• cümə, 29 Mart, 09:29
  • Baku Bakı 5°C

İnsanlar gəlmirlər və onlar biabır olurlar

11.10.19 17:53 1027
İnsanlar gəlmirlər və onlar biabır olurlar
Xalqın etimadını itirdiyi üçün 26 ildir müxalifətdə gün keçirən, zamanla daha da radikallaşan AXCP sədri Əli Kərimli və ətrafındakılar hazırda siyasi fəaliyyət adı altında qaraguruhçuluqla məşğul olmaqdadırlar. Dünyada baş verən proseslərdən, xüsusən də geosiyasi hadisələrdən xəbərsiz olan bu adamların təsəvvüründə müxalifətçilik hər şeyi inkar etməkdən, ağa qara deməkdən, iqtidarın Vətən və dövlət naminə əldə etdiyi hər hansı uğura kölgə salmaqdan ibarətdir. Həyata yalnız qara eynək arxasından baxan radikallar Vətən, millət, dövlət maraqlarından çıxış etməyi ümumiyyətlə bacarmırlar. Onları ancaq şəxsi maraqları, hakimiyyəti hansı yolla olursa-olsun ələ keçirmək maraqlandırır. AXCP sədri bunun üçün hətta şeytanla əməkdaşlığa getməyə də hazırdır.
Demokratiya libasına bürünən Ə.Kərimli hakimiyyəti zor gücünə ələ keçirmək yollarından birini də məhz etiraz aksiyaları keçirməkdə, inqilab etməkdə görür. AXC-Müsavat cütlüyünün 90-cı illərin əvvəlindəki siyasi hakimiyyətində dövlət katibi vəzifəsini tutmuş bu adam Əbülfəz Elçibəy iqtidarının Azərbaycanı hansı fəlakətlərə sürüklədiyini nədənsə unudur. Hansı ki, o caman da Ə.Kərimlinin təmsil olunduğu komanda siyasi hakimiyyəti hərbi çevriliş yolu ilə zəbt etmişdilər. Amma cəmisi iki il ərzində hakimiyyət başında durmağı bacardılar. İndi Ə.Kərimli öz davranışları ilə Azərbaycanı yenidən o günlərə qaytarmaq istəyir. Lakin unudur ki, zaman nə o zaman deyil, nə də Azərbaycan vətəndaşları o dövrdə olduğu kimi onlara inanmırlar.
Məhz bu inamsızlıqdan irəli gələrək, radikallara xalq tərəfindən heç bir dəstək verilmir. Bunun əyani sübutu indiyə qədər ölkədə keçirilən seçkilərdə radikalların ən az səs toplaması, biabırçı şəkildə məğlub olmalarıdır. Zaman keçdikcə radikallar siyasi səhnədən tamamilə silinib tarixin arxivinə atılırlar. Bu reallığı qəbul etməyən AXCP sədri Ə.Kərimli, eləcə də onun təsiri altında olan Milli Şura təmsilçiləri suda boğulan saman çöpündən yapışdığı kimi yapışıblar icazəli-icazəsiz aksiyalardan. Piket, mitinq keçirməklə, qanunsuz hərəkətlərə yol verməklə, ictimai asayişi pozacaq əməllər törətməklə gündəmdə qalmağa çalışırlar. Bir neçə gün bundan öncə Bakı şəhərinin mərkəzində cəbhəçilərin piket keçirmək adı altında göstərdikləri "şou” deyilənlərə əyani misaldır.
Yeri gəlmişkən, Ə.Kərimli və tərəfdarları razılaşdırılmış bir piketi normal keçirməyi də bacarmırlar. Baxmayaraq ki, iştahalarından mitinq keçirmək, özü də bu mitinqi şəhərin düz mərkəzində keçirmək keçir. Əslində bunun da özəl səbəbləri var. Birincisi və ən önəmlisi budur ki, bir qədər əvvəl qeyd etdiyimiz kimi, xalq radikalları dəstəkləmir. İndiyə qədər onların "Məhsul” stadionunda, Bakı şəhərinin Yasamal rayonu ərazisində keçirdikləri mitinqlər buna sübutdur. "Ana müxalifət” partiyası adına iddia edən, bu gün-sabah hakimiyyətə gələcəkləri barədə pafoslu çıxışlar edən, ətrafına toplaşanlara yalan vədlər verən, onlardan şəxsi maraqları naminə yararlanan Ə.Kərimli keçirdiyi mitinqdə kütləviliyi təmin edə bilməyib. İnsanlar ona inanmadığı üçün mitinqlərə getmirlər. Həmin aksiyaya gələn azsaylı cəbhəçilər isə məcburiyyət qarşısında qalaraq belə bir addım atırlar.
Çünki, Ə.Kərimli tərəfindən sonradan onlara qarşı həyata keçiriləcək mənəvi terrordan, sosial şəbəkələrdəki trollar vasitəsilə ünvanlarına söyləniləcək şər-böhtandan, təhqirlərdən qorxurlar. Bir sözlə, üzdə demokrat olan bu adamın əsl simasından, tiranlığından ehtiyat edirlər. Bu da reallıqdır ki, hər dəfə də mitinqə partiya üzvlərini söyüş və təhqirlə, məcburi şəkildə cəlb etmək olmur. Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin AXCP və Milli Şuranın mitinq keçirməsinə razılıq əlaməti olaraq Qaradağ rayonu ərazisindəki stadionu ayırması, lakin Ə.Kərimli başda olmaqla, cəbhəçi funksionerlərin ora getməkdən imtina etməsi elə buradan qaynaqlanır. Mitinq günü stadionda müavinləri ilə özünün tək qalacağını əvvəlcədən duyan Ə.Kərimli cığallıq etdi, guya məsafənin uzaq olduğunu əsas gətirdi və mitinq keçirməkdən imtina etdi.
Azərbaycan ictimaiyyəti AXCP sədrinin bu bəhanəsinin fərqində idi. Ona görə də tükənmiş, elektoratını itirmiş "liderə” heç kim baş qoşmadı. Amma məşhur məsəldə olduğu kimi, Ə.Kərimlinin növbəti yalanının ömrü də heç 40 gün çəkmədi... Xatırladaq ki, İbrahim Məmməd Əziz oğlu 1966-cı ildə Yevlax rayonunda anadan olub, AXCP sədrinin müşaviri, Nərimanov şöbəsinin koordinatorudur. Partiya daxilində xüsusi aktiv və tanınmış şəxslərdəndir. M.İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq ittihamı ilə 3 il müddətinə həbs olunub. Onun səsinin olduğu dəqiq bilinən audioyazıda Məmməd İbrahim bunları deyir: "Bizim qərarımız var, 4-cü gün piket keçirəcəyik ya İcra Hakimiyyətinin qabağında ya da Prezident Aparatının qabağında. Gələn gəlsin, qorxan qorxsun, bizim işimiz budur. Ona görə deyirəm ki, köhnədən gələn, təzədən gələn bizim bu işdə təcrübəmiz var. Dünən gələn adam bilmir bu nə deməkdir? Nə üçündür? Biz bilmişik haralara gedəndə nədir. Qurtarın, heç kim gəlməyəcək Lökbatana, heç kim gəlməyəcək Lökbatana. "Dvadsatı”-ya gəlmirdilər. 20-ci sahədən uzaqdı Lökbatan. "Dvadsatı”-ya 2 min adam gəldi biabır olduq. Əl çək bu Lökbatandan. Mikayıl bəy, əl çək bu Lökbatandan”.
Bu lent yazısından AXCP və Milli Şura yetkililərinin niyə Lökbatan meydanına görə cığallıq eləməsinin səbəbi bir daha görünür. Bəlli olur ki, elektorat Ə.Kərimliyə görə fədakarlıq etmək istəmir. Biabır olduqlarını görən AXCP funksionerləri də mitinq keçirməkdən daha çox, məkanla bağlı cığallıq etməyə üstünlük verirlər. Məmməd İbrahim demişkən, insanlar gəlmirlər və onlar biabır olurlar.
Alpər TURAN
banner

Oxşar Xəbərlər