İntellektual yadlıq və ya müəllifin özünü isbatı teoremi
Aqşin Yeniseyin
"Tarix və Tale” romanı haqqında
Sənət və insan
münasibətlərinin tarixi təkamülündə yaradıcı tərəf hansıdır? Öncə insanmı
yarandı, yoxsa incəsənət? Hansı birinci göründü və ya görünən nə idi? Əlbəttə,
bu üç sualın məcrası bizi böyük sularda üzməyə vadar edəcək. Müəlliflərin
müşahidədən sonrakı təxəyyüldə emal prosesinin şəkil dəyişməsi sənətin (hələki
ümumi mənada) təsnifləndirilməsinə, onun zövq hadisəsinə çevrilməsinə şərait
yaradan ilk hərəkətlənmə idi. Mədəniyyətlərin formalaşması dövründə və tarixin
özünə etdiyi ən böyük jestdən – kitab çapının ixtirasından sonra çox çeşidli
sənət nümunələrinin müqayisə edilməsi, onların təhlili və tənqidi rəhbər
vəzifəyə çevrildi. Qədim dövrün insanı ona verilən mətnləri sorğulamadan qəbul
etdiyi halda, orta çağın insanı bunun əksini etdi. Tarix bir dəfə – renessansda
insanı aldatmışdı və növbəti dəfə insan aldanmaq istəmirdi. Bu özgüvən və qərəz
sənətdə detalların qabardılmasına, "kim yaxşı təsvir edəcək?” yarışının
başlanmasına zəmin yaratdı. Təsvir sənəti ən açıq şəkildə özünü rəssamlıqda, ən
gizli şəkildə isə musiqidə göstərdi. Ədəbiyyat isə təsvir sənətinin insan və
onun taleyindəki yerini tapdı. Həm də bu kəşfi obrazlı şəkildə ifadə edə bildi.
Sifətləri insan üçün önəmli edən ədəbiyyat oldu. Fəlsəfə isə təsvir sənətinin
mahiyyətini açıqladı. Sifətlərin önəmi və önəmsizliyi haqqında aksiomlar "uydurmağa”
başladı. Vacib bir missiya idi, ancaq aksiom mətnlər oxucu ilə arada bir buz
sərhəd saxlayırdı. Onlar mütləq isbat axtarırdılar. Ədəbiyyat fəlsəfəni bu buz
sərhədin üzərindən aşırıb adamlara çatdıra bildi. Bu, fəlsəfə və ədəbiyyatın
fərqi haqqında.
Aqşin Yeniseyin
"Tarix və Tale” romanı beş illik bir fasilədən sonra müəllifi yeni
ədəbiyyatımızda bir daha hadisəyə çevirə bilərdi. O (müəllif) isə beş il qabaq
dediklərini təkrarlamağı seçdi və bizim üçün bu beş illik inzivadan heç nə
gətirmədi. Roman adından, kitabın dizaynından tutmuş, mətnlərin estetik olmayan
səliqəsizliyinə qədər ədəbiyyat nümunəsi kimi yox, (ən yaxşı halda) fəlsəfi
traktat kimi bizə təqdim olundu. Bir xalqın formalaşmaqda olan altşüuru
haqqında illərə üzümüzə yaş əski kimi çırpılan həqiqətləri esselərində,
şeirlərində orijinal istedadla danışıb qurtaran Aqşin Yenisey bu romanla ağ
bayrağını qaldırdı. Onun tükənmişliyi və özünü dayanmadan təkrarı yəqin ki dörd
yüz səhifəlik fəlsəfi icmal ilə yekun vuracaq. Çağdaş ədəbiyyatımızın ən böyük
imzalarından biri ilk romanında olduğu kimi bu dəfə də sadəcə sətirlərdən
ibarət idi.
Bu kitab
üzərindən roman sənəti haqqında nə isə danışmaq yersiz olar. Çünki roman adına
minimum standartların heç biri yoxdur. Aqşin Yeniseyin etmək istədiyinin
eynisini Kazuo İşiquro "Dəyişən dünyanın rəssamı” romanı ilə edib. Yapon
xalqının təfəkkürünü, onun müharibədən əvvəl və sonrakı altşüurunu bir rəssamın
ailəsinin hekayəsi ilə təsvir edir. İşiquro təhkiyədə sadə cümlələrə, sadə
təsvirlərə önəm verir. Məişətdən gələn mətnlərin məişət ümumişləkliyinə diqqət
edilməlidir. Xalq təfəkkürünü dastanlardan, nağıllardan bugünkü alternativ roka
qədər izləsək, təhkiyə üslubu bizə aydın olar. Əlbəttə, "müəllif məhz belə
yazmalıdır!” hökmündən uzaq olmaq şərti ilə. Məsələn, bir ailənin timsalında
xalqın ailə institutu haqqında təsvir yazıb, sonra "Ayrılıq, ölümün plagiatıdır”
cümləsini illər əvvəlin şeirindən dartıb o cür təsvirə calaq etməyin məqsədi
nədir, görəsən? Və ya iki nəfər edam hökmü oxunacaq məhbusun dilindən "Ölüm də
özü haqqında təsəvvürlərdən qorxulu deyil...” fəlsəfəsinin, həm də obrazın
yaşadığı, gəldiyi toplumun necə bir kütlə olduğunu yüz əlli səhifə yazandan
sonra bədii həlli olmadan o dialoqda nə işi var, bilmirəm. Beş mərtəbəli,
həmcins üzvlərlə dolu olan, feli sifətlərin tüğyan etdiyi cümlələrin dövrü
keçdi. Bunu anlamaq bizim üçün çətin olacaq, çünki sovet ədəbiyyatının kölgəsi
hələ də üstümüzdən çəkilməyib. Aqşin Yenisey imzasında bu cür cümlələr bir
qədər intellektual, daha çox fəlsəfi don geyinir. Ancaq mahiyyət eynidir:
oxucunu dilin şirəsi ilə aldatmaq. "Tarix və Tale” romanını bu günün aktual təhkiyəsinə
görə redaktə etsən, kitab yəqin iki yüz səhifədən az olacaq. Müəllifin dilinə
qarışmaq, təhkiyəsini müzakirə etmək olarmı? Əlbəttə, olar. Yeni nümunə yeni
zövq gətirməlidir. Sənət günün ənənəviliyini yox, çağdaşlığını yaşadan nəsnədir.
Aqşinin romanı ənənəvi nəsrin oxucudan uzaq düşən, öz müdrikliyində və fərdi
təxəyyülündə hələ də özünü isbatlamağa çalışan fraqmentlər toplusudur.
Romandakı əksər
hadisələr yarımçıqdır. Bədii həllini tapmır. Fəlsəfi və çilçıraqlı Paris
ballarına bənzəyən cümlələr yəqin ki oxucularda rəngli bir atmosfer yarada
bilir. Bu, Aqşinin sadə izah olunan istedadı ilə bağlıdır. Kitabı rahat
kresloda oturub bir dəfəyə yüz səhifə oxuya bilərsiniz. Ancaq daha yaxşı
təklifim də var: müəllifin şeir kitablarını alıb vərəqləyin.
Məişət mövzusu
da ənənəvi serial barbarlığından çıxa bilmir. Sona qədər davam edən bir ailənin
"dramında” populyar industriyanın bütün detallarını görmək olur. Əslində,
müəllif romanı başdan-ayağa bu cür davam etdirsəydi, daha uğurlu bir bestseller
nümunəsinə çevirərdi (bu kitabın da bestseller olacağına inanıram).
Roman üçün vacib
olan iki xammal – hadisə və dil müəllifin fərdi düşüncələrinin bədii əhvalata
çevrilməyən fəlsəfəsində itir. Hərdən Aqşin roman yazdığını unudur və essevari
gedişləri kobudcasına tapdığı detallara "yamaq” edir. Məsələn, Borxesin məşhur
"Əlif”i bir neçə abzasdan sonra ölüm haqqında esseyə çevrilir və daha bir neçə
abzasdan sonra yenidən hekayə ritminə qayıdır. Bu elə bir harmoniyada baş verir
ki, yalnız sonda nöqtəni görəndən sonra icmala dalırıq. "Tarix və Tale” isə
davamlı şəkildə roman olmaq çabalarından qurtula bilməyən nəhəng essedir. Roman yeni
dövrün psixologiyası haqqında məlumatlar verməkdən çəkinmir. Və demək olar ki,
müəllif yazdığı toplumun insanlarını əlinin içi kimi tanıyır. Ancaq bu tanışlıq
da roman boyu havadan asılı qalır. İsa və Musanın dialoqlarındakı fəlsəfi pafos
keçən əsrin sonlarında meydan şairlərinin pafosundan fərqlənmir. Stəkana dolu
tərəfdən baxıb, fəlsəfi pafosu Aqşin Yeniseyin özünə və yeni nəslə ironiyası
kimi qiymətləndirirəm və ümid edirəm ki, həqiqətən belədir. Nəsildaşı Seymur
Baycanın orijinal hadisə tapıntılarına və (heç olmasa) balzakvari romanlarına
alternativ olmayan "Tarix və Tale” mövzu tapıntısı nöqteyi-nəzərindən də
uduzmuş mətndir. Məsələ nə və ya necə yazmaqda deyil. Əslində, bu barədə də
yazmaq olar ki, bu günün nəsri elə nə yazmağın orijinallığı üzərində qurulub.
Hadisə tapmaq – günün romanında ən vacib olan budur. Seymur Baycan imzasını da
təsadüfi çəkmədim. Seymurun hadisələri aktual, yumor üçün gərəkli və soyuqqanlı
təhkiyə ilə ifadə olunan tapıntılardı.
Verdiyim ilk üç
suala qayıdaq. "Tarix və Tale” romanı birinci və ikinci suala cavabı budur:
– İnsan
yarananda artıq sənət var idi. Aqşin Yeniseyin hadisələrdə və detalların mahiyyətində fəlsəfə axtarışı buna görədir.
Üçüncü suala cavabı:
– Öncə insan göründü.
Obrazların zahiri təsvirindən daha çox daxili aləmini şərh etmək də buradan qaynaqlanır. Lakin Aqşin daxili monoloqların, şüur axınının romana səmt verməsinə imkan yaratmır, esse və qeyri-ciddi məqalə təhkiyəsinin əlindən bərk-bərk yapışır. Onun qarşılaşdığı insan homosapiensin eqosuna yoluxmadığı insanlardır. Və o, insanlara (obrazlarına) öz hirsini və (kimlərəsə olan) kinini tuşlayır. Romanı oxuduqca müəllifi və onun cəmiyyətdəki statusunu aydın hiss etmək olar. Günümüzün roman sənəti buna qarşıdır. Müəllif mətnə allah kimi yuxarıdan baxmalı, onun içində ölü kimi gəzməlidir. Şəxsi hissləri mətnin emosiyasına bir mənalı şəkildə təsir etməməlidir.
Aqşin Yenisey
sadəcə sonuncu romanında deyil, bundan əvvəlki roman eksperimentində də, esse
və məqalələrində də, şeirlərində də oxucularına qarşı intellektual yadlıq hiss
edir. Bütün hallarda bədii mətni təqdim edən yazıçı, əlbəttə, oxucudan daha
yaxşı anlayır nə yazdığını. Problem budur ki, Aqşin oxucusundan narahatdır. Bu
isə özünün də dediyi kimi (bu qədər illərin ədəbiyyat təcrübəsindən sonra
belə), istedadını isbat etmək dərdində olduğundandır.
Şeirdə olduğu
kimi nəsrdə də izah etmək, ancaq istedadın yorğunluğundan xəbər verir. "Tarix
və Tale” ilk abzasdan son cümləyə qədər izah edən fraqmental sətirlər
toplusudur, roman yox.Son yazılarından
birində Aqşin Yenisey şair və yazıçılarımızın müasir tendensiyalara uduzduğunu,
yeni dilin yaranmasında iştirak etmədiklərini yazır. Romanı ilə isə nəinki yeni
dil yaratmağa can atmır, köhnə dilin, köhnə təhkiyənin tozunu çırparaq yenidən
və yenidən (dörd yüz səhifə) tozanaq qaldırır.
Romanın
ədəbiyyat tarixinə uduzduğunu yazdım, taleyində müəllifə və mətnə uğurlar!Rəvan Cavid