İnvestisiya zonaları qeyri-neft sektorunun inkişafında böyük rol oynayacaq

İnvestisiya zonaları qeyri-neft sektorunun inkişafında böyük rol oynayacaq

İqtisadiyyat
23 Aprel 2016, 12:35 1516
Prezident İlham Əliyevin bu günlərdə imzaladığı fərmanla investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, layihənin həcmi ilə bağlı minimal məbləğ və inzibati ərazi vahidləri müəyyənləşdirilib. Fərmana əsasən, ölkə ərazisi Bakı, Bakı qəsəbələri və Abşeron, Sumqayıt və Gəncə, Naxçıvan, sərhəd və cəbhəyanı rayonlar, digər rayonlardan ibarət beş investisiya zonasına bölünüb.

Bundan əlavə, prioritet sayılan 31 iqtisadi fəaliyyət növü seçilib. İnvestisiyalar üzrə minimal məbləğ regiondan asılı olaraq 0,2 - 10 milyon manatdır. Yalnız bir fəaliyyət növü (hasilat və metal filizlərin emalı) üzrə minimal investisiya məbləği 50 milyon manat olmalıdır.

Bəs ölkənin investisiya zonalarına bölünməsinin mahiyyəti nədən ibarətdir? Aparılan bu bölgü gələcəkdə ölkəmizə nə kimi faydalı nəticələr verəcək? Ümumiyyətlə, bölgü aparılan zaman bölgələrin xüsusiyyətləri nəzərə alınacaqmı?


İqtisadçı-alim Vüqar Bayramov mövzu ilə bağlı qəzetimizə verdiyi açıqlamada fərmanın əhəmiyyətindən bəhs etdi: “Təbii ki, adıçəkilən bu qərar yaxın gələcəkdə ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Qərarın qəbul edilməsində bir sıra mühüm məqsədlər var. Bunlardan ən vacibi ölkədə vergilərin bölgələrin strukturuna uyğun olaraq qiymətləndirilməsinə, investisiyaların cəlb edilməsinə nail olmaqdan ibarətdir. Nəzərə alaq ki, Azərbaycanda hər bir bölgənin fərqli strukturları var. Bundan başqa, zonaların həm biznes, həm investisiya, həm də aqrar-sənaye sektoru baxımından fərqli potensialları var. Bu baxımdan zonaların qruplaşdırılması imkan verəcək ki, hər bir bölgənin strukturuna uyğun olan investisiya cəlb etmək mümkün olsun”.

V.Bayramov qeyd etdi ki, zonaların bölgülərə ayrılması həm də daxili və xarici investisiyaların yatırılması baxımından çox mühüm addım kimi qəbul oluna bilər: “Bu addım daxili investisiyanın regionlara cəlb edilməsi baxımından çox vacibdir. Bundan başqa, bu, xarici investisiyanın da ölkəmizə cəlb olunmasına geniş imkan yaradacaq. Həmçinin qeyd etməliyəm ki, investisiyaların bölgələr üzrə qruplaşdırılmasına əlverişli şərait yaradılacaq. Bu baxımdan, əhatə investisiyalarının hərəkətlərinin planlaşdırılması aspektindən və eləcə də investisiyaların cəlb edilməsi baxımından belə bir bölgünün aparılması məqsədəuyğundur. Ölkənin investisiya zonalarına bölünməsi rayonlara investisiya cəlb etməklə yeni iş yerlərinin yaradılması aspektindən çox vacibdir”.

İqtisadçının sözlərinə görə, bu, gələcəkdə yeni iş yerlərinin açılmasına imkan yaradacaq: “Qərar imkan verəcək ki, qruplaşmış bölgələrdə sənaye zonalarının yaradılmasına nail olunsun. Bu isə yeni iş yerlərinin açılması baxımından çox vacibdir. Həmçinin zonalar praktiki olaraq sənaye və aqrar sektoru üzrə qruplaşacaq ki, bu da birmənalı şəkildə regionların inkişafı baxımından çox mühümdür. Əslində zonalar üzrə qruplaşdırmanın əsas məqsədlərindən biri də ondan ibarətdir ki, zonaların fərqli xüsusiyyətləri nəzərə alınsın. Hər bir zonanın xüsusiyyətinə uyğun olaraq onun həm sənaye, həm aqrar sektorunda istiqamətləndirmənin müəyyənləşdirilməsi həyata keçirilsin. Bu həm də sənayenin hansı növlərinin inkişaf etdirilməsi baxımından vacibdir. Bu bölgüdə həmin xüsusiyyətlər nəzərə alınaraq sərmayənin qoyuluşu həyata keçiriləcək. Başqa bir məqsəd isə investisiyanın cəlb edilməsindən sonra zonanın strukturuna uyğun olaraq sənaye müəssisələrinin qurulmasına nail olmaqdır. Buna görə də bu qərar fərqli layihələrin həyata keçirilməsinə şərait yaradır. Bütövlükdə zonanın formalaşdırılması “Tik-idarə et-təhvil ver” kimi digər layihələrin də reallaşmasına imkan yaradacaq”.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov mövzu ilə bağlı qəzetimizə verdiyi açıqlamasında adıçəkilən qərarın məqsədlərindən və perspektivlərindən bəhs etdi: “Bu qərarın qəbul edilməsində başlıca məqsəd investisiyaların səmərəliliyinin maksimum şəkildə təmin olunmasından ibarətdir. Hər bir region üzrə hansı layihələrin reallaşdırılmasının mümkünlüyü və reallaşdırılacaq layihələrin dəyəri kimi şərtlər isə bu layihələrin hər birinin reallaşmasından maksimum nəticələr əldə etməyi nəzərdə tutur”.

Ekspertin sözlərinə görə, yeni fərman ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafında böyük rol oynayacaq: “İnvestisiyaların yatırılması sahəsində atılan bu addım bütövlükdə respublikada aparılan iqtisadi və institusional islahatların tərkib hissəsi kimi dəyərləndirilməlidir. Hökumətin son zamanlar qəbul etdiyi qərarların əksəriyyəti ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafını təmin etməyə yönəlik qərarlardır. Bu sırada,qəbul edilən qərarların ən mühümlərindən də biri məhz investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidlərinin təsdiq edilməsi haqqındakı qərardır”.

F.Yusifov qeyd etdi ki, bu addım zonaların öz potensialından maksimum şəkildə istifadə etməsinə əlverişli şərait yaradacaq: “Bu qərar ölkə üzrə investisiya yatırımlarının sahələr üzrə düzgün bölüşdürülməsi və bütövlükdə bu proseslərin tam əlaqələndirilməsini həyata keçirməyə imkan verəcək”.

Şəbnəm Mehdizadə