ki, bu da bütövlükdə qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətlidir. Kənd təsərrüfatında torpaq sahələrinin elektronlaşması, iqliminə, torpaq növünə uyğun məhsul istehsalı yerli istehsalın artırılması üçün ciddi baza yaradacaq. “Kənd təsərrüfatı ili” üçün planlaşdırılan islahatlar aqrar sektorda istehsalın artmasına xidmət etməklə yanaşı, kənd təsərrüfatının ümumdaxili məhsulda payını artıracaq.

- Sənaye sahəsində də bu ilin birinci rübü üçün artımlar qeydə alınıb. Ötən ilin “Sənaye ili” kimi qeyd olunması sənayenin 2015 və növbəti illər üçün inkişafı üçün nə dərəcədə təkan rolunu oynadı?

- 2014-cü ildə neftin qiymətinin dünya bazarında aşağı düşməsi fonunda Azərbaycanda sənaye istehsalı azalanda bəziləri iddia edirdilər ki, “Sənaye ili”ndə həyata keçirilən islahatlar bəhrəsini vermədi. Amma bu ilin birinci rübünün yekunları bu yanaşmanın doğru olmadığını göstərdi. İslahatlar nəticələrini müəyyən müddətdən sonra ciddi şəkildə göstərir. Neftin dünya bazarında qiymətinin aşağı olmasını və Azərbaycan sənayesində neftin payının olduqca yüksəkliyini nəzərə alaq. Neftin dünya bazarında qiymətinin aşağı olmasına, ölkəmizin neft satışından gəlirlərinin azalmasına baxmayaraq, bu ilin birinci rübündə Azərbaycan sənayesində artım qeydə alındı. Bunun əsas səbəblərindən biri 2014-cü ildə sənayenin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdir. Eyni zamanda, qeyri-neft sektorunun inkişaf etməsi və qeyri-neft sənayesinin inkişafı və onun dövlət tərəfindən dəstəklənməsi birinci rübdə 4 faizlik artıma nail olmağa imkan verdi. Bütövlükdə 2014-cü ildə həyata keçirilən tədbirlər Azərbaycan iqtisadiyyatında sənayeləşmə dövrünün əsasını qoydu. Azərbaycan iqtisadiyyatı artıq sənayeləşir. İqtisadiyyatın sənayeləşməsi neftdən asılılığın aradan qaldırılması baxımından əhəmiyyətlidir. 2014-cü ildə ölkədə sənayeləşmənin əsası qoyulduğu üçün 2015 və növbəti illərdə neftin dünya bazarındakı qiymətində artımlar olmasa belə, sənaye sektorunda inkişafın olacağı proqnozlaşdırılır. İstər ümumdaxili məhsulda, istər də sənaye sektorunda inkişaf daha çox qeyri-neft sektorunun üzərində qurulub.

- Prezident İlham Əliyev çıxışında bildirib ki, ölkəmizin bundan sonrakı ümumi inkişafı daha çox sahibkarlıqdan asılı olacaq. Sahibkarlığın inkişafı ilə bağlı Azərbaycanda hansı işlərin görülməsinə ehtiyac var?

- İqtisadiyyatın 83 faizinin özəl sektorun payına düşməsi onu göstərir ki, sahibkarlıq və özəl sektor Azərbaycan üçün vacibdir. Sahibkarlığın inkişafı birbaşa ölkəmizin iqtisadiyyatını stimullaşdıran və tənzimləyən faktorlardandır. Sahibkarlığın inkişaf etdirilməsi üçün sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsini vacib sayırıq. Bura yalnız dövlət büdcəsi hesabına təklif edilən və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən deyil, kommersiya banklarının təklif etdiyi biznes kreditlərinə çıxış imkanlarının artırılması daxildir. Çünki bu, sahibkarlığın inkişafı üçün maliyyə bazası formalaşdırır və sahibkarların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin həcmində artım yaradır. Ölkə prezidentinin də dəfələrlə qeyd etdiyi kimi, sahibkarlıq fəaliyyətinə yersiz və qanunsuz müdaxilələrin tamamilə aradan qaldırılması vacibdir. Azərbaycan rəqabətqabiliyyətlilik indeksinə görə MDB-də birincidir. Bu, Azərbaycan sahibkarlarının müqayisəli üstünlüyə və ya rəqabət qabiliyyətinə malik olması deməkdir. Dövlət xidmətlərinin tamamilə elektronlaşdırılması və sahibkarların bu xidmətlərdən istifadə etməsi olduqca vacibdir. Bu, sahibkarlara zamana və pula qənaət etməyə imkan verəcək. Həm xarici ticarətin, həm də bazara çıxış imkanlarının liberallaşdırılması ilə bağlı islahatların davam etdirilməsi vacibdir. Bu, ölkə iqtisadiyyatında, eləcə də istehlak bazarında rəqabətin güclənməsinə imkan verəcək. Güclənən rəqabət də sahibkarlığın inkişafı üçün əsas faktorlardandır.

- Mərkəzi Bank birinci rübün yekunları ilə bağlı statistik rəqəmləri açıqladı. Və bu rəqəmlər bir az pessimist fikirlər səsləndirməyə şərait yaratdı. Siz bankın valyuta ehtiyatlarının azalmasını necə dəyərləndirirsiniz?

- Mərkəzi Bankın valyuta ehtiyatlarının azalacağı gözlənilən idi. Mərkəzi Bank dollara tələbatın ödənilməsində aparıcı qurumdur. Hazırda vətəndaşlar, eləcə də biznesin bir qismi manatla yığımlarını dollara çevirməyə çalışırlar. Mərkəzi Bank tələbatı ödəməzsə, intervensiya etməzsə, valyuta bazarında “qara bazar”ın formalaşma riski var. Mərkəzi Bank bütün hallarda intervensiyanı davam etdirir, manatın mövcud məzənnəsini qoruyub saxlamağa çalışır. Birinci mərhələdə əhali əlində olan manatı dollara dəyişməklə müəyyən valyuta risklərini sığorta etməyə çalışır. May ayından başlayaraq Mərkəzi Bankın intervensiya xərclərinin azalacağı gözlənilir. Çünki vətəndaş və biznes əllərindəki dolları bazara çıxarıb manata çevirməyə çalışacaqlar. Bu da artıq dollar təklifinin artmasına və buna uyğun olaraq Mərkəzi Bankın intervensiya xərclərinin azalmasına gətirib çıxaracaq. Növbəti aylarda, 2015-ci ilin ikinci yarısında neftin qiyməti sabitləşərsə və artımlar müşahidə olunarsa, o zaman Mərkəzi Bank humanitar siyasətini dəyişib valyuta rejiminə keçə bilər. İndiki məqamda Mərkəzi Bankın intervensiyasını davam etdirməsi vacibdir. Düzdür, intervensiya rezervlərin azalmasına gətirib çıxarır. İndi Mərkəzi Bank dolları satıb manatı alır, növbəti mərhələdə əksinə olacaq. O halda Mərkəzi Bank manatı satıb rezervlərinin bir hissəsini valyuta formasında bərpa etmək imkanına malik olacaq.

Aygün Asimqızı

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019