AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İnsanlar qanunlara riayət edə bilmirlərsə, nəticələrinə hazır olmalıdırlar

İnsanlar qanunlara riayət edə bilmirlərsə, nəticələrinə hazır olmalıdırlar

Mədəniyyət
01 Aprel 2020, 12:00 581
Dövlətimiz vətəndaşlarımız arasında koronavirus infeksiyasına yoluxmanın az olması üçün bütün tədbirləri görüb.
Bunu Trend-ə açıqlamasında müğənni, Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşova bildirib.
Onun sözlərinə görə, dünyadan fərqli olaraq Azərbaycanda qabaqlayıcı tədbirlər daha tez görülüb:
"Mart ayının əvvəlindən insanlara dövlət səviyyəsində müəyyən xəbərdarlıqlar edilir. Xəbərdarlıqlar mövcud situasiyanı, təhlükəni insanlara göstərmək üçündür. Biz hər birimiz ölkədə tətbiq olunan xüsusi karantin rejiminə riayət etməliyik, evlərimizdə qalmalıyıq, qanuna tabe olmalıyıq. Bilməliyik ki, bu, bütün dünyada baş verən bir prosesdir. Heç bir ölkə bundan sığortalanmayıb. Bu virusla mübarizə üçün qlobal səfərbərlik var”.
Xalq artisti bildirib ki, özünə, ətrafına, övladlarına, işinə məsuliyyətsiz yanaşanlar həmişə olub:
"Amma onlar başa düşməlidirlər ki, qlobal miqyaslı bir problemdə həmrəy olmaq lazımdır. Onlar bu məsələdə birlik nümayiş etdirə, qanunlara riayət edə bilmirlərsə, nəticələrinə hazır olmalıdırlar. Əlbəttə ki, mövcud situasiya çətindir. Heç kim bunun asan olduğunu iddia etmir. Hazırkı vəziyyət fərdlərdən əlavə, dünya iqtisadiyyatı üçün də çox çətindir. Bunu bır sınaq olaraq qəbul etməliyik. İnsanlar 1941-1945-ci illərdə müharibə yaşayıblar, biz özümüz keçid dönəmində sərt müharibədən çıxmışıq. Vətəndaşlar özlərini, ətraflarını və ölkələrini qorumalıdır”.
B.Dadaşova qeyd edib ki, indiki vəziyyətdə hər bir fərd mübarizəyə özündən başlamalıdır:
"Bu, hamımız üçün çətindir. Mən başa düşürəm ki, işləməyən, gündəlik qazancla dolanan ailələr var. Əminəm ki, hər ailədə qohum-əqrəbasına kömək edən insanlar da var. Həmin vətəndaşlarımızdan xahiş edirəm ki, ailələrinə, qohumlarına kömək etsinlər, bu çətin şəraitdə birlik nümayiş etdirsinlər. Biz birlikdə güclüyük. Şübhəsiz ki, dövlətimiz də bunların hamısını nəzərə alır. Biz bu dəyərlərimizi və ölkəmizi gələcək nəsillərimiz üçün qorumalıyıq".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.