• cümə, 29 Mart, 06:24
  • Baku Bakı 5°C

İnsan kapitalının ön planda olması, Azərbaycanda bir trendə çevrilir

18.09.20 18:49 1386
İnsan kapitalının ön planda olması, Azərbaycanda bir trendə çevrilir
Ekspertlərin fikrincə, dövlət büdcəsinin sosialyönümlü olması onun ən üstün cəhətlərindən biridir

Azərbaycan səhiyyə və təhsil sahəsində irəliləyişə nail olub, amma öz insan kapitalını gücləndirməyə daha çox sərmayə qoymalıdır. Trend-in məlumatına görə, bu barədə Dünya Bankının İnsan Kapitalı İndeksinin (İKİ) hesabatında deyilir. Hesabata görə, Azərbaycanda gənclər, Avropa və Orta Asiya regionunun digər hissələrində olduğu kimi, uşaqlıq və yeniyetməlik illərində sağlamlıq və təhsilə davamlı yatırımlar sayəsində məhsuldar yetkin insana çevrilmək imkanına malikdirlər.
Bu İndeksdə dünya ölkələrində insan kapitalının pandemiyadan əvvəlki vəziyyəti qiymətləndirilib. Bu ilki hesabatda 103 ölkənin 2010-2020-ci illər arasındakı dövrdə insan kapitalı sahəsində inkişafı təhlil olunur. Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olmuş 10 ölkədən biridir.
UNEC-in professoru, iqtisadçı ekspert Elşad Məmmədov deyir ki, Azərbaycanda son 2 il ərzində sosial sahədə aparılan islahatlar şübhəsiz ki, ölkəmizin siyasətinin sosialyönümlü olmasını şərtləndirdi. İqtisadçının sözlərinə görə, bu siyasət artıq beynəlxalq göstəricilərdə öz əksini tapmaqdadır: "Eyni zamanda düşünürəm ki, iqtisadiyyatın düzgün idarə edilməsi, sosial xərclərin artırılması, dövlətin ağır pandemiya şəraitində vətəndaşının yanında olması ilə bağlı tədbirlər, şübhəsiz ki, milli iqtisadiyyatımızın bir tərəfdən bütövlükdə rəqabət qabiliyyətini artırır, digər tərəfdən isə müxtəlif beynəlxalq indeks göstəricilərində, beynəlxalq hesabatlarda özünü göstərir”.
Professor vurğulayır ki, Azərbaycanda təhsil və səhiyyənin inkişafı ilə bağlı göstəricilərdə qonşu ölkələrlə müqayisədə kifayət qədər müsbət tendensiyalar qeydə alınır: "Eyni zamanda unutmayaq ki, dövlət büdcəsinin ən üstün cəhətlərindən biri sosialyönümlü olmasıdır. Bu, şübhəsiz ki, Azərbaycanın beynəlxalq miqyasda daha çox sosialyönümlü dövlət kimi mövqeləşməsinə şərait yaradıb. Hesab edirəm ki, bu siyasət ardıcıl şəkildə davam etdirilməli, Azərbaycanda insan kapitalına sosial istiqamətdə ünvanlanmış siyasət daha da dərinləşdirilməlidir. Çünki bu artıq beynəlxalq trenddir. Artıq inkişaf etmiş ölkələrdə müvafiq normativlərə əsasən insan kapitalını təşkil edən sahələrə daha çox sərməyələr yerləşdirilir, nəinki iqtisadiyyatın digər istiqamətlərinə. Belə ölkələr dayanıqlı şəkildə rəqabət üstünlüklərinə malik olur, ölkələrin iqtisadi inkişafı daha qabaqlayıcı və dayanıqlı olur. İnsan kapitalının ön planda olması, sosial xərclərin daha da böyüməsi və genişləndirilməsi Azərbaycanda makroiqtisadiyyatın bir dayanıqlılıq trendinə çevrilməlidir”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyir ki, Dünya Bankının açıqlaması tamamilə həqiqəti əks etdirir və obyektiv açıqlamadır: "Azərbaycanda pandemiyanın ilk günündən ölkə başçımız açıqladı ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan heç bir sosial layihələri, proqramları təxirə salmayacaq. Bilirsiniz ki, sosial layihə dedikdə, bu, xüsusilə elm, təhsil, səhiyyə sahələrini özündə ehtiva edir. Əlbəttə, biz prezidentin növbəti mərhələdə bu istiqamətdə həyata keçirdiyi işləri gördük. Baxmayaraq ki, pandemiya iqtisadiyyata ciddi zərbə vurdu, neft qiymətləri kəskin şəkildə aşağı düşdü, eyni zamanda demək olar ki, iqtisadiyyatın bütün sahələri geriləməyə başladı. Amma ölkə başçısı Azərbaycan insanının bu gününü və gələcəyini əsas tutaraq bu kimi layihələrin icrasını davam etdirdi. Xüsusilə səhiyyə sahəsində pandemiya dövründə Azərbaycanın gördüyü işlər, bizdə həyata keçirilən layihələr hər zaman Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada nümunə kimi qəbul olundu. Bu sosial layihələrin təməlində Azərbaycan insanın sağlamlığı dururdu”.
Həmsöhbətimizin sözlərinə görə, pandemiyanın ən çox zərər çəkən sahələrindən biri təhsil sahəsi oldu: "Çünki məktəblər qapadıldı. Azərbaycanda təhsil virtual şəkildə həyata keçirilməyə başlandı. Bu işdə innovativ yenilikləri Təhsil Nazirliyi ilə birlikdə həyata keçirən Microsoft şirkətinin vitse-prezidenti ölkə başçısı tərəfindən onlayn şəkildə qəbul edilərkən, Azərbaycanda pandemiya dövründə təhsil sahəsində görülən işləri, qabaqlayıcı tədbirləri yüksək qiymətləndirdi. Bu, təsadüfi deyildi. Azərbaycanda təhsil sahəsində ciddi işlər görülməkdə, müxtəlif proqramlar həyata keçirilməkdədir. Təhsilin inkişafı ilə bağlı milli strategiya uğurla icra edilməkdədir. Azərbaycanda təhsilin elə bir sahəsi yoxdur ki, burada dövlətin diqqət və qayğısı olmasın. Artıq uzun müddətdir ki, Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü işlər göz önündədir. Azərbaycanın bu gün ən ucqar kəndlərində belə hər cür infrastrukturla təchiz olunmuş məktəb kompleksləri tikilməkdədir. Prezident hər zaman qeyd edir ki, Azərbaycan gəncləri savadlı, təhsilli olmalıdırlar. Baxmayaraq ki, pandemiya dövründə iqtisadiyyat ciddi zərər gördü, amma bu gün də məktəb tikintisi davam etdirilir. Yeni tədris ilində Azərbaycanın elə bir bölgəsi olmadı ki, yeni məktəb komplekslərinin açılışı olmasın. Azərbaycanda peşə təhsili uğurla davam etdirilir. Cənubi Koreya Respublikası ilə Təhsil Nazirliyi peşə təhsilinin inkişafı istiqamətində uğurlu layihələr həyata keçirir. Bakı şəhərində bir neçə peşə mərkəzləri uğurla fəaliyyət göstərir. Artıq Azərbaycan universitetlərinin verdiyi diplomlar dünyada tanınır. Azərbaycanda ali təhsilin bütün istiqamətlərində kadr hazırlığı reallaşdırılır və bunlar əməli işlərdə təsdiqini tapırlar. Pandemiya dövründə modul tipli xəstəxanalar istifadəyə verildi. Bütün bunlar ona hesablandı ki, pandemiya Azərbaycanda geniş vüsət alacaqsa, Azərbaycan insanını qorumaq mümkün olsun. Bunlar onu göstərir ki, Azərbaycan dövlətinin rəhbərliyi, iqtisadiyyatımız üçün nə qədər çətin olsa da, hər an əhalini düşünür. İnanırıq ki, bu işlər davam edəcək və uğurlu layihələr həyata keçiriləcək”.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər